Güney Azərbaycan Tələbə Günü nə ilə bağlıdır?

Google+ Pinterest LinkedIn Tumblr +

İranın rəsmi təqvimində Azər ayının 16-cı (6 və ya 7 dekabr) günü tələbə günü kimi qeyd edilir. Lakin Güney Azərbaycanda isə Tələbə günü Ordibeheşt ayının 19-cu (8 və ya 9 may) günündə qeyd edilir. Bu gün əslində 1995-ci il 9 may tarixində baş tutmuş azərbaycanlı tələbələrin etiraz aksiyasının xatirəsinə həsr edilib.

Həmin ildə Novruz bayramı ərəfəsində İran radio televiziyası tərəfindən Tehran şəhərində bir anket paylanılıb. Farslara paylanılan sorğu anketində onlara “Türklərlə bir yerdə yaşamaq istəyirsinizmi?”, ,Türklərlə qohum olarsınızmı?” və digər irqçi suallar qeyd edilmişdi. Bu isə türklərin etirazlarına səbəb olmuşdu.

Xüsusilə Azərbaycan türkləri bu anketin onları aşağaladığını, təhqir etdiyini düşünüb, ona qarşı reaksiya verdilər. Bu aksiyaların əsas aparıcı qüvvəsi isə azərbaycanlı tələbələr idilər. Bayram tətillərindən sonra universitetlərdə azərbaycanlı tələbələr həmin anketi sorğulamağa başlayıblar.

Nəhayət 1995-ci ilin 9 may tarixində Təbriz, Urmu və Tehran universitetlərindəki azərbaycanlı tələbələr etiraz aksiyaları keçirdilər. Bu 1979-cu il inqilabından sonra tələbələr tərəfindən planlaşdırılan və baş tutan ilk geniş miqyaslı aksiya idi.

Tələbə günü tarixi proses ərzində

1979-cu il inqilabından sonra ölkə ərazisində əvvəlki illərə nisbətən müəyyən qədər azadlıq yaranır. Həmin illərdə universitetlərdə tələbələrin geniş miqyasda siyasi fəaliyyətlərinə şahid oluruq. Lakin təxminən bir il sonra ölkənin birinci şəxsi Ayətullah Xomeyni Mədəniyyət inqilab adı ila universitetləri bağlayır.

İki ildən çox davam edən Mədəniyyət inqilabı bitməmiş 8 illik İran-İraq savaşı başlayır. 1988-ci ilədək ölkə səviyyəsində sivil fəaliyyətlər dayandırılıb. Savaş bitən kimi ölkədə yeni fəaliyyətlər və istəklər cücərməyə başlayır. Bu azərbaycanlı tələbələrə də təsir edir.

1988-ci ildən etibarən azərbaycanlı tələbələr şeir axşamları keçirməyə başlayırlar. Quzeydə gedən istiqlal hərəkatı güneyə də öz təsirini göstərir. Erməni qüvvələrinin Qarabağdakı işğalçı fəaliyyətlərindən güney azərbaycanlıların da xəbəri olur.

1991-ci ildə Tehran Universitetində bir qrup azərbaycanlı tələbə Qarabağa dəstək aksiyası keçirirlər. Aksiyada çəkilən fotoda tələbələrin belə şüarlar qaldırdığını oxumaq olar:

“Azərbaycan tək deyilsən, biz də varıq”, ”Canım gözüm Qarabağ, Şirin sözüm Qarabağ”

Bu Azərbaycan və azərbaycanlı tələbələr arasında yeni dövrün başlamağının göstəricisidir. Brenda Şaffer quzeyin istiqlalının güneydə böyük dəyişikliklərə səbəb olduğunu yazır. Lakin həmin illərdə bir başqa hadisə də baş verib.

4 aprel 1995-ci ildə Tehranın yaxınlığında yerləşən İslamşəhr şəhərində qanlı hadisə baş verdi. Çox azərbaycanlılardan ibarət olan bu şəhərdə yaşayış problemləri ilə bağlı etiraz aksiyası başlayır. Lakin etirazların 50-dən çox şəxsin öldürülməsi ilə nəticələnir. Bu isə azərbaycanlılar arasında narahatlıqlara səbəb olur.

Bu hadisədən bir azz əvvəl də İran radio-televiziyasının anketi Tehranda yayılmışdı. Pr. Bağır Saruxaninin Sosial elmlərdə təsqiqat metodları adlı kitabında bu anketin Tehranın Səlsəbil (indi dağıdılıb) xiyabanında dağıdıldığını təsdiq edərək onun suallarının türklərə qarşı mənfi hissiyatı oyandırdığını deyir.

