Babək Qalası Qurultayı adı ilə tanınan hərəkat güneydə illər boyunca azərbaycanlıların Kəleybər şəhərinin yaxınlığında yerləşən Babək qalasına (başqa adı Bəz qalası) toplaşmalarına verilən addır. 1979-cu il inqilabından sonra güneydə kütləviləşməkdə olan milli hərəkatın başlanğıc nöqtəsi sayılan bu qurultay, əvvəlki illərdə olduğu kimi olmasa da, hələ də davam edir. Lakin ilk başlanan illərdə bu qurultay başqa ab hava ilə keçirilirdi.
Qurulan ilk Babək Qalası Qurultayından 42 il keçir. İran-İraq savaşı boyunca rəngsizləşən bu hərəkat daha sonra hər il daha çox insanın iştirakı ilə kütləviləşib. Bu qurultayı tərtib edən şəxslər, orada iştirak edənlərın bəziləri artıq dünyalarını dəyişiblər. Lakin o günlərin xatirələri və gələcək günlərdəki təsiri hələ də mübahisələrə səbəb olur. Eyni halda Babək Qalası Qurultayı yaxın tariximizdə böyük bir proseesin başlama nöqtəsi kimi görünür. Ona görə də tariximizi unutmamaq və gələcək günlər üçün daha effektiv addımlar atmaq üçün həmin illərə qayıdırıq.
Bu qurultay haradan başlandı? Hansı səbəblərə görə belə bir qurultay təşkil edildi? Hazırda onun ortadan qalxması və ya daha zəif şəkildə gerçəkləşməsinə nələr səbəb oldu? Bu yazıda Babək Qalası Qurultayının tarixinə, onun yaranma səbəblərinə, güneydə gedən milli oyanış prosesinə təsirləri barədə danışacağıq.
Babək Qalası Qurultayı necə yarandı?
Birinci və ikinci Pəhləvi dövrləri arasında yaranan Milli Hökumət Güney Azərbaycanda milli tələblərin ən yüksək səviyyədə səsələnməsi sayılır. Lakin nəhayətdə Milli Hökumət yıxılır və bununla da Azərbaycanda təxminən 30 il ərzində milli tələblər kütləvi formada səslənmir.
İnqilab illərində yaranmış nisbi azadlıq atmosferində kəsilən ağaclar yenə çiçəklənməyə başladılar. Qadağan edilmiş türk dili yenidən kütlənin şüar dilinə çevrildi. Lakin inqilabın yaratdığı fırtına hər şeyi təsiri altına almışdı. Yəqin ki bu fırtına sakitləşəcək və açılan çiçəklər meyvə verəcəkdilər.
İnqilabin qələbəsindən təxminən bir il yarım sonra ilk Babək Qalası Qurultayı təşkil edilir. Müəyyən hədəf uğrunda qalaya çıxan şəxslər, tanınmış alim Məhəmmədtağı Zehtabi və yoldaşları olublar. Lakin bu adi bir dağçılıq deyil, böyük bir hərəkatın toxumunun əkildiyi ilk addım idi. Professor Zehtabinin bu qurultayın banisi olması güneydə milli fəallar arasında qəbul edilmiş faktdır.
Qeyd edildiyi kimi inqilabın fırtınası azaldıqca milli tələblər yenidən gündəmə gəlirdi. Lakin onu başlamaq, kütləyə yaymaq yolları önəmli idi. Elə Pəhləvilər dövründə də az sayda itellektual milli tələblər barəsində yazır və yaxud danışırdı. İnqilab illərində azərbaycanlı yazıçılar yenidən aktivləşmişdilər. Ancaq hələ ki kütlə ilə yaxın əlaqə yolları qurulmamışdı.
