Su hövzələri üzrə mütəxəssis Hüseyn Xuruşi Urmu gölü məsələsi ilə bağlı “Ətəkyazı”-ya müsahibə verib. Hüseyn Xuruşi əvvəlcə Urmu gölü su hövzəsini tanıtdıraraq, gölün tarazlıq sahəsi və ümumiyyətlə ekoloji tarazlıq barədə bir sıra əhəmiyyətli məlumatlar verib. O həm də təəssüflənərək deyib ki 90 faiz canını itirmiş bir insana, insan demək nə dərəcə doğrudursa, Urmu gölünə də göl demək artıq o dərəcə doğrudur. Hüseyn Xuruşi “artıq ortada bir göl yoxdur” deyib.
Urmu gölünün quruma səbəbləri ilə bağlı ekspert Hüseyn Xuruşi fikirlərini kəskin şəkildə bəyan edib. Onun fikricə gölün quruma səbəbi bütünlüklə pis idarəçilik və insan xətalarıdır. Su hövzələri üzrə ekspert son onilliklərdə gerçəkləşən layihələrin su hövzələrinə geniş baxışları olmadığından həyata keçirildikləri üçün gölün həyatı yolunda maneələr yaratdığını deyir. Onun fikrincə dövlət orqanlarının Urmu gölünün su hövzəsində həyata keçirdiyi layihələr sadə ekspert araşdırmasından belə məhrum, rastgələ addımlardan ibarət olub. O gölə axan çayların üzərində tikilmiş çox sayda su anbarlarına işarə edərək, gölə tökülən çayların qabağı sədlərlə alınacaqsa və gölə su getməyəcəksə yəqin ki göl də quruyacaq deyib.
Hüseyn Xuruşi iqlim dəyişmələrinə də işarə edərək onun gölün qurumasında çox az payı olduğunu bildirib. O bu haqqda aparılmış son tədqiqatlara da toxunaraq iqlim dəyişikliklərinin ən çox 10 faiz təsir edəcəyini deyib.
Ətəkyazıya danışan ekspert həm də səddlərin tikilməsində də hərtərəfli baxışın olmadığına toxunub. Qısa müddətli gəlirlər müqabilində çevrəyə vurulan ziyanlardan danışıb. Onun fikrincə sədlər kənd təsərrüfatı istehsalında böyük miqdarda artıma səbəb olsa da, yenə uzun zamanlı inkişafa səbəb olmayıb. O kanalizasiya sistemlərinin yenilənməsi, suvarma metodlarının dəyişməsi və digər kimi məqamlara əhəmiyyətsiz yanaşan cavabdeh qurumların dar və qısa müddətli baxışını tənqid edərək sədd vurma ehtirasının mənfi nəticələri barədə xəbərdarlıq edib. O həm də toz fırtınalarına işarə edərək deyib ki keçmişdə məhdud zaman içərisində istehsalda artıma səbəb olan sədlər, toprağın fırtınalar nəticəsində keyfiyyətini itirməsinin qarşısını ala bilməyəcək.
Faciə və nəticəsi
Urmu gölünün quruması ilə onun ardınca gələn faciələr də özünü yavaş yavaş göstərir. Müxtəlif yerlərdə həmin fəciənin nəticələri barədə xəbərdarlıq edilir. Hüseyn Xuruşi də həmin problemlərə işarə edərək əkinçilik və ümumiyyətlə kənd təsərrüfatında yaranacaq çətinliklərin faciə qarşısında daha az əhəmiyyətə malik olduqlarını deyib. Onun fikrincə şübhəsiz ki bir faciə yaxınlaşır. Əgər 50 il ərzində ekosistem və çevrə korlanıbsa, gələcək 50 ilin onun meyvələnmə zamanı olacağını deyib.
Hüseyn Xuruşinin fikrincə gölün quruması nəticəsində sağlamlıq problemləri ilə yanaşı çox ciddi immiqrasiya böhranının da yaranacağı təxmin edilir. O əgər duz insanlarda xərçəngə səbəb olacaqsa, bitkilərdə daha böyük bir faciəyə yol açacağı qaçınılmazdır deyib.
