Bu gün biz bu yazıda sizlərlə birlikdə çətin bir yola başlayacağıq. Bu yol bizi, müstəmləkəçiliyin əsaslarını başa düşməyə aparacaq. Müstəmləkəçilik, sömürgecilik və ya kolonializm, istismarın spesifik bir formasıdır. Bu, varlı və güclü bir xalqın başqa bir ölkə və ya əraziyə hökmranlığı və nəzarətidir. Bir millətin digər xalqlar və ya ərazilər üzərində öz gücünü və hakimiyyətini genişləndirdiyi bir güc dinamikasidir. Məşhur müstəmləkəçi ölkələrdən bəziləri Britaniya İmperiyası, Fransa və İspaniyadır. Bu yazı və onun müstəmləkəçilik anlayışı Frantz Fanon, Mişel Fuko, Angela Davis, Ania Loomba və Glen Coulthard kimi intellektualların fikirlərinə əsaslanır.
Müstəmləkəçilik əslində modern bir fenomen deyil. Dünya tarixi, bir cəmiyyətin qonşu əraziləri birləşdirərək genişlənməsi, və əhalisini yeni fəth edilmiş ərazilərdə yerləşib məskunlaşdırma nümunələri ilə doludur. Lakin 16-cı əsrdən etibarən, kolonializm yeni bir forma aldı. Texnologiyanın və naviqasiyanın inkişafı sayəsində hətta dünyanın ucqar yerlərində belə bir əraziyə nəzarət etmək və oranı ələ keçirmək mümkün oldu. Avropalı köçkünlər Amerika, Avstraliya, Afrika və Asiyanın bəzi hissələri də daxil olmaqla, dünyanın qalan hissəsi üzərində zorakılıqla sahiblik və siyasi hökmranlıq prosesinə başladılar.
Müstəmləkəçilik və imperializm insanlar tərəfindən bəzən sinonim kimi istifadə olunur ama bunlar iki fərqli fenomendir. Həm müstəmləkəçilik, həm də imperializm fəth formalarıdır və bu müstəmləkəçilərə iqtisadi və siyasi faydalar gətirir. Məncə kolonializmin nə olduğu və necə işlədiyini yazmaqdan əvvəl, bu ikisini ayırd etməliyik. İmperializm kompleks və mürəkkəb bir məsələdir. Onun başa düşülməsi üçün ayrıca böyük bir yazıya ehtiyac var. Ancaq, imperializmlə müstəmləkəçilik arasındakı əsas fərqlərdən biri assimilyasiyadır. İmperializmin ən məşhur nümunələrindən biri olan Yaxın Şərqdəki Amerikan imperializminə misal olaraq baxa bilərik.
Onlar siyasi, iqtisadi, mədəni və media təsirlərini böyük səviyyədə genişləndirərək, Amerika Birləşmiş Ştatlarının hüdudlarından kənara çıxıblar. ABŞ ərazisini hərfi mənada genişləndirməsə də, maraqlarını qorumaq üçün Yaxın Şərqə hərbi qüvvələr göndərib. Görülən bu işləri, Amerikan imperializminə İraq və Əfqanıstandan milyardlarla dollar qazandırıb. Lakin bunun üçün, ABŞ oranın yerli əhalisini assimilyasiya etməyə və onları “amerikalı” tətbiq etməyə çalışmadı, sadəcə onlara fayda verən geosiyasi dövləti saxladı. Düzdür burada Amerika arzusu və ya amerikalılıq təbliğ edilmirdi. Amma bu baş verənlər də amerikalı olmağın qürurunu artırdı. Lakin bütün dünya media vasitəsilə bu yalana inanır. Yaxın Şərqdə, “azadlıq” uğrunda döyüşən Amerika əsgərlərinin qəhrəmanlarına həsr olunmuş ən azı 20 film və ya serial saya bilərəm. Qısaca desək Amerika mədəniyyəti və dilinin, əfqan və ya İraq xalqı üzərində məcburi assimilyasiyası yox idi. Assimilyasiya imperializmin bir hissəsi olmasa da, müstəmləkəçiliyin mühüm bir alətidir.
