Birləşmiş millətlər təşkilatının tarixi və prinsipləri

Google+ Pinterest LinkedIn Tumblr +

Bu məqalə Amanda Briney tərəfindən 2019-ci ilin april ayının 10-da “ThoughtCo” saytında dərc edilib və “Ətəkyazı” tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.

Birləşmiş Millətlər Təşkilatı beynəlxalq hüququn, təhlükəsizliyin və insan hüquqlarının təmin edilməsi üçün nəzərdə tutulmuş; iqtisadi inkişaf və dünya ölkələri üçün sosial tərəqqini asanlaşdıran beynəlxalq təşkilatdır. Birləşmiş Millətlər Təşkilatına 193 üzv ölkə və səs verə bilməyən iki daimi müşahidəçi qurum daxildir. Onun əsas qərargahı Nyu Yorkdadır.

Birləşmiş millətlər təşkilatının tarixi və prinsipləri

Birləşmiş Millətlər Təşkilatından (BMT) əvvəl Millətlər İttifaqı dünya dövlətləri arasında sülhün və əməkdaşlığın təmin edilməsinə cavabdeh olan beynəlxalq təşkilat idi. O, 1919-cu ildə “beynəlxalq əməkdaşlığı təşviq etmək və sülh və təhlükəsizliyə nail olmaq üçün” təsis edilib. Ən güclü vaxtında Millətlər İttifaqının 58 üzvü var idi və uğurlu sayılırdı. 1930-cu illərdə Məhvər Dövlətlərinin (Almaniya, İtaliya və Yaponiya) nüfuz qazanması nəticəsində onun uğuru azaldı və nəticədə 1939-cu ildə II Dünya Müharibəsinin başlamasına gətirib çıxardı.

“Birləşmiş Millətlər Təşkilatı” termini daha sonra 1942-ci ildə Uinston Çörçill və Franklin D. Ruzvelt tərəfindən Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsində istifadə edilmişdir. Bu bəyannamə İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərin (Böyük Britaniya, ABŞ və Sovet Sosialist Respublikaları İttifaqı) və digər dövlətlərin əməkdaşlığını rəsmi şəkildə bəyan etmək üçün verilmişdir.

Bu gün məlum olduğu kimi, BMT 1945-ci ildə Kaliforniyanın San-Fransisko şəhərində keçirilən BMT-nin Beynəlxalq Təşkilat Konfransında Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hazırlanana qədər rəsmi olaraq təsis edilməmişdir. Konfransda 50 millətin və bir neçə sivil təşkilatın nümayəndələri iştirak etmiş, hamısı nizamnaməni imzalayıblar. BMT rəsmi olaraq 24 oktyabr 1945-ci ildə nizamnaməsi ratifikasiya edildikdən sonra yaranıb.

BMT-nin prinsipləri gələcək nəsilləri müharibədən qorumaq, insan hüquqlarını bir daha təsdiq etmək və bütün insanlar üçün bərabər hüquqlar yaratmaqdır. Bundan əlavə, o, həmçinin bütün üzv dövlətlərin xalqları üçün ədaləti, azadlığı və sosial tərəqqini təşviq etmək məqsədi daşıyır.

Bu gün BMT təşkilatı

Üzv dövlətlərin ən səmərəli şəkildə əməkdaşlıq etməsi kimi mürəkkəb vəzifənin öhdəsindən gəlmək üçün bu gün BMT beş qola bölünür. Birincisi, BMT Baş Assambleyasıdır. Bu, əsas qərar qəbul edən və təmsil edən məclisdir və onun siyasəti və tövsiyələri vasitəsilə BMT-nin prinsiplərini qorumaq məsuliyyəti daşıyır. O, bütün üzv dövlətlərdən ibarətdir, üzv dövlətlər tərəfindən seçilən bir sədr tərəfindən idarə olunur və hər ilin sentyabr-dekabr ayları arasında toplanır.

BMT Təhlükəsizlik Şurası başqa bir şöbədir və ən güclüsüdür. O, BMT-yə üzv dövlətlərin hərbi qüvvələrinin cəbhə boyu yerləşdirilməsinə icazə verə bilər, münaqişələr zamanı atəşkəs fərmanı verə bilər və verilən fərmana əməl etmədikləri təqdirdə ölkələrə qarşı cəzalar tətbiq edə bilər. O, beş daimi üzvdən və 10 dəyişən üzvdən ibarətdir.

