Təbriz karikatura muzeyində Molla Nəsrəddin

Google+ Pinterest LinkedIn Tumblr +

Təbriz Karikatura Muzeyi Azərbaycanın hər iki tayının karikatura tarixindən bəhs edən xüsusi bir muzeydir. Güney və quzey Azərbaycanın karikatura tarixini iki hissəyə bölmək mümkün deyil. Çünki hər iki tayda karikaturanın əsası “Molla Nəsrəddin” jurnalının nəşri ilə qoyulub.

100 il əvvəl, 1921-ci ildə “Molla Nəsrəddin” jurnalının baş redaktoru Cəlil Məmmədquluzadə jurnalı çap etdirmək üçün ailəsi ilə birlikdə 3 ay təhlükəli yollardan keçərək Təbrizə gəlib. Təbriz mollalarının ona qarşı ölüm fətvası verməklərinə baxmayaraq o, Güney Azərbaycanın ən böyük şəhəri olan Təbrizə köçür və jurnalını yenidən nəşr etdirməyə başlayır.

Ümumdünya Karikatura və Karikaturaçu Rəssamlar Gününün posteri

Ümumdünya Karikatura və Karikaturaçu Rəssamlar Gününün posteri

Cəlil Məmmədquluzadənin tarixi misiyasını və “Molla Nəsrəddin” jurnalının əhəmiyyətini qiymətləndirmək üçün Təbriz karikaturaçısının təklifi ilə aprelin 7-i Beynəlxalq Karikatura və Karikaturaçu Rəssamlar Günü adlandırılıb və bəzi ölkələrdə hər il qeyd olunur.

“Molla Nəsrəddin” jurnalı 1906-cı ildə Cəlil Məhəmmədquluzadə tərəfindən təsis edilib. Bu jurnal karikaturalardan, reportajlar və zarafatlardan ibarət satirik həftəlik jurnal idi.

“Molla Nəsrəddin” jurnalından karikatura - Ruslar hərbi təlimlər keçirlər, İranda isə bir molla insanlara xurafat öyrədir.

“Molla Nəsrəddin” jurnalından karikatura – Ruslar hərbi təlimlər keçirlər, İranda isə bir molla insanlara xurafat öyrədir.

Dünyanın ikinci böyük karikatura muzeyi

Qulaq as, oğul, get Molla Nəsrəddindən bir nüsxə al, amma heç kimə demə.

Qulaq as, oğul, get Molla Nəsrəddindən bir nüsxə al, amma heç kimə demə.

Tarixən Təbriz İpək yolunun üzərində yerləşən əsas şəhərlərdən biri olub. Təbriz, Bakı və Tiflis kimi digər şəhərlər qərbdən şərqə bir qapı rolu oynayıblar. Təbrizin Cənubi Qafqaza, Osmanlı İmperiyasına, ticarət yollarına yaxın olması və eləcə də Təbriz əhalisinin, Osmanlı İmperiyasındakı türklər və Cənubi Qafqazdakı Azərbaycan türkləri ilə ortaq dilə sahib olması İrandakı şəhərlər arasında ilk olaraq burada məktəbin, qəzetin, məktəbəqədər uşaq bağçasının, teatr və karikaturanın əsasının qoyulmasına səbəb olub.

2007-ci ildə Təbriz İncəsənət Evində yaradılmış Təbriz Karikatura Muzeyi dünyanın beş karikatura muzeyindən biridir. İranın yeganə karikatura muzeyi olan bu muzey həm də dünyanın ikinci böyük karikatura muzeyidir. Muzey Azərbaycan, Belçika, Fransa, İtaliya, Suriya, Türkiyə kimi ölkələrin nümayəndələrinin iştirak etdiyi dünya karikatura muzeyləri rəhbərlərinin ikinci toplantısına ev sahibliyi edib.

Təbriz Karikatura Muzeyi

Təbriz Karikatura Muzeyi

Burada dünyanın müxtəlif yerlərindən olan Latovski, Kozoborkin, Kuraoğlu, Kosobukin, Kolmeşkino kimi dünyanın məşhur karikaturaçılarının 60-dan çox əsərin nümayiş olunduğu iki qalereya var.

Təbriz Karikatura Muzeyi

Təbriz Karikatura Muzeyi

Muzey bir çox milli və beynəlxalq festivallara ev sahibliyi edib. Burada təxminən yüz ölkədən iki min orijinal sənət əsəri arxivləşdirilib.

Molla Nəsrəddinin Təbrizdə davamı

Təbrizin “Molla Nəsrəddin” jurnalı ilə əlaqəsi uzaq 1921-ci ildə olsa da, jurnalın 1906-cı il aprelin 7-də Tiflisdə ilk nəşr olunduğu gün Dünya Karikatura Federasiyasının İrandakı nümayəndəsi Rəhim Bağal Əsgərinin təklifi ilə Ümumdünya Karikatura Günü adlandırıldı.

Təbriz Karikatura Muzeyinin binası

Təbriz Karikatura Muzeyinin binası

Bəzi ölkələr 7 apreli Beynəlxalq Karikatura Günü kimi qeyd edirlər. Məşhur güneyli karikaturaçı Bağal Əsgər hesab edir ki, dünya ölkələrinin aprelin 7-ni Beynəlxalq Karikatura və Karikaturaçı Rəssamlar Günü kimi qəbul etməkləri bir neçə il çəkəcək.

