Güney Azərbaycan filmlərinə haradan baxmaq olar?

Google+ Pinterest LinkedIn Tumblr +

Quzey Azərbaycanda və xaricdə yaşayan azərbaycanlıların bir çoxunun soruşduğu sual “Güney Azərbaycan filmlərinə necə baxaq?” olur. Bəzən problem filmləri tapmaq olsa da əsas problem bəzən hələ satışda olan filmlərin alışı üçün ödənişin edilməsidir. Əgər siz də bu problemlərlə qarşılaşırsınızsa bu məlumatlar sizin üçündür.  Bu yazıda sizə Azərbaycanın güneyində çəkilmiş bir neçə film haqqında qısa məlumatla yanaşı, pulsuz izlənilməsi mümkün olan filmlərin və eləcə də hələ satışda olan filmləri izləmək üçün linkləri paylaşırıq.

Saray (1997)

Saray filminin Rejissor Yədulla Səmədidir(1952-2018). O, filmlərində Azərbaycan mədəniyyətinə, xüsusilə folklora diqqət yetirirdi. Bu cür filmlərin arasında “Dədə Qorqud” mifik türk dastanının epizodlarına əsaslanan qəhrəmanlıq filmi “Domrul”(1993), quldur hücumlarına qarşı müqavimət göstərən “Savalan”(1989) və “Saray”(1997) filmləri var. O dövrdə türkcə film çəkmək qadağan edildiyi üçün bu filmlərin hər biri farsca çəkiliblər. Sonradan “Saray” filmi Azərbaycan türkcəsinə dublaj oldu. Bu isə Güney Azərbaycanlı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Filmə aşağıdakı linkdən ödənişsiz baxa bilərsiniz.

Saray” filmini buradan izləyin

Vüsal günləri (1997-1998)

Həsən Məmmədov “Vüsal günləri” filminin baş rolunda.

Həsən Məmmədov “Vüsal günləri” filminin baş rolunda.

“Vüsal günləri” filmi Rza Siyaminin tammetrajlı filmidir. Bu film kinoteatrlarda ekrana çıxmasa da İranın bölgə televiziyalarında yayımlandı və birinci tammetrajlı Güney Azərbaycan kinosu kimi tarixə düşdü. “Vüsal günləri” filmi Azərbaycanın ikiyə ayrılmasının azərbaycanlı ailələrə təsirindən bəhs edir.

Vüsal günləri” filmini buradan izləyin

Ev (2016)

Rejissor Əsgər Yusifinejadın 2016-cı ildə çəkdiyi “Ev” adlı bədii filmi İran kino tənqidçilərinin də diqqətini çəkib. Təbrizdə Azərbaycan türkcəsində farsca altyazı ilə istehsal edilən film ənənəvi bir ailədən bəhs edir. Filmin qəhrəmanları ölən atalarını dəfn etmək istəyirlər, lakin öyrənirlər ki ataları öz cəsədini tibbi araşdırmalar üçün tədqiqat institutuna bağışlamağı vəsiyyət edib.

“Ev” filmi “NETPAC” (Asiya Kino İnkişafı üçün Şəbəkə) mükafatı ilə birlikdə İranın 35-ci Fəcr Film Festivalında ən yaxşı ssenari və ən yaxşı film üçün “Simorgh Zarrin” və “Simin” mükafatlarını qazanmışdır.  Filmin uğuru müstəqil Güney Azərbaycan kinosunda böyük səs-küyə səbəb oldu.

Ev” filmini buradan izləyins

Heyvan (2017)

Rejissorlar Bəhram və Bəhmən Ərk qardaşlarının “Heyvan” adlı 15 dəqiqəlik qısametrajlı filmdə bir adamın sərhəddi aşmaq üçün qoç dərisi geyinib qadağan edilmiş bölgənin sərhəddini aşmağa çalışması təsvir edilib. “Heyvan” filmi 2017-ci ildə nüfuzlu Kann Film Festivalında ikinci yer də daxil olmaqla, bir neçə mükafat qazanmışdır.

