Azərbaycanın xordadı

Google+ Pinterest LinkedIn Tumblr +

“Bizim dövrün uşaqlarının gözləri qabağında fədailəri evlərindən çıxardıb və arxanıza baxmadan yeriyin deyirdilər. Sonra isə bizim gözümüzün qabağında onlara atəş açıb öldürürdülər. Sonra da cənazələrini su arxlarını içinə və ya qırağına sərib, yollarını tutub gedirdilər… həqiqət budur ki mən uşaq yaşlarımdan yol yeriyərkən hərdən dala dönüb, arxama baxmağa adət etmişəm.”

Rza Bərahəni, 6 iyun 2006, Toronto

May etirazları adı ilə tanınan qiyamın üstündən 18 il keçir. 18 il öncə bu günlərdə Güney Azərbaycanın bütün şəhərlərində, kəndlərində, xiyabanlarında, evlərində və eşiklərində yalnız bir məsələ danışılırdı. Bu məsələ ölkənin rəsmi qəzetində türklərə olan təhqir və aşağılamalar idi. Deşilən yaradan başqa məsələr də gündəmə gəlirdi: Ana dillərinin yasaqlanması, milli hüquqlarının pozulması, vətəndaşı olduqları ölkədə özgələr kimi dəyərləndirilmələri vs.

2006-cı ilin may ayının 12-də İran qəzetində türklər böcəyə bənzədilərək təhqir edilmişdilər. Bu böcək guya ki insan dilindən anlamır və onun öz ana dilinin qrammatikası da çox çətindir. Ona görə də onların 80 faizi öz dillərində danışmağı bacarmır və başqa dillərdə danışmağa üstünlük verirlər.

“Böcəklərin bizi böcəkləşdirməməsi üçün nə edək” adlı bu karikaturada bir uşaq böcəklə danışır və böcək ona cavab olaraq “nəmənə?” deyirdi. Həmin karikaturanın yanında bir neçə sətirlik yazıda böcəklər və onların dilləri haqqında yazılmışdı.

İllərlə sinələrdə toplanan ayrıseçkilik əzabını tətikləyən bu karlkatura Güney Azərbaycan tarixində böyük bir qiyama səbəb olacaq və milli məsələni bir daha kütləvi şəkildə gündəmə gətirəcəkdi. Güneyin təxminən bütün şəhərlərində etiraz aksiyalarına səbəb olan həmin karikatura, təəssüf ki on minlərlə insanın həbsinə, işgəncəsinə səbəb oldu. Ən azı 11 şəxs birbaşa hədəfli güllə vuruşu nəticəsində dünyasını dəyişdi.

2006-ci ildə baş vermiş qiyamın əhəmiyyəti sonrakı illərdə daha da aydınlaşacaqdı və Güney Azərbaycan tarixində yeni səhifənin açıldığını hər kəsə göstərəcəkdi. Dönüb arxaya baxmaq, 18 il əvvəl yazılan tarixi bir daha vərəqləmək və bir daha düşünmək və düşündürmək adına, həmçinin canını itirən əziz həmvətənlərimizi yad etmək adına “Ətəkyazı” oxucuları ilə o günlərin tarixini ötəri şəkildə paylaşmaq istədik.

Etirazlar hardan başlandı?

2006-ci ilin may ayının 12-də İran qəzetinin uşaqlar və yeniyetmələrə aid olan həftəlik cümə əlavəsi bölməsində “Böcəklərin bizi böcəkləşdirməməsi üçün nə edək” başlığı ilə bir karikatura yayımlandı. Bu karikaturada uşaq bir böcəklə danışır lakin böcək onun dilindən anlamır və cavabında “nəmənə?” deyir.

