Təsdiq yoxsa seçim: İnsanlar seçkilərdə nəyə əsasən səs verirlər?

Google+ Pinterest LinkedIn Tumblr +

Nəzəri çərçivə

Seçkilər, bir ölkənin siyasi həyatında mühüm və maraqlı hadisələrdir. Demokratik olmayan hökumətlər belə, rejimlərini legitimləşdirmək və güclərini möhkəmləndirmək üçün seçkilərdən istifadə edirlər. Məsələn, Sovet İttifaqının 1936-cı il konstitusiyası bütün xalq nümayəndələrinin birbaşa səsvermə yolu ilə seçiləcəyini təmin edirdi, lakin namizədlər adətən Kommunist Partiyası tərəfindən idarə olunurdu. Eyni şəkildə, İranda namizədlər əvvəlcə dövlət ideologiyasına yaxınlıqları nəzərə alınaraq Konstitusiyanı Mühafizə Şurası tərəfindən seçildikdən sonra qalan namizədlər birbaşa səsverməyə buraxılır. Bu isə həqiqi demokratik proseslərlə uyğun gəlmir. Seçki demokratiyanı müəyyən edən amillərdən biridir; lakin demokratik olmayan rejimlərdə keçirilən seçkilərin həqiqətən demokratik olub-olmadığı mübahisəlidir. Demokratiya üçün seçkilər əhəmiyyətlidir, lakin demokratiyanın digər elementləri də mövcuddur, məsələn, ifadə azadlığı, təşkilatlanma hüququ və informasiyaya çıxış kimi vətəndaşlıq hüquqları. Seçkilər demokratiyanın əsas elementi olmasına baxmayaraq, tək başına kifayət deyil. Harvard universitetində Prof. Dennis F. Thompson seçkilərlə demokratiya arasındakı əlaqəni belə izah etmişdir: “Demokratiyasız seçkilər mümkündür, lakin seçkisiz demokratiya ayaqda qala bilməz”. Robert Dahl kimi demokratiya nəzəriyyəçiləri isə seçkilərin siyasi hüquqların inkişafında mühüm rol oynadığını müdafiə etmişdir.

“Səsvermə aktı təsdiqləmədir, yoxsa seçim?” sualı, səsvermə davranışı ilə bağlı ən vacib sualdır. Bu sual nəzərə alındıqda, müxtəlif səsvermə modelləri arasında əsas bir ziddiyyət mövcuddur. Partiya kimliyi modelinə görə, səsvermə bir ifadə aktıdır və partiyaya dərin bağlılığı nümayiş etdirməyin bir yoludur. Rasional seçki modelinə görə isə seçici öz maraqları, dəyərləri və prioritetləri əsasında ən uyğun partiyaya səs verir. Sosioloji yanaşma isə fərdi seçicini kənarda qoyur və cəmiyyət quruluşu üzərindən yola çıxır. Bu modellərin praktiki tətbiqləri, səsvermə davranışına təsir edən amilləri müəyyənləşdirir və izah edir, lakin bu amilləri müəyyən etmək üçün müxtəlif yanaşmalardan istifadə edir. Son araşdırmalarda isə bu üç modeldən əlavə Strateji seçim modeli də mövcuddur. Bu modelə görə isə seçici, seçkilərin nəticələrini də nəzərə alaraq strateji seçim edir. Strateji yanaşmanın nəticəsində A partiyasına aid olan seçici, B partiyasının xeyrinə səs verə bilər. Növbəti hissədə bu 4 model daha ətraflı şəkildə müzakirə olunacaq.