Heyvan” filmini buradan izləyin

Kömür (2018)

“Kömür” filminin ssenaristi və rejissoru İsmayıl Münsifdir.  Azərbaycanın sərhəd kəndlərinin birində kömürçülüklə məşğul olan Qeyrətin oğlu Yaşar həbsxanadan çıxaraq Azərbaycan Respublikasına qaçır. Və  bütün hadisələr bundan sonra başlayır.

Kömür” filmini burdan izləyin

Dəri (2019)

Ərk qardaşlarının çəkdikləri və türk mifologiyasına əsaslanan bu film Fəcr festivalında iki kateqoriyada: ən yaxşı film və ən yaxşı film musiqisi mükafatlarını qazanıb. İran kinosu üçün ənənəvi olmayan “Dəri” filmi qorxu janrındadır.

Bu linkdən “Dəri” filminə onlayn baxmaq üçün bilet ala bilərsiniz

Arpaçayı ayrılıq nəğməsi (2019)

“Arpaçayı ayrılıq nəğməsi” filminin rejissoru Əli Abdalidir. Filmdə güney azərbaycanlı bir qızla quzey azərbaycanlı sərhədçi oğlanın arasında yaşanan sevgidən bəhs edilir.  Güneyli məşhur aktyor Hadi İftixarzadə ilə yanaşı Quzey Azərbaycandan olan  aktyor Əmrah Dadaşov da filmdə rol alıb. Filmin musiqisini Alim Qasımov ifa edib.

Arpaçayı” ayrılıq nəğməsi filmini buradan izləyin

Qocalar ölməz(2019)

Bu əsər ərdəbilli gənc rejissor Rza Camalinin ilk tammetrajli filmidir. Yaponiya Mədəniyyət Fondu tərəfindən bu filmə “Asiyanın Ruhu” mükafatı verilib. Filmdə səfalı bir kənddə uzun müddət heç kimin ölmədiyi kəndlilərin həyatından bəhs edilir.

9-cu Avstraliya İran Film Festivalının sonunda “Qocalar ölməz” filmi münsiflər heyətinin xüsusi mükafatını qazanmışdır. Həmçinin Kanadanın Toronto şəhərində keçirilən 5-ci İran Film Festivalında (Kirus Film Festivalı) münsiflər heyətinin Xüsusi Mükafatını qazanıb və münsiflər heyəti tərəfindən təltif olunub. Bu film İspaniyada keçirilən Barselona Asiya Filmləri Festivalının səkkizinci sesiyasında festivalın xüsusi bölməsində ən yaxşı ssenari mükafatına layiq görülmüşdür.

Qocalar ölməz” filmini buradan izləyin

Tərlan (2020)

2020-ci ildə onlayn olaraq yayımlanan ”Tərlan” filmi daim irəliləməkdə olan müstəqil Azərbaycan kinosunun yeni məhsullarından hesab edilir. Filmdə canavar sürüsünün təhdidini çobanlıq təcrübəsinə görə əvvəlcədən kənd əhalisinə bildirən Tərlanın bu qabiliyyəti kəndlilərin diqqətini çəkir. Onlar Tərlanın qeyri-adi gücə malik olduğuna inanırlar. Ondan kəndlilərə də möcüzə yaratmasını istəyirlər. Filmin anonsu dünya azərbaycanlıları tərəfindən sosial mediada geniş şəkildə paylaşıldı.

Tərlan” filmini buradan izləyin

Atabay (2021)

“Atabay” filmi hazırda kinoteatrlarda nümayiş edilir və onlayn satışda deyil. Bu filmin rejissoru İranın məşhur aktirisası Niki Kərimidir. “Atabay” filmi İranda ən çox satılan filmlər sırasındadır. Filmin kinoteatrlardakı nümayişi bitdikdən sonra online satışa çıxacaq.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.