1947-ci ilin iyul ayının 11-də Gəncə şəhərinin yaxınlığında olan Yevlax ərazisində maşın qəzası baş verdi. Maşında sürücüdən əlavə 3 şəxsin hamısı yaralanmışdı. Yaralılar Yevlax xəstəxanasına aparıldı.
Xəstəxanada əməliyyat olunacaq Mir Cəfər Pişəvərinin yanına heç kəs buraxılmırdı. Kimsənin görməyə haqqı olmadığı Mir Cəfər həmin xəstəxanada vəfat etdi. Onun müəmmalı ölümü hələ bu günədək tam aydınlaşmayıb, lakin onun qəsdən öldürüldüyünə dair çox sayda işarələr var.
Güneyin Xalxal şəhərinin Zeyvə kəndində anadan olan Mir Cəfər Cavadzadənin cənazəsi yalnız iki gün sonra ailəsinə verildi. Hazırda Bakının Birinci Fəxri Xiyabanında, betondan məzarda qonaq kimi yatan Mir Cəfərin ölümündən artıq 75 il keçib.
Ölümündən az müddət əvvəl Cənubi Azərbaycana qayıtmaq yolunda təşəbbüsləri böyük ciddiyyətlə davam edirdi. Öz dediklərinə əsasən bu fəaliyyətlər Kremli narahat edirdi. Müəmmalı ölüm nəticəsində Mir Cəfər və fədai dəstələrinin Güney Azərbaycana qayıtmaq planı həyata keçmədi, lakin onun fikirləri və azadlıq yolunda başlatdığı milli mübarizə hələ də davam edir.
Gənclik illərində kommunist Mir Cəfər
Mir Cəfər Cavadzadə 1892-ci ilin avqust ayının 25-də (bəzi mənbələrdə isə 26 avqust) Güney Azərbaycanın Xalxal şəhərinin Seyidlər Zeyvəsi adlı kənddə dünyaya göz açıb. Atası Mir Cavad və anası Səkinənin Mir Cəfərdən sonra 4 övladı da olub. Mir Cəfərin qardaşlarının adları Mir Xəlil və Mir Səlim, bacıları isə Cəvahir (Rüxsarə) və Suğra olub.
Mir Cəfər babası Mir Yəhyanın yanında oxumağı və yazmağı öyrənir. Lakin həmin illərdə Ərbabların zülmü, yoxsulluq və işsizlik nəticəsində onlar 1905-ci ilin mart ayında Şimali Azərbaycana köçməli olurlar. Əvvəlcə Bülbülə kəndində daha sonra isə Sabunçu qəsəbəsində yerləşirlər.
Mir Cəfərin atası, yəni Mir Cavad Şimali Azərbaycana getməmişdən əvvəl Məşrutə Hərəkatında fəal iştirak etdiyi deyilir. Eyni zamanda o, keçmişdə də dəfələrlə mövsümi işçilərlə birlikdə fəhləlik üçün Bakıya gəlib qayıtmışdı. O illərdə Bakı təkcə sənayesi ilə deyil, eyni zamanda düşüncə və siyasi fikirlərin də aktiv yaşandığı şəhər idi. Sonuncu xüsusiyyət Mir Cəfərin həyatında böyük ölçüdə dəyişikliklərə səbəb olacaqdı.
Mir Cəfər Cavadzadə Sabunçu qəsəbəsində həm işləyir həm də oxuyurdu. Eyni zamanda o təkcə məktəb təhsili ilə yetinməyib, kitabxanalarda fəlsəfə, tarix və ədəbiyyat kitabları ilə də məşğul olurdu.Bununla da o, erkən yaşlardan siyasi düşüncələrə və fəaliyyətlərə cəlb olunmuşdu. Mir Cəfər Cavadzadə təhsildən sonra müəllim kimi çalışmışdır.
Dövrün müxtəlif jurnal və qəzetləri ilə əməkdaşlığa başlamış, eyni zamanda Güney Azərbaycan ilə əlaqədə olan cəmiyyətlərə qoşulmuşdur. 1919-cu ildə Ədalət partiyasına daxil olur. Bir müddət sonra isə həmin partiyanın mərkəzi komitəsinə üzv seçilir. 1919-cu ilin oktyabr ayının 19-dan Ədalət partiyasının orqanı olan “Hürriyyət” qəzetinin baş redaktoru təyin edilir.