Həmin karikaturanın yanında isə neçə sətirlik yazı dərc edilmişdi. Onun bir qismi belə idi:

“Bəziləri əvvəldən zorakılığa tərəf getməməyə inanırlar. Heyifdir, elədə dadı qaçar. Deməli əvvəlcə mədəniyyətli şəkildə onlarla masaya oturub danışmalıyıq. Amma problem ordadır ki böcəklər insan dilindən anlamırlar. Böcək dilinin qrammatikası isə o dərəcədə çətindir ki hələ bu günədək heç kim onların dilində hansı fellərin ing götürdüyünü tam bilməyib. Böcəklərin 80 faizi öz dillərini bilmirlər və başqa dillərdə danışmağa üstünlük verirlər.”

Qəzetdə dərc edilənlərdən heç kimin xəbəri olmadığı günlərdə azərbaycanlı tələbələr bu məsələyə diqqət yetirib, ona qarşı reaksiya verdilər. Etiraz edən ilk tələbələr Təbriz və Urmu universitetlərindəki azərbaycanlı tələbələr olub. Qəzet cümə günü çıxmışdı və bundan 3 gün sonra ilk etirazlar başlandı. Tələbələrin etirazları gələcək günlərdəki böyük miqyaslı etiraz aksiyalarının başlamasına səbəb oldu. Tələbələrin reaksiyaları həm də ona görə önəmli idi ki belə bir təhqirin olduğunu kütləyə çatdırdılar.

Təbriz və Urmu universitetləri ilk addımı atırlar

Həmin günlərdə İranın milli futbol komandasına verilən ad da tələbələrin arasında danışılırdı. Verilən ad “Setareqane Pars (Pars yaxud fars ulduzları)” idi. Bu milli adlanan komandanın fars millətinə aid edilməsi və ya İranın yalnız farsların ölkəsi olduğunu demək idi. Eyni halda İranda yaşayan digər etnikləri və millətləri görməzdən gəlmək və ya onların kimliyini inkar etmək demək idi.

Karikatura və milli futbol komandasına verilən ad tələbələrin reaksiyasına səbəb oldu. May ayının 15-ci günündə səhər saat 9-da bir qrup azərbaycanlı tələbə olanlara qarşı etiraz etmək üçün universitet müdirliyindən icazə almaq üçün tələbələrdən imza toplamağa başlayırlar. 3 saat ərzində 3500 tələbə həmin müraciətə imza atırlar.

Az sayda tələbə bu müraciəti müdirliyə vermək üçün yola düşürlər. Lakin müdir onların qarşısına çıxmaqdan imtina edir. Zaman keçdikcə müraciətin nəticəsi üçün gələn tələbələrin sayı artır lakin müdir hələ də onların qarşısına çıxmır. Universitet muhafizəçilərinin başçısı öncə tələbələri təhdid edir lakin cavab almadığı üçün xahiş etməyə başlayır.

Tələbələrin oturaq tətilləri gecəyə qədər uzanır. Onlar müdirin gəlməyəcəyi təqdirdə vilayət valisinin gəlməli olduğunu deyirdilər. Nəhayətdə müdir gəlmir lakin muhafizəçilərin başçısı sözü gedən lisenziyanı alacağına dair söz verir və almadığı təqdirdə vəzifədən çəkiləcəyini bildirir.

23:30-da tələbələr onunla razılaşırlar və sabahkı tətilə hazırlıq üçün otaqlarına qayıdırlar. Həmin gün Urmu universitetində də tələbələr icazə almaq üçün hərəkətə keçirlər və qısa zamanda bu icazəni eldə edirlər. Hər iki universitetdə sabahkı oturaq tətilə hazırlıqlar başlayır.

Etirazlar başlayır

Mayın 16-cı günündə Təbriz və Urmu universitetlərində minlərlə tələbənin iştirakı ilə etirazlar başlayır. Urmu universitetində Əkinçilik fakültəsinin qabağında tələbələrin şüarları eşidilir. Qısa zamanda buraya çox sayda tələbə toplaşır və şüarlar deyilir.  Eyni hadisələr Təbriz universitetində də baş verir və tələbələr universitet ərazisində toplaşıb şüarlar verməyə başlayıblar. Lakin Təbriz universitesində tələbələr amfiteatra keçir və orada danışıqlar aparırlar.

