Urmu voleybol komandası: ləğv etmək istəkləri və kütlənin reaksiyası

Google+ Pinterest LinkedIn Tumblr +

Fevral ayının son günlərində Urmu Bələdiyyə Voleybol Komandasının ləğv edilməsi haqqında xəbər  yayıldı. Geniş reaksiyaya səbəb olan bu xəbər Urmu Şəhər Şurasının üzvləri tərəfindən rədd edildi. Yerli media istifadəçiləri Urmu Şəhər Şurasının komandanı ləğv etmək haqqında qərar verdiyini, ancaq etirazlar nəticəsində geri çəkilərək bunu dandıqlarını deyirlər.

Son dəfə Urmu Bələdiyyə Voleybol Komandasının Tehranın Peykan komandasına məğlub olduqdan sonra ölkənin voleybol liqası müsabiqələrindən qıraqda qalması azərbaycanlı voleybolsevərlər arasında narazlılıqlara səbəb olmuşdu. Bununla yanaşı bu vaxta qədər Asiya voleybol müsabiqələrinə ev sahibliyi edəcək olan Urmunun bu haqqı da əlindən alınaraq Tehrana verilib. İnsanlar isə dövlətin bu addımlarından narazıdırlar.

Urmu Asiyanın voleybol paytaxtı kimi tanınır. Urmu şəhərində bir az gəzməklə bütün urmuluların voleybolu sevdiyini və məharətlə oyandığını müşahidə etmək mümkündür. Ölkə səviyyəsində də ən çox voleybolçu da məhz bu şəhərdə yetişir. Belə tarixə və uğurlara baxmayaraq hazırda Urmunun voleybol komandasının taleyi sual altındadır.

Urmu bələdiyyə voleybol komandası 11 liqada iştirak edib və 2 dəfə ikincilik, 3 dəfə isə üçüncülük qazanıb. Urmuda voleybol komandası bələdiyyə sahibliyindən də əvvəl  olub. Cəmi 3 dəfə ikinci və 8 dəfə üçüncülük əldə edən komanda heç vaxt çempion olmayıb. Bəzi azərbaycanlılar Urmu voleybol komandasının çempion olmamasına hökumətin bilərəkdən mane olmasına inanırlar. Bununla da Traxtur futbol komandası ilə eyni taleyi bölüşdüklərini düşünürlər.

Urmu voleybolu ləğv edilib yoxsa yox?

Urmuda yerli media istifadəçiləri 26 fevral tarixində baş tutmuş Urmu Şəhər Şurasının iclasında Urmu bələdiyyə voleybol komandasının ləğv edilməsi qərarının alındığını deyiblər. Lakin həmin gün Urmu Şəhər Şurasının sədri bu xəbəri yalanlayıb.

9 mart tarixində keçirilmiş iclasda komandanın ləğv edilməsi müzakirə edilib. Həmin iclasda komandanın ləğv edilməsi yox, sahibliyi barədə mübahisə yarandığı bəlli olub. Urmu Şəhər Şurasının sədri höccətül-islam Məhəmməd Xəlilpur vilayət valiliyinə dövlət qurumlarının komanda sahibliyi edə bilməməsi haqqında müraciət edildiyini deyib. O, Urmu Bələdiyyə Voleybol Komandasının bələdiyyədən alınmasının əsl mübahisə mövzusu olduğunu bildirib.

Əldə olan məlumata əsasən komandanın ləğv olunması haqqında iclas olacaq. Həmin iclasda müxalif kimi çıxış edən Murtuza Pirinin danışıqları buna sübut kimi görünür. Murtuza Piri bu qərarın ictimai birliyə ziyan verdiyini və onunla qəti şəkildə razı olmadığını bildirib.

Komandanın ləğv edilməsini istəyənlər də bəllidir. “Jarch_urmu” instaqram səhifəsinin verdiyi məlumata əsasən usulgəralara (inqilabi ideyaları qoruyan qüvvələr və şəxslər) yaxın şəxslər komandanın ləğv edilməsi üçün layihə təqdim ediblər.

