Çevrə İrqçiliyi nədir və onunla necə mübarizə aparmaq lazımdır? İrandan nümunələrlə

Google+ Pinterest LinkedIn Tumblr +

Son zamanlar İranda su problemi özünü daha qabarıq şəkildə göstərir. Etirazlar baş verir, həbs olunanlar və ölənlər olur. Bunlarla bağlı isə istər istəməz suallar yaranır. Görəsən niyə İranda ərəblər və lurların yaşadıqları bölgələrin suyu yüzlərlə kilometr o yana yəni fars bölgələrinə daşınır? Niyə İran dövləti Urmu gölünün qurumasına bu qədər laqeyd yanaşır? Bu örnəklərin ortaq cəhəti bilirsizmi nədir? Eyni ölkədə, eyni torpaqda yaşayırıqsa nəyə görə azlıqlar çevrə qurbanı olurlar? Bu yazıda bu suallara cavab tapmağa çalışacağıq.

Əslində irqçilik deyəndə ağlımıza ilk azlıq təşkil edən qruplara qarşı tətbiq edilən iqtisadi-siyasi ayrıseçkiliklər gəlir. Ancaq sistemli şəkildə edilən ayrıseçkilik yalnız bunlarla bitmir. İrqçilik zaman keçdikcə suya qarışır, torpağa girir, havada dağılır və ekoloji ölçülər alır. Bu isə çevrə irqçiliyi deməkdir.

Çevrə irqçiliyi haqqında araşdırma

1970-1980-ci illərdə ABŞ-da yaranan Ekoloji Ədalət Hərəkatı çevrə irqçiliyi adı ilə formalaşmağa başladı. Bu hərəkat çevrə ədalətsizliyinin irqçiliklə bağlı olduğunu qeyd edərək çevrə siyasətinin də bu yöndə aparıldığını deyir. Bu anlayışı ilk dəfə 1982-ci ildə Benjamin Çavis işlədərək ətraf mühitlə bağlı olan siyasətlərin irqi ayrıseçkiliyə əsaslandığını deyib. Çavisə görə zərərli tullantıları və çirkləndirici müəssisələri azlıqların yaşadıqları bölgələrdə bilərəkdən yerləşdirirlər.

Azlıqların icmaları sistemli irqçi siyasətlər nəticəsində daha çox sağlamlıq problemləri də yaşayırlar. Əslində irqçi siyasət azlıqları yaşayış üçün uyğun olmayan yerlərdə yaşamağa məcbur edir. Onlar mədənlərin çirkləndirdiyi, zibillərin basdırıldığı, şəhərlərin çirkab sularının axdığı ərazilərdə, havası çirklənmiş bölgələrdə, böyük hava limanları və əsas magistral yolların kənarlarında məskunlaşmağa sürüklənirlər. Bütün bunlar həm də çevrə irqçiliyinin nümunələridir. Bunların nəticəsi olaraq isə azlıqların icmaları sağlamlıq problemlərindən daha çox əziyyət çəkirlər.

Bundan başqa çevrə irqçiliyi başqa formalarda da ola bilər. Məsələn azlıqların yaşadıqları bölgələrdə təhlükəsizlik qaydalarına uyğun olmayan iş şəraitinin olması, iş yerlərində sağlamlıq qaydalarına riayət olunmaması, mazut və ya kömürlə işləyən elektrik stansiyalarının yaxınlığında yaşamaq. Bu isə o deməkdir ki belə bölgələrdə yaşayan insanlar çirklənmiş hava ilə nəfəs alırlar, quyudan çıxarılan sulardan içib istilik problemi olan binalarda təhsil alırlar.

Amerika və İngiltərədə çevrə irqçiliyi

Doğrudur bu kimi problemlərlə bütün aşağı gəlirli insanlar üzləşirlər. Lakin çox vaxt torpağı çirklənmiş, havası zəhərlənmiş bölgələrdə azlıqlar yaşayırlar. Çevrə ədalətinin atası” ləqəbini almış akademik Dr. Robert Bullardın 2007-ci ildə apardığı böyük bir araşdırmaya əsasən deyə bilərik ki, “bir ölkənin təhlükəli ticari obyektlərinin yerini proqnozlaşdırmaqda irq, sosial-iqtisadi statusdan daha vacib rol oynayır “. O sübut edib ki, Amerikada yaşayan afroamerikalı uşaqların, Ağ dərili uşaqlara nisbətən tullantıların yaxınlığında yaşayıb qurğuşun zəhərlənməsinə məruz qalma ehtimalları 5 dəfə çoxdur. Hətta ildə 50-60 min dollar qazanan qaradərili amerikalıların havası, suyu və torpağı çirklənmiş ərazilərdə yaşamaq ehtimalı, 10 min dollar qazanan ağdərililərdən daha çox dur. Bu arada Böyük Britaniyada bir hökumət hesabatı, qaradərili ingilis uşaqların ağdərili uşaqlara nisbətən 30%-ə qədər daha çox hava çirkliliyinə məruz qaldığını müəyyən edib.

