Balkanlaşma nədir?

Google+ Pinterest LinkedIn Tumblr +

Bu məqalə Robert Longley tərəfindən 2012-ci ilin iyun ayının 28-da “ThoughtCo” saytında dərc edilib və “Ətəkyazı” tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.

Balkanlaşma daha böyük bir suveren dövlətin və ya bölgənin, daha kiçik, ümumiyyətlə etnik cəhətdən oxşar olan bölgələrə və ya dövlətlərə bölünməsini və ya parçalanmasını təsvir etmək üçün istifadə edilən bir termindir. İlk dəfə 19-cu əsrin əvvəllərində istifadə edilən bu termin, demək olar ki hardasa tamamilə Osmanlı İmperiyası tərəfindən idarə olunan Balkan yarımadasının 1817-1912-ci illər arasında bir neçə kiçik dövlətə parçalanmasından irəli gəlir. I dünya müharibəsindən sonra, Avstriya-Macarıstan İmperiyası və Osmanlı İmperiyasının dağılmasından yaranan bir çox yeni dövlətlər haqqında işlənməyə başladı. Adətən etnik mənsubiyyət, mədəniyyət və din fərqlərindən qaynaqlansa da, belə parçalanmalar millətçilik, müstəqillik, imperializm və müstəmləkəçilik müxalifi kimi digər regional siyasi hərəkatlarla da üst-üstə düşə bilər.

Tarix və mənşəyi

İslami idarəçilik altında yaşayan və dünya tarixinin ən güclü və ən uzunömürlü sülalələrindən biri olan Osmanlı İmperiyası 600 ildən çox Yaxın Şərq, Şərqi Avropa və Şimali Afrikanın geniş ərazilərində hökmranlıq etdi. Tarix boyu Osmanlı əraziləri siyasi və iqtisadi cəhətdən Avropa ilə bağlı olmuşdur. Osmanlılar sənət, elm və tibb sahəsindəki nailiyyətləri ilə tanınırdılar. Osmanlı İmperiyası dillərin və dinlərin mozaikası idi və onun dramatik modernləşmə prosesi təkcə imperiyanın türk hissəsinə deyil, digər yerlərdəki müsəlman cəmiyyətlərinə də təsir etdi. Əsrlər boyu Osmanlının idarə etdiyi Balkan yarımadası, demək olar ki, Avropada müxtəlif dinlərə, etnik mənşələrə və mədəniyyətlərə tolerantlıq ənənəsi olan yeganə bölgə idi. Qərbi avropalılar Osmanlı imperiyasını ümumiyyətlə bir təhlükə kimi qiymətləndirsələr də, bir çox tarixçilər onu regionda sabitlik və təhlükəsizlik mənbəyi kimi qiymətləndirirlər.

Osmanlı İmperiyasının parçalanması balkanlaşma termini ortaya atılmadan əsrlər əvvəl başlamışdır. 1580-ci illərdə Rus-Türk müharibələrinin başlamasından sonra Osmanlı İmperiyasının vəziyyəti sürətlə pisləşməyə başladı. 1853-1856-cı illərdə gedən Krım müharibəsi imperiyanı daha da zəiflətdi. Paris Konqresi 1856-cı ildə Osmanlı İmperatorluğunun müstəqilliyini tanısa da, o bir Avropa gücü olaraq öz təsirini itirməkdə idi.

1800-cü illərin sonunda bir neçə üsyan nəticəsində Osmanlı İmperiyası ərazilərini itirməyə davam etdi. 1912 və 1913-cü illər Balkan müharibələri ilə birlikdə türk millətçilərinin üsyanları imperiyanın ərazisini daha da kiçildərək qeyri-sabitliyi artırmış, imperiyaya qarşı beynəlxalq mənfi baxış yaratmışdır. Osmanlı İmperiyası I Dünya Müharibəsinin sonunda, Sevr müqaviləsi ilə Osmanlı ərazisinin böyük bir hissəsini Fransa, Böyük Britaniya, Yunanıstan və İtaliyaya verməsi, həmçinin Osmanlı İmperiyası tərkibində böyük işğal bölgələri yaratması ilə rəsmi olaraq sona çatdı.