Assimilyasiya müstəmləkəçiliyin əsas amillərindən biridir çünki müstəmləkəçilik və ya kolonializm, coğrafi bir bölgənin nəzarətinin, bölgənin yerli sakinlərindən oğurlanmasıdır. Bu, müəyyən irqlərin və mədəniyyətlərin, digərlərindən aşağı olduğunu düşünən “etnosentrizm” prinsipi üzərində qurulub. Buna görə də üstün olduqlarını düşünən irqlər, müstəmləkəçiliyə haqq sahibi olduqlarını iddia edirlər. Kolonializmin müxtəlif formaları var, lakin ən çox tanınanı köçkün müstəmləkəçiliyidir. Məsələn, ingilislər və fransızlar Şimali Amerikanı müstəmləkə etməsi, məskunlaşan müstəmləkəçilik idi.
Bütün dünyada müstəmləkəçilik Avropa tərəfindən genişləndikcə, zorakılığa haqq qazandırmaq zərurəti yarandı. Sadəcə bir çox yerli, qara və ağ olmayan cəmiyyətlərin resursları oğurlanmırdı, onlar, həm də böyük bir şiddət ilə üz-üzə qalırdılar. Ağ olmayan cəmiyyətlər təkcə fiziki və siyasi zorakılıqla deyil, mədəni və linqvistik soyqırımla da üzləşiblər. Bu oğurluq və zorakılığa haqq qazandırmaq üçün Avropa avrosentrizmini bəhanə kimi istifadə etməyə başladı. Qərb sivilizasiyasına əsaslanan dünyagörüşü və ya onu qeyri-Qərb cəmiyyətlərinə üstün tutan qərəzli baxışa “avrosentrizim” deyilir. Özünü aydın və inkişaf etmiş qəbul edən qərblilər, bu qədər elədiyi qeyri-insani işlərə bəhanə axtarırdı. Onlar istismar etdikləri yerli insanları geridə qalmış, inkişafdan qalmış və əhliləşdirilməyə ehtiyacı olan bir toplum kimi göstərməyə başladılar. Bunu Şimali Amerikadakı müstəmləkəçilik və yerli əhalinin assimilyasiyası nümunəsi ilə daha yaxşı başa düşə bilərik.
Avropa müstəmləkəçiliyi, kimin insan kimi qəbul oluna biləcəyini və bəşəriyyətin nə olduğuna qərar verirdi. 17-ci əsrdə fransız və ingilis işğalçıları Kanadaya gəldilər, burada bu torpağın bəzi yerli sakinləri hətta onlara evlərini belə açdılar. Onlar torpağı bölüşmək və dinc yaşamaq üçün, bəzən qadın olan qəbilə başçıları ilə bəzi müqavilələr imzalayırdılar. Digər yerlərdə, yerlilərin həyatları daha az dəyərli göründüyü üçün tamamilə qırğın salındı. Evlər oda verildi və qadınlara təcavüz edildi. Yerli sakinlər, qərblilərin əli ilə heç vaxt bilmədikləri maddələrlə tanış oldular və hətta bəzi qəbilələrə məcburi narkotik verildi.
Uşaqlara nə oldu soruşsanız, xiristianların köməyi ilə uşaqları işkəncə məktəblərinə göndərməyə başaldılar. Bu yaşayış məktəbləri, “Residential Schools”, Kanada hökuməti tərəfindən qurulan və kilsələr tərəfindən idarə olunan geniş məktəb sisteminə deyilir. Onlar yerli uşaqları Avro-Kanada və xristian yaşayış tərzini öyrətmək və onları ağ Kanada cəmiyyətinə assimilyasiya etmək məqsədi daşıyırdılar. Bu missiya zorakılıqla yerinə yetirildi. Bu sistem, uşaqları uzun müddət ailələrindən zorla ayırdı və onlara öz irsini və mədəniyyətini tanımağı və ya öz dillərində danışmağı qadağan etdi. Bu sərt qaydalar pozulsa, uşaqlar ciddi şəkildə cəzalandırılırdı. Yaşayış məktəblərinin keçmiş tələbələri, “residential schools” işçilərinin əli ilə dəhşətli sui-istifadələrdən danışırlar: fiziki, cinsi, emosional və psixoloji. Bu məktəblərdə akademik kurrikulum yox idi. Hökumətin və kilsənin yerli mədəniyyətləri və onların yaşayış tərzlərini kökdən silmək cəhdi bu məktəblerin sistemik bir soyqırıma çevirirdi. Avropalılar bunu yerli xalqları “sivilləşdirmək” kimi əsaslandırırdılar.
