Son günlərdə ərdəbilli bir məddahın Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi alçaldıcı sözləri gündəmə gəlib. Ərdəbil cümə imamına yaxınlığı ilə tanınan bu məddah islam tarixindən nümunə gətirərək bu gün Türkiyə və Azərbaycanın qarşılarında, şiə hökuməti olan İranın durduğunu söyləyir. Bu sözlər eyni zamanda alçaldıcı söyüşlərlə birlikdə dilə gətirilib və bu hadisə İranın rəsmi televiziyasında yayımlanıb. Çaldıran və müqavimət cəbhəsinin şəhidlərini anma mərasimi adı altına keçirilən bu mərasimdə, məddah həm də gələcəkdə İmam Zamanın bayrağını Quzey Azərbaycan şəhərlərinə güneydən ərdəbillilərin sancacağını deyib.
Məddah Azərbaycanın İsrail ilə olan münasibətlərini də eyni alçaldıcı ədəbiyyatla dilə gətirib. Məddahın dediyinə görə onlar (dövlət başçıları) yəhudilərlə oynadıqları qumarda ailələrini yəhudilərə uduzublar. Buna qarşılıq Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti səfirini xarici işlər nazirliyinə dəvət edib və rəsmi televiziyadan yayımlanan bu məddahın alçaldıcı ədəbiyyatına etiraz edib.
Məddahın sözləri sosial şbəkələrdə də geniş şəkildə yayılıb. İran dövlətinə yaxın qüvvələr onu dəstəkləyərkən, bir çox azərbaycanlı aktivist bu şəxsin danışığını pisləyib. İran rəsmiləri hələ ki bu məsələ ilə bağlı bir münasibət bildirməyib lakin molla Amuli son çıxışında belə şəxsi fikirlərin dövlət siyasəti olmadığını bildirib.
Bu məddah daha əvvəl yayılan videolarında da İranın ali dini rəhbərinin Ərdəbildəki nümayəndəsi molla Amulinin yanındadır. Molla Amuli 2022-ci ildə ölkədə baş verən üsyanlar zamanı Səfəvilər hakimiyyətindən söz edərək Ərdəbili tarixən İranın qurucuları kimi dəyərləndirirdi. Sözü gedən məddah da viral olan hər iki danışığında Ərdəbili Şah İsmayılın şəhəri olaraq Bakı və Ankara ilə qarşı qarşıya qoyur.
Bu əslində yeni bir məsələ deyil. İranın xüsusilə Azərbaycan Cümhuriyyətinə qarşı münasibətləri Birinci Qarabağ Savaşından bəri məlum olan haldır. Lakin Suriyada Əsəd rejiminin çökməsindən sonra İranın Türkiyəyə qarşı siyasəti daha da açıq bir vəziyyət alıb. Ali dini rəhbər Ayətullah Xameneyi Suriya rejimi ilə bağlı danışığında örtülü şəkildə bu hadisədə Türkiyənin rolundan danışdı və bundan narahatlığını göstərdi.
Məddahların ənənəvi rolu ilə yeni mövqeləri
İranda məddahlar tarixi olaraq dini mərasimlərdə və İslam peyğəmbərinin ailəsinin həyatını tərənnüm edən mərsiyə və ilahilərin ifaçısı kimi tanınır. Tarixən onların əsas funksiyası dini bağlılığı gücləndirmək, xalq arasında həmrəylik yaratmaq və dini bilikləri yaymaq olub. Xüsusilə Aşura mərasimlərindəki çıxışları ilə məddahlar, İslam dininin şiə məzhəbinin əsas prinsiplərini ictimaiyyətə çatdırırlar.
İslam İnqilabından sonra məddahların fəaliyyəti dini çərçivədən çıxaraq siyasi sahədə də əhəmiyyət qazanıb. Ayətullah Xameneinin dəstəyi ilə məddahlar inqilabçı dəyərlərin, islam respublikasının ideologiyasının və liderlərin mesajlarının yayılmasında mərkəzi fiqura çevriliblər. Onların çıxışları tez-tez Qərbə və bəzi qonşu ölkələrə qarşı təbliğat, milli birlik və dini-siyasi bağlılığı gücləndirmək məqsədi daşıyır.
