Bu məqalə, Cynthia Vinney tərəfindən 9 yanvar 2020-ci ildə ThoughtCo saytında ingiliscə dərc olunmuşdur. Ətəkyazı tərcümə qrupu isə onu tərcümə edib.
Ziqmund Freyd Edip Kompleksi qavramını, bir uşağın qarşı cinsdən valideyninin cinsi diqqəti üçün eyni cinsdən valideynlə inkişaf etdirdiyi rəqabəti təsvir etmək üçün istifadə etdi. Bu Freydin ən məşhur, lakin mübahisəli fikirlərindən biridir. Freyd, Edip Kompleksini psixoseksual inkişaf nəzəriyyəsinin bir hissəsi kimi “”təfərrüatlandırdı.””
Mənşəyi
Edip Kompleksi ilk dəfə 1899-cu ildə Freydin “Yuxuların yozumu” əsərində təsvir edilmişdir, lakin o, bu konsepsiyanı 1910-cu ilə qədər adlandırmamışdır. Kompleks, adını Sofoklun “Hökmdar Edip” əsərindəki baş personajın adından alıb. Yunan faciəsində Edip körpə ikən valideynləri tərəfindən tərk edilir. Sonra yetkin olan Edip bilmədən atasını öldürür və anası ilə evlənir. Freyd hiss edirdi ki, Edipin öz çətin vəziyyətindən xəbərsiz olması uşağın xəbərsizliyi kimi idi, çünki uşağın əks cinsli valideyninə qarşı cinsi istəyi və eyni cinsli valideyninə qarşı aqressiya və paxıllıq hisləri şüursuzdur (və bilmədən baş verir). Freyd, kompleks haqqında fikirlərini qızlara nisbətən oğlanlarda inkişaf etdirməkdə daha uğurlu idi.
Edip kompleksinin inkişafı
Edip Kompleksi Freydin 3-5 yaşları arasında baş verən psixoseksual mərhələlərində fallik mərhələsində inkişaf edir. Bu zaman oğlan şüursuz olaraq anasını arzulamağa başlayır. Ancaq tezliklə istəklərinə uyğun hərəkət edə bilməyəcəyini öyrənir. Eyni zamanda anasından gördüyü sevgini atasının da aldığını anlayır və bu vəziyyət qısqanclıq və rəqabətə səbəb olur.
Oğlan atasına meydan oxumağı xəyal etsə də, real həyatda bunu edə bilməyəcəyini bilir. Həmçinin, oğlan atasına qarşı ziddiyyətli hissləri ilə çaşqındır, atasına paxıllıq etsə də, onu sevir və ona ehtiyac duyur. Bundan əlavə, oğlanda axtalanmaq təşvişi yaranır: atasının onu duyğularından dolayı cəzalandırmaq üçün xədim edəcəyi qorxusu.
Edip kompleksinin həlli
Oğlan Edip Kompleksini həll etmək üçün bir sıra müdafiə mexanizmlərindən istifadə edir. O, anasına qarşı insest hisslərini şüursuzluğa köçürmək üçün repressiyadan istifadə edir. O, həm də atasına qarşı olan rəqabət hisslərini basdırır və əvəzinə onunla eyniləşir. Oğul atasını nümunə kimi saxlayaraq, artıq onunla döyüşmək məcburiyyətində deyil. Əksinə, ondan öyrənir və ona daha çox bənzəyir.
Məhz bu zaman oğlanda supereqo, yəni şəxsiyyətin vicdanı formalaşır. Supereqo oğlanın valideynlərinin və digər nüfuzlu şəxslərin dəyərlərini qəbul edir. Bu dəyərlər uşağa uyğun olmayan impulslardan və hərəkətlərdən qorunmaq üçün daxili mexanizm verir.
Freydin inkişaf nəzəriyyəsinin hər bir mərhələsində uşaqlar növbəti mərhələyə keçmək üçün mərkəzi münaqişəni həll etməlidirlər. Əgər uşaq bunu bacarmasa, onda sağlam yetkin şəxsiyyət formalaşmayacaq. Beləliklə, oğlan Fallik mərhələsində Edip Kompleksini həll etməlidir. Bu baş verməsə, yetkinlik dövründə oğlan rəqabət və sevgi sahələrində çətinliklər yaşayacaq.
Rəqabət vəziyyətində, gənc oğlan atası ilə rəqabət təcrübəsinidəki narahatlıq və günahkarlıq hisslərini digər kişilərə də tətbiq edə bilər. Sevgi vəziyyətində, kişi anasına bağlı vəziyyətə gələ bilər və istəmədən də olsa anasına oxşayan insanları axtara bilər.
