Etniklərlə zarafat etmək olmazmı?
Önmühakimə və irqçilik arasındakı fərq
İranda etniklərlə zarafat etmək bir çox halda münaqişəli olur. Etnik azlıqlara mənsub insanlar bu zarafatları təhqir və irqçilik kimi dəyərləndirirlər. Fars etnikinə mənsub insanlar da bunaları sadə zarafat olduğunu deyirlər. Zarafat edən şəxslərə görə bu zarafatlara qarşı həssaslıq göstərmək lazım deyil və fərqli etniklərlə zarafat etmək dünyanın hər yerində geniş yayılıb.
Ümumiytətlə zarafatlar və ya bəzi önmühakimələrlə irqçilik arasındakı xətt hardadır? Misal üçünn Azərbaycanda belə bir söz var “uzunda ağıl olmaz”. Bu önmühakiməyə görə uca boy insanlar daha sadə insanlar olurlar. Əlbəttə ki bu zarafata qarşı çıxanlar da ola bilər, Amma kimsə bu zarafatı ayrıseçkilik və ya irqçilik olaraq qiymətləndirmir. Ancaq İranda türklərin daha sadə olduğunu demək əksər hallarda türklərin etirazına səbəb olur. Və ya lur azınlığına mənsub insanları gic yerinə qoymaq lurlar tərəfindən sadə bir zarafat olaraq qiymətləndirilmir.
Bəs ortadakı sərhəd hardadır? hansı söz önmühakimə və hansı irqçilik hesab edilir? Bu barədə qəti bir qərar vermək mümkündürmü? NƏ zaman və harda zarafat və ya sadə bir önmühakimə irqçilik sərhəddini keçir və ayrıseçkilik yaranır?
Önmühakimə və ayrıseçkilik arasındakı fərq
Bəzi hallarda eyni mənada işlədilsə də, önmühakimə və irqçilik fərqli anlayışlardır və ayrı-ayrı münasibətləri təmsil edirlər. İrqçilik quruluşuna görə bir qrupa qanunlar, institutlar və siyasi qərarlar vasitəsilə ayrıseçkilik tətbiq etmək deməkdir. Bu vəziyyət qanunlar tərəfindən sərt şəkildə də tətbiq edilə bilər, stereotiplğr yolu ilə bəzi inancları və ya önmühakimələri dəstəkləməklə də baş verə bilər.
Digər tərəfdən, önmühakimə bir fərdin və ya qrupun digər bir qrupa və onun üzvlərinə qarşı əsasız stereotiplər üzərində qurulan mənfi münasibətidir. Bu anlayışlar bir-biri ilə bağlı olsa da, irqçilik təkcə önmühakimədən qaynaqlanan düşüncələri deyil, həm də diskriminasiya siyasətləri və təcrübələrinin sistematik xarakterini əhatə edir.
İrqçiliyin dünya üzərində dəhşətlərə və faciələrə səbəb olması İkinci Dünya müharibəsində baş versə də, hələ də tarix dərslərinə unudulmayıb və dünya gündəmində tez tez rastlanır. Misal üçün Amerikada irqçilik və ayrıseçkilik məsələsi barəsində hələ də ciddi şəkildə danışılır. Qaradərili amerikalıların təxminən 90 faizi irqçiliyin görməzdən gəlinməsini böyük bir problem kimi qəbul edirlər. Ağdərili amerikalılar arasında isə bu rəqəm 45 faizdir.
Önmühakimə ilə irqçilik arasındakı fərqi anlamaq fərdi qərəzlər və sistematik bərabərsizliklər arasındakı əlaqəni izah etməyə kömək edir və irqçiliklə daha təsirli mübarizə aparmaq üçün strategiyalar hazırlamağa imkan yaradır.
Önmühakimə nədir?
