Emile Durkheim və İntihar

Google+ Pinterest LinkedIn Tumblr +

İnsanın öz həyatına qəsd etməsinin nə şəraitdə baş verməsi bir çox insan üçün sual olaraq qalır. Bəzən miskin sayılan bir insan həyatdan iki əlli yapışdığı halda, xoşbəxt görülən bir insanın intihar xəbəri sosial medianın əsas xəbərinə çevrilə bilir. Kimisi intihar edən şəxsi seçiminə görə qınaya, kimisi də məsələnin tam da şəxslə bağlı olmadığını iddia edə bilər. Fransız sosioloqu Emile Durkheimin (1858-1917) bu suallara cavabı cəmiyyətdə artan intiharı anlamaq baxımından önəmlidir.

Əslində Emile Durkheimin əsas maraqlandığı mövzu modern qərb cəmiyyətində insanlar arasındakı həmrəylik olmuşdur. Onun fikrinə görə sənayeləşmədən sonrakı qərb cəmiyyətində insanları keçmişdəki bağlılıqlar birləşdirmir. Keçmişdə eyni dinə inanmaq, eyni dəyərləri paylaşmaq, eyni işi görmək və əqrəbalıq kimi faktorlar oxşarlıqlar insanlar arasında həmrəylik yaradırdısa, indiki cəmiyyətdə artıq o şəkildə deyil. Sənayeləşmədən sonrakı qərb cəmiyyəti oxşarlıq üzərində qurulan cəmiyyət deyil, çünki indiki cəmiyyət bir-biri ilə əqrəba olmayan, eyni işlə məşğul olmayan, eyni dinə inanmayan (və ya dinə inanmayan) insanlardan təşəkkül tapır. Bu, indiki cəmiyyətdə həmrəyliyin olmadığı anlamına gəlmir.

İndividualizm və ya fərdiyyətçiliyin get-gedə gücləndiyi qərb cəmiyyətində insanlar arasında həmrəylik yaradan amil qarşılıqlı asılılıqdır. Onun fikrinə görə, modern qərb cəmiyyəti, bədən orqanları kimi fərqli işləri görən, amma həyata davam edə bilmələri üçün birinə ehtiyacı olan orqanlardan təşəkkül tapır. Sənayeləşmədən öncəki həmrəylik növünə “mexaniki həmrəylik” adı verən Durkheim, sənayeləşmədən sonrakı həmrəylik növünə “orqanik həmrəylik” deyir. Durkheimin intihar, din, adətlər haqqında araşdırmasının əsas qayəsi cəmiyyətdəki həmrəylik haqqında bilgi əldə etməkdir. Çünki intihar sayının artması həm də cəmiyyətdə həmrəylik dərəcəsi haqqında işarətlər verir.
Durkheimin fikrinə görə insanların intihar edə bilmə ehtimalında iki məsələ əsas rol oynayır. İnsanların cəmiyyətə olan bağlılıqları və cəmiyyətin bu insanlar üzərindəki kontrolları onların intihar edib-etməmək ehtimalı barədə fikir söyləməyə əsas verə bilər. Yəhudilərin katoliklərdən, katoliklərin protestantlardan daha az intihar etmələrinin səbəbi də, elə onların cəmiyyətə bağlılıq dərəcəsi ilə əlaqəlidir. Bu məsələni evli-uşaqlı, evli, subay insanlar arasında intihar fərqi ilə də müqayisə etmək olar. İntihar bir tərəfdən fərdin cəmiyyətə inteqrasiyası dərəcəsi ilə bağlı olsa da, digər tərəfdən cəmiyyətin fərd üzərində olan tənzimləmə və kontrol dərəcəsi ilə əlaqəlidir. Durkheim bu iki faktor əsasında dörd növ intihardan bəhs edir.

EQOİST İNTİHAR

Eqoist (eqoistic) intihar, cəmiyyətdə ictimai birlik və inteqrasiyanın azalması nəticəsində baş verən bir intihardır. Əslində bu intiharın adının eqoist olması bir az da yanıldıcıdır. Eqoist intihar, bir insanın özünü başqalarından daha artıq sevdiyi üçün etdiyi intihar deyil, cəmiyyətdən qopmuş insanın, ictimai bağları zəif olan insanın intiharına verilən addır. Subay insanların evli insanlara nisbət daha çox intihar etmələri, onların cəmiyyətlə bağlılıqlarının az olması ilə əlaqəli ola bilər. Yəhudilərin din faktoru ilə cəmiyyətə bağlılıqları onların protestant və katoliklərlə müqayisədə daha az intihar etmələrinə gətirib çıxarır. Cəmiyyətdə din, ailə, siyasət kimi bir çox faktor bu bağlılığı yaratmaqda rol oynaya bilər.

Durkehimin düşüncəsinə görə modern qərb cəmiyyətlərində ictimai bağlılıq zəiflədiyi üçün intiharın sayı artır. Durkehim “İş bölümü” adlı kitabında modern cəmiyyətlərdəki həmrəyliyin aradan getmədiyi, bəlkə yeni formada həmrəylik yarandığını iddia etsə də, intiharla bağlı yazdığı kitabda bu məsələyə daha da ehtiyatla yanaşır.