Molla Nəsrəddin Təbrizdə

Cəlil Məhəmmədquluzadə 1921-ci ildə  Bakıdakı siyasi-ictimai vəziyyətə görə “Molla Nəsrəddin” jurnalını Bakıda çap etdirə bilmədiyi üçün Təbriz şəhərinə köçür.

Təbrizdə “Molla Nəsrəddin” jurnalının beşinci sayının üz qabığı

Təbrizdə “Molla Nəsrəddin” jurnalının beşinci sayının üz qabığı

Qeyd edək ki, 1920-ci ildə Güney Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hakimiyyətə gəlmişdir. Xiyabani İranda konstitusiya tərəfdarı olan azərbaycanlı lider idi və ölkədə ifrat mərkəzçiliyə qarşı çıxırdı. Cəlil Məhəmmədquluzadə ilə Xiyabani arasında yüksək münasibət var idi, çünki “Molla Nəsrəddin” jurnalında azadlıq hərəkatına diqqət ayrılır və hərəkatın bəyannamələri də jurnalda çap edilirdi. Bundan başqa Cəlil Məmmədqulizadənin həyat yoldaşı Həmidə xanım xatirələrində yazır ki Cəlilin ailəsi də güneydən quzeyə işləmək üçün köçüblər.

Bir il ərzində “Molla Nəsrəddin” jurnalının səkkiz sayı Təbrizdə çap olunub. Bu saylarda jurnal Təbrizdəki azadlıq hərəkatına qoşulub onu dəstəkləyib.

“Molla Nəsrəddin” jurnalı Təbrizin bütün təbəqələrindən olan insanlarla əlaqə saxlamaq üçün sadə Azərbaycan türkcəsini seçdiyi üçün daha da məşhurlaşdı. Güneydə  savadlılıq səviyyəsinin aşağı olduğunu nəzərə alsaq, savadsız auditoriyanı da cəlb etmək üçün jurnalın karikaturalari daha da əhəmiyyətli idi.

“Molla Nəsrəddin” jurnalının nəşri üç şəhərdə – əvvəlcə Tiflis və Bakıda, sonra isə Təbrizdə – çap olunsa da daima Rusiya çarı, İran şahı Azərbaycandakı siyasi elita, Molla Nəsrəddinin tənqid hədəfi olub.

“Molla Nəsrəddin” jurnalının Təbrizdəki nəşri XX əsrdə müsəlman dünyasının ən mühüm və nüfuzlu nəşrlərindən biri olmaqla yanaşı, sənətdə, dində və siyasətdə də inqilabi idi.

“Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşr olunan ikinci sayında mühafizəkarlarla (mollalar) ziyalılar arasında olan qarşıdurma göstərilir.

“Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşr olunan ikinci sayında mühafizəkarlarla (mollalar) ziyalılar arasında olan qarşıdurma göstərilir.

Molla Nəsrəddin gender bərabərsizliyinə, dini xurafatlara və güney azərbaycanlıların mədəni assimilyasiyasına qarşı mübarizə aparırdı. Bu, riskli idi, çünki mollaların, səlahiyyətlilərin və elitaların sosial statusu və səlahiyyətləri var idi, ona görə də onları tənqid etmək baha başa gələ bilərdi.

Buna görə də Cəlil Məmmədquluzadənin həyatı təhlükədə idi. Cəlil Tiflisdə “Molla Nəsrəddin”i nəşr etdirəndə Təbriz və Bakı mollaları “Molla Nəsrəddin” jurnalındakı karikaturalara görə Cəlil Məhəmmədquluzadənin ölümünü tələb edən fətvalar verirdilər. Hətta bir dəfə Gürcüstanın paytaxtı Tiflisdə müsəlman bir şəxs Cəlili öldürmək üçün ona hücum etmişdir. Buna görə də “Molla Nəsrəddin” jurnalını Təbrizdə nəşr etdirmək də Cəlil üçün ölümcül nəticəyə səbəb ola bilərdi. Lakin o bundan çəkinməyərək öz işinə davam edirdi.

Mollaların və mühafizəkarların əksəriyyəti müasirliyin əleyhinə idilər. Onlar xalq təhsili sisteminə və hər hansı bir müasirlik əlamətinə qarşı idilər, eyni zamanda yeni müasir texnika və texnologiya haqqında da dezinformasiyalar yayırdılar.

Bu karikaturada Molla Nəsrəddin güney azərbaycanlılarının vəziyyətini göstərməyə çalışıb. Burada qaniçən məxluqu ayağından çıxartmağa çalışan “Azərbaycan” təsvir edilib.

Karikaturadakı qaniçən məxluq mərkəzi hökuməti və onun əlaltılarını təmsil edir. Azərbaycan Demokratik Hərəkatı Güney Azərbaycanda hakimiyyətə gələndə bölgə sosial və iqtisadi cəhətdən ağır vəziyyətdə idi. Azərbaycanlı fəallar mərkəzi hökuməti Güney Azərbaycanda pis idarəçilik və korrupsiyaya görə qınayırdılar.

Bu gün güney azərbaycanlılar İslam Cümhuriyyətində yaşasalar da, assimilyasiya siyasəti ilə üzləşsələr də, Təbrizdə və Azərbaycanın digər şəhərlərində karikatura sənəti inkişaf edir. Güney azərbaycanlı karikaturaçılar öz karikaturalarında İranın güney azərbaycanlılara qarşı siyasətini tənqid edirlər.

Təbrizdə nəşr edilmiş “Molla Nəsrəddin” jurnalının yeddinci sayının üz qabığı.

Təbrizdə nəşr edilmiş “Molla Nəsrəddin” jurnalının yeddinci sayının üz qabığı.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.