Axıcı bir kimlik olaraq türklük

Google+ Pinterest LinkedIn Tumblr +

Bu yazıda iki suala toxunacağam: Daxili müstəmləkəçilik İranda müxtəlif türk qrupları arasında əlaqələrin dəyişməsinə və inkişafına necə təsir etdi? Və Azərbaycan türkləri arasında güc münasibətlərini necə dəyişdi. Bu iki sualın cavabını araşdıraraq belə qənaətə gələcəyəm ki, Azərbaycanda güc münasibətlərinin dəyişməsi yönündə müxtəlif türk qrupları arasında əlaqələrin kəsilməsi türk kimliyinin təcrid olunmasını, homogenləşməsini və aradan getməsini gücləndirən mexanizmlərdir. Çünki o halda daxili müstəmləkəçiliyin türk kimliyi qarşısında ilkin hədəfinə çatması, yəni onu tamamilə yox etmə hədəfinə nail olması çox asan olacaq və bunun qarşısını almaq üçün türklüyün niyə axıcı bir kimlik kimi görünməsi lazım olduğunu izah edəcəyəm.

 İranda müxtəlif türk qrupları arasında əlaqələri kəsmək istəyi

İranda müxtəlif türk qrupları mövcuddur ki onlar azərbaycanlılar, qaşqaylar, xorasanlılar, türkmənlər, xələclərdən vs. ibarətdirlər. Bu qrupların hər birinin tarix və iqlim coğrafiyası fərqililiyi ətraflı müzakirə oluna bilər, lakin bu mətndə mühüm olan odur ki, İranda assimilyasiya və mərkəzləşmə prosesi nəticəsində türk qrupları arasında bir neçə şəkildə əlaqə kəsilib. Misal üçün 1316-cı ildə keçmişdən bəxtiyari lor və qaşqay türklərinin vətəni kimi tanınan Çaharmahal vilayətində türkcənin ictimaiyyətdə danışılmasının qarşısının alınması əmri verilmişdir. İranın çağdaş tarixində assimilyasiya prosesini müəyyən istiqamətdə irəli aparan oxşar əmrlər İsfahan və Həmədanda da olub.

Bu prosesin nəticələrindən biri İranın mərkəzində yaşayan türklər arasında əlaqələrin kəsilməsi olub. Bu gün türkdilli cəmiyyətlərin bütövlüyü baxımından qeyd olunan bütün qruplar arasında ayrılıq yaranıb. Qeyd etmək yerində olar ki, bütövlüyün pozulmasının bəhrələrindən biri hər şeydən çox türkləri fiziki şəkildə aradan götürmək  və kəmiyyət baxımından azlıq vəziyyətinə gətirmək (azlıqlaşdırma) siyasəti ilə başlayan, daha sonra güc münasibətlərində daha yumşaq və mürəkkəb proseslərin həyata keçməsi ilə nəticələnən “türklərdən azlıq yaratma” layihəsinin irəliləməsidir. Misal üçün Arvin Ghaemian, “Bütün yollar Tehrana aparır” kitabında, İranda türklərin azlıqlaşması və yadlaşması prosesinin sayca azlıqlaşdırma siyasəti ilə müşayiət olunduğunu deyir. Çünki daxili istehsalın, siyasi hakimiyyətin ötürülməsi və əhalinin əksəriyyəti türklərə aid imiş.

Türklər arasında azlıq vəziyyətinə gətirilən qruplar

Əhəmiyyətli məsələ budur ki, bu gün türklər arasında əlaqələrin kəsilməsinin nəticəsidə bir şəxs Azərbaycan ərazisindən kənarda türk olduğunu iddia edirsə, iddiasını sübut etmək üçün “mən türkəm” deməkdən kənara çıxmalıdır və qaşqay və ya xələc kimi başqa kimlik identifikatoru artırmalıdır. Bu səbəbdən türk əhalisinin parçalanmasından çox keçməsə də, nəticə bu günədək davam edir və bu ayrılıq türk kimliyinin özünün parçalanmasına da yol açıb. Bu səbəbdən hazırda türk kimliyi hər şeydən çox Azərbaycan türklərinin kimlik identifikatoru kimi istifadə olunur. Bu da türk kimliyi daxilində məhv edilməsi asan olan türk azlıqları yaratma prosesinin irəliləməsinə gətirib çıxarıb.

Nəticədə qaşqaylar, xorasanilər, Xələclər, türkmənlər və digərləri türk olduqlarını sübut etmək üçün gedəcəkləri yol uzundur. Onlar hətta türklərin öz içində belə azlıq vəziyyətinə gətiriliblər. Onların problemləri və assimilyasiya ilə apardıqları savaşlar Azərbaycan türklərinin mübarizəsindən daha fərqlidir. Misal üçün Xələc türklərinin əslində türk olmadıqlarını, bu və ya o fars qrupuna aid olduqlarını iddia edərək xələcliyi türklük yerinə qoymaq istəyirlər. Yaxud türk kimliyini şiə dini kimliyinə elə bağlayırlar ki, türkmənlər – İrandakı sünni türklərin ən böyük qrupu- türk kimliyindən uzaq qalsınlar. Xəbər agentliklərinin baykot etdiyi qaşqay türklərini (köçəri həyatdan) bir yerdə məskunlaşdırmaq və onların toraqlarını ələ keçirmək proseslərini sözü gedən problemlər siyahısına artırmaq mümkündür.