Üçüncü tərəf bir suveren dövləti tərəfindən himayə edildikdə və ya təşviq edildikdə, Osmanlı İmperiyasında olduğu kimi parçalanmalar ümumiyyətlə mənfi şəkildə balkanlaşma adlandırılır. Bu mənfi baxış üçüncü tərəf dövlətin təcavüzkar siyasi “müdaxilə” və ya müdaxiləçilik ittihamı kimi qiymətləndirilə bilər. Bu termin həm də tez-tez status-kvonun saxlanmasında maraqlı olan üçüncü tərəf dövlətlər tərəfindən döyüşkən və ya nəzarətsiz regionalizmin pislənməsi kimi də istifadə olunur. Geopolitoloq və yazıçı Mişel Fuçer balkanlaşmanı “xarici güclərin (Rusiya, Avstriya-Macarıstan, Almaniya, Fransa və Böyük Britaniya) öz maraq dairələrinin qorunmasına və ya yaradılmasına yönəlmiş daimi müdaxiləsi” kimi tərif etmişdir. Məsələn, 1990-cı illərdə Rusiya və Yuqoslaviya Çeçenistanda və etnik cəhətdən alban olan Kosovo vilayətində müstəqillik hərəkatlarını yatırtmaq cəhdlərində güc tətbiq etdilər.

Bu gün Balkanlar və balkanlaşma termini tez-tez çoxmillətli dövlətlərin parçalanması və onların diktaturaya, etnik təmizləməyə və vətəndaş müharibəsinə çevrilməsi üçün eponim kimi istifadə olunur. Bununla belə, bu təcrübənin qərəzli yanlış təfsir potensialı ilə dolu olduğu sübut edilmişdir. Bir çox tarixçinin qeyd etdiyi kimi, balkanlaşma imperialist xarici güclər tərəfindən beynəlxalq diqqəti öz etnik olaraq bölücü nəzarət siyasətlərindən yayındırmaq üçün tez-tez istifadə olunan termindir.

Məsələn, bolqar tarixçisi və filosofu Mariya Todorovanın 1997-ci ildə yazdığı “Balkanları təsəvvür etmək” kitabında qeyd etdiyi kimi, “Balkanlar və balkanlaşma ilə bağlı qərəz və stereotiplərdən biri Qərbi Avropanın nisbi günahsızlığıdır və bu, XX əsrdə Balkanlar haqqında baş verən bütün qəza və səhvlərin məsuliyyətini Osmanlı mirasına və Türkiyəyə yükləməsidir”.

Avropanın tarixi və sosioloji simasını təsvir edərkən bəzi ekspertlər “başqa” mədəniyyətləri “şərqli, sağı solu bəlli olmayan, təhlükəli, xaotik, çirkin, tənbəl, primitiv, qəddar, eqoist və əməkdaşlıq etməyən” kimi təyin etmək üçün “Balkan”dan alçaldıcı şəkildə istifadə ediblər. Bununla belə, tarixi sənədlər bunun əvəzinə region xalqları arasında tolerantlığın, əməkdaşlığın və zəhmətkeşliyin mövcud olduğunu sübut edir.

Ayrılıqlar, millətçilik və müstəmləkəçilik

Bəlkə də bunları “fəaliyyətdə olan balkanlaşma” kimi ümumiləşdirməkdənsə, bir çox şiddətli parçalanmalar müasir dövrdə millətçiliyin müstəmləkəçiliyə qarşı çıxması ilə əlaqələndirilə bilər.