Müstəmləkəçiliyin gətirdiyi assimilyasiyanı, tarixin silinməsi ilə də görmək olar. Kanadanın müstəmləkəçiliyindən sonra yerli xalqların tarixi silindi. Yollar, şəhərlər və hətta icmalar kimi yerlərin adları dəyişdirildi. Fərqli mədəniyyətlərə və dillərə mənsub olan yerli icmalar arasındakı fərqlər yox edildi və bir kimi göstərilməyə başlandı. Müxtəlif qrupları homogen hesab edərək, bu icmaların dərinliyini və mürəkkəbliyini yox hesabladılar. Mədəni tədbirləri qadağan edən qanunlar qəbul etdilər. Bu insanları nəsil ayrılığına məcbur etdilər. 2021-ci ilin may ayında, Kanadanın Britaniya Kolumbiya əyalətdəki bağlanmış Yaşayış Məktəbində, heç bir yerdə qeyd edilməmiş 215 şagird qəbri tapıldı. 215 öldürülən uşaq. Bu, ən son tapılan məzarlıqlardan biridir, Amma Kanadada uşaq məzarları olan bir çox məktəb tapılıb. Bundan əlavə, mədəniyyətin, tarixin və dilin kolonializm tərəfindən silinməsi təkcə Şimali Amerikada həyata keçirilməyib. Eyni üsulları biz Hindistanın müstəmləkəçiliyində də görə bilərik. Heç bir zaman bütün bir ölkə olmayan və çox fərqli dillər və mədəniyətlərə sahib olan bu coğrafiya, Britanya istismarı altında bir yerə yığışmağa məcbur olub.
Fikrimcə, İrandakı üsyanlarla səslərin müxtəlifliyini eşitdikcə, müstəmləkəçiliyin nə olduğunu və İran xalqı üçün nə demək olduğunu öyrənmək tamamilə zəruri olaraq qalır. Gəlin, Güney Azərbaycan kontekstində müstəmləkəçiliyi müzakirə edək. Mərkəzi hökumətin tarixinə nəzər saldıqda, açıq-aşkar müstəmləkəçilik siyasətini görmək olar. Münaqişə edildiyi kimi, müstəmləkəçiliyin fəth edilmiş ərazi üzərində nəzarətini saxlamaq üçün müxtəlif aspektləri var. Bu yazıda mən ancaq mərkəzi hökumətin Cənubi Azərbaycanda gördüyümüz sui-istifadənin assimilyasiya aspektinə diqqət yetirəcəyəm.
Kanada və İrandakı məcburi assimilyasiya prosesi arasında çoxlu paralellər görürəm. 1945-ci ildə qurulmuş Təbriz mərkəzli Azərbaycan Milli Höküməti işğalçı fars əsgərləri tərəfindən devrildikdən sonra, Azərbaycan sərhədləri üstündə ciddi istismar başladı. Tarixçi Toğrul Atabayın qeyd etdiyi kimi, Pəhləvilər ‘tək dil, tək millət’ şüarı ilə homogen bir millət yaratmağa çalışdılar. Bu, avropalıların Kanada və Hindistanda istifadə etdikləri eyni məqsəd və taktikadır. Amma məncə, Pəhləvi hökumətlərinin İngiltərə və Fransa ilə sıx münasibətlərini nəzərə alsaq, bu, təəccüblü olmamalıdır. Müxtəlif etnik və dillərdən ibarət olan İranda, farslaşma prosesi başladı. Kanadadakı yerli əhalinin təcrübələrinə bənzər şəkildə, uşaqlara ana dillərində danışmaq və öz mədəniyyətlərini yaşatmaq qadağan edildi. Bu, bir çox nəsilləri sarsıdan məcburi bir təcrübə idi. Bunu Bərahəninin təsvir etdiyi travmadan da görmək olar. Bizim də tariximizi siliblər. Bizim də yollarımızın, küçələrimizin və şəhərlərimizin adların dəyişdiriblər. Bizim də dilimizə və kültürümüzə aşağı gözlə baxılıb, ona “məhəlli dil” damğası vurulub. Hindistanlılara qeyri insani baxdıqları kimi, bizə də eşşəkdən pıspısaya qədər adlar qoyulub. Hindistanda yaradılan daxili müharibələr kimi, bizim də ərazilərimizdə sərhədləri yenidən çəkib, bir birinə mehriban olmayan millətlər arasında od yaradıblar.
