Rafiq Tağı və Salman Rüşdi; bir yolun iki qurbanı

Google+ Pinterest LinkedIn Tumblr +

Dünya şöhrətli yazıçı Salman Rüşdi avqustun 12-də Nyu-York şəhərində keçirilən bir konfransda bıçaqlandı. Bununla da onun 1988-cu ildə yazdığı “Şeytan ayələri” kitabının nəşrindən sonra Ayətullah Xomeyninin onun haqqında verdiyi ölüm fətvası gündəmə gəldi.

Yazıçının səhhəti ağır zərbələr nəticəsində ciddi ziyan görsə də o özü həyatda qalıb. Baş verən hadisə haqqında araşdırmalar davam edir. İranın xarici işlər nazirliyi sözçüsü heç kimin İrana qarşı ittiham irəli sürməyə haqqı yoxdur deyib. Lakin buna baxmayaraq İran dövlətinə qarşı olan ictimai rəy dəyişməyib. Çünki bu daha əvvəllər də təkrarlanan hadisələrdəndir.

2011-ci ilin noyabr ayının 19-da azərbaycanlı yazıçı və həkim Rafiq Tağı Bakı şəhərində bıçaqlandı. O bıçaq zərbələri nəticəsində özünü çətinliklə evinə çatdırır və ordan da xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq azərbaycanlı yazıçı 4 gün sonra, noyabrın 23-də vəfat edib. Bundan 5 il qabaq isə iranlı Ayətullah Fazil Lənkərani onun ölüm fətvasını vermişdi. Həmin vaxt İranın Azərbaycandakı səfiri cinayətin İran dövləti ilə əlaqəsinin olmadığını bildirmişdi.

Rafiq Tağının ölümündən sonra Avropa İttifaqına ünvanlanan bir müraciətdə qatilin axtarılması üçün xüsusi komitənin Azərbaycana göndərilməsi tələb edilmişdi. Bu müraciəti imzalayan şəxslərdən biri də 11 il sonra oxşar hücuma məruz qalacaq yazıçı Salman Rüşdi idi.

Rafiq Tağının başına nə gəldi?

“Belə bir şəxs müsəlman övladıdırsa gətirilən etiraflara əsasən mürtəddir və əgər kafirdirsə yazdıqları Səbbül-nəbi (İslam müqəddəsətını təhqir etmək) nümunəsidir. Hər iki halda onu öldürmək əli çatan hər kəsə lazımdır.” Bu sözlər Ayətullah Lənkəraninin Rafiq Tağının “Sənət” qəzetində çap etdirdiyi “Avropa və biz” adlı məqaləsindən sonra onun haqqında verdiyi fətvanın bir qismidir.

Rafiq Tağı sözü gedən məqalədə qərb mədəniyyətinin üstünlüklərindən bəhs edərkən şərqdə dini inancların inkişaf yolunda sədd yaratdıqlarını yazır. Daha sonra isə bir müsahibəsində bu məqalənin Azərbaycanı İran olmaqdan xilas edən məqalə olduğunu deyib.

Ayətullah Fazil Lənkəraninin onun haqqında çıxardığı ölüm fətvası da məhz bu zaman verilib. Daha sonra da o dini ədavəti qızışdırmaq ittihamı  ilə 3 illik həbs cəzası alır. Lakin həmin il Prezident İlham Əliyevin fərmanı ilə əfv edilir.

Daha sonra 2011-ci ildə onun bir başqa məqaləsi yenidən dillərə düşür. Bu dəfə o “İran və qloballaşma qaçınılmazlığı” adlı məqaləsində İran dövlətinin siyasətini tənqid atəşinə tutur. O həmçinin bu məqalədə “qloballaşma dövrü fəsadlar törədən mədəniyyətləri lüzumsuz edir” yazır.

Bu yazıçının son yazısı olub. Rafiq Tağı ölümündən qabaq verdiyi müsahibələrdə ona hücum edən şəxsin oğurluq qəsdi olmadığını bildirmişdi. O həmçinin bu sui-qəsdin onun yazıları ilə əlaqədar olduğunu, son zamanlar qələmə aldığı “İran və qloballaşma qaçınılmazlığı” məqaləsi ilə bağlı ola biləcəyini ehtimal edirdi. Rafiq Tağı radikal dindarlar və İran dövlətinin onun ölümündə əli olduğu ehtimalını da irəli sürmüşdü.