FƏDAKARCA (ALTRUİSTİC) İNTİHAR

Durkheim cəmiyyətdə ictimai bağlılığın gərəkliyindən bəhs edəndə optimal dərəcədə olan bağlılıq və inteqrasiyanı nəzərdə tutur, çünki az maksimum ictimai inteqrasiya və bağlılıq da insanları intihara yönləndirə bilər. Bu intihar növündə şəxsin öz fərdi kimliyi arxa planda qalır və həyatını başqaları və ya inandığı bir dəyərə qurban verir. Fədakarca intihar adı verilən bu intihar növünün Azərbaycan cəmiyyətindəki nümunələrindən biri Fərizə Allahverdiyevanın həyat yoldaşı şəhid olduqdan sonra intihar etməsidir. Bu insanlarla cəmiyyət arasında bağlılıq olduqca möhkəm olduğu üçün özlərini fərd olaraq deyil, cəmiyyətin və ya qrupun ayrılmaz bir parçası olaraq görürlər.
İnsan həyatının mənasını başqalarının həyatı və ya başqa dəyərlərdə gördüyü zaman bu tip intihar baş verə bilər. Əsgərlərin vətən uğrunda canlarından keçməsi və ya intihar əməliyyatı keçirmələri də bu növ intihardan sayılır.
Şərq ölkələrində bu növ intiharla üzləşsək də, Durkheimin fikrinə görə modern qərbdə fərdiyyətçilik gücləndiyi üçün burada bu növ intiharın şahidi deyilik.

ANOMİK İNTİHAR

Öncəki iki intihar növü şəxsin cəmiyyətlə inteqrasiyasına bağlı idi. Fərdin cəmiyyətə inteqrasiyasından başqa cəmiyyət də fərdin düşüncə və davranışlarını tənzimləməlidir. Durkehimin fikrinə görə cəmiyyətin tənzimləmə funksiyası ilə intihar sayı arasında bağlılıq vardır. Anomik intihar cəmiyyətdə iqtisadi və sənaye böhranı baş verən zaman artar, çünki bu böhranlar iqtisadi vəziyyəti balanslanmış vəziyyətdən çıxararlar.

Balanssızlıq sadəcə insanların yoxsullaşması anlamında yozulmamalıdır. Hətta qəfil firavanlıq da cəmiyyətdə balansı pozduğu üçün intihar sayını artıra bilər. İqtisadi böhranlar da qəfildən baş verdiyi üçün cəmiyyətin balansını pozur. Əyər insanların iqtisadi gözləntiləri bəlli bir düzənlə yerinə yetirilmirsə, varlı insanlar bir gecədə yoxsullaşa, yoxsul insanlar isə bir gecədə varlaşa bilirlərsə cəmiyyətdə anomik şərait yaranır, insanlara bədbəxtlik duyğusu yaşamalı olurlar.

Əslində, anomie – insanların davranışına olan ictimai kontrol effektsizləşəndə cəmiyyətdə hiss olunan yol azğınlığıdır. Cəmiyyətdə baş verən qəfil sosial və iqtisadi dəyişiklik zamanı insanlar yolunu azmış kimi məqsədlərini tapmaqda çətinlik çəkirlər. Anomie dönəmində yeni ictimai mühitin öhdəsindən gələ bilmədiyi üçün çaşqın insanın intihar yolunu seçməsi ehtimalı artır. İqtisadi qeyri-müəyyənlik cəmiyyətdə çaşqınlıq yaratdığı üçün insanları intihara yönəldə bilər. Buna görə də qısa zamanda ekstremal iqtisadi dəyişikliklər baş verərkən istər yoxsul, istər varlı insanlar arasında intiharların sayı artır.

Durkheimə görə sadəcə yoxsulluq intiharın artmasına səbəb olmaya bilər, çünki intihar sayı az olan yoxsul cəmiyyətlər də vardır. İntihara yol açan əsas məsələ, iqtisadi böhranların yaratdığı qeyri-sabitlik və qorxunc bəlirsizlik kimi cəmiyyətin balansını pozan faktorlardır.

FATALİST İNTİHAR

Stabil bir cəmiyyət üçün lazım olan orta səviyyəli tənzimləmə və kontroldur. Cəmiyyətdə tənzimləmə və kontrolun artması da fatalist deyilən intihar növünə şərait yaradar. Məsələn, qadınlar üzərində aşırı kontrol olan cəmiyyətlərdə qadınların intihar sayı artar. Qadınları işləmək, həyat yoldaşı seçmək, təhsil almaq kimi haqlardan məhrum edən cəmiyyətlərdə intihar edən qadınların sayının artması, birbaşa onlara tətbiq edilən həddindən artıq ictimai kontrolla bağlıdır. Qadınlar vəziyyətdən çıxış yolu tapmadıqları üçün intiharı bir “çıxış yolu” kimi seçə bilərlər.

Paylaş.

Müəllif haqqında

Ramin Cabbarlı

Ramin Cabbarlı (1983) Güney Azərbaycanda anadan olub. Vaşinqton universitetində Sosiologiya üzrə bakalavr təhsilini bitirdikdən sonra həmən universitetdə Sosiologiya üzrə doktorluq təhsili alır. Sosial Hərəkatlar, Siyasət Sosiologiyası, Tarixi-tətbiqi Sosiologiya, və Kültür Sosiologiyasına maraqlıdır.

Şərhlər bağlıdır.