Rusiya İmperiyasının Birinci Dünya Müharibəsinin yüklərinə davam gətirə bilməyib, 1917-ci ilin fevral ayında (yeni təqvimlə martda) ləğv ediməsindən sonra onun yerində təməlləri sağlam olmayan Müvəqqəti Hökumət yaradıldı. Yeni yaradılmış bu orqan müharibəni davam etdirməklə birlikdə, yerlərdə öz icraiyyə orqanlarının da təşkilinə çalışmaqdaydı. Buna uyğun olaraq, Cənubi Qafqazın idarəsiylə məşğul olmaq üçün Cənubi Qafqaz Komitəsi yaradılmış, Müvəqqəti Hökumətin Oktyabr İnqilabı ilə devrilməsindən sonra, bu Komitə Oktyabr inqilabının nəticələrini tanımayan (amma Rusiyaya bağlılığını bildirən) Cənubi Qafqaz Komissarlığı ilə əvəz edildi. Komissarlıq hakimiyyəti qəsb edən bolşeviklərin ya tezliklə devriləcəklərini, ya da Müəssislər Məclisinə keçiriləcək seçkilərdə uduzacaqlarını düşünürdülər. Məhz bu ikisindən biri olacağı təqdirdə Rusiyada legitim hakimiyyət qurulacaq və Komissarlıq buna uyğun gələcəyi barədə qərar verəcəkdi. Lakin gözlənilənlərin əksinə bolşeviklər hakimiyyəti əldən vermədilər və Müəssislər Məclisinə keçirilən seçkilərdə[1] məğlub olmalarına rəğmən[2], məclisi qovmaqla hakimiyyətdə qalmağı bacardılar. Məhz bu hadisədən sonra Cənubi Qafqazdakı siyasi hadisələr daha da kəskin hal aldı və müvafiq xarici siyasi dəyişikliklərin də təsiri ilə, Cənubi Qafqazın fedrativ respublika kimi müstəqilliyini elan etməklə tam olaraq Rusiyadan ayrılmasını elan etməyə, sonda isə federasiyanın Azərbaycan fraksiyasının ciddi səyləri nəticəsində[3] federasiya ləğv edildi və Ermənistan, Gürcüstan və Azərbaycan respublikalarının yaradıldığı elan edildi.
1918-ci ilin 28 may tarixində elan edilən İstiqlal Bəyannaməsində demokratik əsaslarla idarə ediləcəyini bildirən Azərbaycan Xalq Cümhuriyyəti, respublika idarə quruluşuna sahib olan və qəbul etdiyi Seçki haqqında qanunla universal səsvermə hüququ ilə qadınlara da səsvermə hüquq verilən müsəlman şərqinin ilk dövləti oldu. 15 sentyabrda Anadolu türklərinin də dəstəyi ilə Bakının bolşevik-ağ qvardiyaçı-ingiliz-erməni və fərqli digər sol qüvvələrdən[4] təmizlənməsi ilə AXC dövlət aparatı bu şəhərə köçdü.
Əvvəlcə Osmanlı imperiyası ilə yaxın və müttəfiqlik münasibətlərinə sahib olan AXC, 1918-ci ilin oktyabrında Osmanlının I. Dünya müharibəsindən məğlub ayrılması ilə, bu müttəfiqin gücündən yararlanmaqdan məhrum qaldı. Bundan sonra isə, bolşevikliyin o dövrdə ən böyük düşməni olan ingilislərlə münasibətlər formalaşdırıldı.
