Bu məqalə Nicki Lisa Cole tərəfindən 2019-ci ilin avqust ayının 1-də “ThoughtCo” saytında dərc edilib və “Ətəkyazı” tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.
Mədəniyyət sosial həyatın əsasən qeyri-maddi aspektlərinin geniş və fərqli toplusuna işarə edən bir termindir. Sosioloqların fikrincə, mədəniyyət insanların ortaq şəkildə paylaşdığı dəyərlər, inanclar, dil sistemləri, ünsiyyət və təcrübələrdən ibarətdir. Bu xüsusiyyətlər eyni zamanda müəyyən cəmiyyəti və ya qrupu tanıtdırmaq üçün də istifadə edilə bilər. Mədəniyyət həm də həmin qrup və ya cəmiyyət içində müştərək maddi obyektləri də əhatə edir. Mədəniyyət cəmiyyətin sosial quruluşu və iqtisadi aspektlərindən fərqlidir, lakin onlarla bağlıdır – həm onları davamlı olaraq məlumatlandırır, həm də onlardan məlumat alır.
Sosioloqlar mədəniyyəti necə tərif edirlər?
Mədəniyyət sosiologiyanın ən vacib qavramlarından biridir, çünki sosioloqlar onun sosial həyatımızda çox əhəmiyyətli rol oynadığını qəbul edirlər. Mədəniyyət sosial münasibətləri formalaşdırmaq, sosial nizamı qorumaq və ona meydan oxumaq, dünyanı və içindəki yerimizi necə anlamlandırdığımızı müəyyən etmək və cəmiyyətdəki gündəlik hərəkətlərimizi və təcrübələrimizi formalaşdırmaq üçün önəmlidir. O, həm maddi, həm də maddi olmayan şeylərdən ibarətdir.
Qısaca desək sosioloqlar mədəniyyətin maddi olmayan tərəflərini, bir qrup insan tərəfindən ortaq şəkildə paylaşılan dəyərlər və inanclar, dil, ünsiyyət və təcrübələr kimi tərif edirlər. Bu kateqoriyaları genişləndirsək, mədəniyyət biliklərimizdən, sağlam düşüncəmizdən, fərziyyələrimiz və gözləntilərimizdən ibarətdir. Bu həm də cəmiyyəti idarə edən qaydalar, normalar, qanunlar və əxlaq prənsipləri; istifadə etdiyimiz sözlər, eləcə də onları necə danışdığımız və yazdığımız (sosioloqların “diskurs” adlandırdıqları şey); və məna, ideya və qavramları ifadə etmək üçün istifadə etdiyimiz simvollardır (məsələn, yol nişanları və emojilər kimi). Mədəniyyət həm də bizim nə etdiyimiz, necə davrandığımız və çıxış etdiyimizdir (məsələn, teatr və rəqs). Necə yeridiyimiz, oturduğumuz, bədənimizi daşıdığımız və başqaları ilə necə qarşılıqlı əlaqə qurduğumuz haqqında məlumat verir; məkandan, zamandan və “auditoriyadan” asılı olaraq necə davranırıq; və digərləri arasında irq, sinif, cins və cinsiyyət kimliklərini necə ifadə etdikləri əhatə edir. Mədəniyyət həmçinin dini mərasimlər, dünyəvi bayramların qeyd edilməsi və idman tədbirlərdə iştirak kimi iştirak etdiyimiz kollektiv təcrübələri də əhatə edir.
Maddi mədəniyyət insanların hazırladığı və istifadə etdiyi şeylərdən ibarətdir. Mədəniyyətin bu aspektinə binalardan, texnoloji qurğulardan və geyimlərdən tutmuş filmə, musiqiyə, ədəbiyyata, incəsənətə və başqalarına qədər çox müxtəlif şeylər daxildir. Maddi mədəniyyətin aspektlərinə daha çox mədəniyyət məhsulları deyilir.