Rafiq Tağının öldürülməsini heç bir qrup öhdəsinə götürmədi. Lakin İranın Azərbaycandakı səfiri bu hadisədə İranın əli olmadığını bildirdi. Rafiq Tağının ölümündən sonra İranın daxilində buraxılan qəzet və jurnallarda hardasa toy havası var idi. “Azərbaycanın Salman Rüşdisi öldürüldü” başlığı bir çox xəbər agentliyinin başlığında yer alırdı. Eyni halda Ayətullah Fazil Lənkəraninin oğlu yazıçı Rafiq Tağını öldürən şəxsi Allah tərəfindən böyük mükafatlar gözlədiyini yazmışdı.

Yazıçı Rafiq Tağının öldürülməsi dünyada geniş reaksiyalara səbəb olmuşdu. Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi, Sərhədsiz Reportyorlar Təşkilatı, ATƏT-in media azadlığı üzrə nümayəndəsi onun öldürülməsini qəti qınayaraq bəyanat yaymışdılar.

Avropa İttifaqının parlamenti dekabrın 15-də Rafiq Tağının öldürülməsi ilə bağlı qətnamə imzalayıb. Bu qətnamədə onun öldürülməsi qəti şəkildə qınanaraq Azərbaycan dövlətindən “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun təhlükəsizliyini qorumasını istəyib.

Danışan dillər kəsilməməlidir

Rafiq Tağı həkim olsa da gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildən etibarən onun müxtəlif qəzet və jurnallarda hekayələri və şeirləri çap edilib. Lakin onun dili daim kəskin olub və yazıb yaratdıqları ictimai rezonansa səbəb olub.

2004-cü ildə o, Azərbaycan Yazıçılar Birliyindən çıxarılıb. Yazıçılar birliyindən çıxarılmasının əsas səbəbi isə Səməd Vurğun haqqında yazdığı tənqidi məqaləsi olduğu deyilir. O “Qafqazın qartalı Şaumyan belə…” adlı məqaləsində “Səməd Vurğunun allahın ona bəxş etdiyi ilham atını sovetlərin qarşısında eşşək kimi işlətdi” ifadəsini işlətmişdi.

O Azərbaycan klassiklərindən Cəlil Məmmədquluzadəni də tənqid edib. O Mirzə Cəlilin Sovet dövründə həddindən artıq qabardıldığını deyirdi. Lakin Əli Bəy Hüseynzadə kimi yazıçılar boykot edilirdi deyib. Buna baxmayaraq o Mirzə Cəlilə dərindən hörmət etdiyini də deyirdi lakin tənqidin də vacibliyini bildirirdi.

İfadə azadlığında dinin tənqidi

Beynəlxalq İfadə Azadlığı konvensiyası din və məzhəb tənqidini rəsmiyyətdə tanıyır. Avropa İttifaqı parlamentinin də qəbul etdiyi qətnamədə buna toxunaraq İran dövlətindən din xadimlərinin oxşar fətvalar verməsinin qarşısını alması, onların beynəlxalq məhkəmələrə təslim edilməsi istənilib. Lakin bu baş verməyib.

2011-ci ildə Rafiq Tağının bıçaqlanmasından sonra azərbaycanlı yazıçı Aqşın Yenisey DW ilə müsahibəsində İranın bu kimi terrorları azərbaycanlılar arasında qorxu yaratmaq üçün həyata keçirdiyini demişdi. Bu o deməkdir ki İran dövləti öz dini hegemonluğunu yalnız ölkə daxilində deyil, başqa ölkələrdə də yaratmaq istəyir.

Həmin vaxt quzeydə Rafiq Tağı imzası ilə bir sıra tənqidi məqalələr çap edildi. Onlar bunu Rafiq Tağının yolunun davam etməsi adına gerçəkləşdiklərini deyirdilər.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.