Ərdəbil millət vəkili Sodef Bədri “məhəlli” dillərin ədəbiyatı və qramatikasının təhsili barəsində parlamnetə yeni layihənin təqdim edildiyini deyib. Bədrinin dediklərinə əsasən bu layihəni 12-ci parlamentdə o və Təbriz millət vəkili Mütəfəkkir Azad birlikdə hazırlayıblar. Layihə üçün millət vəkillərindən imza toplanıb, parlament müdirliyi tərəfindən qəbul edilib. İran parlamenti qanununa əsasən verilən layihə təhsil komissiyasında analiz edildikdən sonra millət vəkillərinin müsbət rəyini qazandığı təqdirə qanun halına gələ bilər.
Bədri həm də deyib ki 10-cu dövr parlamentdə də oxşar layihə verilimşdi lakin onda istənilən nəticəni əldə etməyiblər. İran konstituiyasının 15-ci maddəsinə əsasən ölkənin rəsmi dili farscadır lakin farscanın yanında “məhəlli” dillərin təhsili də azaddır. Kostitusiyada qeyd olunmasına baxmayaraq hələ də etnik azlıqların ana dilləri məktəblərdə öyrədilmir.
Ana dilin təhsili və ana dildə təhsil iki fərqli mövzudur. Azərbaycanlı aktivistlər ana dildə təhsildən söz etsələr də, konstitusiyada qeyd edilən əsl təhsilin ana dildə yox, sadəcə təhsil illərində ana dilinin də öyrədilməsi qeyd olunub. Ortada var olan bu fərqə baxmayaq 15-ci maddənin həyata keçirilməsi də kütləvi tələb halına gəlib. Demək olar ki Azərbaycan vilayətlərində müxtəlif illərdə keçirilən bütün seçki kampaniyalarında 15-ci maddədən söz açılır. Lakin İslam Cümhuriyyətinin var olduğu 45 il ərzində bu maddədə yazılanlar icra olunmayıb.
15-ci maddə nədir?
“İran xalqının rəsmi və ortaq dili fars dilidir. Dərsliklər, rəsmi mətnlər, yazışmalar və sənədlər bu dildə olmalıdır. Lakin məhəlli və etnik azlıqların dillərinin mətbuat və kütləvi informasiya vasitələrində istifadəsi, eyni zamanda o dillərin fars dili ilə yanaşı öyrədilməsi azaddır.”
Bu maddədə göründüyü kimi İranda təkcə farsca rəsmi dil olaraq qəbul edilir və rəsmi yazışmalar sadəcə bu dildə olmalıdır. Başqa sözlə başqa dillər farsca ilə eyni mövqedə deyil heç olmamalıdır. Bəzilərinə görə kostitusiyanın bu maddəsi ayrıseçkiliyin qaynağıdır. Çünki bu maddəyə əsasən fars olmayanlar varlıq səbəbləri ilə ayrıseçkiliyə məruz qalıb, fars olmadıqları üçün ziyan görürlər. Buna görə də azərbaycanlı aktivistlər ana dilinin təhsilini deyil, ana dilində təhsil tələbini ortaya qoyurlar. Lakin bu tələb bəzilərinə görə İranın sərhəd bütövlüyünü təhlükəyə atır.
Ana dildə təhsil tələbi güneydə yeni məsələ deyil, keçən 100 il ərzində daim Azərbaycanın siyasi gündəmində olub. İranda modern dövlətin qurulması ilə fars dili başqa dillərdən üstünlük qazandı və rəsmi dil olaraq qəbul edildi. Bu qərarın üstündən 100 il keçsə də, hələ ki tam şəkildə qəbul olunmayıb və fars olmayanlar tərəfindən tənqid edilir.