Merriam Webster lüğəti önmühakiməni “yetərli bilgi və əsaslı səbəb olmadan formalaşan mənfi fikir və ya meyil” kimi tərif edir. Bu, sosioloqların önmühakiməni başa düşmə tərzinə də uyğundur. Sadə dillə desək, önmühakimə insanın şəxsi təcrübəsinə əsaslanmadan verdiyi öncədən formalaşmış mühakimədir. Məsələn, sosioloji baxımdan “axmaq sarışın” stereotipi və bu stereotipi dəstəkləyən zarafatlar bir önmühakimə forması sayılır.
Marshall Gordon sosiologiya sözlüyünə görə “önmühakimə” adətən bir qrupa və ya fərdlərə qarşı mənfi münasibətləri ifadə edən, reallıq qarşısında yoxlanılmamış və stereotiplərlə formalaşan bir anlayışdır. Gordon Allporta görə, önmühakimə dəyişməz ümumiləşdirmələrə əsaslanan antipatiya formasıdır. Psixoanalitik nəzəriyyələr önmühakiməni avtoritar şəxsiyyətlə əlaqələndirərkən, sosial psixologiya bu anlayışı XX əsrdə etnik azlıqlara qarşı düşmənçilik və antisemitizmin yüksəlişi ilə daha çox araşdırmağa başlamışdır.
Önmühakimə fərdi fərqləri nəzərə almamaq, həddindən artıq ümumiləşdirmə aparmaq və ədalət ilə dözümlülük normalarını pozmaq kimi xüsusiyyətlərə malikdir. Ziqmund Bauman, önmühakimənin mənəvi ikili standart yaratdığını və xarici qruplara qarşı qəddarlığı leqallaşdırdığını qeyd edir. Daxili qrup və xarici qrup ayrılığı, fərdlərin öz kimliklərini qarşıdurma üzərindən formalaşdırmasına səbəb olur.
Muzafer və Kerolin Şerifin təcrübələri göstərir ki, qrupların bir-birinə düşmən olması öyrənilməkdən çox, yaradılır. Önmühakimə düşməni pisləyərək ədalət və dözümlülük normalarını zəiflədə bilər; bu, ayrıseçkilikdən kütləvi qırğına qədər müxtəlif formalarda özünü göstərə bilər.
Biz adətən önmühakiməni digər bir qrupa qarşı mənfi münasibət kimi qəbul edirik. Lakin önmühakimə həm mənfi, həm də müsbət ola bilər (məsələn, bəzi insanlar digər etnik qrupların üzvləri haqqında müsbət stereotiplərə malik olduqda). Bəzi önmühakimələr irqçiliklə əlaqəlidir və irqçi nəticələrə gətirib çıxarır, lakin bütün önmühakimələr irqçi deyil. Bu səbəbdən, önmühakimə ilə irqçilik arasındakı fərqi anlamaq vacibdir.
Önmühakiməyə ai bir nümunə
Tutaq ki Oğuz adlı bir şəxs uca boy olduğunu və uca boyluğuna görə onu sadəlövh gördüklərini deyir. Amma Oğuzun üzləşdiyi önmühakimə ilə irqçi ifadələrə məruz qalan insanların təcrübəsi eynidirmi? Xeyr və bunu başa düşməyimizə sosiologiya kömək edir.
Bir insana “axmaq sarışın” demək, həmin şəxsin narahatlıq, qıcıqlanma və hətta əsəb hiss etməsinə səbəb ola bilər. Ancaq saç rənginin insanın cəmiyyətdə təhsil almaq, müəyyən bir məhəllədə ev almaq, iş tapmaq və ya polis tərəfindən saxlanılmaq ehtimalına təsir etdiyinə dair heç bir araşdırma yoxdur. Bu cür önyarğı daha çox zarafat formasında üzə çıxır və müəyyən mənfi təsirləri olsa da, irqçilik qədər sistematik və dağıdıcı nəticələrə malik deyil.
İrqçilik nədir?
