Azərbaycan və İran arasında gərginliyin səbəbləri

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan və İran arasında mövcud olan cari gərginliyin başlanğıcı Azərbaycanın Gorus-Qafan yolu üzərində postlar qurub, İran yük avtomobillərinin dayandırmasına və bəzi İranlı sürücülərin Azərbaycan Respublikasının sərhədlərini icazəsiz keçməklərinə görə həbs etməsinə gedib çıxır. Həmin yük maşınları yalnız Ermənistana deyil, həm də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Qarabağ ərazisinə müxtəlif növ yüklərin, eləcə də yanacağın daşınması haqqında məlumatlar təsdiqini tapıb. İlk növbədə bu haqqda Azərbaycan Prezidenti İlham Əliyevin “biz Xankəndiyə gedən yük maşınlarını görürük, onların bəziləri qeydiyyat nömrələrini dəyişir, lakin biz bunların hamısını görürük” sözləri xəbər verirdi. Daha sonra İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə iki dəfə görüşdü, XİN müavini daxil olmaqla İrandan geniş tərkibli diplomatik nümayəndə heyəti Azərbaycana gəldi və yük maşınlarının özəl şirkətlərə məxsus olduğunu, İran hökumətinin onlardan xəbəri olmadığı haqqında bəyanatlar səsləndirildi.

Hər şey sanki düzəlirdi, lakin daha sonra İran öz şimal-qərb sərhədlərində (Azərbaycanın azad edilmiş cənub sərhədləri, Zəngəzur regionu və Naxçıvanla sərhəddə) həcminə görə presendenti olmayan hərbi təlimlər keçirməyə qərar verdi. Bundan sonra Prezident İlham Əliyev Türkiyənin “Anadolu Agentliyinə” verdiyi müsahibəsində bu hərbi təlimlərin həmin regionda niyə işğal dövründə keçirilmədiyini sual etdi və bunun indi baş verməsinin Azərbaycanda təəccüb hissini doğurduğunu bəyan etdi. Bu bəyanatın ardınca İrandan daha sərt bəyanatlar gəldi, əsas arqumentlər isə İranın sərhəd dəyişikliklərinə heç vaxt yol verməyəcəyi və öz sərhədlərində “Sionist elementlərin mövcudluğuna” dözüm göstərməyəcəyi ilə bağlı idi. Yaxşı, bəs İranın bu cür sərt mövqe sərgiləməsinin səbəbləri nələrdir?

Səbəblər əsasən İkinci Qarabağ Müharibəsinin (44 Günlük Müharibə, Vətən Müharibəsi) nəticələri ilə bağlıdır. Birinci növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan İran üçün özündə bir çox ciddi təhdidlər ehtiva edir. Bu təhdidlərdən ən başlıcası İranda yaşayan, sayı 30-35 milyon olan Azərbaycan Türkləridir. Azərbaycanın Vətən Müharibəsindəki əminli qələbəsi bu dövlətin əslində qüdrətli orduya və beynəlxalq aləmdə güclü müttəfiqlərə malik olmasından xəbər verirdi. Halubki, müharibədən əvvəl, İranda Azərbaycanın Qarabağı azad edə bilməyəcəyi və zəif dövlət olması ilə bağlı narrativlər tirajlanırdı. Bu, cənub Azərbaycanlılarının şimaldakı Azərbaycan dövlətinə olan ümidlərini azaldır, onların da müstəqil dövlət ola bilmə ehtimalın çox az olduğuna işarə vururdu. Lakin müharibə bu təsəvvürləri dağıtdı və irredentist/separatist sentimentlərin böyüməsinə səbəb oldu. Döyüşlər zamanı cənubdakı Azərbaycanlıların sərhədə gəlib Azərbaycan əsgərlərinə mənəvi dəstək əksən etdirən şüarlar səsləndirməsi Cənubi Azərbaycanda milli oyanış və fərqindəliyin oyanmasının göstəricisi idi. Etnik oyanış isə İslam rejiminin daxili siyasiti ilə ziddiyət təşkil edir. Hərçənd, Azərbaycan Respublikası dəflərlə ərazi bütövlüyü prinsipinə bağlılığını bildirsə də, digər dövlətlər üçün (Türkiyə, İsrail, ABŞ) Cənubi Azərbaycan faktoru diqqətdən yayınmadı (Məsələn, Prezident Ərdoğanın Qələbə paradında səsləndirdiyi şeir). İrandakı Azərbaycanlıların bu ölkənin hökumətinin Ermənistana Rusiya silahlarını keçirmələrinə və digər yardımlarına qarşılıq olaraq aksiyalar keçirməsi və nəticədə Tehranın yardımları dayandırması rejimin etnik zəmində ola biləcək qarşıdurmadan çəkindiyini sübüt etdi. Yəni el dili ilə desək, İranın yumşaq qarnını və ona qarşı təzyiqin yalnız Azərbaycan (Şimal və Cənub) vasitəsi ilə tətbiq edilə biləcəyini hər kəs gördü. Normal haldır ki, bu Tehranı narahat edir, çünki siyasi rejimə qarşı milli/etnik hərəkat İran höküməti üçün ən arzuolunmaz ssenaridir. Bunlara görə, İran Azərbaycana qarşı daha sərt mövqedən çıxış etməyə başlayıb. Məqsəd isə Qarabağ və Ermənistan kartının əldən çıxmaması, Azərbaycanı isə uğusuz dövlət (failed state) kimi göstərmək istəyidir.