Dünyanın bir çox ölkəsində bir dildən çox rəsmi dil var. Buna bir çox nümunə göstərmək mümkündür, Belçika, İrlandiya, Finlandiya və bir çox digər dövlətlərdə ölkədə bir dildən çox rəsmi dil var. İranın qonşuluğunda olan İraqda belə rəsmi iki dil var. ABŞ və Avstraliya kimi ölkələrdə də heç bir rəsmi dil yoxdur. Lakin İranda farscanın tək farsların deyil, fars olmayanların da milli dili olduğu iddası sayəsində digər dillərə təhlükə mənbəyi kimi baxılır.
Dil məsələsi siyasətçilər və təhlükəsizlik orqanları tərəfindən əhatə edilib.
İranda sosioloji ustadı doktor Seyed Cavad Miri Meynəqi İranda dil məsələsi haqqında araşdrmalar aparıb. O 2023-cü ildə Əllamə Təbatəbayi Universitetində ana dili başlıqlı oturumda İranda ana dili haqqında danışılmamasının səbəblərindən danışıb. Doktor Miriyə görə İranda dil əvvəlcə siyasi məsələdir. Yəni ana dili bəhsi açılan zaman siyasi söhbətlər də açılır. Misal üçün danışanlar pantürk, separatçı və digər adlarla adlanır. İkinci addımda təhlükəsizlik qüvvələri ortaya girir və danışan şəxs həbsə atılır. Miriyə görə dil məsələsi bu iki mərhələdən sonra akademiyaya daşınmır.
Miri Meynəqi belə düşünür ki dil məsələsinin əvəllcə universitetlərdə danışılması şərtdir. “İranda farsca niyə belə mövqe qazandı?”, “Elmi baxımdan dilləri yaxşı və ya pisliyə görə sıralamaq olar ya yox?”, “Milli dil nədir?”, “Rəsmi dil nədir?” və digər suallar ətrafında müzakirələr əvvəlcə universitetlərdə aparılmalıdır. Buna görə də bu mövzu əvvəlcə depolitizasiya edilməlidir, sonra da təhlükə mənbəyi olmaqdan azad olunmalıdır. O deyir ki əlbəttə ki, dil siyasi məsələdir, lakin ona siyasətdən kənar da baxmaq lazımdır və İranda bu belə deyil.
Miri Meynəqi deyir ki, İranda ana dil sözü çox deyilsə də, o haqda danışıq imkansız vəziyyət alıb. O bir başqa məqaləsində İranda qeyri-fars dillərinin deyil, eksklüziv dil siyasətlərinin separatçı olduqlarını deyib.
Hazırda prezident olan Məsud Pezeşkiyan millət vəkili olduğu illərdə Azərbaycan türkü olduğunu bildirdiyi üçün pantürk ləqəbi almışdı. Cebheye Melli (və başqa mərkəzçi təşkilatlar) təşkilatı üzvləri isə son prezident seçkilərində onu “qomgəra” yəni etnikçi şəxs kimi qiymətləndirmişdi. 2021-ci ildə isə Tehranın bir millət vəkili 15-ci maddə haqqında danışılmasının milli təhlükəsizliyə təhlükə olduğunu bildirmişdi.
Son zamanlar türkcə nəşr edilən kitablara qoyulan senzuraların ağırlığı da azərbaycanlı yazıçılar tərəfindən gündəmə gəlib. Yazıçı və araşdırmaçı Bəhram Əsədi Pezeşkiyana yazdığı açıq məktubda, əvvəlki dövlətdə, yəni Rəisi dövlətində ağır senzura siyasətinin yeridildiyindən şikayətlənib. Eyni zamanda bir çox türkcə yazılmış əsərlərdə bəzi kəlmələri Türkiyə türkcəsi və Qafqaz türkcəsi adlandıraraq onların əsərlərdən çıxarılmasını istəmişdi.
Bu kimi münasibətlərə nümunə çoxdur və doktor Mirinin dediklərini təsdiq edir. Deməli İranda dil probleminin 100 illik keçmişi olsa da, əl dəyilməmiş vəziyyətdədir və farsca hələ də öz hökmranlığına davam edir.