Tələbələrin danışıqları bir çox mövzunu əhatə edirdi. Onlar edilən təhqir, ana dildə təhsil, iqtisadi ayrıseçkilik, milli komandanın adı və digər mövzular haqqında danışırdılar. Eyni halda etiraz edənlər irqçilik, ayrıseçkilik və təhqirlərə qarşı şüarlar səsləndirirdilər. Təbriz və Urmu etirazlarının xəbərləri şəhərlərdə və başqa universitetlərdə dolaşır, xəbərsizləri xəbərdar edir və etirazlarını biruzə verməyənlərin də cürətini artırırdı.

Bu hadisədən sonra başqa azərbaycanlı tələbələr də başqa universitetlərdə etirazlara başlayırlar. Onlar bəyannamələr imzalayır fərqli qurumlara şikayətlərini bildirirdilər. Bunlara nümunə kimi Zəncan, Həmədan, Marağa, Ərdəbil, Tehran universitetlərinin tələbələrin və Tehrandakı digər universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin aksiyalarını və imzatoplama aksiyalarını nümunə göstərmək olar.

Tələbələrin fəaliyyəti qısa zaman ərzində ölkənin bütün ərazisinə yayılır. Bununla da bu aksiyaları qınayanlar  və dəstəkləyənlər də bəlli oldular. Urmu və Təbriz universitetlərinin tələbələrinin etirazlarından sonra İran qəzeti yeni bir yazı ilə xalqı birliyə dəvət edir və düşmənin yaxında olduğunu bildirir. Eyni gün Urmuda satıcılar bu qəzeti satmaqdan imtina edirlər. Başda Təbriz millət vəkili Əkbər Ələmi olmaqla bəzi millət vəkilləri bu təhqirlərə qarşı reaksiya verib qəzetin cavabdehlərindən şikayət edirlər. Ümumiyyətlə həmin gündən başlayaraq fars mediasında azərbaycanlıların bu aksiyaları pislənilir və bəzi hallarda onu dövlətin yaratdığı paralel hərəkat kimi də dəyərləndirənlər olur.

Aksiyalar nəhayət ki şəhərlərə çəkilir və cümə günü (19 may) Urmuda İran qəzetinin binası yandırılır. Başqa şəhərlərdə də kiçik miqyaslı etirazlar olur. Bununla eyni anda İran qəzetinin yeni sayında bir başqa yazı dərc edilir. Bu yazıda isə komik dil ilə etirazları yersiz hesab etdiklərini qeyd edirlər. Bu qəzet cavabdehlərinin peşman olmadıqlarını, daha da irəli getdiklərini göstərirdi. İki gün sonra karikaturaçı Mana Neyestaninin qovulduğu ilə bağlı xəbərlər yayılır. Artıq azərbaycanlı milli fəallar etirazları daha da genişləndirmişdilər. Edilən təhqirlər, ayrıseçkiliklər və digər məsələri şərh edən CD və kitabçalar hazırlanıb xalq arasında paylanırdı. Bütün Azərbaycanda yaranan hərarətli vəziyyət gələcək günlərdə ümumi partlayışın baş verəcəyini göstərirdi.

Sakit vulkan od püskürəcək

Mayın 22-ci gününədək tələbələrin etiraz aksiyaları davam edirdi. 22 may günündə Zəncanda tələbələr etiraza başlayırlar. Daha sonra Zəncan şəhərində aksiya başlayır. Eyni halda Qeydar və Marağa universitetlərində də etiraz aksiyaları olur. Lakin böyük partlayış Təbrizdə baş verəcəkdi.