O suallar bunlardan ibarət idi:

1. Evlənmək niyyətiniz olsa, bir türk ilə evlənərsiz?
2. Qızınız olarsa, onun bir türklə evlənməyinə razı olarsız?
3. Aşura və Tasua kimi mərasimlərdə türklərin məclislərinə və dəstələrinə qoşularsız?
4. Əgər almaq istədiyiniz evin qonşuluğunda türklər yaşasalar onların mərasimlərində iştirak edərsiniz?
5. Bir türklə bir otaqda, otaq yoldaşı kimi yaşamağa razı olarsız?
6. Türklərin çoxluq təşkil etdikləri məhəllədə yaşamağa razı olarsız?
7. Bir türklə get-gəl etmək, onu evinizə qonaq çağırıb və evinə qonaq gedərsiz?

Anketin yayılmasından sonra Novruz bayramı tətilləri başlayır. Bayramdan iki həftə sonra universitetlərə qayıdan tələbələr bu məsləni bir-birləri ilə danışacaq və ona qarşı hərəkətə küçəcəkdilər. Nəhayət may ayının 9-da etiraz aksiyaları Təbriz, Urmu və Tehran şəhərlərinin universitetlərində başlayır.

Təbriz Universitetinin tələbələri aksiyaya universitetdə başlasalar da onu şəhərin içinə aparmağa müvəffəq olurlar. Tələbələr universitetdən Saat qabağınadək şüar səsləndirərək aksiyaya davam ediblər. Lakin polis gücləri buna sərt şəkildə müdaxilə ediblər.

Eyni hadisələr Urmu universitetlərində də baş verib. Azərbaycanlı tələbələr Danişkədə küçəsində aksiyaya başlayıblar. Bir müddət sonra isə vilayət valisi tələbələrin yanına gəlmələrək onların tələblərini dinləyir. Elə həmin gün Tehran universitetində azərbaycanlı tələbələr etiraz aksiyasına başlayırlar.

1979-cu inqilabından sonra tələbələr tərəfindən ilk dəfə təşkil edilən bu aksiya həm də gələcəkdə baş tutacaq aksiyalara təsiri ilə də seçilir. O hadisədən sonra azərbaycanlı tələbələr cəmiyyətə daha çox yaxınlaşacaq və 1996-cı ildə keçiriləcək məclis seçkilərində daha çox iştirak edəcəkdilər.

Doktor Çöhrəqanlının Təbriz şəhərindən millət vəkili kimi parlamentə girməsi tələbələr tərəfindən də maraqla dəstəklənib lakin bu istək sərəncama yetişmir. Dövlət və təhlükəsizlik orqanları Dr.Çöhrəqanlının seçkilərdən çəkildiyini elan ediblər. Bu isə azərbaycanlıların etirazlarına səbəb olub. Nəticədə Təbriz şəhərində bir həftə boyunca etiraz aksiyaları keçirildi. Və bütün aksiyalar polis tərəfindən zorakılıqla dağıdıldı.

9 may 1995-ci il; Azərbaycanlı tələbələr hərəkatının başladığı gün

Sonradan İran rəsmiləri iddia etdilər ki, bu anketin radio televizya təşkilatından çıxması xarici düşmənlərin planıdır. Həmin anket araşdırmasının nəticələri həmişəlik gizli qaldı lakin bu anketə verilən reaksiyanın nəticələrini biz bu gün də görürük.

Qeyd olunduğu kimi Güney Azərbaycan Tələbə günü bir proses içində məna qazanıb və gələcək günlərin necə yazılacağı barədə xəbərdarlıq edib. İnqilab 1979-cu ildə baş versə də 8 illik savaş inqilab ab-havasını toplumda diri saxlayıb. Lakin savaşdan sonra üstünü toz bürümüş məsələlər yenidən aydınlanmağa başlayıb. Tələbələr və məsələlər şeir axşamları, Qarabağa dəstək aksiyaları, İslamşəhrdə dövlətin daxili siyasətlərinə və ayrıseçkiliyə qarşı etiraz, kimlik probleminin yenidən alovlanması ilə ayaqlanıb və nəhayətdə ölkə səviyyəsində müstəqil siyasət yeritmə tələbinə qədər çatıb. O günlərdə tələbə kimi fəaliyyət göstərən şəxslər sonrakı illərdə Azərbaycan milli hətəkatındə vacib və təsirli şəxslər kimi çıxış etməyə başladılar.

14 aydan az olan bu müddət yeni dövrün başlanması demək idi. İslamşəhr məsələsi, radio-televiziya anketi və parlamentdə müstəqil siyasət yeritmək tələbi sonrakı illərdə fərqli şəkillərdə təkrarlanıb. Güney Azərbaycan tələbə gününü əhəmiyyətli qılan başqa məqam da budur. Çünki 9 may hadisəsi gələcək illərdə Azərbaycan tələbələr hərəkatına yön verərək onu mərkəz hərəkatında fərqli istiqamətdə yeridəcəkdi.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.