İngilizcədən tərcümə: Ətəkyazı tərcümə qrupu
Qlobal miqyasda əhalinin 40 faizinin danışdığı və ya başa düşdüyü dildə təhsil almaq imkanı yoxdur. Lakin çoxdilli təhsildə, xüsusilə, məktəbəqədər təhsilin əhəmiyyətini daha çox dərk etməklə və ictimai həyatda onun inkişafına daha çox bağlı olmaqla irəliləyiş əldə edilir.
Beynəlxalq Ana Dili Günü dillərin və çoxdilliliyin inklüzivliyi inkişaf etdirə biləcəyini və Dayanıqlı İnkişaf Məqsədlərinin heç kimi geridə qoymamağa yönəldiyini qəbul edir. YUNESKO ana dilinə və ya birinci dilə əsaslanan çoxdilli təhsili təşviq edir. Bu, təhsil alanın ən çox mənimsədiyi dildə başlayan və sonra tədricən başqa dilləri təqdim edən təhsil növüdür. Bu yanaşma, ana dili tədris dilindən fərqli olan təhsil alanlara ev və məktəb arasındakı uçurumu aradan qaldırmağa, doğma dildə məktəb mühitini kəşf etməyə və beləliklə, daha yaxşı öyrənməyə imkan verir.
Çoxdillilik çoxsaylı mədəniyyətlərin, dünyagörüşlərin və bilik sistemlərinin birgə mövcud olmasına və qarşılıqlı zənginləşməsinə imkan verən inklüziv cəmiyyətlərin inkişafına töhfə verir.
2023-cü il Beynəlxalq Ana Dili Gününün mövzusu “Çoxdilli təhsil – təhsilin dəyişdirilməsi zərurəti” yerli xalqların təhsilinə və dillərinə də diqqət yetirildiyi Transformasiya Təhsil Sammiti zamanı verilən tövsiyələrlə üst-üstə düşür.
Ana dilinə əsaslanan çoxdilli təhsil qeyri-dominant dillərdə, azlıq qruplarının dillərində və yerli dillərdə danışan əhali qrupları üçün öyrənməni daha əlçatan edir və bu prosesə daxil olmalarını asanlaşdırır.
Dil müxtəlifliyinin qorunması
Dillər şəxsiyyət, ünsiyyət, sosial inteqrasiya, təhsil və inkişaf üçün mürəkkəb təsirləri ilə insanlar və planet üçün strateji əhəmiyyət kəsb edir. Bununla belə, qloballaşma prosesləri səbəbindən onlar getdikcə daha çox təhlükə altındadır və ya tamamilə yox olurlar. Dillər yox olanda dünyanın zəngin mədəni müxtəliflik qobelenləri də azalır. İmkanlar, ənənələr, yaddaş, unikal düşüncə və ifadə üsulları – daha yaxşı gələcəyi təmin etmək üçün qiymətli resurslar da itirilmiş olur.
Hər iki həftədə bütöv bir mədəni və intellektual irsi daşıyan bir dil yox olur. Dünyada danışılan təxminən 6000 dilin ən az 43%-i təhlükə altındadır. Təhsil sistemlərində və ictimai sahədə yalnız bir neçə yüz dilə həqiqətən yer verilmiş, rəqəmsal dünyada isə yüzdən az dildən istifadə olunur.
Çoxdilli və multikultural cəmiyyətlər ənənəvi bilik və mədəniyyətləri davamlı şəkildə qoruyan və ötürən dilləri vasitəsilə mövcuddurlar.
Beynəlxalq Ana Dili Günü dil və mədəni müxtəlifliyi, çoxdilliliyi təşviq etmək üçün hər il qeyd olunur.
16 may 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası A/RES/61/266 qətnaməsində Üzv Dövlətləri “dünya xalqlarının istifadə etdiyi bütün dillərin qorunmasına yardım etməyə” çağırdı. Eyni qətnamə ilə Baş Assambleya çoxdillilik və multikulturalizm vasitəsilə müxtəliflik və beynəlxalq anlaşmada birliyi təşviq etmək üçün 2008-ci ili Beynəlxalq Dillər İli elan etdi və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatını İlin aparıcı təşkilatı adlandırdı.
Bu gün dillərin inkişafda, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun təmin edilməsində, eyni zamanda əməkdaşlığın gücləndirilməsində və hamı üçün keyfiyyətli təhsilə nail olunmasında, inklüziv bilik cəmiyyətlərinin qurulmasında, mədəni irsin qorunmasında və siyasi irsin səfərbər edilməsində elm və texnologiyanın faydalarını davamlı inkişafa tətbiq etmək iradəsinin mühüm rol oynadığının getdikcə daha çox fərqinə varılır.
Qaynaq: United Nations
(https://www.un.org/en/observances/mother-language-day)