Yazeco saytının verdiyi məlumata əsasən Sərabın Uşuşan kəndinin yaxınlığında yerləşən Kültəpə qəbiristanlığı ekskovatorlarla dağıdılıb. 3 min illik bu tarixi qəbiristanlıq güneydəki başqa tarixi abidələr kimi cavabdeh qurumların laqeyd yanaşması nəticəsində məhv olmaq üzrədir.
Bundan öncə Mərəndin Əlincə kəndində yerləşən tarixi qəbiristanlığın da baxımsızlıq nəticəsində pis vəziyyətdə olması gündəmə gəlmişdi. Bundan başqa Gərgər-Ələmdarda (Hadişəhr) yerləşən başqa bir kültəpənin də zibilxanaya çevrildiyini göstərən görüntülər yayılmışdı.
Yazeco saytının verdiyi məlumata əsasən Sərabın yaxınlığında yerləşən qəbiristanlıqda çox sayda balbal var. Balbal qədim türk ənənələrində önəmli şəxslərin qəbri üstə qoyulan heykəllərdir.
Qədim türk qəbirləri
Sərabda sökülən qəbiristanlıqda çox sayda balbal var. Bu isə oranın önəmli qəbiristanlıq olduğuna işarədir. Çünki qədim türklərdə balbal qəhrəmanların qəbirləri üstünə qoyulardı.
Xüsusilə Orta Asiya türkləri arasında geniş yayılmış bu adətin şamanizm inancından qaynaqlandığı deyilir. Sərkərdənin savaşlarda qalib gəlməsini simvolizə edən bu heykəllərin sayı onun cəsarət və qəhrəmanlığını göstərir. Balballar kurqanlar üstündə də qoyularmış. Meşkinin Şəhəryeri məntəqəsində də çox sayda balbal var.
Kurqan qədim türk qəbirlərinin adıdır. Oba bəyi və yaxud önəmli şəxslər və sərkərdələrin basdırıldığı böyük qəbirlər kurqan adlanır. Ölən şəxsin yanında başqa əşyaların da olması qədim inancların nişanəsidir. Bu inanclara əsasən basdırılan qəhrəman bir daha diriləndə yanındakı əşyalardan faydalanacaq. Hətta bəzi kurqanlarda at sümükləri də olub. Əbdülqadir İnana görə şamanizm inanclarında atın sahibi diriləndə həmin at da diriləcəkdi.
Azərbaycanın güneyində çox sayda kurqan mövcuddur. Lakin onlara lazımi diqqət göstərilməyib. Buna Meşkində üstü açılıb talan edilmiş kurqanları misal gətirmək olar. Bu kurqanları köçərilərin yaylaq (Savalan ətəkləri) və qışlaq (Muğan düzü) yolu üstündə də görmək mümkündür.
Şəhəryeri
Şəhəryeri Meşkinşəhər yaxınlığında yerləşən bir tarixi mətəqənin adıdır. Tarixi 8 min il əvvələ aid edilən bu tarixi məntəqədə çox sayda balbal mövcuddur. Bəzi arxeoloqlar buranı insanlıq tarixindəki ilk təqvim kimi də dəyərləndirirlər. Onlar qədim sakinlərin bu daşları müəyyən şəkildə düzüb təqvimi müəyyən etmək üçün istifadə etdiklərini deyirlər.
Şəhəryerinin vacib mövqeyinə baxmayaraq cavabdeh qurumların laqeyd yanaşması 2018-ci ildə yerli əhalinin etirazına səbəb olmuşdu. Onlar bu kompleksin qorunmasını tələb etmişdilər.
Kültəpələr
Azərbaycanda çox rastlanan tarixi məkanlardan biri də kültəpələrdir. Güney Azərbaycanın Urmu, Sərab, Muğan, Gərgər-Ələmdar və digər bölgələrində kültəpələr var. Quzeydə də eyni kültəpələrdən var və ən tanınmışı da Naxçıvanda yerləşir.
Arxeoloqlara görə kültəplər həmin ərazilərdə hələ lap qədimdən insanların yaşadığını sübut edir. İran tarixçiləri və arxeoloqları kültəpələri atəşkədə (od yandırılan yer) olaraq tanıtdırırlar. Bununla da onları zərdüşt dininə bağlayırlar. Lakin kültəpələrin yalnız Azərbaycanda olması və İranın başqa bölgələrində olmaması bu tezisi şübhə altına salır.
Mərəndin Əlincə kəndinin qəbiristanlığı
Mərəndin Əlincə kəndinin qəbiristanlığında da çox sayda naxışlı kublar və aslan heykəlləri var. Lakin bu heykəllərin bəzisi oğurlanıb, qalanları isə təbii və qeyri-təbii dağıdıcı amillərlə baş bşaa qalıblar. Kub şəklində olan daşlarda müxtəlif naxışlar və yazılar var. Səkkiz bucaqlı ulduz bu naxışlarda ən çox təkrarlanan elementlərdən biridir.
Əlincə kəndinin əhalisinin dediyinə görə dövlət orqanları bu qəbristanlığın qorununb saxlanmasında lazımi tədbirləri görmürlər. İş belə olduqda kəndin sakinləri özləri pul toplayıb qəbiristanlığın ətrafına hasar çəkməyə başlayıblar.
Azərbaycanın bir çox yerində belə tarixi qəbristanlıqlar, daş balballar, qoçdaşlar və aslan heykəlləri olub. Lakin dövlət orqanlarının laqeyd yanaşması nəticəsində tarixi və arxeoloji əhəmiyyətə malik olan heykəl və daşlar yox olub və ya oğurlanıb.
Azərbaycan tarixinin yox olması yolunda
Sərab kültəpə qəbiristanlığı, Mərəndin Əlincə kəndinin qəbiristanlığı, Meşkinşəhərin Şəhəryeri kompleksi və başqa bir çox tarixi və arxeoloji yerin acınacaqlı vəziyyəti İran dövlətinin Azərbaycanın tarixi abidələrinə məqsədyönlü şəkildə laqeyd yanaşmasına verilən nümunələrdir. Eyni halda bu kimi yerlərdə lazımi araşdırmalar da aparılmır. Şəhəryerində aparılan qazıntılar oranın önəmli mövqeyini aşkar etdi. Nümunə göstərilən tarixi abidələrdə yeni arxeoloji qazıntılara və araşdımalara ehtiyac olduğu halda dağıdıcı amillərin və dövlətin məqsədyönlü diqqətsizliyinin nəticəsində abidələr hər ötən gün daha da çox məhv olurlar.