Balkanlaşma Balkanlardan başqa yerlərdə, o cümlədən 1950 və 1960-cı illərdə Afrikada Britaniya və Fransa müstəmləkə imperiyalarının dağılmasından sonra şiddətli parçalanmalar da daxil olmaqla baş verdi. Balkanlaşma tez-tez etnik zəmində belə şiddətli parçalanmalarda günahkar hesab edilir. Amma sual olaraq soruşmaq olar ki əgər müstəmləkəçilik əvvəlcə daha güclü dövlətlərə öz sərhədlərini yaratmağa icazə verməsəydi, bu şiddətli münaqişələrin yarısı belə baş verə bilərdimi? və ya əgər bəzi hallarda onsuz da öz millətlərini qurmuş olan etnik qruplar, müstəmləkəçi dünya güclərinə daha yaxşı xidmət edən sərhədlər daxilində məcbur edilməsəydi?

Məsələn bu gün mövcud olan Afrika, müstəmləkəçiliyin millətçi rəddindən çox bir balkanlaşma nümunəsidir. Belə ki (mövcud sərhədlər) imperialist Avropa güclərinin etnik mənşəyinə, mədəniyyətinə və ya dininə baxmadan Afrikanı bölmə tamahkarlıqları ilə xarakterize olunur.

1963-cü ildə yaradılan Afrika Birliyi Təşkilatı (AAU), Avropanın müstəmləkəsizləşdirmək prosesini sürətləndirmək və bir neçə yeni dövlət üçün müstəqillik əldə etmək istəyən bir çox Afrika liderlərindən ibarət idi. Tənqidçilər, OAU-nun Afrika vətəndaşlarının hüquq və azadlıqlarını öz siyasi liderlərindən qorumaq üçün çox az iş gördüyünü müdafiə edir və tez-tez onu “Diktatorlar Klubu” olaraq adlandırırdılar. Geniş yayılmış iğtişaşlar zamanı 2002-ci ildə OAU, 53 dövlətdən ibarət Afrika Birliyi ilə əvəz edildi.

2009-cu ilin fevral ayında Afrika Birliyinin yeni seçilmiş sədri, Liviya prezidenti Müəmmər Qəddafi toplanmış Afrika liderlərinə dedi: “Mən suveren ölkələrimizin Afrika Birləşmiş dövlətlərinə nail olmaq üçün çalışmalarında təkid etməyə davam edəcəyəm.” Qəddafi həmçinin qeyd edib ki, təklif olunan Afrika Birləşmiş dövlətləri nəhayət qərbə doğru Karib hövzəsi və böyük Afrika diasporunun yaşadığı digər yaxın adalara qədər uzana bilər.

Qəddafi bu hərəkatda iştirakı və digər Afrika liderlərindən bu ideyaya dəstək ala bilmədiyi üçün sərt tənqidlərə məruz qaldı. 2011-ci ildə Birinci Liviyada Vətəndaş Müharibəsi Qəddafiyə sadiq qüvvələr və onun hökumətini devirmək istəyən üsyançı qruplar arasında baş verdi. Qəddafi sonda 2011-ci ilin oktyabrında Sirt döyüşü zamanı öldürüldü. Liviya vətəndaş müharibəsi zamanı Qəddafinin ölümündən bir həftə əvvəl Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma, Qəddafinin bütün qitədə nüfuz qazanmaq üçün bir çox Afrika dövlət başçılarını “qorxutduğundan” şikayətlənərək, rejimin süqutuna sevindiyini dilə gətirdi.

Bəziləri Afrika Birləşmiş dövlətləri planının Qəddafi ilə birlikdə öldüyünə inansa da, Zimbabvenin baş naziri Robert Muqabe layihənin yenidən canlandırılmasına maraqlı olduğunu ifadə etdi. 2017-ci ildə dövlət çevrilişindən sonra Muqabe prezident vəzifəsindən istefa verdi və 2019-cu ilin sentyabrında vəfat etdi.

