Note: Farscada “haşiyə neşini” adlanan qavram coğrafi anlayış deyildir. Bir çox hallarda bu konsepsiyanın coğrafı açıqlaması olsa da, bəzi hallarda elə deyil. Misal üçün böyük şəhərlərdə sonradan yerləşmiş və iqtisadi baxımdan daha zəif mövqedə olan insanların yaşadığı məhəllələr bəzi hallarda şəhərin ortalarında da yerləşir. Bu məhəllələrdə ümumiyətlə şəhərsalma prinsipləri yerinə yetirilmir və nəticə etibarilə onlar sosial xidmətlər almaqdan məhrum olurlar. Hesabatda bu qavrama qarşılıq “gecəqondu” sözü işlənib. Lakin İranda işlədilən “haşiyə neşin” sözünün ana dilimizdə tam qarşılığı yoxdur.
Prezident İbrahim Rəisinin Şərqi Azərbaycana son səfəri bir çox məsələni yenidən gündəmə gətirib. Bunlara Azərbaycanın müstəqil mis şirkətinin qurulması, Urmu gölünün canlandırılması, beynəlxalq iqtisadi münasibətlərin inkişafı və digər mövzuları göstərmək olar.
Gündəmə gələn başqa məqam isə Təbriz şəhərində qecəqondu və onunla əlaqədar problemlər olub. Təbriz şəhəri yüksək tarixi əhəmiyyətə malik olmaqla kütlə arasında varlı, sənaye mərkəzi və digər pozitiv göstəricilərlə tanınır. Lakin son yüz il ərzində Təbriz bir çox baxımdan yüksək mövqeyini itirib və xeyli sayda problemlər və böhranlarla qarşılaşıb. Bunlardan ən əhəmiyyətli olanlardan biri də qecəqondu və onun ardınca gələn sosial xidmətlər problemləri və təbii təhlükələr təhlükəsidir.
Prezident İbrahim Rəisinin daxili işlər naziri iyunun 2-ci günündə qecəqondu problemi ilə bağlı vilayət cavabdehləri ilə birlikdə Təbrizdə bəzi könəlmiş fakturaları ziyarət edib. Əhməd Vəhidi tezliklə gecəqondularda yaşayan insanların tələblərinə cavab vermək lazımdır deyib. O eyni halda təbii dağıdıcı amilləri nəzərə alaraq bu problemin bələdiyyələrin tələbləri içində yer aldığını, lakin lazımi büdcənin əldə olmadığı üçün gecikdiyini bildirib.
Təbrizdə qecəqondu problemi hardasa böhrana çevrilib. Hazırda Təbriz əhalisinin təxminən yarısı köhnəlmiş və gecəqondularda və bölgələrdə yaşayırlar. Ən az 400 min şəxs gecəqondularda yaşayırlar. Eyni halda şəhərin quzey tərəfində yerləşən kənar məhəllələr zəlzələ xəttinin və yeraltı çatın üstündə yerləşiblər. Təbrizdə qecəqondu problemi son on ildə fərqli şəkillərdə gündəmə gəlib, lakin böhran günbəgün böyüyüb və onu düzəldəcək heç bir addım atılmayıb.
Gecəqondu probleminin kökləri
Qecəqondu prosesi Pəhləvi dövründən başlayır. Həmin dövrdən başlayaraq mərkəzçi siyasətlər sayəsində şəhərlər qiymətə minir və kəndlərin əhəmiyyəti getdikcə azalmağa başlayır. Ölkə əhalisinin 30 faizdən azını təşkil edən şəhərlər və şəhər əhalisi mərkəzləşərək, kənd istehsal sistemini getdikcə zəifləndi. Ölkənin istehsalının 70 faizdən çoxunu təşkil edən əkinçilik kimi kənd təsərrüfatı sistemi əhəmiyyətsizləşir. Eyni halda sosial xidmətlər kəndlərdən əsirgənir və bütün imkanlar şəhərlər üçün nəzərdə tutulur. Kəndlilər ədalətsiz siyasətə görə şəhərlərdə məskunlaşmağa başlayırlar və bununla da şəhərlərin ətrafında ilk gecəqondu məhəllələr yaranır.
Həmin dövrdən başlayaraq Tehran kimi mərkəzi vilayətlərə miqrasiya başlayır. Az zaman ərzində kənar hesab olunan vilayətlərin kənd əhalisi böyük şəhərlərin gecəqondu məhəllələrinə yerləşdilər. Hazırda Tehran şəhərinin ətrafında yerləşən gecəqondu məhəllə və kiçik şəhərlərdə Azərbaycan kimi kənar vilayətlərdən köçmüş immiqrant cəmiyyətlər yaşayırlar. Təbriz şəhəri də bu siyasətdən payını alıb.
