Güney Azərbaycandan Bəlucistana qədər kimliksizlik problemi

Google+ Pinterest LinkedIn Tumblr +

“Güney Azərbaycanlı “Ataxan” adlı uşaq adına görə 4 il şəxsiyyət vəsiqəsiz yaşayıb. Ailəsinin dediyinə görə İran dövləti onların 4 illik mübarizəsindən sonra Ataxana şəxsiyyət vəsiqəsi verib”   

Şəxsiyyət vəsiqəsi olmadan yaşamaq bütün dünyada yoxsulların, köçkünlərin ümumi problemidir. Şəxsiyyətini təsdiq edən sənədləri olmayanlar sosial, təhsil və tibbi dəstək almaq üçün ciddi problemlərlə üzləşirlər. İnsanlar şəxsiyyət vəsiqələri olmadığı üçün ən sadə şeylərdən məhrum olurlar. Onlar sürücülük vəsiqəsi, mobil telefon üçün SİM kart ala bilmirlər, ev kirayələyə bilmirlər.  İranda vəziyyət daha da faciəvidir. İranda şəxsiyyət vəsiqəsinin olmaması hətta peyvənd olunmağa da böyük maneə yaradır. İran COVAX ittifaqı vasitəsilə indiyədək çoxlu COVID-19 peyvəndi alıb. Bununla da, İranın 85.000.000 nəfərdən çox əhalisinin 64 faizi tam 2 doza peyvənd olunublar.  Belə görünür ki, İranda sənədləri olmadığı üçün peyvənddən məhrum olanların çoxu əsasən iranlıdırlar yəni miqrant deyillər. Bəzi hallarda qeyri fars  millətlər üçün şəxsiyyət vəsiqəsinin alınması ya çox çətin olur ya da ümumiyyətlə mümkün olmur.  Güney Azərbaycan türkləri də istisna deyillər və hər il Güney Azərbaycan mediasında vəsiqə ala bilməyən türk uşaqları haqqında xəbərlər gündəmə gəlir.

İranda Azərbaycan türklərinin qarşılaşdıqları ad problemi

İran dövləti, bütün iranlı valideynlərin öz övladlarına seçdikləri adları gözdən keçirir. İran dövləti yalnız “təsdiqlənmiş” ad siyahısınıda olan adlara vəsiqə verir. Ad siyahısı uzun olsa da, Azərbaycan ailələri üçün kifayət qədər standard seçim kimi görünən bir çox adlar o siyahıda mövcud deyil.

Anna Güney Azərbaycanın Əhər şəhərində vəsiqəsiz qalmış uşaqlardan biridir

Anna Güney Azərbaycanın Əhər şəhərində vəsiqəsiz qalmış uşaqlardan biridir

Yeni doğulan uşaqlara Azərbaycan türkcəsində bir ad seçildikdə, qeydiyyat orqanları avtomatik olaraq valideynlərə doğum haqqında şəhadətnamə vermir, bunun əvəzinə valideynlərə təsdiq edilmiş fars və yaxud şiə dini məzmunlu ad seçməyi təklif edirlər.

Uzun mübarizədən sonra 4 yaşlı Ataxan şəxsiyyət vəsiqəsi ala bildi

Uzun mübarizədən sonra 4 yaşlı Ataxan şəxsiyyət vəsiqəsi ala bildi

Uşaqlarına Azərbaycan türkcəsində ad seçməkdə israr edənlər uzun bürokratik mübarizə yoluna başlayırlar. Bu yolda valideynin təkbaşına uğur qazanması mümkün deyil. Məsələ yalnız məhkəmə yolu ilə öz həllini tapır. Qərar isə hakimin mərhəmətinə buraxılır. Bəzi nümunələrdə valideynlər 4 il məhkəmə zallarında adi insan haqları uğrunda mübarizə aparıblar. Təbrizli Adil Çupani 4 illik mübarizədən sonra öz övladı “Ataxan” üçün şəxsiyyət vəsiqəsi ala bilib.  Yalnız öz adına görə vəsiqə ala bilməyən Ataxan 4 il ərzində bütün sosial və digər xidmətlərdən məhrum qalıb.

Bu gün Huntay 3 yaşın qurtardı və biz hələ də şinasnamə (şəxsiyyət vəsiqəsi) ala bilməmişik. Amma biz mübarizəmizə davam edəcəyik.” deyə Huntayın anası instaqram səhifəsində paylaşım edib

Bu gün Huntay 3 yaşın qurtardı və biz hələ də şinasnamə (şəxsiyyət vəsiqəsi) ala bilməmişik. Amma biz mübarizəmizə davam edəcəyik.” deyə Huntayın anası instaqram səhifəsində paylaşım edib

Ataxan kimi İlhan adı da uzun mübarizədən sonra rəsmi adlar siyahıyasına daxil edildi. Bununla belə, lazımsız hüquqi əngəllər və açıq-aşkar Azərbaycan türklərinə qarşı ayrı-seçkilik uzunmüddətli farslaşdırılma siyasətinin bir hissəsi kimi dəyərləndirilir.