BMT-nin növbəti qolu Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsidir. Sonra İqtisadi və Sosial Şura Baş Assambleyaya üzv dövlətlərin iqtisadi və sosial inkişafı, eləcə də əməkdaşlığının təşviqində yardım edir. Nəhayət, Katiblik Baş Katibin rəhbərlik etdiyi şöbədir. Onun əsas məsuliyyəti BMT-nin digər bölmələrinin görüşləri üçün lazım olan araşdırmalar, məlumat və digər dataları təqdim etməkdir.

Üzvlük

Bu gün demək olar ki, hər bir müstəqil dövlət BMT-nin üzvüdür. BMT-yə üzv olmaq üçün dövlət həm sülhü, həm də nizamnamədə qeyd olunan bütün öhdəlikləri qəbul etməli və bu öhdəlikləri yerinə yetirmək üçün istənilən hərəkəti etməyə hazır olmalıdır. BMT-yə qəbulla bağlı yekun qərarı Təhlükəsizlik Şurasının tövsiyəsindən sonra Baş Assambleya qəbul edir.

Bu gün Birləşmiş Millətlər Təşkilatının funksiyaları

Keçmişdə olduğu kimi, bu gün də BMT-nin əsas funksiyası bütün üzv dövlətlər üçün sülh və təhlükəsizliyi qorumaqdır. BMT-nin özünün ordusu olamasa da, üzv dövlətlər tərəfindən təmin edilən sülhməramlı qüvvələrə malikdir. BMT Təhlükəsizlik Şurasının təsdiqi ilə bu sülhməramlılar, məsələn döyüşçüləri döyüşləri bərpa etməkdən çəkindirmək üçün silahlı münaqişənin son bitdiyi bölgələrə göndərilir. 1988-ci ildə sülhməramlı qüvvələr öz hərəkətlərinə görə Nobel Sülh Mükafatını qazandılar.

BMT sülhü qorumaqla yanaşı, insan hüquqlarını qorumaq və lazım gəldikdə humanitar yardım göstərmək məqsədi daşıyır. 1948-ci ildə Baş Assambleya, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsini insan hüquqları üzrə fəaliyyətləri üçün standart kimi qəbul etdi. BMT hazırda seçkilərdə texniki yardım göstərir, məhkəmə strukturlarının və konstitusiya layihələrinin təkmilləşdirilməsinə kömək edir, insan hüquqları üzrə məsul işçiləri hazırlayır, aclıq, müharibə və təbii fəlakət nəticəsində köçkün düşmüş insanlara qida, içməli su, sığınacaq və digər humanitar xidmətlər təmin edir.

Nəhayət, BMT özünün BMT İnkişaf Proqramı vasitəsilə sosial və iqtisadi inkişafda mühüm rol oynayır. O, dünyada ən böyük texniki qrant yardımı mənbəyidir. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı; UNAIDS; Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı; BMT-nin Əhali Fondu; və Dünya Bankı Qrupu BMT-nin bu aspektində mühüm rol oynayır. Baş təşkilat həmçinin ölkələri yoxsulluq, savadlılıq, təhsil və gözlənilən ömür baxımından sıralamaq üçün hər il İnsan İnkişafı İndeksini nəşr edir.

Minillik İnkişaf məqsədləri

Əsrin əvvəlində BMT Minilliyin İnkişaf Məqsədləri adlandırdığı məqsədləri müəyyən etdi. Üzv dövlətlərin əksəriyyəti və müxtəlif beynəlxalq təşkilatlar 2015-ci ilə qədər yoxsulluğun və uşaq ölümünün azaldılması, xəstəliklər və epidemiyalarla mübarizə və beynəlxalq inkişaf baxımından qlobal ortaqlığın inkişaf etdirilməsi ilə bağlı hədəfləri qəbul etdi.

Son tarixə yaxınlaşanda nəşr olunan bir hesabatda əldə edilmiş irəliləyiş qeyd edilərək, inkişaf etməkdə olan ölkələrdəki səyləri təqdir etdi və davamlı diqqət yetirilməsi vacib olan çatışmazlıqları da göstərdi: xidmətlərə çıxışı olmayan və hələ də yoxsulluq içində yaşayan insanlar, cinsi bərabərsizliyi, sərvət fərqi və iqlim dəyişikliyinin ən yoxsul insanlara təsirləri.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.