Dostoyevskinin əsərlərində yad kimlik; Keçmişdən bu günədək Rusiyada “özgə”lərlə ənənəvi ziddiyyət

Google+ Pinterest LinkedIn Tumblr +

Qumarbaz romanı hələ başa çatmamış, naşirlə Dostoyevski arasında olan müqavilə artıq sona çatırdı. (1866-cı il noyabrın ilk günləri). O tələsməli idi, bunun üçün də gənc bir makinaçı xanımı köməkçi olaraq işə götürür. Vicdanla işləməyin nəticəsində kitab həmin il oktyabr ayının son günlərində hazır olur.

Onun digər millətlər haqqında olan düşüncələrini belə açıq ortaya qoyması yəqin ki əsəri bitirməyə tələsdiyi üçündür. Dostoyevski almanlara nifrət edir, isveçrəliləri, ingilisləri və fransızları sevmir. Dövrün türk himayəçiləri kimi tanınan İngiltərə, Avstriya, Vatikan və Fransaya (onlarla yaxşı xatirələri olduğu halda) böhtan atır. Rusiyaya arxa durmayan slavyanları da sevmir. Rusiyanın qarşısında duran çex aydınlar və ortodoks serblər də bu sıradadırlar. Polşalıları katolik avropalıların oyuncağı sayır, onlara da nifrət edir. Bunu “Karamazov qardaşları” və “Qumarbaz” romanlarında açıqca ortaya qoyur. Yəhudiləri isə dövlət içində gizli dövlət hesab edərək, onlara da böhtan atır. Deməli rus ədəbiyatının dahisi olan Dostoyevski bir çox başqa millətləri belə dəyərsiz görür.

Dostoyevskinin realizm məktəbinə dərindən bağlılığnı nəzərə alaraq, onun digər millətlər haqda düşüncələrini, bəlli zamanda müəyyən kəsimin ümumi düşüncəsi kimi tanımaq mümkündür. Dostoyevski ilə eyni dövrdə yaşayan yazıçıların əsərlərində də rus toplumunda olan kimlik prinsiplərinin sarsılmasından yaranan qorxunu hiss etmək olur. Onlar Avropa mədəniyyətini Rusiya ənənəvi kimliyi qarşısında təhdid sayırdılar.

Dostoyevski bir yerde belə yazır: “Toplumumuz artıq heç bir möhkəm prinsipə əsaslanmır. Ani bir vuruş nəticəsində keçmişdə heç nə yox imiş kimi yox olub gedəcək.” Bir çox rus yazıçısı yeniləşməyə doğru gedən Rusiyanın etik prinsiplərinin yox olmasını araşdırmaq yerinə, Avropa kimliyi və mədəniyyəti içində məhv olmaqları ilə bağlı qayğılanırdılar. Ümumiyyətlə Dostoyevski əsərlərində olan bütün diqqət çəkən və əsas personajlar Rusiya ənənəvi kimliyinə özgədirlər; onlar yeni yaradılmış köksüz insanlardılar. Dostoyevskiyə görə bu köksüzlük qərbi Avropanın mədəni hücumu və yüz illik məcburi modernizmin nəticəsidir.

Kimliyimiz qarşısında “yad” kimliklər

İnkişaf etmiş ölkələrin mədəniyyəti tərəfindən assimilyasiyaya uğramaq, inkişaf etməkdə olan ölkələrin ortaq qorxusudur. Ancaq üç əsas səbəbə görə bu qorxu Çar Rusiyası, Sovet İttifaqı və eləcə də indiki müstəqil Rusiyada hələ də qalmaqdadır. Birinci səbəb özlərini İran, Misir və Türkiyə kimi geri qalmış, gücsüz hesab edə bilmədikləri üçün itaətkarlığı və geriliyi qəbul edə bilmirlər. İkinci səbəb olan Qərbi Avropa ilə ortaq xristian mədəniyyətinə malik olmaqları assimilyasiya yollarını hamarlaşdırır. Sonuncu və ən vacib səbəb isə güc və mövqelərini göstərəcək, reallığı əks etdirən, heç bir dəqiq axtarış və yaxud tədqiqat apara bilməmələridir.