22 may gününün səhər saatlarında Təbrizdə bütün dükanlar bağlanıb, bütün şəhərə sakitlik çöküb. Lakin bu sakitlik tufandan öncəki sakitlikdir. Təbriz vaxtı iə 16:00-da Rastaküçədə etiraz aksiyaları başlayır. Az müddət ərzində minlərlə insan toplaşır və milli şüarlar səsləndirməyə başlayırlar. Etirazçıların sayı getdikcə çoxalır və polis qüvvələri müdaxiləyə başlayırlar.

Gözyaşardıcı güllələr atılsa da artıq demək olar ki bütün şəhər etirazçılarla dolmuşdu. Şahidlərin dediklərinə əsasən artıq Təbriz savaş meydanına çevrilmişdi. Bəsic, Sepah, Ettelaat, polis kimi qüvvələr etirazçılara atəş açır, lakin bu da onları dayandıra bilmirdi. Etirazçılar da təhlükəsizlik qüvvələrini daşlayır, nadir hallarda onların avtomibllərini yandırır lakin geri çəkilmirdilər. Aksiyalar gecə vaxtlarınadək davam edir.

Həmin gündə Təbrizdə ölənlərin olduğu bildirilir(ən az 4 nəfər) və çox sayda yaralananlar və həbs olunanlar olur. Təbrizdə həbs edilənlərin sayının 1000-i keçdiyi deyilir. Tehrandan yeni repressiv qüvvələrin gəldiyi haqda xəbərlər yayılır. Bu isə aksiyanın tezliklə bitməyəcəyini göstərirdi. Təbriz illər sonra 1979-cu il inqilabı illərində Ayətullah Şəriətmədari tərəfdarlarının aksiyalarından sonra ilk dəfə idi ki belə kütləvi bir aksiyaya şahidlik edirdi.

Qalx ayağa vətəndaş, Təbrizdə öldü qardaş

Təbrizdə baş verənlər ildırım kimi yayılır və ölkə səviyyəsində fövqəladə vəziyyətin yarandığını göstərirdi. Təbrizdə yüksələn qanlı qiyamın sabahı İran qəzetinin nəşri dayandırıldı və karikaturaçı Mana Neyestani həbs edildi. Eyni halda rəsmi xəbər agentlikləri və bəzi cavabdeh şəxslər etirazların eşidildiyini və bundan sonra qanun yolu ilə öz həllini tapacağını deyirdilər. Lakin səpilən su odu daha da alovlandırır və Azərbaycanın şəhərlərində yeni etiraz aksiyalarına səbəb olurdu.

Mayın 23-cü günü Marağada başlayan aksiya ilə işıqlandı. Şəhər aksiyaları ilə birgə universitetdə də oturaq tətil var idi. Eyni halda Tehranın Əllamə və Xace Nəsir universitetlərində də tələbələr etirazlara başlamışdılar. Qoşaçay şəhəri də həmin gün etiraz aksiyalarına qoşulur. Daha Sonra isə Mərənddə milli şüarlar səsləndirilir. Lakin bu günə möhürü Urmu vuracaqdı.

Günorta vaxtlarında Urmu valisi televiziyadan xalqa müraciətində vətəndaşlardan evdə qalmalarını istəyib, separatçı və pantürk qrupların oyunlarına gəəlməmələrini istəmişdi. Şəhərin bütün yolları bağlanıb, hər yer təhlükəsizlik qüvvələri ilə doldurulmuşdu. Lakin saat 17:00-da minlərlə insan xiyabanlarda şüarlar səsləndirərək valilik binasına doğru hərəkət edirdilər. On minlərlə insanın iştirakı ilə gerçəkləşən bu aksiya təhlükəsizlik qüvvələrinin bütün səddlərini aşır və valilik binasına çatır. Həmin vaxt Qərbi Azərbaycan vilayətinin valisi ilə Urmu cümə imamı xalqa yazılı müraciət edirlər və bununla da etirazları yatırtmağa çalışırlar lakin onların bu addımı müvəffəqiyyətli olmur.