Deməli bu gün elə bir dövrdəyik ki, türklər arasında demoqrafik və kimlik əlaqələrinin kəsilməsi, onların təcrübələrinin və hətta həmrəyliklərinin də qırılmasına səbəb olub. Bir zamanlar Qum, Mərkəzi və Savə mərkəziyyətli olan Xələc türklərini Azərbaycan türklərindən ayırmaq imkansız idi. Lakin indi iş o yerə çatıb ki tamamilə marginallaşmış və azlıq vəziyyətinə gətirilmiş qrup kimi onların başqa türk qrupları ilə heç bir yaxın əlaqələri yoxdur.

Qaşqay tayfalarının bölgələrində türkcə danışmağa qadağa qoyulması, eləcə də ölkə mərkəzində heç bir türk qrupuna bağlanmadan torpaq zəbtinə dözümlülük və “Taxta qapı” siyasətinin genişləndirilməsinin nəticəsi bütün türk azlıq qruplarının məhv edilməsindən başqa bir şey olmayıb. Lakin qeyd etmək lazımdır ki, belə bir aradan qaldırma prosesi heç bir halda tarix yaratma və təcridlə məhdudlaşmır, əksinə bunlar dil və mədəniyyətin marginallaşması və sonunda bütöv bir etnolinqvistik qrupun sıradan çıxarılması üçün müqəddimədirlər. Misal üçün İranda Azərbaycan türkcəsi istisna olmaqla, bütün türk dilləri həssas dillər sırasındadır və onların həssaslıq dərəcələri azlıq vəziyyətinə gətirmək, assimilyasiya və marginallaşmaya məruz qalma şiddətinə bağlıdır; Xələc və Xorasan türkcəsinin tam şəkildə məhv olmaq təhlükəsi ilə qarşı qarşıya qaldıqları kimi. Deməli türkləri fiziki olaraq yox edilməsi ilə başlayan və sonda türklər arasında azlıq vəziyyətinə gətirilmiş türk qruplarının yolu ilə aralarındakı həmrəyliyin qırılmasına səbəb olan assimilyasiya prosesi, marjinal qrupların mədəni sərmayəsi və kimliyinin məhvindən başqa heç nə ilə nəticələnməyib.

Azərbaycan mərkəzli olmaq Azərbaycanı xilas edə bilərmi?

Bəs bu, yalnız azərbaycanlı olmayan türk qruplarına təsir edib? Cavab xeyrdir və bunu araşdırmaq üçün Azərbaycan türklərində oxşar assimilyasiya siyasətinin indiyə qədər nələr etdiyini araşdırmaq lazımdır. Doğrudan da, əgər çoxluq qrup hər hansı bir şəkildə bölünüb və azlıq vəziyyətinə salınaraq məhv ediləcəksə, o zaman niyə bu qrupların hər biri aradan qaldırıldıqdan sonra, qalan böyük qrup üzərində eyni proses yenidən həyata keçirilməsin? Biz elə bir dövrdəyik ki, Azərbaycan mərkəzli olmaq belə Azərbaycanı xilas etmək üçün kifayət etmir.

Türklükdən azərbaycanlı, qaşqay, xələc və s. kimi azlıqları yaradan proses, Azərbaycanın özündə də “Zəncandan beləyə (bu ələ)” və “Zəncandan eləyə (o ələ)” kimi geosiyasi azlıqları yaradan prosesə bənzəyir. Ölkənin çağdaş tarixində tarixi-ictimai keçmişə malik olan bu proses, onu göstərir ki Zəncanla Tehran arasında yaşayan Azərbaycan türklərini Azərbaycandan uzaqlaşdırmaq üçün başqa bir azlıq yaratmaq siyasəti gedir. Bu ayrılma Azərbaycan mərkəzçiliyinin başqa versiyalarını digər türklər arasında da reprodaksiya edir. Bu həm də tarixi bir azlıq vəziyyətinə gətirmə siyasəti daxilində azlıq qrupların bir birindən özgələşməsinə əsaslanır. Ona görə də “eşşəyin dili xələcdir” kimi mexanizm, “Zəncandan o ələ”ni “özü” saymayan, eyni dərəcədə türk kimliyi daşımadığını müdafiə edən və onları “saxta türk” adlandıran mexanizmin oxşarıdır.

