İctimai Müqavilənin pozulması

Google+ Pinterest LinkedIn Tumblr +

Dövlətin gücü haradan gəlir? 

Bu sualın cavabı sosial müqavilə adlanan bir anlayışdadır. Fəlsəfədə İctimai Müqavilə anlayışı Sokrata qədər gedib çıxır. O, həbsxanada olarkən Kriton ilə danışır və ona izah etməyə çalışır ki, nəyə görə o qaçmaqdansa ölməyi seçir. Sokrat isə öz növbəsində deyir ki, yaşadığı ölkənin qanunlarına əməl etməli idi, çünki vətəndaşları bu qanunlarla razılaşıblar və bu o qanunlar onları sülh içində saxlayır. Burada Sokrat şifahi razılaşmadan danışır.

Ancaq, sosial müqavilənin əsas əhəmiyyətinin mənbəyi siyasi fəlsəfədən gəlir. Tomas Hobbs, Leviafan kitabı ilə bu nəzəriyyəni məşhur edib. Ondan sonra Çezare Bekkaria, Con Lokk və daha yaxın dövrlərdə Con Rolz kimi bir çox filosoflar bu nəzəriyyəni özlərinə uyğun şəkildə tədqiq edib, dəyişdiriblər.

Suverenlik zəruridir, çünki o olmadan  insanlar sivil bir cəmiyyətin mövcudluğundan məhrum olan bir təbiət vəziyyətində yaşayırmışlar. Hobbs və Bekkaria sosial müqaviləsiz, insanların daim qorxu, müharibə və təhlükə içində yaşamağa məcbur olduqları fikrinə sahib idilər. İnsanlar müharibə vəziyyətində yaşamaqdan bezdikləri zaman bir cəmiyyət qururlar daha sonra sülh şəraitində yaşamaq və azadlıqlarından istifadə etmək üçün sosial bir müqavilənin tərəflərindən biri olurlar. Bu sosial müqavilə alimlərin fikrincə, ədalət və sülh yaratmaq üçün, insanların tabe olacağı, ümumi və daha böyük bir gücə ehtiyacımız var. Bu yolla biz daha təhlükəsiz və daha yaxşı yaşamaq üçün bir cəmiyyət yaradırıq.

Baxmayaraq ki, siyasi və hüquqi fəlsəfədə sosial müqavilənin haradan gəldiyinə dair fərqli fikirlər mövcuddur (Məsələn, Emil Durkhaym bunun ümumi məqsəddən yarandığını düşünürdü, Con Lokk isə buna səbəbin mülkiyyətin və torpağın qorunması olduğunu görürdü). Ümumiyyətlə, qəbul edilir ki, hökmdarın (istər monarxın, istər partiyanın, istərsə də iqtidarın) mütləq hakimiyyəti idarə olunanların razılığı ilə əsaslandırılıb. Sadə sözlə desək, bu o deməkdir ki, bir cəmiyyətin vətəndaşları öz güclərinin kiçik bir hissəsindən əl çəkib, vətəndaşların kollektiv gücü ilə cəmiyyətin daha böyük rifahına nəzarət edəcək və təmin edəcək bir hökumət yaradırlar. Hökumətin gücü buradan gəlir.

Gəlin nümunələr ilə sosial müqavilənin nə olduğunu daha yaxşı başa düşək. İctimai müqavilənin ən sadə nümunələrindən biri vergilərdir. Biz niyə dövlətə vergi ödəyirik? Düzgün işləyən bir hökumətə sahib olmaq üçün gəlirimizin kiçik bir hissəsindən imtina edirik. Bu, hər bir fərd üçün kiçik olsa da, bu fərdi fədakarlıqların toplanması, güclü bir hökumət orqanı yaradır. Bunun müqabilində hökumət vergi pulunu, vətəndaşlarını yaşamağa lazım olan ehtiyacları təmin etmək üçün istifadə edir. Buna yollar, xəstəxanalar və elm ocaqları kimi daxili vəzifələr və ya digər dövlətlərlə iqtisadi ticarət və hərbi güc kimi  daxili öhdəliklər aiddir.