Özündən əvvəlki nəsli öz tarixi missiyalarını yerinə yetirə bilmədikləri üçün mühakimə etmək, rus cəmiyyətinə xas ənənə halına gəlib. Birinci Pyotr özündən əvvəlki hökmdarları Rusiyanın inkişafına kömək olmadıqları üçün günahlandırırdı. Guya uzaq keçmişdə Rusiya dünyanın ən inkişaf etmiş ölkəsi idi və parlaq keçmişi olan Rusiya bu günkü gününə layiq deyil. Bu düşüncə dünya miqyasında öz mövqeyini anlamamaq deməkdir. Putin və Yelstinin sovet dövrünü günahlandırdıqları kimi sovet hakimiyyətində olanlar da özlərindən əvvəl hakimiyyətdə olmuş çar Rusiyasını geri qalmaqlarında günahkar görürdülər. Bu geridə qalmışlıq hissi, rusların dəlicəsinə hərəkət etmələrinə gətirib çıxarır. Qərbin onları rusluqdan çıxaracağı ilə bağlı fikirlər onların dillərində əzbər olmuşdu.

Milli kimlik siyasəti digər millətlərə qarşı nifrətin üzərində inşa edilsə, bu kimlik bütün sonrakı nəsillərə uğursuz miras kimi zərər verib, populist siyasətçilərin əlində propaqanda yemi olaraq istifadə olunar.

Dostoyevski də özündən əvvəlki nəsilləri narazılıqla yada salır. Atalar da oğullarını sevmirlər. “Karamazov qardaşları” əsərində  Fyodor övladlarının heç birini sevmir. O yalnız içindəki çirkin istəkləri doyurmağa çalışır. Buna əsasən Fyodor, gələcək nəsillərin ehtiyaclarına qayğısız qalan çalıq hakimiyətinin simovolu deyilmi?

“Cinayət və cəza” romanında qəzəbli, imansız və daim kefli olan Marmeladov, həyata bağlılığını ikinci qadını Katerinaya vurğunluğu, qızı Sonyaya sevgisi ilə açıqlamağa çalışsa da, oxucu əslində onun tənbəlliyinin, laqeyid davranışlarının və çirkin işlərinin qızı Sonyanın və Sonyanın analığı Katerinanın həyatını məhv etdiyini başa düşür.

Uydurma kimliklər arasında dustaqlıq

Dostoyevskinin ilk əsərlərindən biri olan “Oxşar”  romanının əsas mövzusu kimlikdir. Bəzi nağıl qəhrəmanları  öz oxşarları ilə tanımlanırlar. Bu “oxşar” onların beyinlərinin məhsuludur, hara getsələr kölgə kimi onların dalınca sürünür. Ancaq bu oxşarlar qəhrəmanın iradəsinə itaət etmirlər, hətta onların iradəsini yönləndirməyi də bacarırlar. Bu oxşar personaja görə özgələşmək və kimlik böhranının yaşanmasının göstəricisidir. Belə ki qəhrəmanlar özlərini tanımamaqla tanınırlar. Bu kölgə və yaxud uydurma kimliklər bəzən tale yazacaq qədər önəmli, alınacaq qərarı müəyyənləşdirəcək qədər təsirli olurlar.

Rus kimlik qurucularının yaratdığı ortodoks rus kimliyi, onları katolik Avropa kimliyinə qarşı qoyub. Əvvəlcədən təyin edilmiş kimlik gələcəkdə alınacaq qərarlara da təsir edəcək. İranda da buna oxşar bir vəziyyət var; İranın kimlik qurucuları bu kimliyi ərəb və bəzən də türk kimliyinə qarşı qoyaraq qurublar. Ona görə də İran televiziyalarında adi bir ərəb futbol komandası ilə bir İran futbol komandasının oyunu final oyunu qədər vacibliyi vurğulanaraq qabardılır.

Dostoyevski “İdiot” romanını Rusiya torpaqlarına girən qatarla başlayır. Knyaz Mışkin uzun müddət İsveçrədə yaşadığına baxmayaraq, rus ortodoks kilsəsinə saf ürəklə sadiq qalmışdır. “Karamazov qardaşları” romanındakı Alyoşaya bənzəyən Knyaz Mışkin, ünsiyyətcildir. Təklikdən qaçır, başqaları ilə daima təmas halındadır.

Qarmaqarışıq, gözlənilməz macəralarla rastlaşır, amma buna baxmayaraq düşüncəsində, davranışında, psixologiyasında heç bir dəyişiklik baş vermir. Avropanın sözdə pozğun mədəniyyəti qarşısında beləcə dayanan Mışkin, Dostoyevskinin idealıdır. O rus olmayanın qarşısına rus ortodoksluğunun etnik kimliyi ilə qarışdığı, vətənpərvərliyin din ilə, irfan ilə birləşdiyi kimlik ilə çıxır. Günümüzdə İslam cəmiyyəti və vətənpərvərlik kimi əsaslarla xristian Qərbin qarşısında dayanmağa çalışan Türkiyə də, bunun başqa bir nümunəsidir.