Rəhim Rəhimi instaqram səhifəsində Tehranın qeydiyyat idarəsinin Tarkan adına qarşı olduqları haqda paylaşım edib

Rəhim Rəhimi instaqram səhifəsində Tehranın qeydiyyat idarəsinin Tarkan adına qarşı olduqları haqda paylaşım edib

Ərdəbildən olan Səccad Colani isə Ərdəbil qeydiyyat idarəsinin onun “Ayıl” adında qızına şəxsiyyət vəsiqəsi verməməsinə etiraz olaraq qeydiyyat idarəsinin qarşısında etiraz edərək bu etirazını instaqram səhifəsində canlı paylaşmış və baş verənləri haqsızlıq və irqçilik adlandırmışdır.

Güney Azərbaycan musiqiçisi Səccad Colani və onun həyat yoldaşı və qızları Ayıl uzun müddətli mübarizədən sonra şəxsiyyət vəsiqəsi almalarını qeyd edirlər

Güney Azərbaycan musiqiçisi Səccad Colani və onun həyat yoldaşı və qızları Ayıl uzun müddətli mübarizədən sonra şəxsiyyət vəsiqəsi almalarını qeyd edirlər

Səccad Colaninin etirazından sonra Güney Azərbaycanda İran dövlətinin bu işinə etiraz kampaniyası başladı. Tvitter, instaqramda #Ayıl həştəqi ilə etiraz kampaniyası başladı və minlərlə insan #Ayıl həştəqi ilə  öz uşaqlarına ad qoyanda üzləşdikləri çətinliklərdən bəhs etdilər.

Babək Qabilnejad öz tvitində bunları yazıb: “Türk adlarına qarşı mübarizə aparan yeganə qurum olan Ali Adlandırma Şurasına yazdım  ki ” İranda bu gün #Yağış adı ilə doğum haqqında şəhadətnamə almağı gözləyən yeganə uşaq mənim qızımdır. Əmin olun ki, gələn il yüzlərlə körpə bu gözəl adı almaq üçün növbəyə duracaq. “Biz onu çoxaldacağıq.” #Yağış #Anar # Ayıl #Sevgi

Azam Ahmadi isə öz tvitində yazıb: Məmləkətin təhlükəsizliyi uşağın adı ilə təhlükəyə düşür” #Ayıl  #Uşaq_adı_seçməhaqqı

Əzim Həsənzadə öz tvitində yazı : Farsca “Baran” (Yağış) adı qeydiyyat idarəsinin son statikasına görə (2017)  ölkədə səkkizinci ən çox seçilmiş uşaq addır. İndi bu adın türkcəsi olan “Yağış” Ali Adlandırma Şurası tərəfindən qadağan edilib! Əsas vətəndaşlıq haqlarını tələb etməkdən ad seçmə haqqını istəmək səviyyəsinə enmişik! #Yağış #Anar # Ayıl #Sevgi

Səfiyyə Qarabağı öz tvitində yazıb: #OnurHidayəti qırx aydan sonra kimlik əldə etdi. Təkab Əhali Müdirliyi adı türkcə olan Onura doğum haqqında şəhadətnamə verməkdən imtina etsə də, qırx aydan sonra valideynlərinin  müqavimətinin nəticəsində məhkəmənin qərarı ilə ona doğum şəhadətnaməsini alındı. #ayıl

Nə qədər sənədsiz insan var?

İranda sənədsiz, kimliksiz insanların sayı ilə bağlı hökumət statistikası açıqlanmayıb və digər mənbələrdən gələn rəqəmlər bir-biri ilə xeyli fərqlidirlər. X  İran parlamentinin üzvü Tayyebə Siavəşinin sözlərinə görə, ölkə miqyasında bir milyona qədər uşağın sənədsiz olduğu ehtimal edilir. İran Parlamentinin Sosial Komissiyasının keçmiş üzvü Məsud Rezai Xane “Mellat” xəbər agentliyinə müsahibəsində, ümumilikdə bir milyona yaxın sənədsiz insanın ola biləcəyini təsdiqləyərək onlardan 400 mininin uşaq olduğunu qeyd edib. Bəzi tədqiqatçılar təkcə Sistan və Bəlucistan vilayətində təxminən 100.000 nəfərin vəsiqəsiz olduğunu müəyyən ediblər.

Sənədsizliyin bəluclara törətdiyi çətinliklər

Vəsiqəsizlik problemi Pakistanın qərbində və Əfqanıstanın cənub-qərbində, eləcə də İranın cənub-şərqində əsasən quraq bölgələrdə yaşayan bəluclara da kəskin mənfi təsir göstərir.

Doktor Fatimə Kixah, “hamshahri online” saytına verdiyi müsahibəsində deyib ki:

“İranın Sistan və Bəlucistan vilayətinin mərkəzi şəhəri olan Zahidanda 60 xəstəni müayinə etdim. Hər kəs üçün kifayət qədər peyvənd olsa da, 50 xəstənin şəxsiyyətini təsdiq edən sənəd yox idi, ona görə də onlar peyvənd ola bilmədilər. Onları peyvənd olunmadan klinikanı tərk etdiklərini görmək çox kədərli idi”.