Qanunlara itaət etməyimizin səbəbi də ictimai müqavilədir. Biz cəmiyyətimizin qanunlarına tabe oluruq, çünki bu qanunlar insanlarımızın ehtiyaclarını qoruyur və təmin edir. Məsələn, biz niyə yol hərəkəti qaydalarına əməl edirik? Niyə hamımız qırmızı işıqda dayanırıq? Çünki biz kollektiv şəkildə razılaşmışıq ki, əgər hamı yol hərəkəti qaydalarına əməl etsə, insanlara zərər verən qəzalar daha az olar. Bunu sübut edən minlərlə araşdırma var.

Bir nəfər bu kollektiv müqaviləni pozanda biz nə edirik? Bu isə pozulmuş müqaviləyə bağlıdır. Məsələn, kimsə yol hərəkəti qaydalarını pozsa, biz bunu kiçik pozuntu hesab edirik və cavab olaraq  onlara mütənasib cəza veririk. Bir şəxs qırmızı işıqda dayanmasa, bu, cərimə və ya sürücülük vəsiqəsinin az bir müddətə əlindən alınması ilə nəticələnir. Ancaq bir şəxs oğurluq və ya adam öldürməklə sosial müqaviləni pozursa, bu, bizim sosial müqaviləmizin ciddi şəkildə pozulması hesab olunur. Qanun pozuntusunun ciddiliyinə görə biz cəmiyyət olaraq onları sosial müqaviləmizdən kənarlaşdırmağa razılaşmışıq.

Dünyanın müxtəlif yerlərində bir neçə əsr bundan əvvəl bu, hərfi mənada sürgün və hətta ölüm cəzası demək idi. Sonradan qərar verdik ki, həbsxana daha yaxşı cəza növüdür. Ona görə ki, bu şəxslər öz qayda pozuntularının nə üçün yanlış olduğunu başa düşsünlər, sonradan onları cəmiyyətimizə qaytara bilək və onları yenidən fəaliyyət göstərən vətəndaşa çevirə bilək. Təbii ki, həbsxanaların başqa bir faydası da bu pozuntunun törətdiyi mənəvi zərəri azaltmaqdır. Qayda pozuntusuna məruz qalanların ailələrindəki emosional travmanı azaltmaq və onları normal fəaliyyət göstərən vətəndaş kimi yaşamağa imkan verir.

Qanunları tətbiq etmək və əməl edilmədikdə cəzalandırmaq hüququ da bizdə olan sosial müqavilədən irəli gəlir. Əhalinin əksəriyyəti qaydalara əməl edərsə, bu o deməkdir ki, qaydalar icra olunur. Qaydalar icra edilirsə, əhalinin əksəriyyəti onlara əməl edir.

Sosial müqavilə haqqındakı dediklərimiz bir məqaləyə, hətta bir kitaba sığdırmaq mümkün olmayan bir şeydir. Lakin bu anlayışın dünyada hər kəs tərəfindən başa düşülməsi tamamilə vacibdir. Hökumətə səlahiyyət verən sistemi dərk etməliyik, çünki o güc hər birimizdən gəlir. Bunu anladığımız zaman bir hökümət orqanının xətalarını da anlamağa başlayırıq.

Əgər hökumətin gücünün etibarlılığının onun vətəndaşlarından gəldiyini qəbul etsək, onda vətəndaşlarına xidmət etməyən hökumətin artıq etibarlı statusa malik olmaması məntiqlidir. Əgər suveren dövlət artıq öz hakimiyyətinin mənbəyinə, yəni vətəndaşlara xidmət etmirsə, sosial müqavilə pozulmuşdur. Nəticə etibarilə, əgər hökmdar indi qorumaq əvəzinə öz güc mənbəyinə zərər verirsə, o zaman həmin hökmdar düşmənə çevrilir. Elə deyilmi?

