Aşağada yazdığım Qəzza faciənaməsi deyil. Faciənin özüdür. Qəzza bir teragediyanı utandıra bilən tragediyanın özüdür rəvayət olduğunda. İnsan olaraq mənim də faciəmdir. Türk və müsəlman olaraq bir daha da mənim tarixi faciəvi vəziyyətimdir. Amma aşağıdakı neçə cümlə canlı olaraq yaşadığımız bir inhitata uğraya bilən vəziyyətin ayaqüstü rəvayətidir. Qəzza o vəziyyətin pisliyini mənim gözümdə daha da artıq dərinləşdirdi.
Zəngan şəhərində yaşayıram. Zəngan vilayətinin mərkəzi. Bizim şəhər və vilayət bütünlüklə türk yurdudur. Türkdən başqa yerli olaraq yalnız bir-iki tat kəndi var. Burda hamı türk dilini bilir və hər yerdə hər kəs türkcə danışsa başa düşülər. 1980-ci illərdə mən məktəbə gedəndə iki üç müəllimdən başqa qalan müəllimlərim və bütün məktəb müdir və müavinləri türk idilər. Amma bunların hamısı biz şagirdlərlə farsca danışırdılar. Sinifdə və sinifdən kənarda məktəbin ərazisində bütün danışıqları farsca idi. Əlbəttə biz şagirdlər öz aramızda yalnız türkcəni işlədirdik. 1940 və 1950-ci illərdə məktəbə gedən atamla da orda farsca danışıblar. 1960 və 1970-ci illərdə də Zəngan məktəblərində uşaqlar ilə farsca danışılırdı. Baxmayaraq uşaqların bir çoxu 1990-cı illərə qədər farscanı məktəbdə öyrənirdilər və bütün məktəb illərində bacardıqca müəllim ilə danışmaqdan çəkinirdirlər. Bu problem necə həll oldu? 1970 və 1980-ci illərdə uşaqlar ilə farsca danışan ailələrin heç gözə gəlməyən sayı 1990-cı illərdə çoxaldı və 2000-ci illərdə kəndlərə də uzandı.
Mən belə bir şəhərdə yaşayıram. Bəzi ailələr dillərini-demək hamımızın dilini- istəmədilər. Əlbəttə bunun bir səbəbi məktəb idi. Çoxlu ictimai, tarixi və siyasi səbəb də var. Amma nəticədə bir çox ailə olsun-olsun uşaq babası və anası ilə danışa bilməsin də onlarla farsca danışdılar. 1990-cı illərdə doğulan uşaqların indi 30 hüdudlarında yaşları var. Bir çoxunun uşaqları var amma “baba” “maman” ilə farsca danışırlar. Hamısı da türkcə bilirlər. Əlbəttə farscanı da əvvəlcə öyrəniblər. Əslində onlar ilə farsca danışmaqdan qəsd onların farsca öyrənmələri və məktəbdə bacarıqlı və təhsildə “müvəffəq“ olmaları elan olunurdu. Ama bu gün onların ailə dilləri farscadır. Əlbəttə onların çoxu – təxminən hamısı – işdə türkcə danışırlar. Xüsusilə sənət, tikinti və bazar işində olanlar belədirlər. Bəzi xanımlar farsca danışmağa israrçı olsalar da bəzi işlərdə türkcəyə məcburdurlar.
Mən belə bir şəhərdə yaşayıram. Ailə türk dilli olaraq 20 il öncəsinə özgələşən bir şəhərdə. Bəlkə də bunun üçün Qəzzadan vaz keçə bilmirəm. Əlbəttə yenə Qəzzaya diqqət göstərməyimin bir səbəbi də bu ola bilər. Doğrusu Qəzza bir insan cinayəti tablosudur. Bir bölük insan bir toplum insanı olduqca rəhmsiz və səbəbsiz şəkildə yalnız onu torpaq üzündən silmək üçün öldürür. Amma mən öz vəziyyətimizi də onların vəziyyəti ilə tutuşdururam. Mənim şəhərimdə müvəffəqiyyət deyib toplumunu və ona təllüqünü və bağlılığını unutmuş bir ailə vəziyyəti var. Dilini unutmağa çalışan bir ailə var. O biri tərəfdə ailə ordu vahidinə dönmüş bütün varlığını və canını əlinə alıb illərlə muhasirədə qalandan sonra düşmən qarşısına çıxan bir ailə. Bəlkə bizlər də o vəziyyətdə olsaydıq bu gün dirənəcəkdik. Amma bu günkü vəziyyətimiz dirəniş vəziyyəti deyil. Dilimiz məlum, yazdığım vəziyyətdədir. Toplumumuzda ayaq açıb yeriyən lümpenizm hər bir eşiyə çıxdığında zaman uzandıqca o qədər də çox yaxandan yapışır. (Bu lümpenizm bir təmsil olunmuş addır. Bazarda başına keçən börkün adı. Avtomobil sürdüyündə canına qəsd edən sürücünün heyvərəcə sürücülüyü. İdarələrdə əzilən hörmətin. Qız mədrəsələrinin önündə bağırıb motosikletlərini oynadıb xalqın əsəbi canı ilə oynayan gənclərin əziyyətidir. Və başa gəlməyən belə bir siyahı.). Çevrə günü-gündən betərləşir. Bütün mədənlər bir neçə şəxslərin əlindədir. Dövlət toplumun var yoxunu xüsusiləşdirməyə çalışır. Əlbəttə xüsusi və güç xaricində xüsusi informasiya vasitələri hələ yasaqdır. Yəni səsini ucaltmaq yasaqdır. Biz də bu yasağa baş əymişik. Dəqiq yazsam yasağı öyrənirik. Yasağın bir parçası oluruq. Onun üçün də Qəzza bizə maraqlı olmaz. Bizə yox, dünyada bir çox adama az doymuş olsa qarnı doymuşa, Qəzza bir qaxınc bir utanc nişanəsi də ola bilər. Biz artıq dirənmirik. Bizlər ən çalışqan olduğumuzda mövcud nəzmin bir parçası olmağa çalışırıq. Payımızı almağa çalışırıq. Toplumumuzu unudub düzəltməyini hələ yarada bilmədiyimiz güc və siyasətə tapşırırıq.
Doğrusu Qəzza məni utandırır. Bir ildir utanclarımın biri də çoxalıb.