Balkanlaşma və devrim

Balkanlaşma termininin ümumi istifadəsi ilə bağlı başqa bir problem ondan ibarətdir ki, daha nizamlı şəkildə hakimiyyətin mərkəzi hökumətdən əyalətə, regional və ya yerli hakimiyyət orqanlarına könüllü ötürülməsini təsvir etmək üçün çox vaxt səhv istifadə olunur. 20-ci əsrin sonlarında həm federal, həm də unitar hökumət sistemlərindəki qruplar hakimiyyəti yerli və ya regional hökumətlərə ötürməklə mərkəzi hökumətlərin səlahiyyətlərini getdikcə azaltmağa çalışırdılar. Məsələn, Birləşmiş Ştatlarda ştatların hüquqlarının tərəfdarları hakimiyyətin Vaşinqtondan uzaqda, əyalət hökumətlərinə doğru yayılmasına üstünlük verirdilər. Bunun ən son diqqətəlayiq nümunəsi 1998-ci ildə Birləşmiş Krallıqda, Parlamentin Şotlandiya Aktını, Uels Hökuməti Aktını və Şimali İrlandiya Aktını qəbul etdikdə baş verib.

Həm balkanlaşma, həm də könüllü şəkildə səlahiyyətin təhvil verilməsində, etnik fərqlər və ümumi siyasi parçalanma hissi nəticəsində yarana bilər. Bununla belə, ümumiyyətlə ənənəvi olaraq qəbul edilmiş qanunlar vasitəsilə baş verən səlahiyyətlərin təhvil verilməsi subregional diktaturalara və ya etnik təmizləmə aktlarına səbəb olma ehtimalının daha az olduğu sübut edilmişdir.

Dünya üzrə Nümunələr

Osmanlı İmperiyasından bəri, xüsusilə Şərqi Avropada “balkanlaşmanın” diqqətəlayiq nümunələri baş vermişdir. Təkcə 1990-cı illərin əvvəllərindən Yuqoslaviyanın parçalanması və Sovet İttifaqının dağılması bir çox yeni dövlətlərin yaranmasına gətirib çıxardı – onların çoxu qeyri-sabit və etnik cəhətdən qarışıq idi – sonra isə onlar arasında zorakılıq yarandı.

Keçmiş Sovet İttifaqı

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ukrayna, Litva, Ermənistan, Estoniya, Latviya və Belarus kimi ölkələr müstəqilliklərini qazanıb və ya bərpa etdilər. Bu ölkələrin Sovetlərin dağılması ilə “yaradıldığını” söyləmək, sadəcə olaraq onların fərdi tarixlərinin silinməsinə kömək edən tarixi qeydlərin təhrifidir.

Məsələn, Rusiya prezidenti Vladimir Putin 2022-ci il fevralın 23-də Ukraynaya əsassız işğala başlayanda, bu əməlinə Ukraynanın real ölkə olmadığı barədə yalan hekayəsi ilə haqq qazandırdı. Bu hekayəyə görə Ukrayna “Böyük Rusiya” və “Rus Dünyası”na “aid” bir hissədir və Putinə görə Ukrayna xalqı, Ukrayna dili və ayrı bir Ukrayna tarixi yoxdur – ki bunların hamısı reallıqla ziddiyyət təşkil edir.

Ukrayna

Ukrayna Xalq Respublikası 1917-ci ildən 1921-ci ilə qədər dəvam edən vətəndaş müharibəsindən çıxdı. Bolşevik Qırmızı Ordusu Rusiyada vətəndaş müharibəsindən sonra 1919-cu ilin sonlarında nəzarəti qurdu. 30 dekabr 1922-ci ildə Ukrayna Sovet Sosialist Respublikası Sovet İttifaqını yaradan respublikalardan biri oldu. Sonralar Sovet İttifaqının Ukrayna dili və mədəniyyəti ilə bağlı siyasəti Ukrayna dilini respublikanın rəsmi dilinə çevirdi. 1930-cu illərdə sovet siyasəti, qeyri-rusların öz mədəniyyətlərini və dillərini rus mədəniyyəti və dilinin xeyrinə təslim etdikləri mədəni assimilyasiya forması olan “ruslaşdırmaya” yönəldi.