Bu dövrdə inqilabla hakimiyyətə gələn bolşeviklərin gələcək planları qeyri-müəyyən vəziyyətdə idi. Lenin hələ müharibədən əvvəl formalaşdırdığı xalqların öz müqəddəratını təyin etmə hüququnu rəsmən təkrarladığını elan etmişdi. Buna görə, keçmiş Rusiya imperiyası xalqları istədikləri halda öz dövlətlərini qura bilərdilər, yeni Rusiya hökuməti isə, bu ayrılmaları tanıyacaqdı. O dövrdə, Antanta qüvvələri (İngilstərə, Fransa və Yaponiya) ilə müharibə şəraitində olan və daxildə öz hakimiyyətini hələ tam bərqərar edə bilməyən Bolşevik Rusiyasının bu qərarının sadəcə gözdən pərdə asmaq olduğu qısa müddət sonra bilinəcəkdi. Belə ki, hələ sovetlər qurultayında xalqların öz müqəddəratını müəyyən etmə hüququna görə tənqid edilən zaman Stalin bunun sadəcə rəqib imperialistlərə qarşı sadə insanlardan dəstək qazanma addımı olduğunu bildirmişdi. 1920-ci ildə, daxildəki rəqiblərini məğlub etməyi bacaran Bolşevik Rusiyasının bu dediklərini qsıa bir zamanda unudacağı və qonşu millətlərə qarşı eynən rus millətçilərinin siyasətinin davamı kimi yanaşacaqları bəlli olacaqdı. Hələki, 1918-1919-cu illər ərzində Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ən bğyük təhlükə bolşevikliyə qarşı qiyam qaldırmış və keçmiş çar zabitləri olan generallar, daha dəqiq desək Şimali Qafqaz həndəvərində möhkəmlənən General Anton Denikindi. Bolşevikliklərlə AXC arasında qərar tutan Denikin keçmiş imperiyadan ayrılan heç bir respublikanı tanımadığını, keçmiş imperiyada mərkəzi hakimiyyət bərpa olunduqdan sonra bunların yenidən ələ keçiriləcəyini bildirirdi. AXC-ə də bir neçə dəfə hücum etmiş, demarkasiya sərhədlərini pozmuş Denikin 1920-ci ilin ilk aylarında arıdıcl məğlubiyyətlərə uğradı və Londona mühacirətə getdi. Bununla da, bolşevik qüvvələri 1920-ci ilin aprelində AXC-nin şimal sərhədlərinə gəlib çatdılar. Artıq bu zaman AXC-nin daxili vəziyyəti də pisləşməyə doğru getməkdə və hökumət böhranları bir-birini izləməkdə idi.
Bolşevik Rusiyasının AXC-ə ünvanlanan ilk notası 1920-ci ilin yanvarın 2-də göndərildi. Çiçerin[5] bu notasında AXC-i Denikinə qarşı mübarizəyə qatılmağa dəvət edirdi. Lakin sonradan bunun sadəcə AXC hökuməti daxilində mübahisələri qızışdırmaq üçün atılmış addım olduğu bəlli oldu. AXC-nin Çiçerindən danışıqlar üçün ilkin olaraq AXC-nin müstəqilliyinin tanınmasını tələb etmələrinə baxmayaraq, Çiçerin bu məsələyə cavab vermədi və AXC-i Denikinə qarşı mübarizədən yayınmaqda ittiham etdi.[6] Xoyski, bolşeviklərin xalqların öz müqəddəratını təyin etmə prinsipinə hörmət etməsini tələb etməsindən sonra, sanki bu notaya cavab olaraq bolşevik ordusu Dağıstanı işğal etdi. Aprelin 15-ə qədər bolşeviklərin AXC sərhədlərinə böyük ordu toplamaları ilə yaxında bolşeviklərin Azərbaycana hücum edəcəkləri bəlli oldu. Xoyski bu zaman göndərdiyi notada yenə də xalqların öz müqəddəratını təyin etmə prisnipindən bəhs edərək, hökumətinin hələ də yaxşı qonşuluq münasibətlərinin formalaşdırılması barədə təklifinə cavab almadığını əlavə etdi. Lakin Azərbaycanı silah gücünə ələ keçirməyi artıq məqsəd kimi qəbul etmiş Bolşevik Rusiyası bu notaya heç vaxt cavab vermədi.
