Fay xəttinin üzərində yer alan Təbriz: Önləm alınmazsa faciə qaçınılmazdır

Google+ Pinterest LinkedIn Tumblr +

Təbriz zəlzələnin baş vermə ehtimalı yüksək olan şəhərlərdən biri olaraq bilinməkdədir. Bu da, son günlərdə Xoy və ardından Türkiyədə baş verən zəlzələdən sonra Təbrizin fay xətlərini və olası bir zəlzələ durumunu müzakirə mövzusu etdi. Təbrizin fay xətləri bölgənin ən təhlükəli fay xətlərindəndir. Tarixdə bu şəhərdə dəfələrlə zəlzələ baş vermiş və şəhər yerlə yeksan olmuşdur. Günümüzdə də olası bir zəlzələ ilə Təbrizdə eyni durumun yaşanacağı təxmin edilir.

Təbriz şəhərin quzeyində yer alan fay xəttinə yaxın bir məsafədə yerləşmişdir. Bəzi məhəllələr fay xəttinin tam üzərində salınmışdır. Verilən məlumata görə, Təbriz ən təhlükəli zəlzələnin baş verə biləcəyi şəhərlər siyahısında yer alır. Şəhərin fay xətti üzərində genişlənməsi, standart və dayanıqlı olmayan tikintilər və nüfusun artması olası zəlzələdə yaşanacaq faciənin qaçınılmaz olduğunu göstərir.

Təbrizin fay xətləri

Təbrizin fay xətti Təbriz şəhərində araşdırılması gərəkən ən mühüm tektonik mövzudur. Bu fay xətti güney-doğu, quzey-batı istiqamətində Miyana şəhərinin güney-batısından nisbətən güclü qövslə başlayır və Mərənd-Xoy şəhərinə doğru uzanır. Təbrizin Quzeyindəki fay xətti doğu yönlüdür və Urmiyə-Təbriz çalasının ortaya çıxmasına, eyni zamanda, Eynalı dağı ilə Moro dağının əmələ gəlməsinə nədən olmuşdur.

Təbrizin quzeyindəki fay xətti Sufiyan və Təbriz arasında təqribən N115°-dir və dik əyimlidir. Bu fay xəttinin son tərpənməsi də doğu yönlü olmuşdur. Bu fay xəttinin tektonik fəaliyyəti günümüzə qədər davam etmiş və fərqli çalalar ilə yüksəkliklərin ortaya çıxmasına nədən olmuşdur. Bu da, fay xəttinin bütün sahələrində çoxlu zəlzələlərin baş verməsi ilə nəticələnmişdir.

Lakin Təbrizin fəal fayı təkcə şəhərin quzeyindəki fay xətti ilə məhdudlaşmır. Şəhərin güneyində də fərqli fay xətləri mövcuddur. Təbriz şəhəri geniş bir teknotik lövhə üzərində yerləşdiyindən şəhərin güneyindəki fay xətti də keçmişdə baş vermiş zəlzələlərdə tərpənmiş və təkrar hərəkət etməsi mümkündür.

Təbrizdə baş bermiş qorxunc zəlzələlər

Bugünə  qədər Təbrizin fay xətlərinin tərpənməsi nəticəsində bu şəhərdə şiddətli zəlzələlər baş vermişdir. 858-1930 miladi illəri arasında bu şəhərdə ən az 23 zəlzələ baş vermişdir ki, onların bəzilərinin böyüklüyü çoxlu dağıntılara və insan itkisinə nədən olmuşdur. Təbrizdə baş verən zəlzələlərin əhəmiyyətini anlamaq üçün onu qeyd etmək kifayətdir ki, 77 min insanın ölümü ilə nəticələnən H. 1158 (miladi 1780) zəlzələsi dünyanın ən dağıdıcı və ölümcül zəlzələlərindən biri kimi tanınır. Təbrizdə baş verən dağıdıcı zəlzələləri siyahı şəklində təqdim etmək olar, ancaq sadəcə bir neçəsini örnək vermək, bu zəlzələlərin əhəmmiyətini olduqca aydın göstərəcəkdir.