1932 və 1933-cü illərdə Kommunist Partiyası və Sovet dövlətinin ruslaşdırma siyasətinə müqavimət göstərən Ukrayna xalqına qarşı başlatdığı dağıdıcı hücumda (Qolodomor kimi tanınan aclıq) milyonlarla ukraynalı aclıqdan öldü. Bu müddət ərzində Sovet İttifaqında 6-8 milyon insan aclıqdan öldü, onlardan 4-5 milyonu ukraynalı idi.

İkinci Dünya Müharibəsi zamanı Ukrayna Ordusu müstəqillik uğrunda həm Almaniyaya, həm də Sovet İttifaqına qarşı vuruşub. 1953-cü ildə ukraynalı Nikita Xruşşov Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri kimi uğur qazandı və Ukraynanın dirçəlişinə imkan verdi. 1954-cü ildə Krımın Rusiyadan alınması ilə respublika cənuba doğru genişləndi. Buna baxmayaraq, SSRİ-nin hər yerində olduğu kimi şairlərə, tarixçilərə və digər ziyalılara qarşı siyasi repressiyalar davam edirdi.

Sovet İttifaqının dağılması ilə Ukrayna bazar iqtisadiyyatına keçid dövrünü başladı və bu dövrdə səkkiz illik tənəzzülə uğradı. Lakin sonradan iqtisadiyyat böyük tənəzzül zamanı tam çökənə qədər, ÜDM böyüməsində yüksək artım yaşadı.

1991-ci il avqustun 24-də Ukraynanın kommunist Ali Soveti parlamenti artıq Sovet İttifaqının qanunlarına deyil, yalnız Ukrayna SSR-in qanunlarına əməl edəcəyini bəyan etdikdə, Ukrayna rəsmi olaraq özünü müstəqil ölkə elan etdi və bununla da faktiki olaraq müstəqilliyini elan etdi. 1991-ci il dekabrın 1-də seçicilər Sovet İttifaqından müstəqilliyi rəsmiləşdirən bir referendumu təsdiqlədilər. Ukrayna vətəndaşlarının 90%-dən çoxu müstəqilliyə səs verib və bütün regionlarda səs çoxluğu ilə qazanıb.

8 fevral 1994-cü ildə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynanı “sülh naminə tərəfdaşlığa” qəbul etdi. Bu sülh NATO üzvü olmayan bütün Avropa ölkələri və postsovet dövlətləri üçün açıq olan əməkdaşlıq razılaşması idi. Rusiya 1994-cü ilin iyununda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” təşəbbüsünə qoşulub və 2014-cü ilə qədər (NATO-nun bu ölkə ilə əlaqələri rəsmi olaraq dayandırdığı vaxta qədər) NATO ilə müxtəlif əməkdaşlıq fəaliyyətləri, o cümlədən birgə hərbi təlimlər həyata keçirib. Soyuq müharibə bitən kimi Rusiya NATO-nun şərq istiqamətində genişlənməsinə qarşı çıxdı. Bununla belə, keçmiş sovet ittifaqının on üç üzvü nəhayət alyansa qoşuldu.

Litva

Litva orta əsrlərin sonlarında qurulmuş bir imperiya idi. Avropa Komissiyasının məlumatına görə, Litvaya “Litua” kimi tanınan ilk istinad 9 mart 1009-cu il tarixli Quedlinburq xronikasında olub. 11-ci əsrdə Litva haqqında faktlar Ruteniya salnamələrində də yer alır. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Tarixçisinə görə, Litvanı ilk dəfə 1922-ci ildə ABŞ tanıyıb. Sovet İttifaqı 1918-ci ildə Litvanı işğal edib onu ələ keçirəndə Birləşmiş Ştatlar ələ keçirilməsini qəbul etməkdən imtina etdi, bunun əvəzinə uzun müddətdir qurulmuş olan və sonra Sovet İttifaqı tərəfindən sıxışdırılan qanuni hökuməti tanıdı.