Dostoyevski “Karamazov qardaşları” əsərində katolik kilsəsinin İsa peyğəmbərə qarşı etdiyi xainliyi İvanın dilindən deyir. O ortodoks sədaqətini, ortodoks səmimiyətini peyğəmbərin əsl ruhu sayır, dini təmsil edən din xadimlərinin Məsihin mehriban ruhu ilə ziddiyyətdə olduğunu iddia edir.

Ölçüb biçən ağılın qırağa qoyulması

Dostoyevski əsərlərində sevgi, duyğu və şəfqəti rusların etnik orjinallığı kimi təqdim edir. Bunun qarşılığında isə ölçüb-biçmək, ağıllıca davranış, qərb düşüncə tərzinin simovlu sayılır. Ona görə də o, hansısa rus qızının varlı elçisinin evlilik təklifini rədd etməsini sevindirici hal hesab edir. ”İdiot” romanında Nastasya və “Karamazov qardaşları” əsərində Qruşenka sırf Dostoyevskinin istəyinə görə elçilərinin yumşaq, ağıllı davranışından nifrət edir, qumarbaz, ağlı başında olmayan kişiləri bəyənir. Onlar yalnız yaradıcıları olan Dostoyevskinin hegemonluğundan qurtulduqdan sonra, varlı kişilərlə evlənirlər. Dostoyevskinin elçilərinin və qəhrəmanlarının alicənablıq ilə qırağa çəkildiklərinə baxmayaraq, bu Avropanın qəbul etmədiyi xalqın alçaldıcı yaraları toxdamır. Bu yaralar Dostoyevski qəhrəmanlarının və rus siyasətçilərinin gördükləri ağılsız işlərdə özünü biruzə verir.

Çar Rusiyasının döyüş hücumları, kommunist partiyasının ölüm və islah əmək düşərgələri, Putinin qalmaqal yaratmalarını həmin ölçüb-biçici düşüncə düşmənliyi ilə, gözlənilməz geri qalmışlıq qarşısında əks hücum əməliyat olaraq görə bilərikmi?

Güc və qürurun sübutu

Dostoyevskinin qəhrəmanlarının əvvəlcədən uduzduqları duelə girməkləri, rusların öz vəziyyətləri haqqında ətraflı və eyni zamanda reallığa əsaslanan tədqiqatların olmadığının bir nümunəsidir. Belə bir yanaşma tərzi, ölçüb-biçən ağıldan uzaqdır.

Dostoyevskinin də bəyəndiyi “Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikov, təmiz niyyəti, bəyənilən hissləri olduğu halda, dayaz düşüncəsi nəticəsində cinayət törədir. Bu cinayət Rusiya tarixi boyunca reproduksiya edilməkdədir.

O ara düzəldən qarını öldürmək, sonra da onun pullarını yoxsullara vermək, onlara yardım etmək istəyirdi. Ancaq cinayət vaxtı qarının sadəlövh ögey bacısı evə girir. Raskolnikov onu da öldürməyə məcəbur qalır.

Raskolnikov sovet ittifaqı hakimləri kimi yoxsullara yardım etmək istədiyini iddia etsə də, əslində gücünü, azadlığını isbat edərək, uğursuz olduğu dünyadan intiqam alırdı. Onun fikricə Napoleon məhz buna görə uğurlu oldu  ki qayğıları yolunda günahsız insanların göz yaşına baxmadı, onları güllələyərək öldürdü.

Elə rus rəhbərlərinin yoxsulları qorumaq bəhanəsi ilə dünyanın fərqli bölgələrində olmaqları, əslində gücü isbat etmək üçün deyilmi?

Raskolnikov hansısa bir qarını öldürməyin güc isbatı olmaqdan çox, gücsüzlüyün nümunəsi olduğunu çox tez başa düşür. Ruhi vəziyyəti, onu 1917 və 1990-cı ildəki Rusiya kimi yıxılmaq sərhəddinədək sürükləyir. Romanın sonunda Raskolnikov qarını deyil, əslində özünü öldürdüyünü etiraf edir.