Tutaq ki bir milliyətcə ərəb olan vətəndaş Tehranda bir dövlət işinə girmək istəyir. İranda Xuzistan vilayəti neft quyuları ilə zəngin vilayətdir, eyni zamanda əsasən ərəblərin yaşadığı yerdir. Amma ərəblər sistemli ayrıseçkilik nəticəsində bu sərmayə və imkandan faydalana bilmirlər. Onlar yaxşı işlərə qəbul olunmurlar, aldıqları hər nəfəsdə qoxusunu duyduqları neftdən ən az faydanı onlar görürlər. Xuzistan vilayətinin şəhərləri ölkənin ən pis vəziyyətdə olan şəhərləri sırasındadılar. Deməli öz doğulduğu vilayətdə işə götürülməyən ərəbin Tehranda da şansı bir farsa nəzərən çox az olacaq, bu isə sadəcə ərəbin ərəb olduğuna görə olar. Deməli ortada sistemli bir ayrıseçkilik var.
İrqçilik üzrə mütəxəssislər Howard Winant və Michael Omi, irqçiliyi “irq əsaslı hakimiyyət strukturlarını yaradan və ya yenidən istehsal edən bir təsvir və ya təqdimat forması” kimi müəyyən edirlər. Başqa sözlə, irqçilik, irqi əsas götürərək hakimiyyətin qeyri-bərabər paylanmasına səbəb olur. Buna görə irqçi ifadələr işlətmək sadəcə önmühakiməni göstərmir, həm də irqçi sistemləri möhkəmləndirir və yenidən istehsal edir. Məsələn, “ərəb susmarxor (kərtənkələ yeyən ərəb)” sözü tarix boyunca və bu gün də İranda ərəblərə qarşı sistemli bərabərsizliyi qorumaq üçün istifadə olunub. Bu termin sadəcə önmühakiməli deyil, eyni zamanda irqçi sayılır.
Sistemli irqçiliyin nəticələri
İrqçi davranışlar və inanclar – hətta şüuraltı və ya yarım-şüurlu olduqda belə – cəmiyyətdəki struktural bərabərsizlikləri daha da dərinləşdirir. Misal üçün ABŞ-də irqçi önmühakimələr aşağıdakı kimi bir çox sistematik problemlərdə özünü göstərir:
Qaradərili kişilərin və oğlan uşaqlarının (və getdikcə daha çox qaradərili qadınların) polis tərəfindən həddindən artıq nəzarətə məruz qalması, saxlanılması və həbs olunması, işə qəbul proseslərində irqçi ayrıseçkiliyin tətbiq olunması, qaradərili insanlara qarşı törədilən cinayətlərin media və polis tərəfindən yetərincə işıqlandırılmaması,
Qaradərili insanların üstünlük təşkil etdiyi məhəllə və şəhərlərə iqtisadi investisiyaların az olması.
Fərqli kültürlərdə fərqli önmühakimələr var və bu önmühakimələrə bütün toplumlar eyni reaksiyanı vermirlər. Bəzi kültürlərdə zarafat etmək çox yayılmış olsa da başqasında çox da yaxşı qarşılanmaya bilər. Amma demək olar ki bütün kültürlərdə fərqli şəkillərdə önmühakimələr var. Bilməliyik ki önmühakimənin bir çox növü cəmiyyət üçün problem yarada bilər, lakin bütün önmühakimələt eyni nəticələrə gətirib çıxarmır. Cinsiyyət, irq, milliyyət və din kimi meyarlara əsaslanan önmühakimələr adətən sistemli bərabərsizliklər doğurduğu üçün digərlərindən çox fərqlidir.
İran daxilində fərqli etniklər yaşasa da sadəcə fars etnikinin dili və kültürü rəsmi kültür olaraq qəbul edilib və digər kültürlər yad münasibətə məruz qalıblar. Bu ölkə səviyyəsində sistemli ayrıseçkiliklə nəticələnib. Nəticədə etnik və irq əsaslı zarafatlar və önmühakimələr eyni zamanda bu totalitar gücün xidmətindədir. Deməli hakim kültür və etnik kimlik bu kimi zarafatları və önmühakimələri öz hakimiyyətini qorumaq və möhkəmləndirmək üçün istifadə edir. Bu isə irqçilik deməkdir və ondan qorunmaq insana hava və su kimi vacibdir.