“Azərbaycan” qəzeti kitab halında Bakıda nəşr edildi

Google+ Pinterest LinkedIn Tumblr +

1945-1946-cı illərdə Təbrizdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tərcümə və transliterasiyasını əhatə edən kitab Bakıda nəşr edilib.

Azərbaycan qəzetinin məqalələri Səməd Bayramzadə və Saleh Dostəliyev tərəfindən tərcümə və transliterasiya edilib.

Qəzetin ərəb əlifbası ilə türkcə və farsca yazılmış mətnləri orijinal şəkildə Şərqşünaslıq İnstitunun Güney Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə tərəfindən daha öncə 4 hissədə çapa hazırlanıb. Birinci hissəsi 2017-ci, ikinci hissəsi isə 2018-ci ildə çapdan çıxıb. Digər iki hissənin də çapa hazır olduğu bilidirilir.

Qəzetdəki məqalələr fars dilindən türkcəyə tərcümə olunub, ərəb əlifbasında olan yazılar da latın əlifbasına köçürülüb. Qəzetin bütün yazılarını əhatə edən  4 cildin birinci cildi kitab şəklində Bakıda çapdan çıxıb.

Birinci cilddə “Azərbaycan” qəzetinin 1945-ci il 5 sentyabr- 31 dekabr tarixləri arasında nəşr olunmuş ilk 90 sayındakı məqalələrin tərcüməsi ve köçürmələr təqdim edilir.

Azərbaycan qəzetinin transliterasiyasına maliyyə dəstəyi Şimali Kalifornia Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən göstərilmişdir.

“Azərbaycan” qəzeti 1945-1946-cı illərdə güney azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində yaradılmış və cəmi bir il yaşamış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatlar və Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətləri ilə əlaqəli önəmli mənbə hesab edilir.

Qeyd edək ki, “Azərbaycan” qəzetinin tərcümə və köçürülməsinin ikinci cildi də çapa hazırdır.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.