1980-ci ilin iyun ayında qurulan ilk qurultayda başda prof. Zehtabi olmaqla az sayda onun yaxın yoldaşları qalaya çıxırlar. Güneyli jurnalist hesab edir ki Babək Qalası Qurultayları kütlə ilə elitanın qovuşdururdu. Deməli ilk qurucular Babək Qalasını kütlə ilə yaxından əlaqələnmək üçün seçiblər.
İslami dövlət başqa bir gərgin vəziyyət yaratmışdı. Həmin illərdən 8 illik İran-İraq savaşı başlayır və ölkə səviyyəsində yenidən fövqəladə vəziyyət yaranır. Həmin vaxtlar Zehtabi də həbs edilir və qala qurultayı davam etmir. Bir də 10 ildən sonra qurultaya yenidən davam ediləcəkdi.
Daş atmaq ilə kimsə onun qarşısını ala bilmir
İnqilabın yaratdığı fırtına sakitləşdikcə yeni dövlətin siyasəti daha da aydınlaşırdı. Pəhləvilər dövründə yeridilən şovinist siyasət yenidən rəsmi qurumların ana siyasət xəttinə çevrilirdi. Milli hüquqlar yenidən əzilir və fars mədəniyyəti ölkə mədəniyyəti kimi təqdim edilirdi.
Toxunulması vacib olan məqam isə 1990-cı illərdə Quzey Azərbaycanda Milli Azadlıq Hərəkatının yenidən canlanması və bununla da erməni silahlı quruplarının dinc Azərbaycan vətəndaşlarına qarşı vəhşi hücumlarıdır. Bu vəziyyət fərqli formatlarda güneydə də öz əksini tapırdı.
İranda isə zaman keçdikcə milli tələbləri səsləndirən tribunlar boğulurdu. Azərbaycanlı intellektuallar və milli fəallar kütlə ilə əlaqəyə girmək üçün fərqli siniflər, mühazirələr təşkil edirdilər. Zehtabinin və başqa alimlərin dil, tarix və digər mühazirələrini buna nümunə kimi göstərmək mümkündür. Lakin daha böyük kütləyə yol tapmaq üçün onlar yetərsiz idi. Bu istiqamətdə qala böyük bir tribuna kimi önəmli idi.
1990-cı illərdə Babək Qalası Qurultayı yenidən keçitilit. Bu qurultay tir ayının ikinci cümə və cümə axşamları Babək Xürrəminin ad günü ilə bərabər gerçəkləşir. Babək Xürrəminin ad günü iyulun biridir. (tir ayının 10-dur)
1991-ci ildə Qala Qurultayları 10 illik sükutundan sonra yenidən bərpa olur. Qurultayı bərpa edən yenə də onu ilk dəfə təşkil edən Zehtabi və onun kimi yaşlı milli fəallar olur. Zaman keçdikcə bu qurultay kütləviləşir və Azərbycanın bütün şəhərlərindən qalaya gedənlərin sayı artır.
1991-ci ildən 2006-cı ilədək olan 15 illik zaman qala qurultaylarının ən təntənəli illəri olub. Müəyyən edilmiş vaxta Kəleybərə doğru axan kütlənin qarşısını almaq hardasa imkansız idi. Polis qüvvələri yollara postlar qurur, böyük kütləninin cəmləşməsinə maneə yardırdı. Tanınmış milli fəallar qurultaydan qabaq həbs və ya təhdid edilirlər. Çox sayda insan qurultaydan qabaq və sonra həbs edilirdilər. Lakin artıq heç nə onları dayandıra bilmirdi.
Qeyd edildiyi kimi qala qurultayında xeyli sayda mərasimlər keçirilirdi. Əksər hallarda keçirilən mərasimlər mədəniyyət kontekstində idi. Rəqs, şeir, musiqi vs. Lakin miili fəalların xalq ilə danışmaları ən vacib məqamlardan hesab edilir. Bu danışıqlarda ana dilində təhsil haqqı, ölkədəki ayrıseçkilik, Qarabağ məsələsi çox təkrarlanan ana məsələlətdən sayılır. Nəticədə milli söyləm böyük səviyyədə kütləviləşir, qurultayda cəmiyyətə səslənirdilər.