Qərbdən alınan və birə bir gördüyümüz sömürgə yollarından biri də, yerlilərin yaşadıqları çevrəni bilərəkdən xarab edib, onları köçə məcbur etməkdir. Kanadanın ümumi ərazisinin demək olar ki, doqquz faizi şirin su ilə örtülüdür. İçməli su baxımından, Kanada dünyanın ən zəngin ölkəsidir. Əslində, iqlim dəyişikliyi ilə bağlı araşdırmalar göstərir ki, bir çox ölkələr su qıtlığından əziyyət çəksə də, Kanada bu ölkələrdən biri olmayacaq. Lakin yerli əhalinin cəmləşdiyi ərazilərə nəzər saldıqda, ciddi su problemlərinin olduğunu görürük. Bu problemlər Toronto, Monreal və ya Vankuver kimi böyük şəhərlərdə yox, xüsusən yalnız yerli icmaların yaşadığı ərazilərdə var. Kanadadakı əsl kanadalıların suya çıxışı yoxdur və onlar palçıqlı, içilməz su ilə yaşamağa məcburdurlar. Kanada hökuməti dünyanın ən zəngin və texnoloji cəhətdən inkişaf etmiş ölkələrindən biridir. Deməli, bu, inkişaf məsələsi deyil, səhlənkarlıqdır və ihmaldır.
Bu müstəmləkəçilik taktikasının Güney Azərbaycanda tətbiq olunduğunu düşünə bilərsinizmi? Məncə, bununla Urmu gölü arasında paralelləri görməmək üçün qəsdən kor olmaq lazımdır. Onlarla bəndlər gölə su axınının qarşısını alır. 20 ildən artıqdır ki, azərbaycanlılar gölün bu yanlış idarə olunması ilə bağlı etiraz edirlər. Onlar uğur qazana bilmədilər, çünki bu gün gölün yox olduğunu görürük. Urmu gölünün yox olması ilə biz əkinçilik edə bilməyəcəyik, susuz qalacağıq, canlıların nəslinin kəsiləcəyi və Azərbaycandan böyük bir köçün olacağını görəcəyik. Bundan başqa, torpağın münbit olmaması və duz küləklərinin gətirdiyi xəstəliklər səbəbindən bu bölgədə yaşamaq mümkün olmayacaq. Nəfəs almaq çətin olacaq. Nəfəssiz həyat isə yoxdur.
Müstəmləkəçilik dərin bir quyudur və assimilyasiya kolonializmin zəhərli qollarından yalnız biridir. Müstəmləkəçilik eyni zamanda bütün bir xalqı qəsdən zülm altında saxlamaq üçün icra orqanlarından, mediadan, institusional irqçilikdən və digər üsullardan istifadə edir. Növbəti yazılarımda müstəmləkəçiliyin başqa bir qolunu və onun İran və Güney Azərbaycanın zəhərli əlaqələri kontekstində necə işlədiyini müzakirə edəcəyik. Bu yazıdan öyrənmək lazım olan bir şey varsa, bu iki tərəf arasında bu əlaqənin qəsdən qurulmasıdır. Bəzi insanların daha yaxşı şəraitdə yaşaması təsadüfi deyil. Bir mədəniyyətin üstün sayılması təsadüfi deyil. Və buna uyğun olaraq bu sistemdə heç bir düzəliş yoxdur. Yeganə seçim onu sökmək və yenidən qurmaqdır.