2017-ci il mayın 8-də Ester Lombardının yazdığı və thoughtCo saytında dərc olunan bu məqalə Ətəkyazı tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.
Rus yazıçısı Fyodor Dostoyevskinin “Cinayət və Cəza” əsəri ilk dəfə 1866-cı ildə “Rus xəbərçi” ədəbi jurnalında aylıq hissələr seriyası kimi nəşr olunub və o vaxtdan bəri dövrünün ən təsirli ədəbiyyat əsərlərindən birinə çevrilib. Əsər yoxsul adamın öldürücü düşüncələrindən tutmuş cinayətdən sonra hiss olunan günah hissinə qədər sitatlarla doludur.
Hekayə Rodion Raskolnikovun bir sələmçini öldürüb pulunu almaq üçün planlar tərtib etməsinə diqqət yetirir. Daha sonra Raskolnikov planı uğurla həyata keçirəndən sonra yaşadığı mənəvi dilemmalara və ruhi əzablara yönəlir. Raskolnikov iddia edir ki, sələmçidən aldığı pulla törətdiyi cinayətin əvəzini ödəyəcək yaxşı işlər görə bilər.
Fridrix Nitsşenin Ubermensch (Fövqəlinsan) nəzəriyyəsi kimi, Dostoyevski də xarakteri vasitəsi ilə iddia edir ki bəzi insanlar daha böyük bir xeyir üçün vicdansız bir lombardı öldürmək kimi qanunsuz hərəkətlər etmək hüququna malikdirlər. O dəfələrlə iddia edir ki qətl, daha böyük xeyir üçün işlənilibsə heç bir problem yoxdur.
Acıma və cəza haqqında sitatlar
“Cinayət və Cəza” kimi bir başlıqla Dostoyevskinin ən məşhur əsərinin cəza verməklə bağlı sitatlarla dolu olduğu fərz edilə bilər. Lakin müəllifin öz cəzalandırıcılarından günahkarlara mərhəmət göstərmələrini yalvarmasını və rəvayətçinin törətdiyi cinayətə görə əzablara qatlanmalı olduğunu da söyləmək olar.
Dostoyevski 2-ci fəsildə yazır: “Siz deyirsiz niyə mənə yazıqları gəlsin? … Bəli! Mənə yazığınız gəlməsin! Mən çarmıxa çəkilməliyəm, çarmıxa çəkilməliyəm, heç kimin mənə yazığı gəlməməlidir! Məni çarmıxa çəkin, ey hakim, məni çarmıxa çək. Amma mənə yazığın gəlməsin.” Bu sual belə bir fikrə əsas verir ki, təqsirkarlara mərhəmət edilməməlidir – hakimin cinayətkara rəhm etməsi yox, onu layiqincə cəzalandırması lazımdır – bu halda natiq çarmıxa çəkilərək cəzalanacağını müdafiə edir.
Lakin cəza təkcə hakimin bir günahkar haqqında hökm və cəza çıxarması şəklində deyil, həm də cinayətkarın öz əxlaqının nəhayi cəza olaraq verdiyi bir vicdan əzabı şəklində də gəlir. Dostoyevski 19-cu fəsildə belə yazır: “Əgər vicdanı varsa, səhvinin cəzasını çəkəcək; bu cəza həbs qədər (çətin) olacaq.”
Deməli, bu şəxsi cəzadan yeganə xilas yolu bəşəriyyətdən və Allahdan əfv diləməkdir. Dostoyevskinin 30-cu fəslin sonunda yazdığı kimi: “Dərhal get, elə bu dəqiqə, yol ayrıcında dayan, əyil, əvvəlcə murdarladığın torpağı öp, sonra bütün dünyaya baş əyib bütün insanlara uca səslə de ki ‘Mən bir qatiləm!’ Sonra Allah sənə yenidən həyat göndərəcək, gedəcəksənmi, gedəcəksənmi?”
Cinayət törətmək və impulslarla hərəkət etmək haqqında sitatlar
Qətl törətmək, başqa bir insanın həyatına qəsd etmək aktı mətn boyu dəfələrlə müzakirə edilir və hər dəfə danışanın belə bir iyrənc əməli törətmək üzrə olduğuna inanmadığı ima edilir.