Yuqoslaviya

İkinci Dünya Müharibəsindən sonra keçmiş Yuqoslaviya ölkəsi altı respublikadan (Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Çernoqoriya, Serbiya və Sloveniyadan) ibarət federasiya kimi yaradılmışdır. Bundan əlavə, Serbiyanın tərkibində Kosovo və Voyvodina muxtar vilayətləri yaradıldı. Yenidən qurulan Yuqoslaviya 1980-ci illərə qədər İosip Broz Titonun rəhbərliyi altında güclü iqtisadi artım və nisbi siyasi sabitlik dövrünü yaşadı. Tito 1980-ci ildə vəfat etdikdən sonra zəifləmiş federal hökumət sistemi, böyüyən iqtisadi və siyasi problemlərin öhdəsindən gələ bilmədi.

Kosovodakı albanlar 1981-ci ildə bəzən şiddətli hala gələn etirazlarla başlayaraq, öz muxtar vilayətlərinə təsisçi respublika statusu verilməsini tələb etməyə başladılar. Albanlarla Kosovo serbləri arasında gərginlik bütün onillik ərzində yüksək olaraq qaldı, nəticədə Serblərin Serb maraqlarına maneə kimi görülən əyalətlərin muxtariyyətinə və Yuqoslaviyadakı səmərəsiz konsensus federal sisteminə qarşı müxalifəti artdı.

Serbiya

1987-ci ildə Slobodan Miloşeviç Serbiyada hakimiyyətə gəldi və bir sıra populist siyasətlə Kosovo, Voyvodina və Monteneqro üzərində faktiki nəzarəti öz üzərinə götürdü. Bununla belə, Miloşeviç ölkənin daha çox demokratikləşməsinin tərəfdarı olan Sloveniya və Xorvatiya respublikalarının partiya liderləri tərəfindən müxalifətlə qarşılandı.

1990-cı ildə keçmiş kommunistlər olan sosialistlər, Miloşeviç və müttəfiqlərinin qalib gəldiyi Serbiya və Monteneqro istisna olmaqla, Yuqoslaviyada keçirilən ilk çoxpartiyalı seçkilərdə onlar etnik separatçı partiyalara məğlub oldular. Hər tərəfdən millətçi ritorika getdikcə qızışdı. 1991-ci ilin iyunundan 1992-ci ilin aprelinə qədər dörd təsisçi respublika müstəqillik elan etdi, yalnız Serbiya və Monteneqro federativ olaraq qaldı. 4 fevral 2003-cü ildə Yuqoslaviya Federativ Respublikasının parlamenti özünün dağılmasına səs verdi və ölkə rəsmi olaraq dağıldı. Nəticədə Serbiya və Monteneqro adlı yeni iki ölkə yarandı.

Serbiya və Monteneqro

Monteneqroda artan separatizm o demək idi ki, Serbiya və Monteneqro Konstitusiyasına Monteneqronun müstəqilliyi məsələsi üzrə referendumun keçirilməsini nəzərdə tutan şərt daxil edilsin. 2006-cı ildə referendum keçirildi və Serbiya və Monteneqronun dağılması yaxud Serbiya və Monteneqro kimi ayrı-ayrı müstəqil respublikaların yaradılması ilə nəticələndi. Almaniya Xorvatiya və Sloveniyanın müstəqilliyini tanıdığı halda, Serbiya və Monteneqrodan kənarda olan etnik serblərin və Xorvatiyadan kənarda isə etnik xorvatların statusu həll olunmamış qalır. Bir sıra millətlərarası insidentlərdən sonra Yuqoslaviya müharibələri başladı. Bu savaşlar əvvəlcə Xorvatiyada, ən ağır şəkili isə daha sonra çoxmillətli Bosniya və Herseqovinada baş verdi – dənizə çıxışı olmayan müsəlman, serb və xorvat əsilli dörd milyon insanın yaşadığı “münaqişə qazanı” . Müharibələr bölgəyə iqtisadi və siyasi ziyan vurdu və bu zərər bu gün də hiss olunur.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.