Bəluc uşağı: “Mən vəsiqəsizəm”

Bəluc uşağı: “Mən vəsiqəsizəm”

İran hökuməti iddia edir ki, Sistan və Bəlucistanda sənədsiz bəlucların əksəriyyəti heç iranlı deyil, qonşu ölkələrdən gələn miqrantlardır. İranlı Bəlucların Əfqanıstan və Pakistandakı qardaşları ilə paylaşdıqları dil və “görünüş” oxşarlığını nəzərə alsaq, bu zahirən asan iddiadır. Bəluc  fəallar bununla qəti şəkildə razılaşmayıb, bu cür iddiaları bəluclara (adətən sünni bəluclara) qarşı açıq-aşkar irqi və dini ayrı-seçkilik kimi qəbul edirlər. Fəallar həmçinin israr edirlər ki, əslində fərqli ləhcə və geyimlər sənədsiz bəlucların hansı ölkəyə aid olduqlarını ayırd etməkdə yardım edir. Bundan başqa “sadə yerli sorğu planı” ilə oradakı bəlucların haralı olduqlarını üzə çıxarmaq çətin deyil. Bununla yanaşı, hazırda qeydiyyatdan keçirilməyənlər üçün vətəndaşlıq əldə etmək üçün şəxsiyyəti müəyyən etmə prosesi vilayət təhlükəsizlik şurası, vətəndaşlıq qeydiyyatı şöbəsi və polis/təhlükəsizlik orqanlarını əhatə edən bir sıra kompleks sorğu prosedurlarını tələb edir. Bundan əlavə, məcburi bir DNT testi təxminən 5.000.000 Riala (100 ABŞ dollarından çox) başa gəlir ki, bu da onsuz da müraciət edənlərin büdcəsinə uyğun gəlmir. Vəsiqəsiz bəlucların Əksəriyyəti yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar. Uzun və çətin proses olan şəxsiyyət vəsiqəsinin alınması imkansız bəluclar üçün çox çətin bir işdir. Bu yolda mübarizə aparıb uğur qazanmaq bəzən illərlə çəkə bilər.

İranda bu mövzuda yüz minlərlə insan bürokratik problemlərlə dolu olan bu yola çıxırlar. Məsələn, qeyri-iranlı atalarla “müvəqqəti nikahlardan” sonra qadınların dünyaya gətirdiyi uşaqlar da vəsiqəsə vermirlər. Belə uşaqlara doğum haqqında şəhadətnamələrin verilməməsi də ehtimal edilir. Şəxsiyyət vəsiqələri olmadığı üçün onlar dövlət xəstəxanalarından müalicə almaqdan və ya əksər məktəblərə daxil olmaqdan məhrum olurlar. Nəticədə sənədsiz yeniyetmələr küçə uşaqlarına çevrilirlər.

Şəxsiyyət vəsiqəsinin olmaması hətta insanın ölümünə də mənfi təsir edir. Şəxsiyyət vəsiqəsi olmayan Şafi adlı gənc qız öz müsahibəsində qəmli bir tərzdə deyib ki onun kimi insanlar koronavirusa yoluxub öldükdən sonra onların düzgün dəfn olunmalarına belə icazə yoxdur. “Vəsiqəsiz insanlar sağ olanda yaşamağa sənədləri olmur, öləndə də heç bir yas mərasimi keçirilmədən dəfn edilirlər; Evimizin yanındakı qəbiristanlıqdan hər gün onların ah-nalə səsi gəlir; ölümlə qonşu olmuşuq”

Şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkənlərin bəziləri sənədi əldə etməyin alternativ yollarını tapıblar. Bəziləri sünni müsəlman yox, şiə müsəlman olduqlarını bildirib vəsiqə almağı seçirlər. Digərləri İnqilab Mühafizəçilərinə qoşulmaq şərtilə vəsiqə əldə edə bilirlər, lakin bu da özlüyündə çox çətin bir yoldur. Bəluc fəal Əbdül Səttar Doşokinin dediyi kimi, “Təəssüf ki, son illər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəzi sənədsiz ailələrə SEPAH-a qoşulsalar, onlara şəxsiyyət vəsiqəsi veriləcəyini vəd ediblər. Bu, SEPAH tərəfindən yoxsul insanların istismarı deməkdir. Bu, nəsillər boyu İranda doğulmuş, lakin iranlı sayılmayan insanların insan hüquqlarının pozulmasıdır”.

İran 1990-cı ildə Uşaq Hüquqları Konvensiyasına qoşulduğuna baxmayaraq, bu konvensiyanin 7-ci maddəsinə zidd olaraq, Oğuz, Sevgi, Turkay, Tarkan, Bensu, Ayıl və Anar kimi adları daşıyan Azərbaycan türkü uşaqların sənəd almaqlarına mane olmağa davam edir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.