Urmiyə gölü uzun müddətdir ki, tamamilə quruma təhlükəsi altındadır. Bu böyük duz gölünün yaşadığı acı həqiqətlər araşdırıldıqda, insan təsiri və iqlim dəyişikliyi kimi faktorlardan danışılır. İran rəsmiləri əsasən gölün indiki vəziyyətinin əsas səbəbini iqlimin təsiri kimi qiymətləndirirlər. Bu iddia fərqli ekspertlər tərəfindən yalanlanmışdır. İnsan fəaliyyətinin təsirindən söz edildiyində isə, İran rəsmiləri tərəfindən xalq və əkinçiklər günahkar tutulur. Bu yazıda gölün hazırkı vəziyyətinə ən çox təsir edən amillər incələnəcəkdir.
Quruyan Həyat: Su Qıtlığı və İnsan Təsiri
Urmiyə gölünün quruması, Azərbaycanın ekologiyası, iqtisadiyyatı və iqlimi üzərində mənfi təsirlər qoyur. Gölə axan sudan həddindən artıq istifadə, saysız-hesabsız su anbarlarının tikilməsi, istehsal müddətində çox su istifadə olunan məhsulların əkilməsi, bağ sahələrinin genişlənməsi və su ehtiyatından istifadənin idarə edilməsindəki yanlışlıqlar kimi faktorlar, gölün susuzluğuna səbəb olur. Lakin burada iqlim təsiri də unudulmamalıdır. Son illərdə artan quraqlıq göz ardı edilə bilməz. Amma xatırlatmaq lazımdır ki, artan quraqlıq yalnız Azərbaycan bölgəsinə və Urmiyə gölünə məxsus deyil, İranın digər bölgələrində də yaşanmaqdadır. Bu həqiqətə diqqət etdiyimiz zaman başqa bölgələrdəki su böhranı ilə Azərbaycanda yaşanan su böhranının və Urmiyə gölünün vəziyyətinin fərqliliklərinin nədəni anlaşıla bilər.
Urmiyə Gölünün Çırpınışı
Urmiyə gölünün vəziyyəti, insan təsiri və iqlim dəyişikliyinin kombinasiyasının nəticəsidir. Amma iqlim məsələsi o qədər bə böyük deyil. Əkinçilik və bağ sahələrinin genişlənməsi və su idarəsinin yönətim tərzi gölün susuz qalmasına səbəb olarkən, artan quraqlıq da bu qara tabloda öz təsirini qoymaqdadır.
İnsan təsiri, göllərə axan çay sularının həddən artıq istifadəsi, əkinçilik və bağçılıq sahələrinin çoxalması və su mənbələrinin yanlış idarə edilməsi kimi faktorlardan qaynaqlanır.
Gölə axan çay suları, kənd və şəhərlərin su ilə təmin olunması üçün də istifadə olunur. Bu, gölün su səviyyəsini aşağı salır. 1998-dən bəri çaylara təyin edilən sulama təsisi, 1975-ə nisbətən iki dəfə artıb.
Gölün ətraf sahələri, əkinçilik və bağçılıq üçün istifadə olunur. Bu da gölə axan suyun giriş sahəsini azaldır. 1990-lardan bəri gölün ətrafındakı əkin sahələri, 1975-ə nisbətən iki dəfə artım göstərmişdir.
Ekoloji ekspertlərin fikrincə, Urmiyə gölünə su axımı ildə 3 milyard 426 milyon kubmetr olaraq müəyyən edilib. Lakin indiyədək Urmiyə gölündə bu su axımı miqdarı əldə olunmayıb. Digər tərəfdən, Urmiyə Gölü bölgəsindən sanal suyun ixracı dayandırılmalı, məsələn, çuğundur becərilməsi məhdudlaşdırılmalı idi. Lakin bunun yerinə Məşhəd şəkər zavodu da Urmiyə gölü hövzəsinə köçürülmüşdür. Bu da çuğundur istehsalını dəstəkləmək deməkdir.
1372-ci ildən 1392-ci ilə qədər çuğundur üçün ayrılan əkin sahəsi 5%-dən 28%-ə yüksəlmiş və 1994-cü ildə Qərbi Azərbaycan vilayətində 30,4 min hektar çuğundur əkilmişdir. Digər tərəfdən, bu əyalətdə daha az su istifadə edən məhsulların becərilməsi dövlət qurumları tərəfindən dəstəklənmir. Bəzi hallarda fıstıq kimi isehsalında az su istifadə edilən əkinin də qarşısı hökümət tərəfindən alınmaqdadır.
Göllərə axan çayların sularının yanlış idarə edilməsi də gölün qurumasına kömək edir. Bu, gölə axan su miqdarının normaya uyğun olmamasına səbəb olur. Həmçinin, gölün ətrafındakı yeraltı su mənbələrinin həddən artıq istifadəsi gölün su səviyyəsini aşağı salır. Ancaq başlıca səbəblərdən biri də su ambarlarının sayının çox olmasıdır. Elə ki günümüzə qədər 99 su ambarı tikilmiş, əlavə olaraq 6 su ambarı da tikilməkdədir.
Urmiyə gölünün qurumasının ən başlıca nədəni insan faktorudur
Urmiyə gölünün qurumasında insan təsirinin iqlim təsirinə nisbətən daha çox rolu olduğu görünür. Tədqiqatlar insan təsirinin gölün qurumasında başlıca nədən olduğunu göstərir. İqlim təsirinin isə yalnız gölün qurumasındakı digər faktorlardan biri kimi rolu olduğu bildirilir. Urmiyə gölünün qurumasının %86-nin insan faktoruna bağlı olduğu bəzi akademik araşdırmalarda isbat edilmişdir. Eyni nəticəni yayımlanan başqa araşdırmalar da göstərməkdədir. Elə bu araşdırmalar, insan amillərinin gölə və su sahəsinə təsirinin iqlim faktorlarından daha çox olduğunu bildirir. Yəni insan və iqlim faktorları Urmiyə gölünün qurumasında uyğun olaraq %80 və %20 olaraq yer tutur.
Ancaq İran rəsmiləri gölün bugünkü vəziyyətində iqlimi təsirli bilirlər. Yəni Urmiyə gölünün qurudulmasında insan faktorunun, o cümlədən, dövlətin su siyasətinin su ehtiyatlarının idarə olunmasında iştirakı, su anbarlarının tikilməsinin təsirini şübhə altında qoyurlar.
Hökumətin davam edən su ehtiyatlarının yanlış idarə edilməsi siyasəti nəticəsində Urmiyə gölünün su sahələri və yeraltı su qatlarında kəskin azalma müşahidə olunur. 100-ə yaxın su anbarının tikilməsinə baxmayaraq yeni su anbarlarının da tikiləcəyi bildirilir.