Həmin dövrdə sovet hakimiyyəti güclənməyə başlayırdı. Britaniya ordusu Rəşt şəhərindən geri çəkilmiş və Sovet ordusu İrana daxil olmuşdu. Bununla da 5 ildir dirənən Cəngəl hərəkatı daha da güclənir. Ədalət partiyası Mir Cəfərin başçılığı ilə Rəştə daxil olur. Onlar Cəngəl hərəkatının köməyi ilə Gilan Sovet Sosialist Respublikasını qururlar. Mir Cəfər Pişəvəri isə həmin dövlətin daxili işlər naziri (bəzilərinə görə xarici işlər naziri) kimi fəaliyyətə başlayır.
O vaxtlar o, İran Kommunist partiyasının orqanı olan “Kommunist” qəzetinin baş redaktorluğunu edir. Lakin qurulan dövlət bir müddət sonra dağılır və buna görə də Mir Cəfər Tehrana gedir. Bu dəfə Tehranda “Həqiqət” qəzetində çalışır lakin o da bağlanır.
Həmin vaxtlar 29 yaşında ikən Mirzə İbrahim xanın qızı Məsumə ilə evlənir və təxminən 5 il sonra oğlu Daryuş dünyaya gəlir. Rza xanın güclənməsi ilə Kommunist partiyasının fəaliyyətləri məhdudlaşdırılır və Pişəvəri 1930-cu ilin dekabr ayının 27-də həbs edilir. Onun həbs müddəti 10 il davam edir. Lakin 10 il keçdikdən sonra azadlığa buraxılmır və Kaşan şəhərinə sürgün edilir. 1941-ci ildə antihitler koalisiyası qüvvələrinin İrana gəlişi ilə Pişəvəri də Tehrana qayıdır. Bu zaman onun 49 yaşı olur.
Qacar qəsrindən Təbrizə gedən yolda
Pişəvəri həbsdən azad olduqdan sonra onun gənclik illərindəki fikirləri xeyli dəyişmişdi. O artıq daha əsaslı işlər görmək, romantik atmosferdən reallıqlara dayanan addımlar atmaq fikrində idi. Əslində məhbus olduğu müddətdə də düşüncələrindəki dəyişikliklər bəzi köhnə fikirdaşlarının narahatlıqlarına səbəb olmuşdu. Misal üçün o məşhur “53 nəfər” adlanan gənc kommunistlərin həbsdəki fəaliyyətlərinə qatılmadı və bu səbəbdən bəzi ittihamlara məruz qaldı.
Pişəvəri Tehranda “Ajir” qəzetini nəşr etməyə başlayır. Bu illərdə o yaranmış azad atmosferdə öz siyasi baxışlarını bir siyasətçi kimi ortaya qoyurdu. 14-cü parlament seçkilərində Təbrizdən namizəd olur və ikinci şəxs olaraq seçilir. Lakin parlament onun etibarnaməsini rədd edərək Pişəvərinin daha radikal və daha effektiv iş görməyə vadar edir.
14-cü parlament seçkiləri Pişəvərini yenidən Təbrizə qaytarır. O, öz mitinqlərində və xalqla danışıqlarında mövcud reallıqları daha dərindən hiss edir. 14-cü parlament seçkilərindən sonra onun yazılarında milli məsələlər daha qabarıq şəkildə gündəmə gəlir. Ajir qəzetində açıq-aşkar etiraf edir ki, bir çox siyasətçilər cəmiyyətdən uzaq düşüblər və əsas problemlərin nədən ibarət olduğunu bilmirlər.