Hansı Babək və niyə Babək?
Güneydə milli hərəkat içərisində Babək Xürrəmi və onun adı ilə tanınan Bəzz qalası xüsusi əhəmiyyətə malikdir. Bu mövqeyin xalq arasında da mənimsənməsi yəqin ki qala qurultayları nəticəsində baş verib. Lakin qurultayın qurucularının onu seçmələri hansı səbəbə görə olub?
İranda tarix elmində fars olmayan tarixi şəxslər özləri ilə ikilik daşıyırlar. Onların əslində ən azı iki kimlikləri var: biri dövlət institutları və fars tarixçiliyinin dəstəklədiyi kimlik, digəri isə həmin şəxsin aid olduğu etnik və millətin verdiyi və tanıdığı kimlikdir. Rəsmi tarixçilik onu xain hesab edirsə, fars olmayan millətlərin tarixçiliyi onu milli qəhrəman hesablayır və öz milləti arasında sevilməyənlər isə əksər hallarda iran tarixçiliyinin dürdanəsinə çevrilir.
Ən az iki kimliyə malik olan tarixi şəxslərin biri də Babək Xürrəmidir. O İran tarixçiliyində ərəb və islam qarşısında İranı qorumaq istəyən qəhrəman, Azərbaycan tarixçiliyində isə daha çox müstəmləkəçilərin qarşısında duran Azərbaycan oğludur.
Babək Qalası Qurultaylarının qurucuları Azərbaycan rəvayəti ilə Babəki önə sürərək, dominant tarixçiliyin qarşısına çıxıblar. Eyni halda onlar Babəki ərəb və islam düşməni kimi yox, yalnız vətəni qoruyan qəhrəman kimi təqdim ediblər.
Babək qalasının seçilməsində başqa məqamlar da ola bilər. Lakin nəticə etibarı ilə Babək Xürrəmi Azərbaycan və İran rəvayətlərini ayıran ən bariz şəxs kimi ortadadır.
Qurultay niyə rəngsizləşir və hazırkı vəziyyəti
Babək Qalası Qurultayı təxminən 15 il təntənə ilə baş tutub. 2006-cı ildə isə qalaya gedən bütün yollar polis qüvvələri tərəfindən bağlandıqca, qalaya yüksəlmək imkansız olur. Bir il əvvəl də ağır tədbirlər keçirilib lakin nəhayətdə qalaya yüksələnlər sərhədləri aşıb keçiblər. Lakin bu il sıra xiyabanlarda idi.
Həmin ildə güneydə yüz minlərin iştirakı ilə etiraz aksiyaları gerçəkləşmişdi. Ən azı 12 şəx güllə vuruşu nəticəsinə canını itirib, çox sayda insan isə həbsdə idi. 2006-cı ildən başlayaraq qala qurultayı rəngsizləşir.
2006-cı ilin etiraz aksiyaları dövlətə də millətə də geniş təsirlər buraxır. İllərlə toplaşan əzablar bomba kimi patlayıb, ardınca isə ağır sakitlik gətirir. Daha sonrakı illərdə isə kiçik miqyaslı aksiyalar edilir. Ən vacib məqam isə Traxtur futbol komandasının ölkənin yüksək liqasına gəlməsi idi. Traxturun yüksək liqada oynaması, milli hərəkatı da yaşıl meydançalara sarı yönləndirdi.
Daha sonrakı illərdə isə sosial mediyanın yayğınlaşması ilə hər şəxs bir tribunaya çevrildi. Bununla da qurultayların faktiki olaraq gözlənilən funksiyası ortadan qalxdı. Hazırda da qeyd edildiyi tarixdə qurultay təşkil edilir lakin əvəlki illərlə müqayisə edilə biləcək səviyyədə olmur.