“Endofmonoling.com” saytının instaqram səhifəsinin verdiyi məlumata əsasən güney azərbaycanlı fəallar bəzi dəyişdirilmiş və saxtalaşdırılmış yer adlarını dayişməyə başlayıblar. Fəallar saxtalaşdırılmış adların üstünə xətt çəkib onların yerinə əsl adlarını yazıblar.
Həmin səhifənin verdiyi məlumata əsasən Ərdəbil vilayətinin Muğan bölgəsində bəzi kənd adları bu yolla dəyişdirilib. Fəallar Dərin Köhül, Pəlməyer, Alqanov, Zəngəvar, Alailə və Muğan kimi adları bu yolla bərpa etməyə çalışıblar. Bu kimi fəaliyyət metodu daha əvvəllər də müşahidə olunmuş hallardandır. Lakin başqa növ çalışmalar da olub.
2020-ci ilin noyabr ayında Mərənddə 3 kəndin əsl adının bərpa edilməsi barədə xəbərlər yayılıb. “Aazaranjoman.ir” saytının verdiyi məlumata əsasən yerli əhalinin tələbləri nəticəsində Düyücan, Ayrandibi və Yam adlarının yenidən bərpa edilməsi ilə vilayət cavabdehləri razılaşıblar. Lakin bürokratik proseslərə görə layihə Tehrana göndərilib.
Həmin razılaşmadan 17 aydan çox keçib lakin istənilən nəticə əldə edilməyib. Hazırda həmin 3 kəndin saxtalaşdırılmış adları yerində durur və əhalinin tələbləri hələ ki cavabsız qalıb. Bu isə azərbaycanlıların yer adlarının bərpa edilməsi yolunda fəaliyyətlərinə bir başqa nümunədir.
İlk dəfə Pəhləvilər dövündə farscanı bütün ölkənin tək dili halına gtirmək üçün çalışmağa başladılar. Tək dil tək millət şüari altında qurulacaq olan İran milləti fars olmayan etnikləri assimilyasiya etməklə, onların mədəniyyətlərini pozub, saxta fars mədəniyyətini qondarmaqla yaranacaqdı.
İran millət qurucuları farsca olmayan adlara qarşı aqressiv davranaraq onları təhrif edib yeni qondarma adlar yaratmağa çalışırdılar. Pəhləvi dövründə Güney Azərbaycanda dəyişdirilən adların siyahısı uzundur. Bunlardan Urmunun Rizaiyyə, Salmasın Şapur, Sayınqalanın Şahindejə dəyişdirilməsini nümunə kimi göstərmək mümkündür.
Adların dəyişdirilməsi yalnız azərbaycanlılara qarşı deyildi. Türkmənlərin yaşadığı şimal-şərqi bölgələrdə, Ərəblərin yaşadığı cənubi bölgələrdə və digər ərazilərdə də fars olmayanlara qarşı eyni siyasət yeridilib. Ümumiyyətlə farsların yaşadığı mərkəzi bölgələrdən qıraqda yaşayan hər kəs bu siyasətdən öz payını alır və hökumət bütün İranı fars kimi təqdim etməyə çalışır.
1979-cu il inqilabından sonra bu siyasət ciddi şəkildə zəiflədi. Misal üçün dəyişdirilmiş adların bəziləri yenidən bərpa edildi. Lakin bu o demək deyil ki “tək dil, tək millət” şüarı aradan qaldırılıb. Yeni qurulan hökumət həmin ideologiyanı din pərdəsi altında gizlədərək davam etdirməyə başladı.
Lövhələrdəki adların üstünə xətt çəkmək kimi fəaliyyət nümunəsi barədə bəzi azərbaycanlı fəalların fikrini soruşduq. Əkbər Azad, Simin Səbri və Lalə Cavanşirin sözü gedən fəaliyyət metodu barədə fikirlərini “Ətəkyazı” oxucularına təqdim edirik.
Əkbər Azad: panelləri təxrib etməklə müvafiq deyiləm
Tanınmış milli fəal Əkbər Azad saxtalaşdırılmış və ya dəyişdirilmiş yer adlarının əsl adlarını qaytarmağın tərəfdarı olduğunu lakin bunun lövhələrin üzərində adları silməyə əsas olmadığını qeyd edir. Onun fikrincə ümumü xalqın tələbi ilə leqal yollardan istifadə etmək gərəkdir.
Əkbər Azad deyir ki: “Lap gözəl iş odur ki əhali öz yaşadıqları şəhər, qəsəbə və kəndin düzgün və əsl adını qorumağa çalışsın və milli fəallar da münasib yollarla əhaliyə dəstək olsunlar.“
O həm də deyir ki: “Lövhələrin üstünü cızıb tələsərək əsl adları yazmaq əks nəticəyə də səbəb ola bilər. Mədəni və məntiqli yollarla bu təhriflərə etiraz etmək ayıq, aydın insanların və əhalinin təbii haqqıdır.”