Sosioloqlar mədəniyyətin maddi və maddi olmayan iki tərəfini bir-biri ilə sıx bağlı vəziyyətdə görürlər. Maddi mədəniyyət, mədəniyyətin maddi olmayan tərəflərindən yaranır və onlar tərəfindən formalaşır. Başqa sözlə, dəyər verdiyimiz, inandığımız və bildiyimiz şeylər (və gündəlik həyatda birlikdə etdiklərimiz) gördüyümüz işlərə təsir göstərir. Amma maddi və maddi olmayan mədəniyyət arasında birtərəfli münasibət yoxdur. Maddi mədəniyyət mədəniyyətin maddi olmayan tərəflərinə də təsir edə bilər. Məsələn, güclü bir sənədli film (maddi mədəniyyətin bir aspekti) insanların münasibətini və inanclarını (yəni, maddi olmayan mədəniyyət) dəyişə bilər. Məhz buna görə də mədəniyyət məhsulları (qabaqcadan var olan) nümunələrə əməl etməyə meyillidir. Məsələn, musiqi, film, televiziya və incəsənət baxımından daha əvvəl yarananlar, bunlarla qarşılıqlı əlaqəyə girən şəxslərin dəyərlərinə, inanclarına və gözləntilərinə təsir edir, bu da öz növbəsində yeni mədəniyyət məhsullarının yaradılmasına təsir göstərir.
Niyə mədəniyyət sosioloqlar üçün önəmlidir?
Mədəniyyət sosioloqlar üçün önəmlidir, çünki o sosial nizamın istehsalında mühüm və anlamlı rol oynayır. Sosial nizam cəmiyyətin qayda və normalar üzərində kollektiv müqavilə əsasında cəmiyyətin sabitliyini ifadə edir. Bu normalar bizə əməkdaşlıq etməyə, cəmiyyət kimi fəaliyyət göstərməyə və birlikdə (ideal olaraq) sülh və harmoniya içində yaşamağa imkan verir. Sosioloqlar üçün sosial nizamın həm yaxşı, həm də pis tərəfləri var.
Kökləri klassik fransız sosioloqu Émile Durkheim-in nəzəriyyəsində olan mədəniyyətin həm maddi, həm də maddi olmayan aspektləri, cəmiyyəti bir arada tutması baxımından dəyərlidir. Ortaq paylaşdığımız dəyərlər, inanclar, əxlaq, ünsiyyət və təcrübələr bizə ortaq bir məqsəd hissi və dəyərli kollektiv şəxsiyyət verir. Durkheim öz araşdırması ilə ortaya qoydu ki, insanlar rituallarda iştirak etmək üçün bir araya gəldikləri zaman ortaq mədəniyyəti bir daha təsdiqləyirlər və bununla da onları bir-birinə bağlayan sosial əlaqələri gücləndirirlər. Bu gün sosioloqlar bu önəmli sosial fenomeni təkcə bəzi toylar və Hindistanın Holi festivalı kimi dini ayin və mərasimlərdə deyil, həm də məsələn orta məktəb rəqsləri və televiziyada yayımlanan idman tədbirləri (məsələn, Super Bowl və Mart Madness) kimi dünyəvi ayinlərdə də həyata keçirildiyini görürük.
Məşhur Prussiya sosial nəzəriyyəçisi və fəalı Karl Marks sosial elmlərdə mədəniyyətə tənqidi yanaşmanın əsasını qoydu. Marksın fikrincə, maddi olmayan mədəniyyət sahəsində bir azlıq çoxluq üzərində ədalətsiz hakimiyyəti qoruya bilir. Marksa görə əsas dəyərlərə, normalara və inanclara bağlılıq, insanların öz maraqlarına uyğun olmayan, əksinə güclü azlığın xeyrinə olan qeyri-bərabər sosial sistemlərə sərmayə qoymalarını təmin edir. Bu gün sosioloqlar Marksın nəzəriyyəsini kapitalist cəmiyyətlərdəki insanların əksəriyyətinin uğurun zəhmət və fədakarlıqdan gəldiyinə inandıqları şəkildə görürlər. Hər kəs bu işləri görsə, yaxşı yaşaya bilər – baxmayaraq ki, yaşayış minimumunu ödəyən bir iş tapmaq da getdikcə çətinləşir.
Hər iki nəzəriyyəçi mədəniyyətin cəmiyyətdə oynadığı rol haqqında haqlı idi, lakin heç biri tək başına haqlı deyildi. Mədəniyyət zülm və hökmranlıq üçün bir qüvvə ola bilər, ancaq yaradıcılıq, müqavimət və azadlıq üçün də bir güc kimi ola bilər. O həm də insanın sosial həyatının və sosial təşkilatının çox önəmli aspektidir. Onsuz nə münasibətlərimiz, nə də cəmiyyətimiz olardı.