Səbəblərdən bir digəri isə müharibə nəticəsində imzalanmış 10 Noyabr bəyənnaməsinin Azərbaycanın Şərqi Zəngəzur və Naxçıvan bölgələrinin birləşdirməyi nəzərdə tutan və Ermənistan ərazisindən keçəcək transport kommunikasiyasının açılmasıdır. Əgər həyata keçirilərsə, bu layihə vasitəsi ilə Azərbaycan və Türkiyə üçün birbaşa quru yol açılır. Bu təşəbbüsün adı Zəngəzur korridorudur. Aydındır ki, Zəngəzur korridoru İranın geosiyasi maraqlarına cavab vermir. İran dövlət qurumlarına yaxın olan “Təsnim” media agentliyinin Zəngəzur korridorunun riskləri barəsində olan videomaterialında layihənin əsas iki riksindən bəhs edilib. Birincisi, Zəngəzur korridoru Türkiyə və Azərbaycanı Orta Asiyadakı digər Türki Cumhuriyyətlərə daha çox bağlayacaq və Türkçülük ideyasının gücləndirəcək. İkincisi, gələcəkdə bu korridor vasitəsi ilə Orta Asiyadan enerji layihələri və ya enerji resursları daşınması həyata keçirilərsə, İRİ-nin Avropa üçün alternativ enerji mənbəyi kimi əhəmiyyəti ciddi şəkildə azaldacaq. Videomaterialda qeyd edilməsə də, Zəngəzur korridoru həm də Azərbaycanın Naxçıvanla əlaqə üçün İran ərazisindən asıllığını tamamı ilə aradan qaldıracaq, hansı ki İran üçün Azərbaycana qarşı təzyiq vasitələrindən biridir. Bunda əlavə, İranın bir hipopetik qorxusu da var ki, əgər korridor layihəsi həyata keçirilərsə, İranın Ermənistan və Gürcüstan vasitəsi ilə Avropaya çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşacaq. Hərçənd, layihə hələ ki, kağız üstündə qalır və həyata keçirilərsə, İranın yolunun tamami ilə bağlanacağı inandırıcı deyil.

Üçüncü məsələ isə Vətən Müharibəsindən sonra Azərbaycanın üçüncü dövlətlərlə güclənən əməkdaşlığıdır. Birinci növbədə, İranı narahat edən məqam NATO üzvü və Türkçülük ideyasının öndəri olan Türkiyənin bu regionda möhkəmlənməsi və öz mövcudluğunu digər regional aktorlar, o cümlədən Rusiyaya qəbul etdirməsidir. İkinci məqam isə müharibə dövründə, verdiyi dəstəyə görə İsrail Dövlətinin Azərbaycanda və hətta İrandakı Azərbaycanlılar arasında imicinin güclənməsidir. Azərbaycan-Pakistan əlaqələri də İranı narahat edən məqamdır, lakin Türkiyə və İsrail faktorları daha öncül sayılır. Bundan əlavə, İran çoxdandırki Azərbaycanın İsraili İRİ-yə hücum etmək üçün ərazi və digər imkanlarla təmin etdiyini iddia edir. Cari böhranda da eyni ittiham irəli sürülür, yenə “şimalda sionist ünsürlər,” “Azərbaycanla sərhəddə üçüncü qüvvələr” və sair bənzər bəyanatlar müxtəlif müstəvilərdə İran rəsmiləri tərəfindən səsləndirilir. Azərbaycan tərəfinin rəsmi şəkildə bu ittihamları təkzib etməsibə isə rəsmi Tehran hələki inanmır və ya inanmaq istəmir.

Ümumiyyətlə, son gərginliklər bir daha onu göstərir ki, geniş mənada Azərbaycan faktoru İranın siyasi dairələrində təhdid kimi qəbul edilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ABŞ, İsrail və Səudiyyə Ərəbistanı kimi yalnız xarici (hərbi) təhdid deyil, İranı daxildən (siyasi-sosial qeyri-stabillik) sirkələyə biləcək yeganə potensial təhdiddir. Bunun əsasında iddia etmək olar ki, Azərbaycanı gücləndirəcək hər hansı bir addım İran tərəfindən təhlükə olaraq qiymətləndirilir. İranın Ali Dini Rəhbəri Əli Xameneyinin bu məsələyə birbaşa qapalı da olsa mövqe bildirməsi onu gösətirir ki, İran siyasi elitasının daxilində bu məsələ ilə müxaliflik etmək mümkün deyil. Lakin İranın mühirabə başlatmaq ehtimal çox zəifdir, çünki belə bir müharibə Tehran üçün çox zərərli bitə bilər. İran Azərbaycandakı dini yumşaq gücünü istifadə edərək ictimai dəstək almaq istəməsi daha çox gözləniləndir. Bu səbələ Azərbaycan tərəfi özünü bacardıqca təmkinli aparır, lakin İrandan radikal addım gələrsə, Azərbaycan və Türkiyə üçün cavab vermək zərurəti yaranacaqdır.

Paylaş.

Müəllif haqqında

Anar imanzade

Anar İmanzadə Azərbaycan Respublikasında anadan olub. Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. Hal-hazırda Boğaziçi Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr dissertasiyası üzərində çalışır.

Şərhlər bağlıdır.