Bundan bir qədər sonra yeni hökumət kabineti qurmaq tapşırılmış Hacınski yeni kabineti formalaşdıra bilmədiyini parlamentdə elan etdi.[7] AXC sərhədlərində bolşevik ordusunun aktivliyinin artdığı və Çiçerin-Xoyski notalaşmaları getdiyi ərəfədə Bakıdakı bolşevik və ya onlarla ittifaqda olan digər solçu qruplar[8] da aktivləşməyə başlamışdılar. 1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının[9] birinci qurultayı keçirildi. Qurultayda AXC-nin devrilməsi qərarı alındı. İşğalı asanlaşdıracaq daha bir addım isə ermənilər tərəfindən atıldı. Mart ayında Qarabağdakı erməni azlığının üsyana qalxması və bu üsyannı Zəngəzura hücum edən Erməni daşnak hökuməti tərəfindən dəstəklənməsi AXC-ə vurulmuş sonuncu zərbə oldu. Çünki üsyanın başlaması ilə 2 ildir ki formalaşdırılan AXC ordusunundemək olar ki, hamısı Qarabağ və Zəngəzura göndərildilər. Bu hərbi birləşmələr erməniləri demək olarki, məğlub etsələr də, ölkənin şərqində Bakının bolşevik ordusu qarşısında müdafiəsini təşkil edəcək hərbi birləşmə qalmamışdı.
İnqilabdan sonra durmadan xalqların öz müqəddəratını təyin etmə hüququndan bəhs edən, “Qərb imperialistlərinin” bu prinsipi tanımamasını iddia edərək onlara qarşı propaqanda aparan və bu prinsiplər üstündə Asiyada İnqilab doktrinini hazırlayan Lenin başda olmaqla, Bolşevik Rusiyası Qərbi tənqid etdiyi bütün nəsnələri özü təkrarlayaraq Azərbaycana hərbi müdaxilə etdi. Bundan əvvəl isə, gözdən pərdə asmaq üçün işğalı “yerli zəhmətkeş və işçilərin inqilabi” kimi təqdim etmək üçün son hazırlıqlara başlanıldı. Bakə bolşeviklərinin bir qrupu bu məsələləri müəyyən etmək üçün XI. Qızıl Ordunun nümayəndələri ilə görüşə yollandı. Sonda qərara alındı ki, Bakı bolşevikləri üsyan başladacaq, hakimiyyətin təhvili barədə legitim hökümətə ultimatum göndərəcək, inqilabi hökumətin yaradıldığı elan ediləcəkdi. Bu hadisələr əsnasında isə, işğalı pərdələmək üçün Qızıl Ordunun bu elandan yalnız 24 saat sonra ölkəyə daxil olması qərarlaşdırıldı.[10]
AXC öz müstəqilliyini qorumaq üçün atılan son addım kimi Qızıl Ordunun qərərgahına nümayəndələr göndərsə də, bu cəhd uğursuzluqla nəticələndi. 27 aprel 1920-ci il 27 aprelə keçərkən bolşevik ordusunun sərhədi keçdiyi Bakıya məruz edildi. Bu barədə xəbəri alan Bakı bolşevikləri xeyli təəccübləndilər, çünki Qızıl Ordu işğalın inqilabla pərdələnməsi üçün təşkil edilən “teatr”ın tələbi gərəyi 24 saat gözləməli idilər. Lakin bolşevik ordusu buna əməl etməmiş və yerli bolşeviklər tərəfindən “inqilab” başladılmamı Azərbaycan sərhədlərindən daxil olmuşdular. Yalnız bundan sonra Bakı bolşevikləri hərəkətə keçdilər. Günorta saatlarında bolşeviklər tərəfindən hakimiyyətin təhvil verilməsi barədə ultimatum parlamentə təqdim edildi. Bu məsələnin müzakirəsi üçün parlamentə 12 saat vaxt verildi. Parlamentdə müzakirələr gedərkən müxtəlif həll yolları təklif edildi, ən çox edilən təkliflərdən biri isə, diktaturanın elan edilməsi