  1. Psixoloji və ya partiya kimliyi modeli

Partiya kimliyi və ya psixoloji model seçicilərin emosional bağ qurduğu və mənsubiyyət hiss etdiyi partiyanın xeyrinə səs verəcəyini proqnozlaşdırır. Bu bağlılıq hissi fərqli yollarla insana aşılana bilər, lakin ailə bu baxımdan böyük əhəmiyyətə malikdir. Dini mənsubiyyət bağında olduğu kimi, ailə vasitəsilə bir partiyaya və ya siyasi təmayülə bağlılıq uşaq yaşlarından etibarən ailə tərəfindən insana təlqin edilir. Gələcək illərdə seçicinin səsvermə prosesində etdiyi seçim, bir fədakarlıq və ya sadiqlik testi kimi qiymətləndirilir.

Seçkilər siyasi həyatın ən önəmli və maraqlı hadisələrindən biridir. Bəzi insanlar üçün partiya kimliyi seçim etmək üçün hər zaman kifayət edir, lakin bəzən mövcud vəziyyət seçicilərin öz partiyalarından uzaqlaşmasına səbəb ola bilir. Məsələn, A partiyasının tərəfdarı olan bir seçici B partiyasının namizədinə səs verə bilər. Lakin, adətən bu cür keçidlər qısamüddətli olur və seçici növbəti seçkilərdə yenidən öz partiyasına qayıdır.

  1. Rasional və ya iqtisadi model

Partiya kimliyi modelindən fərqli olaraq rasional səsvermə siyasi maraq məsələsidir. Seçici öz siyasi maraqları istiqamətində hərəkət edir, soyuqqanlı davranır və rasional seçim edir. Bu model “iqtisadi model” olaraq da tanınır və xüsusilə oxşar ideologiyaya və ya siyasi yanaşmaya malik bir neçə partiyanın olduğu hallarda özünü göstərir. Buna görə də, bu modelə əsasən, seçicinin qərar verməsində siyasi və iqtisadi faktorlar həlledici rol oynayır.

Bu model ilk dəfə Anthony Downs tərəfindən 1957-ci ildə yazılmış “An Economic Theory of Democracy” adlı kitabda geniş şəkildə müzakirə edilmişdir. İqtisadi məntiqin sosialogiyaya daşındığı bu əsərdə, seçki mühiti bir bazara bənzədilmişdir. Siyasi partiyalar təklif yaradırkən, seçicilər tələb yaradırlar. Seçici bu bazarda ən yaxşı məhsulu əldə etmək üçün lazımi biliyə sahib olmalı və kifayət qədər araşdırma aparmalıdır.

Bu modeldə seçki seçici üçün bir vasitə olaraq qəbul edilir. Siyasi hədəflər ailə və ya dost təsirlərindən uzaqdır və ciddi şəkildə bilgi toplamağı tələb edir. Buna görə də rasional model fərd mərkəzlidir və kütləvi mexanizmlər daxilində təhlil edilmir. Seçki dövründəki məlumat bolluğunu nəzərə alaraq, fərdin bu prosesdə yanlış məlumatlara və ya boş vədlərə aldanma ehtimalı yüksəkdir.

  1. Sosioloji Model

Sosioloji model “necə?” sualına deyil, “nə üçün?” sualına fokuslanır. Bu modelə görə seçki prosesinin vahidləri fərdlər deyil, sosial qruplardır. Buna görə də seçimləri müəyyən edən qrup maraqlarıdır və cinsiyyət, etnik mənsubiyyət, məzhəb kimi sosial qruplar əhəmiyyət daşıyır. Kolumbiya məktəbinə aid edilən bu modeldə mədəniyyətin roluna xüsusi diqqət yetirilir.

Lazarsfeld və digərlərinin apardığı araşdırmalar Kolumbiya Məktəbinin təməlini qoymuşdur. Onlar 1944-cü ildə yayımlanan “The People’s Choice: How the Voter Makes Up His Mind in a Presidential Campaign” adlı tədqiqatlarında Amerika seçiciləri üzərində ilk sistematik sorğuları həyata keçirmişlər. Bu araşdırmalar seçici davranışına təsirləri araşdırarkən medianın və təbliğatın gözlənildiyindən daha az təsirli olduğunu göstərmişdir. Bundan əlavə, insanların ünsiyyət qurma meyllərinin din və sosial sinif kimi faktorlara bağlı olduğunu və adətən fikir ayrılığı yaradacaq şəxslərdən uzaq durduqlarını aşkar etmişdir.