Dostoyevski elə ilk fəsildən bu məsələni qəhrəmanın həyatının bir çəkişmə elementi olaraq açıq şəkildə ifadə edərək yazırdı: “Mən indi ora niyə gedirəm? Mən buna qadirəmmi? Bu ciddi bir şeydirmi? Heç də ciddi deyil. Bu sadəcə əylənmək üçün bir fantaziyadır; bir oyuncaq! Bəli, bəlkə də bir oyuncaqdır.” Bu, demək olar ki danışanın sonradan onun təsiriylə hərəkət etməsi üçün bir bəraət, cismani istəklərinə boyun əymək üçün bir bəhanədir, (və beləcə) qətli sadəcə oyuncaq kimi təsvir edir.
Beşinci fəsildə qətl törətmək reallığı ilə üzləşərək bu qavramı yenidən mübahisə edir, burada deyir ki, “ola bilərmi, ola bilərmi, həqiqətən bir balta götürəcəyəm, onun başına vuracağam, onun kəlləsini parçalayacağam…yapışqan ilıq qana ayaq basacağam, qana… balta ilə…böyük tanrı, ola bilərmi?”
Cinayət, mənəvi nəticələrə və ya belə bir hərəkətə görə məlum cəzaya dəyərmi? Bu, yaxşı bir həyat yaşamaq ideyasına qarşı çıxa bilərmi? Dostoyevski kitabdakı müxtəlif sitatlar vasitəsilə bu suallara cavab verir.
Həyat və yaşamaq istəyi haqqında sitatlar
Xüsusən də başqasının həyatına son qoyan cinayəti törətmək fikrini nəzərə alsaq, yaşamaq və yaxşı yaşamaq iradəsi ideyaları “Cinayət və Cəza” boyunca dəfələrlə gündəmə gəlir.
Hələ ikinci fəsildə Dostoyevski bəşəriyyətin yaxşı həyat ideallarının düzgün ola bilməyəcəyi və ya ən azından bəşəriyyətin özlüyündə yaxşı bir reallıqdan cayması ehtimalını müzakirə edir. İkinci fəsildə Dostoyevski yazır: “Əgər insan həqiqətən əclaf deyilsə, ümumiyyətlə, bütün bəşər irqini nəzərdə tuturam – onda qalan hər şey qərəzdir, sadəcə süni qorxulardır və heç bir maneə yoxdur və hər şey olması gərəkdiyi kimidir.”
Ancaq 13-cü fəsildə edam edilərək cəzalandırılma fikri ilə qarşılaşan Dostoyevski, insanın yaşamaq iradəsinin gerçəkliyini müşahidə etmək üçün, bir anda ölməkdənsə, əbədiyyətə qədər ölümü gözləmək daha yaxşıdır fikrinə dair, köhnə bir ata sözünə müraciət edir:
“Hardasa oxumuşdum ki ölümə məhkum edilmiş biri ölümündən bir saat əvvəl, hansısa hündür qayada, sadəcə ayaqda dura biləcəyi qədər dar bir çıxıntıda yaşamaq məcburiyyətində qalsa və ətrafında okean, əbədi zülmət, əbədi tənhalıq, əbədi qasırğa olsa, həyatı boyu, min il, sonsuza qədər bir kvadratlıq bir yerdə ayaqda qalmaq məcburiyətində qalsa, belə yaşamağın bir anda ölməkdən daha yaxşı olduğunu söyləyir və ya düşünür! Yalnız yaşamaq, yaşamaq və yaşamaq! Həyat, hər nə olursa olsun!”
Son fəsildə də Dostoyevski bu ümiddən, insanın heç olmasa bir gün daha nəfəs almağa davam etmək arzusundan danışır, iki personaj haqqında deyir ki, “hər ikisi solğun və zəif idilər, lakin o xəstə solğun üzlər yeni bir gələcəyin, yeni həyata tam bir dirilişin şəfəqi ilə işıq saçırdı. Onlar məhəbbətlə yenilənmişdilər; hər birinin ürəyi digərinin qəlbi üçün sonsuz həyat qaynaqlarını saxlayırdı.”