1979-cu il inqilabından sonra da eyni siyasət davam edib. Hazırda həmin məhəllələr yoxsul və ya immiqrant cəmiyyətin toplaşdığı yerlərə çevrilib və sosial xidmətlərdən məhrum buraxılıblar. Bu gecəqondu məhəllələrin yerləşdikləri əraziyə görə belə deyil. Bəzi gecəqondu məhəllələr şəhərin ortasında yerləşsələr belə sənədli film rejissoru Möhsün Hadinin dediyi kimi gecəqondu məhəllələr şəhərdə olduqları halda şəhərdən deyillər. Onlar sosial xidmətlərdən məhrum, təhlükə ilə qarşı-qarşıya qalmış və kameraların söndüyü yerlərdilər.
Təbriz qecəqondular məsələsində də birincidir
Hazırda Təbriz şəhərinin 20 məhəlləsi gecəqondu hesab olunur. “İranwire” saytının verdiyi məlumata əsasən Təbrizdə ən azı 900 min şəxs gecəqondu və köhnəlmiş binalarda yaşayır. Bu insanlar Təbriz şəhərinin əhalisinin 50 faizindən çoxunu təşkil etdikləri halda şəhərin yalnız 18 faiz ərazisini əhatə edirlər. Statistikalardan da bəlli olduğu kimi bu məhəllələrdə əhalinin sıxlığı çox yüksəkdir.
Təbrizli sənədli film rejissoru Möhsün Hadi “Xəbəre Fori” (Təcili xəbər) adlı bir sənədli filmdə mümkün zəlzələni lentə alıb. Hadi bu filmdə gecəqondu məhəllələrdə evlərin davamsızlığı və mümkün bir zəlzələ nəticəsində hardasa faciənin baş verəcəyini deyib. Lakin bu təhlükənin hamısı deyil.
“İranwire” saytına danışan bir təbrizli deyib ki Tərlan dərəsi kimi kənar məhəllələr narkomanların yaşadığı və toplaşdığı bölgədir. Həmin şəxs həm də deyib ki orada qeyri-adi şəkildə dağılmış binalar çoxdur və bu yerlər narkotik maddə istifadəçilərinin, eləcə də satıcılarının məkanına çevrilir. Belə bir mühit bölgədə böyüyən uşaqlar üçün də təhlükə yaradır.
Bir çox yerdə sosial xidmətlər yoxdur. Misal üçün bəzi məhəllələrdə su, elektrik və təbii qaz xidmətləri yoxdur. Dar küçələr bir çox hallarda get gəli çətinləşdirir və xəstələrə təcili müdaxiləni də imkansız qılır. Burada sağlamlıq və təhsil xidmətləri də zəif vəziyyətdədir. Bu məhəllə bununla da Təbrizin digər məhəllələrindən fərqlənir.
Təbriz universitetində aparılmış bir araşdırmaya görə gecəqondu məhəllələrin əhalisi ümumiyyətlə rəsmi işlərdə işləmirlər. Əksər hallarda əldə satıcılıq, narkotik maddələr və alkollu içkilər satıcılığı kimi kriminal işlərdə çalışırlar. Nəticədə daha zəif şaraitdə yaşamağa məcbur qalırlar.
Bir başqa araşdırmada Tərlan dərəsi və Molla Zeynal məhəllələrində yaşayan uşaqların 50 faizinin uşaq istismarıma məruz qaldığı qeyd edilib. Bu araşdırmanın nəticələrinə görə bu məhəllələrdə böyüyən uşaqların əksəriyyəti ağır psixi vəziyyətdə yaşayırlar. Onlar təhsildən uzaqlaşdırılır, kriminal fəaliyyətlərə yönəlir, fahişəlik, qadın alveri və digər işlərə cəlb edilirlər.
Nə etmək mümkündür?
Təbrizdə 20 məhəllə marginal hesab edilir və bu məhəllələrdə əhali sıxlığı çox yüksəkdir. Təbriz əhalisinin yarısından çoxunun yaşadığı bu məhəllələrin problemlərindən bəziləri üstdə sadaladıqlarımızdan ibarətdir. Lakin bu problemlərin həlli heç də asan deyil.
Qecəqondu dövlət səviyyəsində ədalətsiz siyasətlər, səhv qərarlar və onilliklər boyunca laqeyd yanaşmanın nəticəsidir. Mümkün təhlükələrlə birlikdə sosial səviyyədə uzun müddətli ziyanlar, sosial problemlər və çox sayda insanın həyatının bütövünün mənfi şəkildə təsirlənməsi qecəqondu böhranın başqa üzlərindəndir.
Problemlər yalnız bələdiyyə ilə əlaqədər deyil, eyni halda problem təbrizlilərin yarısından çoxunun yaşadığı evlər və məhəllələrdən ibarətdir. Daxili İşlər Nazirliyinin həl edilməsi vacib olan məsələ adlandırdığı problem onilliklər ərzində formalaşıb və qısa cümlələrlə həll olunmayacağı təxmin edilir.