Simin Səbri: divar sloqanları kimi müsbət təsiri var
Qadın hüquqları fəalı və milli fəal Simin Səbri bu fəaliyyət metodunu dəstəklədiyini qeyd edib. Onun fikrincə bu kimi fəaliyyətlərin müsbət təsirləri var.
Psixiatr Simin Səbri bu kimi fəaliyyətlərin divarda yazılan şüarlar kimi görən şəxslərin diqqətini cəlb etdiyini deyir. O daha sonra əlavə edib: “bu işlər görən şəxslərin beyinlərində qalıcı və ani təsirlər qoyur. Ən önəmlisi isə xəbərsiz şəxslərin diqqətini cəlb edir və onları da maraqlandırır. Bu isə onların da araşdırmalarının ehtimalını artırır.”
Lalə Cavanşir: Daha da önəmlisi o adları toplamaq və sənədləşdirməkdir
Türkoloq Lalə Cavanşir bu fəaliyyət metodunun önəmli olduğunu dəstəkləyir. Lakin daha da dərin işlərin görülməsini vacib hesab edir. Lalə Cavanşir həmin adların araşdırılmasını və sənədləşdirilməsini vacib hesab edir.
O deyir: ” İllərdir Güney Azərbaycan müxtəlif şəkillərdə əritmək və yox etmək siyasətlərinə qarşı mədəni müqavimət sərgiləyərək dirənir. Bunlardan biri də son günlərdə gündəmə gələn, lövhələrdə yazılmış saxta yer adlarının üstünə xətt çəkərək əsl adlarının yazılmasıdır. Bu iş mədəni müqavimət çərçivəsində simvolik bir hərəkət olaraq əhəmiyyətlidir. Ama bu simvolik hərəkəti dərin işlərə çevirmək və onun davamını gətirmək daha da əhəmiyyətlidir. Məncə bu dərin və qalıcı işlərin ən başlıcası yer adlarını araşdırmaq, sənədləşdirmək, o sənədləri broşur və kitab şəklində yayınlamaq və var gücü ilə lazımi mərkəzlərin qapısını döyüb, onlardan bu adları rəsmiyytə keçirmələrini istəməkdir. Uşaqlarımıza türkcə adlar ilə rəsmi kimlik almaq üçün dirəndiyimiz kimi, yer adlarımızın adlarını da rəsmi sənədlərə qaytarmaq üçün millət olaraq dirənməliyik.”
O yer adlarının əhəmiyyəti barədə də xəbərdarlıq edir:” hər bir yer adının arxasında yerlilər tərəfindən söylənilən bir rəvayət vardır. Yer adı insan adı deyildir. İnsan yaşadıqca öz başına gələn hadisələrin nağıllarını və öz keçmişini daşıdığı ada artırar. Ama yer adları nağılların, hadisələrin, kollektiv rəvayətlərin və danışıb düşünməklərin nəticəsində şəkillənir. Bu baxımdan adların arxasındakı şifahi nağıllar araşdırılmalıdır. Yalnız kənd və şəhər adları deyil, kəndlərin ətrafındaki bölgələrin adları və ad qoyma səbəbləri yazılmalıdır. Misal üçün bir yamaca “işıq çıxmaz” deyilibsə, səbəbi nədir? bir yola “elyolu” deyilibsə, niyə deyilibdir? bu mövzu ilə maraqlananlar öncə araşdırma üsullarını elmi şəkildə öyrənəndən sonra bu işə başlamalıdır. Misal üçün ən azından Türkiyə türkcəsindən doktor Lütfi Sezənin «Xalq bilimi və dərləmə metodları» adlı kitabı kimi yazılı qaynaqları diqqətlə oxumuş olmalıdır. Bu əsasda, yaşlı adamları danışdırıb, o adların deyiliş tərzini və adların qoyulma səbəblərini olduğu kimi öyrənib yazıya keçirmək lazımdır. Bu bilgilər əsasında xəritə elmi bilən insanların yol göstərməsi və nəzarəti ilə xəritələr hazırlanmalıdır.”
Lalə Cavanşir artırır: ”Vəhşi təbiətdə canlı-cansız hər şeyin adı, bulaqların, dərələrin, çayların, dağların, arxların, çuxurların, dağların, düzlərin, təpələrin, gədiklərin, hündürlüklərin, yamacların, yaylaqların, qışlaqların adları, mağaraların, köhüllərin, bataqlıqların adları, çiçəklərin və böcəklərin adları, nə varsa yazıya keçməli və sənədləşdirilməlidir.”
Lalə Cavanşir bu prosesin nəticələrini aydın görür. Onun fikricə “Bu araşdırmalar və sənədləşdirmələr birinci olaraq, yurdun rəvayətini və xalqın nağılını qoruyub saxlar. İkincisi, müstəmləkə siyasətinə qarşı mübarizə dövründə lazım olan mətnləri gələcək nəsil üçün təmin etmiş olarıq. Üçüncüsü, yaxın tarixdə həyata keçirmək hədəfi ilə millət vəkilləri, şuralar vs. rəsmi orqanlara şifahi deyil, rəsmi sənədlərə müraciət etmək imkanı yaradar. Xüsusilə bu dəfə professionalca hazırlanmış sənədlər və bəlgələrlə dövlətin qapısına gedib, ədalət adına və pəhləvilərdən miras qalan bir sünnəti durdurmaq adına yer adlarını əsil adlarına dəyişdirmək ciddi şəkildə istənilə bilər.”