Elektra Kompleksi
Freyd kiçik qızlar üçün də başqa bir Edip Kompleksi təyin edib. Bu dəfə başqa bir yunan mifoloji fiquruna istinad edərək ona Elektra Kompleksi adını verdi. Elektra Kompleksi qızın penisi olmadığını başa düşəndə başlayır. O, anasını günahlandırır, ona qarşı inciklik və penis paxıllığı inkişaf etdirir. Eyni zamanda qız atasını sevgi obyekti kimi görməyə başlayır. Atasına olan sevgisini həyata keçirə bilməyəcəyini, ancaq anasının bunu bacardığını öyrəndikdə onu qısqanır.
Nəhayətdə qız insest və rəqiblik hisslərindən imtina edir, ana ilə eyniləşir və supereqo inkişaf etdirir. Bununla belə, Freydin kiçik oğlanlarda Edip Kompleksinin həlli ilə bağlı gəldiyi nəticədən fərqli olaraq, kompleksin kiçik qızlarda niyə və necə həll olunduğundan əmin deyildi. Freyd hesab edirdi ki, bəlkə də kiçik qızı valideynlərinin məhəbbətinin itirilməsi ilə bağlı narahatlıqlar motivasiya edir. Freyd həmçinin qızın daha zəif supereqo inkişaf etdirdiyinə inanırdı, qız uşağının kompleksinin həlli kastrasiya (axtalıq) narahatlığı kimi konkret bir şeylə idarə olunmur.
Qız Elektra Kompleksini fallik mərhələsində həll edə bilmirsə, yuxarı yaşlarda Edip Kompleksini həll edə bilməyən bir oğlan kimi oxşar çətinliklərlə üzləşə bilər. O cümlədən əhəmiyyətli insanlara gəldikdə ata tərəfində ilişib qala bilər. Freyd onu da qeyd etdi ki qızın penisinin olmadığını biləndə hiss etdiyi məyusluq, böyüyəndə kişilik kompleksi ilə nəticələnə bilər. Bu, qadının kişilərlə yaxınlıqdan qaçmasına səbəb ola bilər, çünki belə yaxınlıq ona çatışmayan cəhətləri xatırladır. Əksinə, o, həddindən artıq aqressivləşərək kişilərlə rəqabət aparmağa və onlardan üstün olmağa çalışa da bilər.
Tənqidlər və mübahisələr
Edip Kompleksi konsepsiyası varlığını davam etdirsə də, illər ərzində ona qarşı çoxlu tənqidlər səsləndirilib. Freydin xüsusilə qızlardakı Edip Kompleksi haqqında fikirləri, ilk qələmə aldığı vaxtdan çox mübahisəli idi. Bir çoxları qızların seksuallığının oğlanlardan fərqli şəkildə yetkinləşə biləcəyini iddia edərək, seksuallıq haqqında kişi anlayışını qızlara tətbiq etməyin düzgün olmadığını düşünürdü.
Digərləri Freydin qadınlara qarşı qərəzlərinin mədəniyyətə əsaslandığını iddia edirdilər. Məsələn, psixoanalitik yazıçı Klara Tompson Freydin penis paxıllığının bioloji əsaslı olması fikrini təkzib etdi. Bunun əvəzinə o qızların oğlanlara çox vaxt eyni imtiyaz və imkanlardan istifadə edə bilmədiklərinə görə həsəd apardıqlarına diqqət çəkib. Beləliklə, penis paxıllığı real bir istəkdən deyil, bərabər hüquqlar üçün simvolikdir.
Bəziləri həmçinin Freydin qadınların daha aşağı əxlaqi dəyərlərə bağlı olduqları fikirlərinə etiraz edərək, bunların Freydin öz qərəzlərini əks etdirdiyini iddia edirdilər. Və əslində araşdırmalar göstərdi ki oğlanlar və qızlar eyni dərəcədə güclü bir əxlaq hissi inkişaf etdirə bilərlər.
Bundan əlavə, Freyd Edip Münaqişəsinin universal olduğunu iddia edərkən, Malinovski kimi antropoloqlar nüvə ailəsinin hər mədəniyyətdə standart olmadığı fikrini müdafiə ediblər. Malinovskinin Trobriand adaları ilə bağlı araşdırması ata və oğul arasında münasibətlərin yaxşı olduğunu göstərdi. Əvəzində oğlanın tərbiyəçisi onun əmisi olmuşdur. Bu halda, Edip kompleksi Freydin izah etdiyi kimi baş verməyəcəkdir.
Nəhayət, Freydin Edip Kompleksi haqqında fikirlərini tək bir nümunə, kiçik Hansın nümunəsi əsasında hazırlanmışdır. Nəticə çıxarmaq üçün yalnız bir hadisəyə istinad etmək elmi əsaslara görə suallar doğurur. Xüsusilə, Freydin obyektivliyi və məlumatlarının etibarlılığı sual altındadır.