Azərbaycanlı nəşriyyatçılar Təbriz kitab sərgisinə buraxılmayacaqlar

Google+ Pinterest LinkedIn Tumblr +

Təbrizdə keçiriləcək kitab sərgisində naşirlərin müstəqil girişinə qadağa qoyulub. Yeni qaydaya görə bütün işlər “Xaneye Ketab” adlı dövlət qurumun öhdəliyinə verilib. Sərgidə iştirak etmək istəyən nəşriyatçılar və ya yayın evləri əvvəlcədən kitablarının siyahısını bu quruma göndərib, onların təsdiqindən sonra sərgiyə buraxılacaqlar.

“Xaneye Ketab”, “İrşad” idarəsinin nəzarəti altında çalışan bir qurumdur. Yeni sistemdə kitab sərgisi tamamilə bu qurumun nəzarətinə verilib. Bu dəyişikliyi yenilik kimi qələmə versələr də, azərbaycanlı nəşriyatçılar və yazıçılar bunu senzuranın başqa forması kimi dəyərləndirib, qurumun əsas məqsədinin onların fəaliyyətini məhdudlaşdırmaq olduğunu deyirlər.

İranda nəşriyyatçılıq eləcə də mədəniyyət sahəsinin başqa istiqamətləri İrşad idarəsinin nəzarətindədir. İrşad nazirliyi dövlət siyasətləri və dini çərçivələr kimi ölçülərlə mədəniyyət sahəsindəki fəaliyyətləri məhdudlaşdırır. Sərhədsiz Reportyorlar təşkilatının son hesabatına əsasən İran senzura sahəsində dünyada ən pis vəziyyəti olan dördüncü ölkədir.

Bu vəziyyət xüsusilə azlıqların yaşadığı regionlarda daha pis olur. Azərbaycanlı nəşriyyatçıların Azərbaycan türkcəsində çap etdikləri kitablar ölkədə var olan ümumi senzuradan başqa həm də yazı dilinə görə də sıxışdırılır.

İki dəfə senzura, çapda və satışda

Təbrizdə kitab sərgisi hər ilin oktyabr və ya noyabr aylarında gerçəkləşir. Bu il isə 8 noyabr tarixindən 5 gün boyunca həyata keçiriləcək. Bu il İrşad nazirliyi tədbirin tamamilə “Xaneye Ketab” tərəfindən keçiriləcəyini bildirilib. Yeni sistemin ilk dəfə Təbrizdə sınaqdan çıxarılacağı, gələn ildən isə bütün ölkədə tətbiq olunacağı bildirilib.

Yeni qaydaya görə kitablar əvvəlcə olduğu kimi nəşriyyatçılara ayrılmış köşklərdə deyil, mövzulara ayrılmış köşklərdə iştirakçılara təqdim olunacaq. Bu isə nəşriytatçıların müstəqil olmaması deməkdir. Belə ki bu qaydaya görə nəşriyyatçılar kitab köşklərindən kənarda qalacaqlar. Üstəlik də onlar kitabdan əldə olunan gəliri bir ay sonra əldə biləcəklər.

Azərbaycanlı yazıçı Rüqəyyə Kəbiri instaqram səhifəsində bu məsələyə münasibət bildirib. O deyib ki bu iş nəşriyyatçıların istiqlalını zədələyir və kitabları İrşad senzurasından sonra ikinci dəfə senzuraya məruz qoyur. Buna etiraz olaraq bəzi azərbaycanlı nəşriyyatçılar sərgiyə qatılmayacaqlarını bildiriblər. Buta yayın evi onlardan biridir. Məhəmməd Sübhdil Buta yayın evinin sahibi instaqram səhifəsində sərginin yeni üsulla təşkilinin oxucu ilə nəşriyyatçının məsafəsinin daha da çoxaltdığını deyir. O həm də bu qaydanı can üstə olan kitab nəşri sənətinə vurulan son balta kimi dəyərləndirib.

İranda kitab senzurası

İranda kitab senzurası çox əhəmiyyətli məsələdir. Yazılan hər kitab oxucudan əvvəl İslami Fərhəng və İrşad nazirliyinin yoxlamasından keçirilir. Ölkənin dini, siyasi və əxlaqi dəyərlərinə zidd tanınan bölmələr çapdan əvvəl silinir və yaxud da kitaba lazımi dəyişikliklər edilir. Bu sistem dünyada hardasa bütünlüklə ortadan qalxıb lakin İran dövləti ciddiyyətlə bu siyasəti davam etdirir. Sərhədsiz Reportyorlar təşkilatının son hesabatında İran ən ağır senzura siyasətləri yeridən ölkələrdən biridir.

Kitab senzurası səddini aşmaq azlıq qruplar üçün daha da çətin olur. Bəzi dini azlıqların inancları azlıq dini inanclar kimi dövlət tərəfindən qəbul edilmir. Nəticədə onların ifadə azadlığı və ya başqa azadlıqları dövlət ideologiyasına qarşı təhlükə kimi görülür. Qəbul edilən azlıqların isə kitab çap etmə haqları olduqca məhduddur. Bu etnik azlıqlar və onların dilləri üçün də keçərlidir. Azərbaycanda türkcə (azərbaycanca) kitap çapını buna nümunə kimi göstərmək olar.

İranda azərbaycanlıların Azərbaycan türkcəsində kitab çap etmələri çox çətinliklərlə olur. Azərbaycanlı nəşriyyatçılar bunu dəfələrlə dilə gətiriblər. İrşad nazirliyi ölkədə senzuraya əlavə olaraq Azərbaycan dilində uazılan kitabları yazıldıqları dilə görə çətin vəziyyətə salır. Nazirliyin təzyiqi ilə yazılan kitablar standart Azərbaycan türkcəsində deyil Təbriz ləhcəsilə yazılmalıdır. Buna görə də Azərbaycan türkcəsində olan bir çox sözləri xarici söz kimi qeydə alıb silinməsini istəyirlər. Eyni halda mədəniyyət sahəsində yazılan yazılar da “separatçılıq” ittihamı ilə damğalanır.

Parlaq qələm yayın evinin baş redaktoru Bəhram Sürgün “Yazeco” xəbər agentliyinə verdiyi məlumatda Azərbaycan türkcəsində çalışan nəşriyyatçıların cavabdeh qurumlar tərəfindən qəsdən diqqətdən uzaq saxlanıldıqlarını bildirmişdi. O həm də Azərbaycan türkcəsində fəaliyyət göstərən nəşriyyatçıların dövlət tərəfindən dəstəklənmədiklərini, boş bəhanələrlə bezdirildiklərini söyləyib. Son layihə isə bu əziyyətlərin başqa nümunəsi kimi görünür.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.