“Avayi Təbid” (Sürgün səsi) adlı rüblük jurnalın yeni sayı işıq üzü görüb. Hər sayıda xüsusi bir mövzudan bəhs edən bu jurnal 23-cü sayını türk ədəbiyyatı və kültürü mövzusuna həsr edib və iki dildə nəşr olunub. Bu sayın ərsəyə gəlməyində bir çox azərbaycanlı yazıçı da iştirak edib.
Jurnalın bu sayı 6 fərqli hissədən ibarətdir. Bunlar müsahibələr və məqalələr, şeir, vizual incəsənət, hekayə, səfərnamə və kitablar və onların tənqidi haqqında olan hissələrdir. Jurnala yazı təqdim edənlərin arasında Rza Bərahəni, Rüqəyyə Kəbiri, Məmməd Sübhdel, Həsən Riyazi, Əliriza Əsgərzadə, Əliriza Ərdəbil, Eyvaz Taha, İbrahim Savalan, Qasım Türkan və digərlərinin adına da rast gəlmək olar.
Jurnalın bu sayının elektron formatını jurnalın öz saytından yükləmək mümkündür. Bununla yanaşı jurnalı Amazon saytından (bu ünvanda: Avaye Tabid: Das Magazin für Kultur und Literatur) və Göte-Hafiz nəşriyyatından əldə etmək mümkündür.
“Avayi Təbid” jurnalının sayları sürgün ədəbiyyatı və kültürünə həsr edilir. Jurnalın məsulları deyirlər ki: “Yalnız vətəndən uzaq düşmüş insana sürgün edilmiş deyilmir, sürgün edilmiş şəxs öz dili, ədəbiyyatı və kültüründən də uzaqlaşdırıla bilər. Şeirini, nağılını, hünərini, düşüncəsini öz ölkəsində nəşr edə bilməyən hər kəs sürgün edilib.” Bu jurnal hər kəsin başa düşdüyü sürgün edilmişlərə yox, məhz öz açıqlamalarına uyğun sürgün edilmişlərə, şeirini, əsərlərini, fikirlərini öz ölkəsində nəşr etdirə bilməyən sürgün edilmişlərə həsr edilib.
Jurnalın cavabdeh redaktoru olan Əsəd Seyf yeni sayın redaktorluğunu Şiva Fərəhməndə verib.