Etirazçılar İran qəzetinin Urmudakı binasını darmadağın edib, onun lövhəsini yandırırlar. Daha sonra radio və televiziya mərkəzi binasını əllərinə keçirirlər. Polis gücləri atəş açmağa başlayırlar və nəticədə çox sayda insan yaralanır və ən azı 2 şəxs öldürülür. “Qalx ayağa vətəndaş, Təbrizdə öldü qardaş” ,“Haray haray mən türkəm”, ”Ölüm olsun faşistə” kimi şüarlarla Urmu böyük miqyasda ikinci aksiyanı gerçəkləşdirdi.

Haray haray mən türkəm

Sönmək bilməyən od Azərbaycanın bütün şəhərlərini əhatələyib, ölkə səviyyəsində böhrana çevrilir. Tehranda ölkənin yüksək səviyyəli cavabdehlərinin iştirakı ilə bir konfrans keçirilir. Bu konfransda iştirak edənlərin içində Haşimi Rəfsəncani, Bahünər, Şəmxani və Yünesi kimi şəxslərin adı görünür. Mədəniyyət çeşidliliyi və milli birlik adı ilə qurulan bu konfransda separatçıların dünyanın super gücləri tərəfindən himayə edildiyi və doldurulduğu danışılır.

Azərbaycan cavabdehləri arasında isə Təbriz millət vəkili Əkbər Ələmi ikinci dəfə İran qəzetini və ölkədəki ayrıseçkilik siyasətini tənqid edərək çıxış edir. Ümumiyyətlə azərbaycanlı cavabdehlərin arasında aksiyalarda xalqı dəstəkləyən ilk və son ad Əkbər Ələminin adı olur.

Urmu, Ərdəbil, Təbriz və hardasa güneyin bütün şəhərləri qarnizon vəziyyətinə çevrilir. Tanınmış bir çox milli fəal həbs edilib, bəziləri isə təhdid edilirlər. Mərənddə dövlət adamlarının iştirakı ilə nümayişkaranə bir aksiya təşkil edilir. Lakin yerli əhali nümayişi pozaraq onu kütləvi etiraz aksiyasına çevirirlər. Həmin tip bir başqa aksiya isə Təbrizdə planlaşdırılır. Lakin kimsə ona qatılmır və dövlət işçilərindən ibarət kiçik bir aksiya baş tutur.

Təbriz şəhidlərinin ölümünün 3-cü gününün xatirəsinə Tehran və Ərdəbil universitetlərində mərasimlər təşkil edilir və minlərlə tələbə həmin mərasimlərdə iştirak edirlər. Həmin gün Sulduz Universitetində tələbələrin oturaq tətili planlaşdırılmışdı. Şəhər əhalisi də həmin tətilə qatılır lakin daha sonra aksiya şəhərə yayılır. Sulduz qubernatoru sabah üçün kütləvi oturaq tətilə icazə veriləcəyini deyir. Lakin bu yalan Sulduz tarixində silinməyəcək olan qanlı qiyama səbəb olur.

Sulduz qiyamı

Sabah sözü verilən icazənin verilmədiyini və aksiya təşkil edənlərlə sərt şəkildə davranıldığı haqda xəbər  yayılır. Sulduz əhalisi vəd edilən yerə toplaşır və təhlükəsizlik qüvvələri ilə toqquşub onları geri oturdurlar. Qubernator etirazları nümayişkaranə bir aksiyaya çevirmək üçün öz şüarları ilə etirazçılara yaxınlaşır. Az sayda məktəb şagirdi qubernatorun dünənki yalanı və saxta şüarı üçün onu döyürlər. Etiraz edənlər valiliyin binasının qarşısına gedir və orada şüarlar səsləndirməyə başlayırlar. Lakin həmin yer qanizon şəklində idarə edilirdi.

Polis gücləri ilə etirazçılar arasında gərgin vəziyyət yaranır və sonda etirazçıların üzərinə atəş açılır. Yalın əllərlə dirənən Sulduz əhalisi ilə təhlükəsizlik qüvvələri arasında döyüş başlayır. Sonralar Şəhidlər meydanı adı ilə tanınacaq olan yerdə insanlar gülləyə tutulur və ən az 500 nəfər ağır yaralar alır. 4 nəfər isə şəhid olur.