Məddahların siyasiləşdirilməsi bəzi dairələrdə narahatlıq doğurur. Onların dini dəyərləri siyasi məqsədlərə alət etməsi İran daxilində və xaricində tənqid olunur. Bununla belə, məddahların fəaliyyəti İran hökuməti üçün mühüm bir ideoloji və təbliğat vasitəsi olaraq qalır.
İranlı məddahlar bəzən dini mərasimlərdə siyasi və təxribatçı ifadələr səsləndirərək qalmaqallara da səbəb olublar. Məsələn, Məhdəviyyət mövzusunda danışarkən ABŞ və İsrail əleyhinə kəskin şüarlar səsləndirmək adi hala çevrilib. Məşhur məddahlardan biri 2020-ci ildə Qüds günü mərasimində İsrailə qarşı nifrət dolu ifadələrlə çıxış edib, bu da beynəlxalq ictimaiyyətdə gərginlik yaratmışdı. Bununla yanaşı, bəzi məddahlar sünni müsəlmanlara qarşı təhqiramiz ifadələr işlədir, bu isə məzhəblərarası münasibətləri daha da çətinləşdirir.
Məddah Mahmud Kərimi ilə bağlı baş verən “tapanca hadisəsi” ən çox səs-küy yaradan nümunələrdəndir. O, Tehranda bir ailə ilə avtomobil yolunda mübahisə zamanı tapanca çıxardaraq dinc ailəni təhdid etmişdi. Bu hadisə məddahların hüquqdan üstün mövqedə dayandığı barədə ictimai narahatlığa səbəb olmuşdu. Digər tərəfdən, bəzi məddahlar topladıqları maddi yardımları öz xeyrinə istifadə etməkdə ittiham olunublar. Xüsusən, məddahların bahalı maşınlar sürməsi və luyks həyat tərzi ictimaiyyət tərəfindən ciddi tənqidə məruz qalıb.
Məddahlar bəzən hökuməti və xüsusilə ali rəhbər Ayətullah Xameneini ilahi və müqəddəs bir fiqur kimi təqdim edirlər. Misal üçün, məşhur məddah Mənsur Ərzi Xameneinin çıxışında onu imam Mehdi ilə müqayisə etmiş və onun hökumətini müqəddəs şəriət hökuməti adlandırmışdı. Bu cür çıxışlar sekulyar qruplar tərəfindən ciddi tənqid edilir və məddahların siyasi rolu geniş müzakirələrə səbəb olur.
Güney azərbaycanlı aktivistlərin münasibəti
Sözü gedən məddahın yaratdığı qalmaqala güneyli fəallar da münasibət bildirdilər. Azərbaycanlı milli fəal Səid Mətinpur bu hadisə ilə bağlı X səhifəsində belə yazıb:
“Ərdəbikdə Çaldıran və Şah İsmayıl adına bağıranın səsi, tariximizin səsi deyil. O səs bizim tarixdən, yəni bizim xalqımızdan gəlmir. 1385-ci ildə (2006-cı il) yüz minlərlə adam bütün türk bölgələrində etiraz etdilər. Mütləq belə bir ədəbiyyatımız olmamışdı. İncik olduğumuz yerə belə ədəbsizcə bağırmadıq.”
Milli fəal Abbas Lisani də hadisə ilə bağlı münasibətini bir bəyannamədə yayıb. Bu yazının bəzi hissələrində belə yazılıb:
“… tarixi qazanclar belədir ki, dostları sevindirir və düşmənləri də dəhşətə salır… O dırnaqarası yığıncaq ya daha doğrusu fitnə ocağının başlanğıcından sonuna qədər, türk milləti və dövlətlərinə qarşı ən alçaq və aşağı sözlər ilə nifrət, kin qusub yaman-yovuz yağdırdılar, elə ki bir yerində məddahın birisi iki müsəlman dövlətinin başçılarının əleyhinə şəriət, əxlaq və insanlıqdan uzaq olan sözlər və ədəbiyyat ilə, özü və onlara fərman verənlərin şəninə uyğun iftira, xəyanət və təhqirləri bağıraraq söylədi… bu oyunlar su üzündə üzən köpüklərə əl atmaqdan başqa bir şey deyildir. Türk dünyası özəlliklə Güney Azərbaycan türkləri uzun zamandır ki, doğru yolu tapıblar. O üzdən də fitnə, azdırıcı və uydurucu oyunlar bizi və gənclərimizi doğru yoldan döndərə bilməz.”