Qısa müddət sonra Pişəvəri həmişəlik Təbrizə qayıdır və Azərbaycan Demokrat Firqəsini qurur (bəziləri onun Təbrizə dəvət edildiyini və onun da öz növbəsində bu dəvətə məmnuniyyətlə qarşılıq verdiyini deyirlər). 1945-ci ilin sentyabr ayının 3-də Azərbaycan tarixində əvəzedilməz bir hadisə baş verdi. 12 əsldən ibarət olan “12 Şəhrivər” bəyannaməsi iki dildə nəşr edilərək Azərbaycan demokratik firqəsinin rəsmi şəkildə fəaliyyətə başladığı ictimaiyyətə bildirildi. Sentyabrın 2-də o, bəyannamənin çap edildiyi mətbəədə olarkən, artıq neçə gün idi ki yatmamışdı. Öz xatirələrində mətbəədə oturduğu yerdə yuxuladığını yazırdı. Mətbəədə işləyən işçi onu son dəyişikliklər üçün oyatmalı olur. O Pişəvərinin yorğunluğunu və eyni halda qətiyyətliliyini görür və ona gördüyü işdə yəqin ki uğurlu olacağını deyirdi.
Bu bəyannamə ilə əslində gələcək günlərdə nə baş verəcəyini proqnozlaşdırmaq mümkün idi. Qeyd edilənlər və gələcək günlərdə müşahidə olunan kütlənin Firqəyə olan marağı istəklərlə reallıqların düyünlənməsini göstəriridi. Beləliklə o, qocaman siyasətçi ünvanına layiq görülmüşdü. Azərbaycan Demokrat Firqəsi tarix yazmaq üçün hazır idi.
Firqəmiz işə başladı
Sentyabrın 5-də “Azərbaycan” qəzeti ilk nömrəsində Pişəvərinin “Firqəmiz işə başladı” başlığı ilə yeni bir dövrə başlayaraq Azərbaycan Demokrat Firqəsinin orqanı kimi fəaliyyətə başladı. Firqənin fəaliyyətə başlaması ilə kütlənin ona müsbət münasibəti gün keçdikcə daha da artırdı. Güney Azərbaycanın hər tərəfindən təbrik mesajları gəlməyə başlamışdı. Qısa zaman ərzində digər siyasi partiyaları da özünə cəzb edərək Azərbaycanın ən başda gedən siyasi partiyasına və qüvvəsinə çevrilmişdi.
Xəbərlər sürətlə yenilənirdi və nəhayət 12 dekabr 1945-ci ildə (Azər ayının 21-də) Azərbaycan Milli Məclisi Azərbaycan Milli Hökumətinin qurulduğunu elan etdi. Etibarnaməsi rədd edilən namizəd bu dəfə baş nazir kimi öz kabinetini yaratdı.
Azərbaycan Milli Hökuməti gerçəkləşdirdiyi böyük islahatları ilə də seçilir. Qurulan yeni dövlətdə Azərbaycan türkcəsi dövlət dili kimi qəbul edilərək bütün rəsmi yazışmalar bu dildə yazılırdı. Pişəvəri bu məsələyə xüsusi diqqət yetirir, dilimizi dananlar və onu ikinci dil kimi dəyərləndirənlər bizim həqiqi düşmənlərimizdir deyirdi.
Qadınların birinci dəfə seçib seçilmək hüquqlarını əldə etmələri, işçilər üçün qanunda iş saatının müəyyən edilməsi, Ərbab quldurluqlarına son qoymaq, şəhərlərə asfalt salmaq, məktəb tikmək və s. kimi işlərlə Azərbaycanın görünüşünü dəyişmək Milli Hökumətin gördüyü işlərə nümunələrdir.
1946-cı ilin soyuq qışının başa çatması ilə arzu edilən gələcəyə Kremlin siyasəti kölgə salmağa başladı. Sovet hökuməti tərəfindən Pişəvəri ilə görüşməyə gələn şəxslər ona mərkəzi dövlətlə razılaşmasını, Tehranın istəkləri qarşısında daha yumşaq davranılmalı olduğunu qeyd edirdilər. Pişəvəri onların nə demək istədiklərini yaxşı bilirdi. Bu Moskva ilə Tehran arasında anlaşma prosesinin başladığı demək idi. Pişəvəri isə onlara gedin cənablarınıza çox vicdansız şəxslər olduğunu deyin demişdi.