Həmin gün Xiyav şəhərindəki aksiyalarda isə bir başqa şəxs güllə atışı nəticəsində şəhid olur. Sulduz sabah da aksiyaya başlayır və şəhər yenə də savaş meydanına çevrilir. Makı, Tarım və Miyana şəhərləri də aksiyalara qatılırlar. Tələbələrin etirazları ilə başlanan etirazlar artıq şəhidlərin qanı ilə rənglənib Azərbaycan tarixində önəmli qiyama çevrilmişdi.

Mayın 27-ci günü Sulduz şəhərində çölə çıxmağa qadağa qoyulur və bütün şəhər polis gücləri əlində idarə edilir. Tehranın Rəcayi universitetindəki Azərbaycanlı tələbələr isə şəhidlər naminə oturaq tətilə başlayırlar. Həmin gün Ərdəbil şəhərində on minlərlə azərbaycanlının iştiraki ilə aksiyalar davam edir. Ərdəbildə polis qüvvələri ilə etirazçılar arasında toqquşma başlayır və etirazçılara yenə də atəş açılır. Çox sayda insan ağır yaralanır və ən azı 150 nəfər həbs edilir. Tanınmış milli fəal Abbas Lisanini də həbs etmək istəyən polis güclərinin qarşısını etirazçılar alır və Abbas Lisaninin həbsinə mane olurlar.

Mayın 28-ci günü bir çox azərbaycanlı fəal, o cümlədən Qulamrza Əmani həbs edilir. Eyni halda fəalların Tehranda parlament qabağında aksiyaya başlayacaqları ilə bağlı xəbərlər yayılır. Polis parlamentin qabağına gedən yolları bağlayır və aksiya Bəharestan metro stansiyasının qabağında təşkil olunur. Sərt şəkildə dağıdılan bu aksiyada isə çox sayda insan yaralanır və ya həbs edilir. Həmin gün Təbrizdə də etiraz aksiyaları olur lakin yenə də etirazçılara atəş açılaraq aksiyalar dağıdılır.

Son söz

2006-cı il boyunca azərbaycanlıların müxtəlif səbəblərə görə aksiyaları davam edir. Babək qalası, Məşrutə hərəkatının ildönümü, yeni prezident Əhmədinejadın Azərbaycan şəhərlərinə səfərləri, sentyabr ayının 23-ü(Mehr ayının biri) məktəblərin açılması, 21 Azər hərəkatının ildönümü və 21 fevral Dünya Ana Dili Günü münasibətilə yenidən aksiyalar təşkil olunub. Bu isə 85 günəş ilində təxminən 1 il boyuca Güney Azərbaycanda etiraz əhval ruhiyyəsi davam etdiyini və ona görə da daha çox təsirli olduğunu bildirir.

2007, 2008 və 2009-cu illərdə bu qiyamın ildönümləri qeyd edilir və yenə də çox sayda milli fəal həbs edilir. Hazırda da may etirazları azərbaycanlı fəallar tərəfindən hörmətlə yad edilir və şəhidlərin xatirəsi əziz tutulur.

Azərbaycanlı tələbələrin başladığı bu qiyam Güney Azərbaycan milli hərəkatının zirvə nöqtəsi kimi tanınır. 2006-ci ilin qiyamı İranın siyası zonasında Azərbaycanın hesabını açıq şəkildə ayırır və gələcək illərdə Azərbaycanın özünəməxsus istiqamətdə yol getməsinə gətirib çıxarır. Bu qiyamda minlərlə insan həbs edilir, yüzlərlə insan ağır yaralanır və ən azı 11 şəxs öldürülür. Eyni halda bu qiyamdan sonra Azərbaycan məsələsi insan haqları təşkilatları tərəfindən daha yaxından təqib edilməyə başlayır.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.