Dağıdıcı zəlzələlərdən biri 858-ci (Miladi) ildə baş vermiş və şəhəri yerlə bir etmişdir. 1042-ci ildə (miladi) baş verən bir digər zəlzələ isə çox sayıda insanın ölümünə səbəb olmuşdur. Əldə olan məlumata görə, dörd ay boyunca şəhəri tərpədən digər bir zəlzələ də 1272-ci ildə (miladi) baş vermişdir. Dağıdıcı zəlzələlərdən bir başqası 1641-cı ildə baş vermiş və şəhərdə tikintilərin çoxunu dağıtmışdır. 1650 və 1721-ci illərdə baş vermiş zəlzələlər də şəhərə ən çox zərər verən və insanların həyatını itirməsinə nədən olan digər zəlzələlər olaraq bilinməkdədir. 1774-cü ildəki zəlzələ isə sadəcə Təbrizlə məhdudlaşmayıb bütün Azərbaycanı aylarca silkələmişdir. Bu zəlzələ “qorxunc bəla” olaraq bilinməkdədir. 1780-ci il zəlzələsi də çoxlu dağıntılara səbəb olan zəlzələlərdən biri olaraq tarixə keçmişdir.

Təhlükəli Tikinti Bölgələri və Dayanıqlı Olmayan Tikintilər

Təbriz şəhərinin bir hissəsinin genişlənməsi Təbrizin doğusundakı gilli və marnlı torpaq təpələrin üzərində baş vermişdir. Məsələn, Sarıdağ və Vəliəsr bölgələrinin torpağı keyfiyyətsizdir və mənfi xüsusiyyətlərə malikdir. Bu ərazilərin torpağı zəlzələyə dayanıqsız olması ilə yanaşı sürüşmə riski də daşımaqdadır. Bundan əlavə, Barış ərazisi, batı və quzey əraziləri də keyfiyyətsizdir və eyni riski daşımaqdadırlar. Şəhərin bu ərazilərdə genişlənməsi, nüfusun bəzi bölgələrdə sıxlığı və gecəqondular bu ərazilərin zəlzələ zamanı ikiqat risklə üzləşməsinə səbəb olur. Qeyd edək ki, sözügedən marn torpaqları fay xəttinin yaxınlığında və fay xətti üzərində yayılmışdır və bu da zəlzələnin baş verəcəyi zaman vəziyyətin çətinliyini qat-qat artıracaqdır.

Şəhərin quzey və güneyində təxminən 30%-lik dik yamaclarda yerləşən binaların da yamaclarla birlikdə sürüşməsi ehtimal edilir. Bu da onları zəlzələ zamanı daha müdafiəsiz hala gətirir. Dik olmayan bəzi yamaclarda da torpağın növünə görə yer parçalanma riski ilə üz üzədir. Nisfirah, Firuz, Münəccim, Vəzirabad, Rahahən kimi bölgələr bu riski daşıyan bölgələrdəndir. Digər tərəfdən, şəhərin sıx məskunlaşdığı ərazilər şəhərin quzeyinə, mərkəzinə və müəyyən dərəcədə doğusuna səpələnmişdir və fay xəttinin riski ən çox bu ərazilərə yönəlmişdir.

Təbriz şəhərinin quzeyində əhali sıxlığının yüksək olduğu ərazilər fay xəttindən qısa məsafədə (500 metr) yerləşirlər. Təbrizin quzey-doğusunda yerləşən Bağ Meşə bölgəsi də fay xətti üzərində yer alır və çox yüksək əhali sıxlığına malikdir. Bu şəhərcik yeni salınmış və onun zəlzələyə qarşı potensial təhlükələri bilinsə də, şəhəri planlayanlar şəhərciyi fay xəttinin üstündə salmışlar. Digər tərəfdən şəhərin quzey və doğuda yayılması günbəgün artmaqdadır. Bundan əlavə, quzeydə yer alan məhəllələrdə möhkəm binalar azdır və bir çox bina dayanıqlılıq prinsiplərinə malik deyildir. Yolların darlığı da olası bir zəlzələ durumunda işi çətinləşdirən amillərdəndir. Qurbani, Seylab, Dəvəçi, Bazar, Əmirəqız, Dərə İçi və Heydərabad kimi şəhərin yoxsul və sıx məskunlaşdığı məhəllələr də şəhərsalma və dayanıqlı tikinti prinsiplərindən məhrumdur və fay xəttinin üzərində yerləşir. Zəlzələnin episentrində yerləşən Qurbani məhəlləsi şəhər əhalisinin ən sıx məskunlaşdığı ərazilərdən biridir və tikinti baxımından burada heç bir prinsipə riayət olunmamışdır. Bundan əlavə, Təbrizin minlərlə gecəqonduda yaşıyanları şəhərin quzey qurşağının bir hissəsində yerləşmiş və onların binaları ən kiçik təkanlara belə dözümlü deyildir. Bu da, gecəqonduda yaşıyanların olası zəlzələlərə qarşı daha çox zərər görməsinə nədən olur. Halbuki bu şəhər zəlzələ riski nisbətən yüksək olan bölgələrdən biridir. Ona görə də bina tikintisi, şəhərin genişləndirilməsi və şəhərsalma planı şəhərin zəlzələ riski nəzərə alınaraq planlaşdırılmalıdır.