ilə kommunizmlə savaşmağı təklif edirdi. AXC ordusunun ən azından Azərbaycandakı bolşevikləri rahatlıqla əzə biləcəyi məlum idi,[11] lakin əsas ordu hissələrinin Qarabağda və Zəngəzurda ermənilərlə savaşdığına görə Rusiyadan gələn on minlərlə bolşevik ordusuna qarşı döyüşməyin mənasız olacağı bəlli idi. Əslinə qalsa, Rusiya sərhədindən Bakıya qədərki yerlərdə olan və sayları 200-300 nəfəri keçməyən azsaylı AXC ordusu mənsubları döyüşmüş və məğlub olmuşdular. Beləliklə, yalnız Qızıl Ordunun işğalçı hərbi müdaxiləsindən sonra hakimiyyət bolşeviklərə təhvil verildi. Milli Hökumət hakimiyyəti təhvil verərkən bəzi şərtləri irəli sürmüş və bu şərtlər qəbul edilmişdi. Bu şərtlərdən ən önəmlisi Azərbaycan Sovet idarə-üsulu altında tam müstəqil qalması və yeni hökumətin bunu təmin edə bilmək üçün əlindən gələni edəcəyini qəbul etməsi idi. Bundan başqa, keçmiş hökumətin üzvləri və digərlərinin can və mal təhlükəsizliyinə təminat verilirdi. Lakin bu şərtlər elə qəbul edildiyi dəqiqədən əhəmiyyətsiz bir kağıza çevrildi. Bolşev işğalını xalqın etirazı və bolşeviklərin qanlı hücumları izlədi. Qısa müddət ərzində bolşevik işğalına qarşı çoxsaylı üsyanlar oldu və on minlərlə azərbaycanlı qətlə yetirildi. Bu üsyanlardan ən böyüyü isə, Gəncədə toplaşmış olan AXC ordusunun bir hissəsi təşkil etdi. Nisbətən uzun müddət davam edən üsyan böyük bolşevik qüvvələrinin bura cəlb edilməsi ilə ancaq yatırıla bilindi və nəticədə, çox sayıda günahsız mülki insanlarla birlikdə, bir çox generalın da daxil olduğu AXC ordusu mənsubları qətlə yetirildilər. Bu barədə Leninə göndərilmiş məktubda qeyd edilirdi:
“Ciddi qırğınlar baş verdi. Yelizavetpoldakı hissələrimiz tərəfindən müsəlmanların kütləvi şəkildə məhv edilməsi şübhəsiz ki, müsəlmanların əhəmiyyətli hissəsi ilə sovet hökuməti arasında olan fikir ayrılığının dərinləşməsinə səbəb olacaq. Yerli əhali sovet hökumətinə sadəcə Moskva təmsilçisi kimi baxır.”
Üsyan yatırıldıqdan sonra, Məhəmməd Mirzə Qacar[12], Qaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Mustafa Subhinin məlumatına görə isə, əksəriyyəti günahsız mülki əhalidən olmaqla, 15 min Azərbaycan tərəfi, 8000 nəfər hərbçi isə bolşevik tərəfindən həyatını itirmişdir. Üsyanların qanlı şəkildə yatırılması Zaqataladan tutmuş, Lənkərana qədər, Azərbaycanın demək olar ki, hər yerində təkrarlandı.
27-28 aprel bolşevik işğalı ilə Azərbaycandakı rus hakimiyyəti – bu dəfə bir qədər qiyafə dəyişdirmiş formada – daha 70 il yaşadı və 1991-ci ildə bir daha geri dönməmək üzrə tarixin səhifələrinə qarışdı.
İstifadə olunmuş ədəbiyyat:
- Cəmil Həsənli.Русская революция и Азербайджан : Трудный путь к независимости (1917–1920), Флинта, 2011
- Cəmil Həsənli, Azərbaycan Xalq Cüumhuriyyətinin xarici siyasəti (1918-1920), 2009
- Edwart Hallet Carr, Bolshevik Revolution, III Cild, Penguin Books, 1973
- Firuz Kazemzadeh, The Struggle for Transcaucasia, Philosophical Library, 1951.