Azərbaycan ilə Tehran arasında müqavilə prosesi başlamışdı. İki tərəf arasında müqavilə imzalansa da, Sovet ordusunun Güney Azərbaycandan çıxarılması ilə əldə edilən saziş Tehran tərəfindən pozuldu. Nəticədə isə bir illik ömür sürən Milli Hökumət Tehran ordusu tərəfindən işğal edildi. Pişəvəri isə bir qrup başqa fədailər və şəxslər ilə Şimali Azərbaycana getdi.
Müəmmalı ölümlə basdırılan ümid
Mir Cəfər Pişəvərinin kommunist Azərbaycan Respublikası rəsmiləri tərəfindən çox yüksək dəyərləndirildiyi bilinirdi. Əslində son mənzili olacaq ikinci Şimali Azərbaycan həyatı onun fikrincə daha güclü qayıdış üçün bir mənzil sayılırdı. Bu isə bəzilərinin narazılıqlarına səbəb olurdu.
O Təbrizi tərk etdikdən sonra Quzeydə cəmi 172 gün yaşayıb. Azərbaycan Yazıçılar İttifaqının ona verdiyi otaqda öz fəaliyyətinə davam edirdi. Həmin vaxtlar siyasi fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olduğu bilinirdi. Lakin əsas məsələ hələ də Güney Azərbaycanın azadlığı idi.
Pişəvəri qətiyyətli şəkildə Cənubi Azərbaycana qayıtmaq üçün hazırlıqlarını davam etdirirdi. Son səfərini isə son dəfə fədai qoşunları ilə görüşmək üçün tərtib etmişdi. Lakin dayanmaq bilməyən adam gizli əllər tərəfindən saxlanılırdı. O, öz şəxsi xatirələrində Sovet hakimiyyətinin onun fədailəri yenidən qayıtmaq üçün hazırladığı planlardan narazı olduğunu qeyd etmişdi.
Daha əvvəl də qeyd edildiyi kimi o Gəncə şəhərinin yaxınlığında Yevlax kəndinin 14 kilometrliyində maşın qəzası keçirmişdi. Həmin səfərdə onun yanında general Qulamyəhya Danişyan, Təbrizdə SSRİ-nin konsulunun müavini və Dövlət Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Nuru Quliyev olub. Ford markalı avtomobilinin sürücüsü isə erməni əsilli Qarnik Melikyan idi.
Qəzadan sonra yaralanan üç şəxs də Yevlaxda yerləşən hərbi xəstəxanaya çatdırılırlar. Lakin Pişəvərinin yanına heç kim buraxılmır. Mir Cəfər Pişəvəri əməliyyat üçün həkim olan öz doğma qardaşı Mir Xəlilin çağırılmasını tələb edir. Lakin bu tələb yerinə yetirilmir. Deyilənlərə əsasən qəzadan sonra Mir Cəfərin vəziyyəti o qədər də pis olmayıb.
Xəstəxanada baş verənlər heç vaxt məlum olmur. Nəhayət iki gün sonra onun cənazəsi ailəsinə verilir. Bəzilərinə görə gəzadan bir gün sonra, yəni iyulun 12-də Pişəviri vəfat edib. Hətta ölüsünün yanına belə kənar adamların buraxılmasına icazə verilmir. Onun Bakıda dəfn edilməsinə də icazə verilmədikdən sonra Buzovnada dəfn edilir.
Bir çox araşdırmaçı və tarixçiyə görə Mir Cəfər Pişəvəri bir başa Moskvanın əmri ilə qətlə yetirilib. Həmin illərdə onun ölümünü araşdıran bir tədqiqatçının da Moskvada bir oteldə müəmmalı şəkildə ölməsi bu iddiaya sübut kimi göstərilə bilər.
Daha sonra Mir Cəfər Pişəvərinin məzarı Bakıda Birinci Fəxri Xiyabana köçürülür. Hazırda o betondan bir qəbirdə yatıb. O, öz istəklərinə nail ola bilməsə də vaxtında rəhbərlik etdiyi Güney Azərbaycan milli hərəkatının tarixində əvəzedilməz lider kimi yaddaşlarda yaşayır. Onun idealları hələ də yaşayır və tapşırıqları yol göstərir.