Fay xəttinin dəqiq yeri məlum olub onun aktiv olması üçün kifayət qədər əsaslar olsa da, son illər bu xəttin yaxınlığında və hətta üzərində yaşayış məntəqələri yaranmışdır. Şəhərsalma projələri də də fay xəttinə doğru yönəlmişdir. Məsələn, Təbrizin quzey fay xətti bir vaxtlar şəhərdən 3 kilometr aralıda yerləşirdisə, indi Təbriz şəhərinin məhəllələrindən biridir. Bağ Meşə, Valiəmar, Yunusabad və Erəm şəhərcikləri Təbrizin quzeyindəki fay xəttinin əsas qolunda salınmışlar. Və iddiaların əksinə olaraq Təbrizin genişlənməsi təsadüfi deyil, dövlət orqanlarının hazırladığı layihələrə əsasən həyata keçirilir.

Şəhərlərin genişləndirilməsi dövlətin hazırladığı layihəyə uyğun aparılır. Layihə şəhərin sərhədlərini və yaşayış bölgələrini müəyyən edir. Təbrizin quzeyinin fay xətti üzərində genişləndirilməsi də bu plan və layihələr əsasında həyata keçirilir. Nisbətən hündür tikintilərin fay xətti üzərində tikilməsi və şəhərin quzeyində yerləşən dağların ətəyində tikilən yaşayış məntəqələri layihənin bir parçasıdır. İnsanların şəhərsalma qaydalarını nəzərə almadan şəhəri genişlətmələri və yaşayış məntəqələrinin xalq tərəfindən öz başına salınma iddiası da olası bir təbii fəlakət durumunda dövlətin məsuliyyətdən qaçması üçün ortaya atıdığı iddiadır.

Təbriz şəhərinin yaşayış binaları ilə yanaşı, digər istifadə sahələri də aktiv fay xətti diqqətə alınmadan tikilmişdir. Təbriz hava limanı ən böyük potensial təhlükə daşımaqdadır. Hava limanı və əlaqəli sənayelər Təbrizin quzey-batısında yerləşir və fay xəttinə qısa bir məsafədə (500 metr) yer alır. Şəhərin üstü örtülü bazarı da digər ticarət bölgələrindən  daha çox risk altındadır. Bazarın əski olması da bu riski yüksəldir. Təbriz fay xəritəsi göstərir ki, zəlzələ zamanı ən çox zərəri ana yollar, yollar və elektrik xətləri görəcəkdir. Məsələn, Pasdaran ana yolu fay xəttinə paralel salınmışdır.

Önləm alınmazsa faciə qaçınılmazdır

Təbrizdə baş verən son dağıdıcı zəlzələdən 239 il ötür. Xoşbəxtlikdən, bəlkə də təəssüf ki, Təbrizin quzeyindəki fay xətti son 239 ildə güclü tərpənməmiş ve  dağıdıcı zəlzələ də olmamışdır. Bu da, şəhərdə zəlzələ riskini artıra bilər. Baş verəcək zəlzələlərin gücünü təxmin etmənin bir yolu da tarixi zəlzələlərə əsaslanaraq hesab etməkdir. Tarixdə 1402-1641-ci illər arasında Təbrizdə zəlzələ olmamışdı, amma bir sonraki 150 ildə 4 böyük zəlzələ bu şəhəri yerlə yeksan etmişdi. İndi 239 ildir zəlzələ baş vermir. Bu, geoloji cəhətdən normal olsa da statistik baxımdan vəziyyət biraz fərqlənir. Ümumiyyətlə, Təbrizdə hər 200 ildən bir 7 bal gücündə zəlzələ baş vermişdir. İndi isə son zəlzələdən 200 illik zaman keçmişdir. Digər tərəfdən, şəhərin fay xətti üzərində genişlənməsi, dayanqısz yaşayış binalarının tikilməsi, təbii fəlakətlərin yaşandığı durumda köməkçi cihazların yetəricə olmaması və həmçinin keçmişdə baş verən Ərdəbil, Qaradağ, Miyana, Xoy və … zəlzələlərində dövlətin əhəmmiyətsiz yanaşması Təbrizdə olası bir zəlzələ durumunda ağlasığmaz fəlakətlərin yaşanacağını göstərməkdədir. Ən təhlükəli fay xətlərinin üzərində yerləşən şəhər, qabaqlayıcı tədbirlər görülməzsə zəlzələnin baş verməsi ilə böyük bir faciə yaşayacaqdır. Bu tədbirlər bugün alınmazsa olası bir zəlzələ ilə Təbriz xəritələrdən silinə bilər.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.