Mo və digər tədqiqatçılar (1991), Cənubi Koreyada şəhər-kənd bölgüsünün təsirini araşdırmış və Qərbdə olduğu kimi, bu fərqin Cənubi Koreyada da təsirli olduğunu müəyyən ediblər. Kənd yerlərində səsvermə faizi xarici təsirlər vasitəsilə artırıla bildiyi halda, şəhər ərazilərindəki yüksək təhsil və siyasi şüur səviyyəsi, siyasi iştirak və səsvermə faizinin daha yüksək olmasına səbəb olur.

Lipset (1963) cinsiyyətin səsvermə nisbətlərinə təsirini araşdırmış və qadınların aşağı səsvermə nisbətlərinin və mühafizəkar meyllərinin, həyat yoldaşlarının təzyiqi səbəbindən olduğunu irəli sürmüşdür. Sosial mühitin səsvermə davranışları üzərində təsirli bir rol oynadığını iddia etmişdir. Lipset və Rokkan (1967) isə sosial qrupların yalnız seçkiləri deyil, eyni zamanda partiya strukturlarına da təsir etdiyini göstərmişdir. Bu da siyasi partiyaların cəmiyyətin bölünmələrindən doğan ehtiyacları qarşılamaq üçün ortaya çıxdığını sübut edir.

  1. Strateji Model

Strateji model iqtisadi modelin bir növüdür, lakin seçimi sadəcə fərdi seçimlərin bəyanı kimi deyil, həm də şəxsin istədiyi nəticəyə nail olmasını təmin edən bir vasitə kimi görür. Ənənəvi modellərdən fərqli olaraq bu modeldə fərdin gözlənilən partiyaya səs verməməsi mümkündür. Səs verərkən strateji düşünən seçicilər digər seçicilərin seçimlərini proqnozlaşdıra bilməli və ya ehtimallar nəzərə almalıdırlar. Buna görə də, seçkidən əvvəl aparılan sorğular bu seçicilərin qərar qəbul etmə prosesinə təsir edə bilər.

Strateji səsvermə davranışını təhlil edərkən bəzi fərdi və struktur xüsusiyyətlərin təsirli olduğu düşünülür. Fərdi olaraq ənənəvi nəzəriyyələrə görə A partiyasına mənsub seçici, partiyasının xeyrinə səs verəcəkdir. Strateji modelə görə isə yalnız səmimi seçicilər yalnız öz partiyalarına səs verirlər. Strateji seçici isə özünü A partiyasına yaxın hiss etsə belə, B partiyasına səs verə bilər. Dərin təhlil qabiliyyəti tələb edildiyi üçün səmimi seçici ilə strateji seçici arasında təhsil səviyyəsi baxımından fərqlər ola bilər. Eyni şəkildə bəzi struktur xüsusiyyətlərin də bu məsələdə təsirli olacağı deyilir.

Demokratiya keçmişi struktur amillərdən biridir, lakin təsirinin nə istiqamətdə olduğu barədə ümumi razılıq yoxdur. Bəzi tədqiqatlar yeni yaranmış demokratiyalarda strateji səsvermə davranışının daha çox rast gəlinə biləcəyini irəli sürərkən, digərləri əksinə, yeni qurulmuş demokratiyalarda seçicinin gələcəklə bağlı proqnoz verə bilmədiyini və buna görə daha çox səmimi davranışın mövcud olduğunu iddia edir. Eyni şəkildə nümayəndə sayı, seçki baryeri və bəzi seçki sistemi xüsusiyyətləri strateji səs vermə seçimlərini təsirləndirə bilər.

Paylaş.

Müəllif haqqında

Zakarya Safayi

Şərhlər bağlıdır.