Gölün pis vəziyyəti gündəmə gəldikcə onun bərpa edilməsi ilə bağlı tələblər də artır. Eyni halda bir çox populist siyasətçilər də gölün bərpası ilə əlaqəli vədlər verirlər. Lakin Hüseyn Xuruşi belə vədlərin reallıqdan uzaq olduğunu, qısa zaman ərzində hər hansı bərpa etmə layihəsinin uğursuzluqla nəticələnəcəyini deyib. O həm də gölün 30 milyard kubmetr suya ehtiyacının olduğunu bildirərək, əslində bərpa edilməsinin çox çətin olduğunu, bu miqyasda su ehtiyatının Urmu gölü ətrafında olmadığını bildirib.
Hüseyn Xuruşiyə görə ziyan görən yalnız göl deyil, müdaxilələr nəticəsində bütün ekosistem böyük miqyasda ziyan görüb. Deməli uzun müddətli bərpaetmə layihələri də böyük çətinliklərlə qarşılacaqlar. Misal üçün gölə tökülən çayların kanalları da pis vəziyyətdədirlər. Həmin çaylar və gölün təbii kanalizasiya sistemi kifayət qədər pis vəziyyətdədir və bərpa edilməyi tələb edirlər.
Hüseyn Xuruşi hazırda həyata keçirilən kiçik miqyaslı layihələr barədə cavabdehlərin kifayət qədər büdcənin olmadığını dediklərinə işarə edərək, əslində onların ekosistemdən dəqiq anlayışlarının olmadığını deyir. Çünki onlar bilmirlər ki hazırda birincilik təşkil edən yeganə məsələ birbaşa insanların həyatı ilə əlaqədar olan Urmu gölü olmalıdır. Həmçinin görüləcəyi vəd edilən işlərin yetərsiz olduğunu deyib.
Nəinki insanlar, heyvanlar belə orada yaşaya bilməyəcəklər
Dünya səviyyəsində ekosistem ilə bağlı qərarlar dövlətlər tərəfindən verilir. İran konstitusiyasında isə dövlət çevrəni qorumaqla vəzifələnməklə bərabər, eyni halda onun sahibi kimi də tanınır. Hüseyn Xuruşi bu zidiyyətli məqama diqqət çəkərək Urmu gölünün gələcəyi ilə bağlı təəssüf ki dövlət orqanlarından başqa heç kimin effektiv addımlar atmağa imkanının olmadığını bildirib.
Su hövzələri eksperti gələcəkdə yerdə qalan duz üçün də dövlətin planları olmalıdır, Müasir üsullarla insanların və çevrənin daha az ziyan görməsi üçün müəyyən addımlar atmalıdır deyib. Lakin gölün qurumağına səssiz qalan sistem, duzdan gələcək ziyanları azaltmaqla bağlı hələ ki heç bir addım atmayıb. O belə gedərsə nəinki insanlar, çevrədəki heyvanların belə gölün ətrafında yaşamağa imkanları olmayacaq deyib.
Hüseyn Xuruşi həm də əlavə edib ki göl diri qalsaydı onda olan artmiya kimi qiymətli canlılar yəqin ki maliyyə mənbəyi kimi gəlir gətirə bilərdi. Lakin belə bir varlığın dəyərini anlamayan hakimiyyətdən hər hansısa başqa ağıllı addım da gözləmək olmaz.
Hüseyn Xuruşi insanların əlindən əslində böyük bir iş gəlmədiyini, sadəcə dövlət orqanlarını çevrəni qorumaq üçün bəlkə məcbur edə biləcəklərini deyib. O həmçinin əkinçilik mədəniyyətini dəyişmək üçün sivil cəmiyyətlərinn yaranması imkanından danışıb. Lakin bütün bunlara baxmayaraq yerli əhalinin əlindən çox böyük iş gəlmir deyib.