İran islam respublikasının prezidenti Məsud Pezeşkiana ünvanlanan bəyannaməni Təbriz universitetlərindən 196 akademik imzalayıb. Bəyannamədə İran parlamentində (Məclisdə) rədd edilən layihənin onsuz da kifayət qədər məhdud olduğu qeyd edilərək, bu qərarın ana dili təhsili ilə bağlı gözləntilərə zidd olduğu vurğulanıb.
İmzalanan bəyannamədə prezident seçkilərində onların Pezeşkiana dəstək vermələrində, onun ana dilinin tədrisinə dair vədlərinin də nəzərə alındığı deyilib. Lakin parlamentdə hökumət nümayəndəsinin belə etiraz etdiyi bu məhdud layihənin (cəmi iki kreditlik seçmə dərs) belə qəbul olunmaması təəssüf doğurur. Akademiklər bu qərarın təhsil ədalətinə zidd olduğunu bildirərək, İranın çoxmədəniyyətli və çoxdilli bir ölkə kimi bu sahədə nümunəvi addımlar atmalı olduğunu vurğulayıblar.
Bəyannamədə qonşu ölkələrdə, o cümlədən İraq və Əfqanıstanda türkcə təhsilə icazə verildiyi xatırladılaraq, İranın qeyri-fars etnik qrupların dil hüquqlarına qarşı sərgilədiyi mövqenin anlaşılmaz olduğu qeyd edilib. Akademiklər İran Konstitusiyasının 15-ci və 19-cu maddələrinin icrasını tələb edərək, hökuməti təcili tədbirlər görməyə və ana dilinin bağçadan universitetə qədər tədrisini təmin edəcək ədalətli bir qanun layihəsi hazırlayıb parlamentə təqdim etməyə çağırıblar.
Bəyanatın sonunda vurğulanır ki, ölkə əhalisinin böyük bir hissəsi qeyri-fars ana dilinə malikdir və bəzi dar düşüncəli dairələrin fikirlərinin əksinə olaraq, yerli və etnik dillərin tədrisi İran xalqı arasında birlik və həmrəyliyi artıracaq, ölkənin təhlükəsizlik baxımından güclənməsinə də töhfə verəcək.
Müraciətin mətni:
Cənab Doktor Pezeşkian,
İran İslam Respublikasının hörmətli prezidenti,
Salam və hörmətlə,
Bildiyniz kimi, 1403-cü il İsfənd ayının 8-də İran İslam Respublikası Məclisi, Təhsil Komissiyasının yerli və etnik dillərin məktəblərdə tədrisi ilə bağlı təklifini rədd etmiş, hətta hökumətin rəsmi nümayəndəsi də bu təklifə qarşı çıxmışdır.
Biz, Təbriz üniversitetlərinin bir qrup elmi heyət üzvləri olaraq, prezident seçkilərində sizin proqramlarınızı, xüsusilə də ana dilinin tədrisi ilə bağlı vədlərinizi nəzərə alaraq sizə dəstək verdik. Təəssüflər olsun ki görülən addımlar bu vədlərlə ziddiyyət təşkil edir. Bu layihə (cəmi 2 kredit seçmə dərs) tərəfdarlarınızın qanuni tələblərindən də az idi və təhsil ədalətini təmin etmirdi. Buna baxmayaraq, onun məclisdə xalqın nümayəndələri tərəfindən rədd edilməsi təəccüb və təəssüf doğurur. Qonşu ölkələrdə çoxdilliliyin hər gün daha çox rəsmilik qazandığı bu zamanda, o cümlədən İraq və Əfqanıstanda türk dilinin tədrisinə icazə verilməsinə şahid olduğumuz halda, həmçinin İranın bu baxımdan (neçə dillilik baxımından) tarixi mədəniyyət və sivilizasiyaya malik olduğunu nəzərə alaraq, qeyri-fars etnik və yerli dillərin tədrisinə qarşı çıxması anlaşılan deyil. Ölkənin bölgədəki mövqeyi və İranda qeyri-farsdilli əhalinin nisbi çoxluq təşkil etdiyi nəzərə alınarsa, ölkəmizin bu sahədə qabaqcıl və nümunəvi addımlar atması gözlənilir. Bu səbəbdən biz sizdən icraedici qüvvənin başçısı və İran islam Respublikasının Konstitusiyasının, xüsusilə də onun 15-ci və 19-cu maddələrinin, qoruyucusu və icraçısı kimi, həm Qurani-Kərimdə buyurulduğu kimi (Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq və sizi müxtəlif millət və qəbilələrə böldük ki, bir-birinizi tanıyıb anlayasınız. Şübhəsiz ki, Allah dərgahında ən hörmətli olanınız ən təqvalı olanınızdır. Həqiqətən, Allah hər şeyi biləndir və hər şeydən xəbərdardır), həm də İran İslam Respublikasının imzaladığı insan haqları bəyannaməsinə uyğun olaraq, bütün vətəndaşların hüquqlarını təmin edəcək, təhsil sahəsində ədaləti həyata keçirəcək və ana dilinin bağçadan universitetə qədər tədrisini təmin edəcək ədalətli bir qanun layihəsinin təhiyyəsi və məclisə təqdim edilməsi üçün təcili tədbir görmənizi tələb edirik. Biz əminik ki, bu addım xalqın əksəriyyətinin razılığına səbəb olacaq. Çünki ölkə əhalisinin böyük bir hissəsi qeyri-fars ana dilinə malikdir və bəzi dar düşüncəli və düşmən qüvvələrin əksinə olaraq, yerli və etnik dillərin tədrisi İran xalqı arasında birlik, həmrəylik və vəhdəti artıracaq, ölkənin təhlükəsizlik təhdidlərini isə fürsətə çevirəcəkdir.