Hər il onlarla ölü və yaralı: Marağa-Həştrud avtomobil yolu layihəsi hələ də Tehrandan büdcə gözləyir

Google+ Pinterest LinkedIn Tumblr +

İllərdir Azərbaycanın önəmli yollarından olan, Marağa-Həştrud yolunun magistral yol olma layihəsinin tamamlanması gözlənilərkən, hər il yol qəzası nəticəsində onlarla insan ölür və yaralanır.

İndiki Marağa – Həştrud yolu ölkənin şimal qərbində ən çox yol qəzasının baş verdiyi yollardan biridir. Bu yolun eninin az olması, kəskin döngələri, eniş və yoxuşları gündəlik 7000 avtomobilin hərəkəti üçün uyğun deyil. Bundan başqa bu yol şimal qərb əyalətlərinin 3 milyonluq əhalisinin ən önəmli nəqliyyat vasitəsidir. “Ölüm yolu” adlandırılan bu yolda, əlverişsiz şərait səbəbindən hər il bir çox sərnişin və vətəndaş həyatını itirir. Son üç ildə bu yolda əz azı 135 nəfərin yol qəzası nəticəsində öz həyatını itirib.

Marağa-Həştrud yolunda çoxlu sayda yol qəzası hadisələri bu layihənin başa çatdırılmasını Azərbaycan sakinlərinin əsas qayğılarından birinə çevirib. Marağa- Həştrud magistral yol tikintisi layihəsini başa çatdırmaq üçün 1,800 milyard büdcə gərəkdir. Lakin Tehrandan lazımi büdcəni almaq hələ də mümkün olmayıb.

Digər tərəfdən, bu yolun tamamlanması Azərbaycan şəhərlərinin iqtisadi inkişafına da səbəb ola biər. Yəni bu layihənin tamamlanması yol qəzasının azalması ilə yanaşı Azərbaycan bölgələrinin inkişafına, daha çox sərmayə qoyan insanların bölgəyə gəlməsinə səbəb ola bilər. Bu da Azərbaycan bölgələrinin ən önəmli ehtiyaclarından biridir.

Bu magistralın çəkilişi zamanı ətraf torpaqlar rayon əhalisinin bir qismi tərəfindən heç bir ödəniş edilmədən dövlətə təhvil verilib. Magistral yolun tikintisinə başlayandan bir neçə il sonra hökumət bəzi sakinlərin də torpağını müsadirə edib və əvəzində onlara heç nə ödəməyib.

Artırmalıyıq ki, beş mərhələdə icra olunacaq, 110 km uzunluğunda olan Marağa-Həştrud magiatral yolu layihəsinin icrasına 2013-ci ildə başlanılıb. Açıqlanan təqvimə görə, yol 2019-cu ildə hazır olmalı idi. Amma bu layihə hələ də tamamlanmayıb. Bunun da ən əsas səbəbi Tehranın lazımi büdcəni təmin etməməyidir. Bu da hər il onlarla insanın ölümü və yaralanması ilə nəticələnir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.