Bizim toplumda qadınlar

Google+ Pinterest LinkedIn Tumblr +

“Azərbaycan” qəzetinin 89-cu sayında Nəcmi Ələvinin farsca yazdığı bir yazı dərc edilib. Nəcmi Ələvi İranda qadın hərəkatlarının başçılarından hesab edilir. O Təbrizdə “Azərbaycan” qəzetinin nəşri ilə bərabər Tehranda “Bidariyi Ma” jurnalında fəaliyyət göstərirdi. Nəcmi Ələvi həm də tanınmış fars yazıçı Bozorg Ələvinin kiçik bacısıdır.

Sosialist düşüncəyə malik olan Nəcmi Ələvi “Azərbaycan” qəzetində dərc edilən yazısında azərbaycanlı qadınları təbrik edir, onları sevinclə izlədiyini bildirir. O həm də həmin yazıda qadınların iqtisadi azadlıqlarının vacibliyi barəsində də önəmli mövzulara toxunur.

8 mart münasibətilə “Azərbaycan” qəzetində dərc edilmiş bu yazının türkcə tərcüməsini Ətəkyazı oxucularına təqdim edirik.

Bizim toplumda qadınlar

Öncədən azadlıqsevər insanların öndərliyi ilə öz təbii haqlarına nail olmuş bütün azərbaycanlı ziyalı, azadlıqsevər və fəhlə qadınları İranın bütün azadlıqsevər qadınları tərəfindən təbrik edirəm. Eyni zamanda iranlı bir qadının tərcümeyi-halı timsalında iranlı qadınların taleyindən bir nümunəni ictimai islahatları tənzimləyərkən örnək kimi istifadə etmək üçün qısaca olaraq diqqətinizə təqdim etmək istərdim.

Bəzi adamlar belə təsəvvür edirlər ki, qadınların yaşmağının götürülməsi, kişilərlə birlikdə qonaqlıqlara qatılması və idarələrdə işləməsi ürək açandır və onların səadətini təmin edir. Lakin belə bir baxış doğru səadət istəyənlər üçün dəyərsiz və dayazdır.

Küçədə və yaxud qonaqlıqda gördüyünüz, əri tərəfindən hörmətlə qarşılanan bir qadın, elə həmin ərinin iradəsi ilə boşanmaq adı altında hörmətsizcəsinə evdən bayıra atıla bilər və illər boyu qurmuş olduğu həyatından məhrum edilə bilər. Həmçinin qucağında böyütdüyü, onun üçün gecələr yuxusuz qaldığı, öz qanı ilə bəslədiyi və xəstəlik zamanı onun qayğısını çəkmiş olduğu övladını da qanunun hökmü ilə anasından ayıra bilər. Habelə, qadın boşandıqdan sonra qanuna əsasən kişinin malından heç bir pay aparmır. O gəncliyini, illər boyu zəhmətini, ciyər parasını və yığdıqlarını əldən verib kədərli, qəmli və əliyalın vəziyyətdə evdən çıxmaq məcburiyyətində olur.

Unutmayaq ki, ər və arvad arasında kiçik bir söz olan zaman qadın məğlub olunmuş və başıaşağı vəziyyətə düşür, kişi isə onun əksinə, təkəbbürlü və başıuca bir mövqedə dayanır.

Niyə? Ona görə ki, kişi öz evində və öz yaşayışında olur, qadın isə onun naminə yaşayır. Belə ki, bütün günü dərzilik, aşpazlıq və minlərlə digər işlər görməsinə, övladlarını ən gözəl üsullarla tərbiyə etməsinə baxmayaraq, maddi baxımdan onun bütün işlərinə gəlirli olmadığına görə zərrə qədər dəyər verilmir. Amma kişi kiçik bir qazanc əldə edəndə o, öz sevincini dostları ilə yeməkxana mizi arxasında qeyd edir, əksinə, kişi zərərə düşəndə, onun kədəri arvad-uşağa yetişir.

Yazdığım sözlər bütün İran qadınlarının vəziyyətini əks etdirir və bu çürük qanunun ucbatından qadınların nə qədər əzab çəkdiyini göstərir.

Təəssüflər olsun ki, İran qadınları məhrumiyyətlər ucbatından öz ağır vəziyyətlərini başa düşə bilmirlər. Lakin mən inanıram ki, ziyalıların və azadlıqsevənlərin öndərliyi altında köləlik zəncirlərini qırmış Azərbaycan qadınları öz tapdalanmış haqlarına, o cümlədən seçib və seçilmək haqqına nail olublar. Beləliklə, həyat onları daşındırıb düşündürür ki, köləlik və quldarlığın ləğv olunduğu və insan haqlarının, azadlığının dünyaya elan edildiyi kimi, İran qadınlarının azadlığı da gərək dünya əhalisinə elan edilsin.

Qadınların müstəqilliyini bərpa etmək üçün iqtisadi müstəqilliyin olması vacibdir. Yoxsa, doktor Əraninin dediyinə əsasən, qadın iqtisadi cəhətdən müstəqil olmasa, toplumun kuklası və kişinin oyuncağı timsalında olacaqdır.

Qadınları gərək ətalətdən qurtaraq, yeni düşüncələrlə tanış edərək zəlil yaşam tərzindən çıxaraq. Beləliklə, pul və maddi məsələlər üzərində yaranan ər-arvad problemləri aradan qaldırılacaq və onun yerini məsləhət (fikirdaşlıq) və mənəvi əlaqələr tutacaqdır.

Seçkilərdə iştiraklarına qadağa qoyulmuş Fransa kimi bir ölkədə ötən il qadınlar kürsülərin 25 faizini ələ keçirmişlər və siz Azərbaycan qadınları da öz səyləriniz nəticəsində bu təbii haqqınıza nail olubsunuz. Lakin bir neçə ay öncə 15 nəfər millət vəkili tərəfindən Məclisə təqdim olunmuş bir layihə xainlər, oğrular, axunda oxşarların və qərəzli vəkillərin tərəfindən tənqid olunaraq qulaq ardına vuruldu. Lakin bu gün bizi bu təbii haqqımızdan məhrum etsələr də, onun müqabilində böyük sevinclə, cəsarətli addımlar ataraq azadlıq yolunda çalışan və uğurlar qazanan öz azərbaycanlı bacılarımı görürəm.

Nəcmi Ələvi

Paylaş.

Müəllif haqqında

Nəcmi Ələvi

Şərhlər bağlıdır.