Hazırda İranda müşahidə olunan tək türk kimliyi Azərbaycan türklüyüdürsə, Azərbaycan türklüyündə yerləşmək üçün Azərbaycan əyaləti sakini olmaq vacib hesab edilirsə, Azərbaycanın “kim daha çox türkdür?” müsabiqəsinin qalibi olması anlamında deyil, bəlkə türk kimliyinin təcrid olunması və tamamilə yox edilməsi prosesi istiqamətində olduğu deməkdir. Türkləri aradan götürmək üçün bütün mümkün siyasətləri həyata keçirən farslaşmış güc strukturu baxımından bundan daha təsirli nə ola bilər ki, türk olmaq yalnız bir qrupa aiddir. Qalanlar da məcburi imiqrant, kitabları yandırma, yerləri ələ keçirmə, danışma qadağası vs. kimi assimilyasiyanın şiddətli növlərini görsələr belə dəmək ki kifayət qədər müqavimət göstərmədikləri üçündür.

Türk kimliyinin məhv edilməsi yolunda azlıq qruplar yaratma prosesi

Türklər arasında azlıq vəziyyətinə gətirmə, xüsusilə Azərbaycan türkləri arasında hansısa qrupu azlıq vəziyyətinə salmaq prosesinin nəticəsi, türk kimliyinin assimilyasiyası və dondurulması ilə bağlı anlaşılmazlıqların reprodaksiya edilməsindən başqa bir şey deyil. Qeyd etmək lazımdır ki İranda 100 illik türklüyün aradan qaldırılması layihəsinin uğur qazanması üçün belə homogenləşdirmək zəruri şərtdir.

Əgər biz assimilyasiyanı könüllü və fərdi məsələyə çevirsək, hansısa assimilyasiyanın ən iyrənc formalarına məruz qalan vilayət əhalisini öz vəziyyətləri üçün günahlandırsaq, və bu və ya o vilayətdə assimilyasiyanın ayaq izi olmadığına və əsl orijinallığımızı qoruduğumuza qürurlansaq, bu uzun illər davam edən mübarizədən sonra nəhayət türklərin yox edilməsi layihəsinin qalib gəlməsi deməkdir. Çünki bu tək türk kimliyinin dondurulması uğrunda yeridilən bütün mexanizmlərin işlədiyini göstərməklə qalmır, həm də belə bir dondurulma bir millətin məhv edilməsinə və mədəni həyatının dağıdılmasına hər şeydən çox yol açır.

Axıcı kimlik son çıxış yolu

Elə isə bu mətnin son sualı olaraq soruşmaq lazımdır ki, belə kritik mövqedə türk kimliyinə hansı baxış İranda türklərə qarşı daxili müstəmləkəçiliyi dəyişdirə bilər və bu kimliyi qorumağa davam etməklə yanaşı mümkün qədər assimilyasiyaya qarşı dik durmağa da kömək edər?

Artıq türklüyün bu və ya digər istiqamətdə olması deyil, türklüyün bütün türkləri (hansı şiddətlə assimilyasiya siyasəti ilə qarşılaşdıqlarına baxmadan və bütün qruplar daxil olmaqla) özündə birləşdirən axıcı bir kimlik kimi qəbul edilməsı məcburiyyəti özünü göstərir. Deməli türklük ölkə səviyyəsində hərəkatımızın son nöqtəsi kimi deyil, başlanğıc və çıxış nöqtəsi kimi olmalıdır; inklüziv və marginallaşmış qaşqay türkünü Tehranda yaşayan Azərbaycan türkü qədər əhatə edən; Şəhriyarda və ya Zəncanda yaşayan bir Azərbaycan türkünü Təbrizdə yaşayan başqa Azərbaycan türkü ilə eyni səviyyədə dəyərləndirən axıcı kimlik. Bundan əlavə axıcılıq təkcə ölkənin hər yerində yaşayan türkləri ehtiva etməklə deyil, həm də assimilyasiya prosesində milyonlarla insanını itirmiş bir toplumun, xilas olanların (assimilyasiyadan) kimliyini rəsmiyyətə tanımqla olmalıdır. Bu baxışa görə, axıcı kimlik həm ana dili, həm də ilk dili türkcə olan türkləri (misal üçün Təbrizdə yaşayan türk), eyni halda birbaşa və ya nəsilləri keçməsi nəticəsində ana dili ilə ilk dili arasında əlaqəsi kəsilmiş türkü (misal üçün Tehranda yaşayan türk) əhatə etməlidir.

Belə bir axıcılıq assimilyasiya ilə əlaqəsi olan və ya olmayan bütün türk qruplarını əhatə etməklə yanaşı, həm də İrandakı digər azlıqları, o cümlədən qadınları, kuirləri, işçiləri və digərlərini də əhatə edə bilər. Lakin ölkədə hər hansı bir türk hərəkatı üçün zəruri şərt, hər şeydən əvvəl ondan ibarətdir ki hazırda türk kimliyinə qarşı bütün ölçülərdə yeridilən assimilyasiya prossesinin məntiqini anlamaq lazımdır. Eyni halda artıq türk kimliyinin axıcılıq prinsipini və inklüziv xüsusiyyətini qəbul etmədən irəliləyiş imkanı yoxdur.

Paylaş.

Müəllif haqqında

Şadi Heydərifər

Şərhlər bağlıdır.