- Tadeusz Swietochowski, Russian Azerbaijan (1905-1920): The Shaping of National Identidy in a Muslim Communisty? Cambridge University Press, 1985
- Vladimir İlyiç Lenin, Ulusların Kaderlerini Tayin Hakkı, Eriş Yayınları, 2004
[1] Bu seçkilərdə Azərbaycanın milli partiyası olan Müsavat 700 minə yaxın səs toplamaqla, Menşeviklərdən sonra ən çox səs toplayan partiya olmağı bacarmışdı.
[2] Məclisdəki ən çox yeri SR-lər qazanmışdı
[3] Federasiyaya daxil olan ermənilər, gürcülər və azərbaycanlılar arasında gürcü və erməni fraksiyasının əksinə, azərbaycanlılar federasiyanın dağıdılıb, yerində milli dövlətlər yaradılmasını istəyyirdilər. Məhz buna görə də, gürcü menşevik Tsereteli son çıxışında buna görə Azərbaycanı ittiham etmişdı.
[4] Bakını Türk-Azərbaycan qüvvələrinə qarşı işğal edən qüvvələr yekcins deyildi. Maraqlıdır ki, bu qüvvələr digər yerlərdə bir-biriləri ilə düşmən vəziyyətində idilər. Məsələn, ingilislərlə bolşeviklər, bolşeviklərlə ağ qvardiyaçılar, bolşeviklərlə SR-lə fərqli-fərqli yerlərdə bir-biriləri ilə mübarizə aparmaqda, hətta bəzən müharibə etməkdə idilər.
[5] Bolşevik Rusiyasının Xarici İşlər Nazirliyinin rəhbəri.
[6] Halbuki AXC XİN rəhbəri Fətəli xan Xoylu cavabında bu ittihamları rədd edir, Rusiyanın daxili məsələlərində öz dövlətinin bitərəf olması ilə birlikdə, Denikin ordusuna zabit toplanmasının AXC ərazisində qadağan edildiyini, AXC-nin Dağlılar Respublikasına görə Denikinlə münaqişəli olduğunu bildirirdi.
[7] Bunun əsas səbəblərindən biri də Hacınskinin artıq bolşeviklərlə gizli danışıqlara girməsi idi.
[8] Bu qrupların demək olar ki, bütün üzvləri sonrakı illərdə elə bolşeviklər tərəfindən qətlə yetirildilər. Hətta bir çox bolşevik də onlarla birlikdə edam edildi.
[9] Partiya adının “Azərbaycan” olmasına baxmayaraq, onun üzvlərinin çoxu qeyri-azərbaycanlılar idi.
[10] Başqa Böyük Britaniya olmaqla, qərbliləri Asiya xalqlarının hüquqlarına hörmət etməməkdə ititham edən bolşeviklər işğalı elə pərdələmək istəyirdilər ki, Şərq xalqlarının gözündə elə ittiham etdikləri qərblilər kimi işğalçi kimi görünməsinlər. Çünki III. İnternasionalın II. Konqresində “Asiyada inqilab” doktrininin müzakirəsi nəzərdə tutulmuşdu və xaricdən çoxlu təmsilçi gələcəyi gözlənilirdi.
[11] Bolşevik və ya digər sol ideologiyalar Azərbaycanda qeyri-millətlər arasında yayılmışdı. Məsələn, 1917-ci il seçkilərində bolşeviklər bütün Cənubi Qafqazdan cəmi 60 min səs toplaya bilmişdilər. Bu onların sosial bazalarının göstəricisi hesab edilə bilər.
[12] Üsyan zamanı Qacar şah sülaləsinin Azərbaycandakı qolu olan ailədən 3-ü general olmaqla, ümumilikdə 4 nəfər qətlə yetirilmiş, biri isə Qacar şahlığına qaça bilmişdir.