Duman Radmehr: coğrafi ad hansı dildədirsə, oranın tarixi sakinləri o dildə danışan xalqdır
Milli fəal duman Radmehr beləcə fəaliyyət metodunun oyanışdakı rolunu təyid edərək onu dəstəkləyir. Onun fikricə: ”Hər bir etiraz fəaliyyətini dəyərləndirmək üçün iki meyarı nəzərə almalıyıq; birincisi oyanışdır. Bu fəaliyyət, ətrafdakı insanlarda nə qədər oyanış yaradır? Coğrafi adların dəyişdirilməsi, daha yaxşı desəm, hakim dilə çevrilməsi, assimilyasiya hədəfi ilə edilir. Adların dəyişməsi ilə, insanların ortaq yaddaşı öz mühitini itirir. Süni bir hafizənin yerləşməsinə zəmin yaranır və beləliklə gələcək nəsillərin kimliyini dəyişmək rahatlaşır. Bir müddət sonra, yeni adlara dayanaraq yalan tarixi ideyalara yol açılır. Çünki, coğrafi ad hansı dildədirsə, oranın tarixi sakinləri o dildə danışan xalqdır deməkdir. Məhz bu ssenarini bildiyimizə görə bu fəaliyyətin oyanış baxımından çox dəyərli olduğunu deyə bilərik. İnsanlar, gerçək adları gördükdə, adların niyə dəyişilməsini düşünüb, geniş səviyyədə assimilyasiya siyasətini deşifrə edirlər.”
Duman Radmehrin fikricə önəmli olan digər faktor isə cəsarətdir. O deyir:” İkinci meyar, cəsarətdir. Oyanışı, etiraza çevirən amil cəsarətdir. Sadəcə oyanıb bilmək ilə toplumda dəyişiklik yaratmaq olmur. Əlavə olaraq, etiraz etmək lazımdır. Bilən amma qorxan insanları cəsarətləndirmək, danışıqla deyil, qorxmazcasına öndə olan etirazçılarla gerçəkləşir. Bu arada, sanal/məcazi dünya ilə müqayisədə, gerçək olaraq bir etiraz hərkəti eləmək, insanları cəsarətləndirməkdə daha çox təsirli olur. Çünki dəyişikliklər gerçək dünyada baş verdiyinə görə, gerçək etirazlar da daha təhlükəlidir. Ona görə də bu işdə daha böyük cəsarətə ehtiyac var. Günümüzdə oyanış baxımından məcazi dünyadakı fəaliyyətlər daha tasirli olsa da, cəsarətləndirmə baxımından gerçək dünyada olan əməli fəaliyyətlər daha üstündürlər.”
Duman Radmehr həm də fəaliyyətin davamlılığın vacibliyi barədə xəbərdarlıq edir. O artırır:“ Unutmamaq lazımdır ki, hər fəaliyyətin oyanış və cəsarət olaraq təsir dərəcəsi, həm də onun genişlik və davamlılığına bağlıdır. Bir etiraz fəaliyyəti daha çox sayda etirazçı tərəfindən, daha uzun zaman müddətində davam edərsə bu kampaniyadır və təsir gücü tək nəfərlik və birdəfəlik işlərdən daha çoxdur. Bu fəaliyyət müxtəlif etniklər tərəfindən, fərqli şəhərlərdə baş verir. Bu diqqətləri daha çox cəlb etməklə yanaşı birləşmək vərdişi baxımından da müvəffəq və təsirlidir. İnsan oğlu, çoxluğu (əksəriyyətdə olmağı) sevir. Çünki elə olduqda özünü cəmdə, birlikdə və daha təhlükəsiz hiss edir. Bir etiraz fəaliyyətinin kampaniyaya çevrilməsi insanları daha da cəsarətləndirib birləşdirir.”
Duman Radmehr bu kimi fəaliyyət metodunu tövsiyələri bunlardaan ibarətdir: ”Qısaca desək əməli olaraq lövhələri əsl adlarına dəyişdirmək, oyanış və cəsarətləndirmə bucağından təsirli bir etiraz üsuludur. İş kampaniyaya çevrildiyi üçün bu təsir qat-qat yuxarı və birlik baxımından gələcək üçün dəyərli ictimai sərmayədir. Bacardıqca bu kampaniyanı davam etdirmək lazımdır. Sonrakı addım əsl adları rəsmiləşdirmək üçün fəaliyyət göstərmək olmalıdır Şəhər şuraları, ustandarlar, fərmandarlara müraciət edib, əsl adların qaytarılma istəyini daha rəsmi, aşkar və ümumi etmək ola bilər.”