Güney Azərbaycan Feminist Coğrafiyası

Google+ Pinterest LinkedIn Tumblr +

Feminist coğrafiya son illərdə feminist ədəbiyyatında yer alan maraqlı mövzulardan biri halına gəlib. Feminist coğrafiya termini xüsusilə basqı altında olan toplumlara aid qadınlar tərəfindən daha çox mənimsənməkdədir. Bunun səbəbi isə feminist coğrafiyanın sadəcə qadın problemlərinə qarşı deyil, həm də, toplumdakı digər ədalətsizliklər və basqılara qarşı da bir alternativ məkan olmasıdır. Məsələn, Katherine McKittrick və Linda Peake kimi qaradərili feminist coğrafiya haqda tədqiqatçılar, xüsusilə bildiyimiz elmi coğrafiya ilə insani coğrafiya arasındakı fərqlilikləri göstərməyə çalışırlar. İnsanların toplumlardakı coğrafi yerlərini anlamaq üçün irq, cinsiyyət, sinif, və cinsi kimlik kimi sosial inşalar və sosial göstəricilərin çox önəmli olduğunu vurğulayırlar. Misal üçün; ağdərili, heteroseksual və patriarxal kişilərin yerləri Amerika toplumunda hər kəsdən daha fərqli, etibarlı, və üstündür.

İrq və cinsiyyət kimi sosial əlamətlər, fərqlilikləri göstərən qabarıq sosial inşalardır, bu fərqliliklər məkan olaraq təşkil ediliblər. Bundan başqa maddi coğrafiyalar vasitəsilə fərqli insanlar fərqli coğrafi məkanlara sahib olurlar (məsələn evdə, iş yerində, şəhər vəya kəndlərdə).

Bu kontekstdə fərqli insanlar üçün fərqli məkanlar və yerlərin var olduğunu düşündüyümüzdə, eyni zamanda toplumlarda ierarxiya, basqı, və ədalətsizliklərdən də, danışa bilərik. Qısacası, fərqliliklər və imtiyazlara əsaslanan coğrafiyalar və məkanlar bizə fərqli toplumlardakı alt mövqedə və basqı altında olan qrupların sosial durumlarını düşünüb anlamaqda çox yardımçı ola bilər. Beləliklə, biz demokratik, bərabərliyə əsaslanan və dominantlığın olmadığı bir coğrafiya xəyal edə bilərik. Misal üçün Amerikada qaradərili feminist coğrafiya və ya İranda Azərbaycan feminist coğrafiyası. Beləliklə, qaradərili feminist coğrafiya alternativ bir coğrafiyadır və cinsiyyət, sinif və irq kimi sosial əlamətlər insanların şəxsi və sosial həyatında heç bir mənfi təsirə sahib deyillər. Qaradərili feminist coğrafiya və ya Güney Azərbaycan feminist coğrafiyası utopik bir coğrafiyadır. İnsanları mövcud dəyərləri və nizamı qorumaqları üçün mükafatlandıran və fərqliliklər yaradanları cəzalandıran bir sistem və dünyada yaşadığımız üçün bu utopik coğrafiyanı yaratmaq və ya yaratmağa çalışmağın rahat bir iş olmadığını bilirik.

Güney Azərbaycan feminist coğrafiyası, Fars və kişilərin hakim olduğu sistemin içində yaşayan bütün Güney Azərbaycanlı qadınlar üçün alternativ bir coğrafiyadır. İranda Azərbaycan qadınlarının yerləri və mövqeləri onların cinsiyyətləri və etnik kimlikləri əsasında təyin olunur və onlar hakim sistemin onlar üçün təyin etdiyi yerlərdə, mövqelərdə sistemin istədiyi görüntü və şəkildə durmaq məcburiyyətində qalırlar. Ona görə də Güney Azərbaycanlı qadınlar yeni coğrafi məkanlar və ideal yaşam sahələrini düşünməyə və təsəvvür etməyə başlayırlar. Güney Azərbaycan feminist coğrafiyası, Türk qadınlarının azad şəkildə öz dillərində yazıb oxuduqları azad bir coğrafi sahədir. Bu coğrafiyada ədalətsiz sosial faktorların yerinə bərabərlik və ədalət kimi ünsürlər hakimdir. Bu coğrafiyada Türk qadınları dillərinə və milli mənsubiyyətlərinə görə təhqir olunmurlar və ya daha yaxşı bir həyat üçün fars bölgələrinə köçüb farslaşmağa məcbur edilmirlər. İranda Azərbaycan feminist coğrafiyasında cinsiyyət ədalətsizliyi, rasizm, və hər hansı bir ayrıseçkilik yoxdur.

Əslində Güney Azərbaycan qadınları hər zaman istər istəməz bu feminist coğrafiya haqqında düşünüblər. Biz bunu Güney Azərbaycan qadının şeirində açıqca görə bilərik. İranda Azərbaycan qadınlarının şeirləri və xüsusilə də, Türk feminist qadınların əsərlərində kefsizlik, qaramsarlıq, həsrət, və bərabərsizliklə əlaqədar şikayətlər çox qabarıqdır. Bununla yanaşı Azərbaycan qadınının sənət əsərlərinin ayrılmaz bir hissəsi onda olan ümid izidir. Onlar daim öz şeirlərində arzu etdikləri ideal yurdları və azad coğrafi məkanlarından danışırlar. Azərbaycanın böyük şəhərlərindən biri olan Təbrizin Azərbaycanlılar üçün strateji, siyasi, tarixi, və ictimai baxımdan vacibliyi hər kəsə aydındır. Təbriz gerçək bir coğrafi məkandır, amma eyni zamanda bu şəhər Azərbaycnalılar üçün bir ümid və bir utopiyadır. Təbii ki, yazarlar, şairlər, və müğənnilərin əsərlərində arzu etdikləri və danışdıqları Təbriz indiki İran sərhədləri içində yerləşən Təbrizdən çox fərqlidir. Utopik Təbriz qollarını açıb hər kəsi qucaqlayan və bütün Azərbaycanlıların orada xoşbəxt və basqısız bir şəkildə yaşadığı azad və demokratik Təbrizdir.

Qısacası feminist coğrafiya insani dəyərlər və ədalətli qaydalarla idarə olunan alternativ bir coğrafiyadar. Bu coğrafiyada irq, sinif, cinsiyyət, dil, və etnik kimlik kimi xüsusiyyətlərin insanların həyatında heç bir rolu və təsiri olmayan başqa sözlə arzuladıqları o azad coğrafiyanı düşünürlər. Yuxarıda dediyim kimi Azərbaycan qadınının arzuladığı yaşam yeri və ideal coğrafiya istəklərini, ən azı onların sənət əsərlərində, açıqca görə bilərik. Bildiyimiz kimi, şeir və şairanə dünya xəyal qurmağın və arzuların ən gerçək sahəsidir və insanlar bu aləmdə istək və arzularından azad bir şəkildə danışa bilərlər.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.