İranda Çevrə irqçiliyi

İranda da Çevrə irqçiliyi özünü qabarıq şəkildə göstərir. Əhalisinin çoxu ərəb olan Xuzistanda baş verən ən son etirazlar məhz buna görə idi. Əhvaz şəhəri yeraltı və yerüstü su mənbələrinə görə zəngin bölgə hesab edilsə də dövlət tərəfindən bilərəkdən aparılan siyasət nəticəsində bölgə günü gündən zəifləyir, əhalisi isə yoxsullaşır. Etiraz edənlərin şüarlarından biri “biz vətənimizi heç vaxt tərk etməyəcəyik.” idi. Bununla da etirazçılar dövlətin ərəbləri bölgədən köçürmək istəklərinə işarə edirdilər.

Rutgers universitetinin tədqiqatçısı Əqil Dəğağələ BBC Persian-a verdiyi müsahibəsində Əhvaz bölgəsində baş verən su qıtlığının etnik məsələ olduğunu deyib. Susuzluğa səbəb kimi isə Karun çayının üzərində tikilmiş çoxlu sayda su anbarı və su kanallarının olduğunu göstərib. Həmin bu anbar və kanallar çayın suyunu daha çox farsların yaşadıqları əraziyə yönəldir.  Burada isə onlar daha çox su sərf edərək yetişən düyü əkirlər. Suyun ərəblər yaşayan bölgədən farslar yaşayan bölgəyə yönləndirilməsi və israf edilməsi çevrə irqçiliyinin bir nümunəsidir.

Azərbaycanlı fəallar da Urmu gölünün qurumağının qarşısının alınmasında  dövlət orqanlarının yetəri qədər çalışmadıqlarını deyirlər. London İmperial Kollecinin müəllimi Kavə Mədəni Urmu gölü böhranının əsas səbəbinin quraqlıq yox, düzgün olmayan idarəçilik olduğunu deyib. Bu isə azərbaycanlıların dövlətə  güvəni azaldır.

2011-ci ildə Təbriz və Urmu şəhərlərindəki etirazlar əslində dövlətin Azərbaycandakı çevrə siyasətinə etiraz idi. Traxtor klubu azarkeşlərinin səsləndirdiyi “Urmu gölü can verir məclis onun qətlinə fərman verir” şüarı isə Azərbaycan türklərinin məsələni milli ayrıseçkilik olaraq dəyərləndirdiklərini bildirir.

Covid 19 dövründə də çevrə irqçiliyinin nümunələrinə rast gəlmək mümkündür. Beləki İranda fars olmayanlar daha çox korona qurbanı oldular. Buna səbəb fars olmayanların vaksinasiyasının zəif aparılması, fars olmayanların yaşadıqları vilayətlərdə adambaşına düşən xəstəxana yatağının və nəfəs aparatlarının azlığı bu bölgədə virusa yoluxanların daha çox ölməsinə səbəb oldu. Mütəxəssislərə görə çevrə irqçiliyi nəticəsində onsuzda fars olmayanlar arasında asma və ürək damar xəstəlikləri geniş yayılmışdı. Bu da öz növbəsində ölüm sayına təsir edir.

Çevrə irqçiliyi, geniş sistemli irqçiliyin bir parçasıdır. Ədalətli toplum və cəmiyyət qurmaq üçün irqçiliklə mübarizə mütləqdir. İranda olan irqçilik ən çox türklər və ərəblər tərəfındən gündəmə gətirilir. Ən çox onlar çevrə irqçiliyinə qarşı mübarizə aparıb, mitinqlər keçirib, həbs və işgəncələrə məruz qalıb öldürülüblər. İranda çevrə irqçiliyi haqqında gətirilən bu nümunələr sosioloq Robert Bullardin dediyi sözü təsdiq edir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.