Bəlkə “Karmazov qardaşları” romanını, Rusiyanın kimlik düzəltmə prosesinin xülasəsi kimi ələ almaq mümkündür. Fyodor yazıçının nifrət etdiyi atadır. Romanın sonunda dustaq olacaq Dmitri, aristokrat, bir az da romantikdir. İvan isə Raskolnikov kimi Rusiyanın simvoludur. O bunu xristianlıq və sosializmə inamı ilə, həm də Avropaya olan nifrəti daşıyaraq nümayiş etdirir. Ancaq düşüncələrində möhkəm deyil. “İdiot” romanının şahzadə Mışkini olan Alyoşa, kəndlilərin, möminlərin dəstəyini alaraq çıxış edir. Atasının bic oğlu Smerdyakov da rus siyasətçilərinin simvoludur. Fahişə anadan doğulan, cismən, ruhən əskikləri olan, prinsipsiz duruşu ilə ata evində qulluqçu kimi işləyir.

Əsərin sonunda Smerdyakov, Dmitriyə qarşı hiss etdiyi qısqanclıq nəticəsində atasını öldürür. İttihamları da ona qarşı yönləndirərək, Dmitrini həbsə göndərir.

İnqilaba qalxmış bir qrupun hədəfi keçmiş hakimləri vəzifələrindən salmaq, mövcud rəqib qrupu isə həbs etdirməkdir. Belə baxılsa atanın qətli, qardaşın da həbsə göndərilməsi inqilab planını simvollaşdırır.

Smerdyakovun hər şeyi ölçüb-biçərək törətdiyi cinayət, ürəyində Dmitriyə qarşı duyduğu nifrət hissindən deyil, gücünü göstərmək üçündür. Xüsusilə İvana cinayət üsulunu qələbə planı kimi başa salması, onu gücsüz görünüşdən qurtarır, məhəkəmə iclasından əvvəl intiharı, Dmitrinin günahsızlıq sənədlərini məhv edir. Vaxtında baş verən bu intihar iradə, qoçaqlıq göstəricisindən əlavə, İvanın məhəkəmə nitqini sayıqlama səviyəsinə endirməyi bacarır. Onun sözlərinə kimsə inanmır, utanılacaq vəziyyətdə məhkəmədən çölə atılır. Bəlkə Smerdyakovun da arzu etdiyi bu nəticə, az sayda olan realist rus aydınlarını gözləyən bir sondur.

Ağrıkəsicilər

Raskolnikov tələbə idi, amma universitetdə öyrədilənləri insan cəmiyyətinin vəziyyətinə özgə hesab edir, təhsili buraxmaqla həqiqi dərman yolu axtarırdı. Bu rus gəncinin reallıqdan uzaqlaşmasının ilk addımıdır.

Bacısı Avdotya, varlı və kobud elçisinə “hə” deməklə ailəsinə yardım etmiş olacaqdı. Raskolnikovun isə əlindən nəsə gəlmir, bu da onu dəli edirdi.

Ruslar adətən müharibəni geri qalmaqlarının və təhqir olunmaqlarının dərmanı kimi qəbul edirlər. Nəticədə yeni rus kimlik qurucuları iki yol arasında qalırlar: İkinci dünya qütbü rəhbərliyini unudaraq Avropa cəmiyyətinin sərhədlərinə girməklə yeni kimlik qazanarlar. Ya mövcud vəziyyətləri və olmaq istədikləri hədd arasında olan uzaqlıqdan yaranan müharibə ehtirasından uzaq duracaqlar, ya da Stalin kimi, çar kimi əxlaq prinsiplərinin pozulmasından, ictimai-iqtisadi problemlər kimi daxili  məsələlərin çoxalmasından qurtulmaq üçün, neçə ildən bir qonşu ölkələrin birinə qanlı müharibələr elan edəcəklə. Bu qanlı savaşda törədilmiş cinayət rus gücünü, rus mövqeyini dünyaya bildirəcək, aşağılanmış toplumu qürurlandıracaq, sosial qürur düşkünlərinin ata qətlini önləyəcəkdir.

Boris Yeltsin çeçenlərlə müharibə edərək, rus cəmiyyətinin Avropaya qatılmağın lazım olmadığını bildirdi. Putin isə Gürcüstan və Ukrayna ilə baş verən müharibələrdə kommunist və çar babalarının davamçısı olduğunu göstərdi. Narazı rus insanlarının ağrılarını kəsmək üçün, uğursuzluqlara səbəb kimi keçmişdəki rəhbərliyi göstərirlər. Rusların qərbə qarşı olan düşmənçilikləri kimliklərinin bir parçasına çevrilib. Bu düşmənçilik onların artıq tamahlarını doyuzdurur, yaralarına ağrıkəsici kimi təsir edir.

Çevirən: Zəkərya Səfayi

Qaynaq: Radio Zamaneh

Paylaş.

Müəllif haqqında

İbrahım Savalan

İbrahım Savalan Güney Azərbaycanlı yazar və siyasi aktivistdir.

Şərhlər bağlıdır.