Hal-hazırda hansısa qəti bir qərar yoxdur. Lakin cavabdeh şəxslər komandanın ləğv edilməyəcəyini deyərək komandanın sahibliyi ilə bağlı Novruz bayramından sonra lazımi qurumlarla danışaraq qəti qərar verəcəklərini bildiriblər.

Urmu Bələdiyə Voleybol Komandasının keçdiyi yol

24 fevral tarixində Urmu Bələdiyyə Voleybol Komandası Tehranın Peykan komandasına qarşı zəif çıxış edib və 3 seti uduzaraq yekun hesabda məğlub olub. Urmu komandası enişli yoxuşlu yollardan keçsə də hər dəfə final oyunlarına qədər irəliləyə bilib. Son məğlubiyyətindən sonra isə beşinci yerə düşərək final oyunlarında iştirak edə bilməyib. Bundan sonra isə komandanın ləğv edilməsi məsələsi gündəmə gəlib.

Ümumiyətlə Urmuda voleybol yüksək potensiala sahibdir.  Urmu keçən 50 il ərzində ölkə səviyyəsində voleybolda ən yaxşı nəticə göstərən şəhər olub. Hazırda bələdiyyənin balansında olan Urmu komandası əvvəllər  başqa sponsorlarla ölkə liqasında çıxış edib.

İranda başda Urmu olmqla Qərbi Azərbaycan və türkmənlərin yaşadıqları Qunbəd şəhəri ölkə voleybolçularının yetişdiyi iki əsas mərkəzdir. Hazırda da olduğu kimi ölkənin milli voleybol komandasında türklər çoxunluqdadırlar. Lakin buna baxmayaraq ən çox çempion olan komanda Tehranın Peykan komandasıdır. Urmu və Qünbəd komandaları isə hələ də bu pilləyə yüksələ bilməyiblər.

Bütün bunlar isə türkləri bilərəkdən çempionluqdan uzaq tutmaqları ilə bağlı olan fərziyyələri gücləndirir.

Voleybol sevgisi: Çempionluq yolunda döyülmək

20 mart 2015-ci ildə Urmu Voleybol komandası ilə Tehranın Peykan komandası ölkənin voleybol liqasının final oyununu oynadılar. Həmin liqada Peykan komandasının qayda pozuntularına göz yumulmuşdu və final oyununu da Tehranda keçirməyə razılıq vermişdilər.

Tehranda keçirilən final oyununda azərbaycanlı azarkeşlər “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “Gəlin gedək ağlayaq Urmu gölün dolduraq”, “Yaşasın Azərbaycan” kimi milli şüarlar səsləndirib, bu isə polis qüvvələrinin müdaxiləsinə səbəb olmuşdu.

Həmin oyunda Urmu komandası məğlub oldu. Oyun bitdikdən sonra azarkeşlər döyülərək çölə atıldılar. Hakimiyyət qüvvələri isə bunu danaraq azarkeşlərin oyundan çıxarmadıqlarını deyirlər. Azarkeşlər isə bunu rəd edirlər. Onlar baş verənləri oyun əsnasında verilən milli şüarlarla əlaqələndirirlər.

Urmu voleybol tarixində xüsusilə qeyd edilən bu hadisə azərbaycanlı voleybolsevənrlərlə cavabdeh orqanların arasında olan mübahisənin çatdığı zirvənin nöqtəsi kimi görünür.

Urmunu voleybol tarixi parlaq ulduzların adı ilə doludur. Oxşarı görülməmiş voleybol sevgisi hələ ki çempionluq sevinci ilə qutlanmayıb. Voleybol sevgisi yolunda döyülməyi belə gözə alan azərbaycanlı voleybol azarkeşləri hazırda Urmu Bələdiyyə Komandasının ləğv edilməsi ilə sınanırlar. Urmu Şəhər Şurası üzvü Murtuza Pirinin də dediyi kimi bu kimi addımlar ictimai birliyə ziyan vurur və cavabdeh qurumlarla ictimaiyyətin arasını açır.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.