Bu mövzuda yalnız nəzəriyyə əsasında danışmaq optimal deyil. Beləliklə, bir nümunə vasitəsilə bu barədə danışaq. Gəlin bu nəzəriyyəni hamımıza çox tanış olan bir nümunə göstərək. İran bir hökumətdir. Hökumətin gücü onun xalqından gəlir. İran öz xalqını qoruyur və ona xidmət edirmi?

Mən İranda yaşamıram, ona görə də bu suala cavab verməyə özümdə haqq görmürəm. Lakin bu suala bütün insanların yaşamalı olduğu sadə standartlar ilə asanlıqla cavab vermək olar. Davamlı olaraq təkrarlanan bu standartlardan biri, hər kəs irqindən, rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidəsindən, milli və ya sosial mənşəyindən, mülkiyyətindən, doğumundan və ya digər vəziyyətindən asılı olmayaraq, qəbul edilmiş bütün hüquq və azadlıqlardan istifadə etmək hüququna malik olmaq standartıdır. Bu çox asan başa düşülən standartdır. Sizin kim olduğunuz önəmli deyil, qanunlar və qaydalar bərabər şəkildə tətbiq edilməlidir (təbii ki, qanunların özlərinin ədalətli şəkildə yaradıldığı fərziyyəsi ilə).

Dərhal görürük ki, İranda belə deyil. Biz etnik azlıqların regional təbii sərvətlərinin oğurlandığını görürük (Kirmanşahdan su və ya Azərbaycanın yeraltı sərvətləri). Bu onsuz da məhdudlaşdırılmış əhalidən oğurlanır və dominant etnik mənsubiyyəti gücləndirmək üçün istifadə olunur. Biz görürük ki, bəhai inancına mənsub insanlar yalnız dini azlıq olduqları üçün daim hədəfə alınır və onlara haqsızlıq edilir. Biz görürük ki, qadınların heç bir hüququ yoxdur və həmişə kişilərə tabedirlər. Biz görürük ki, qanunlar varlılara şamil edilmir, ancaq kasıbları itaətdə saxlamağa kömək edir. Biz homoseksualların sadəcə sevməyi seçdikləri insana görə hücuma məruz qaldığını və öldürüldüyünü görürük. Biz hökumətin azyaşlı nikahlara qarşı hər hansı bir sərt tədbir görmədiyini və buna görə də uşaqların uşaqlığının onlardan oğurlandığını görürük. Biz görürük ki, həbsxanalar artıq cəmiyyətin bərpası üçün deyil, ayağa qalxanların səsini boğub sıxışdırmaq üçündür.

Deyirlər ki, bir dövlət ən zəif üzvlərinə necə davrandığı ilə ölçülməlidir. İranın özünün ən zəiflərinə – uşaqlarına, əlillərinə, kasıblarına və xəstələrinə necə davrandığına nəzər saldığımızda, xidmət etmək və qorumaq üçün qurulmuş bir hökumət deyil, bir tiran görürük. İctimai müqavilənin nəticəsi və səlahiyyəti heç vaxt bir diktatora deyil, xeyirxah bir himayədara verilməlidir. Əgər sosial müqavilə pozulursa və qorunmaq üçün nəzərdə tutulmuş insanları hədəf almaq üçün istifadə olunursa, onda belə çıxır ki, o hökumət indi sizin düşməninizdir. İnsanları qorumaq üçün nəzərdə tutulanlar tərəfindən xəyanətə məruz qalması travmatikdir. Bunu başa düşmək və düzəltməyə başlamaq çox çətindir. Amma bu prosesə başlamağın təsirli yollarından biri insanlara öz gücünü xatırlatmaqdır.

Hər tiranın gücü onun xalqından gəlir. Yəni səndən gəlir. Dəyişmək gücün var. Özün üçün qərar vermək gücün var. Ayağa qalxmaq gücün var. Cəmiyyətinizin ən zəiflərinə necə davranılacağına qərar verən güc sizdən gəlir.

Nə qədər güclü olduğunuzu dərk edəcəyinizin ümidi ilə!

Paylaş.

Müəllif haqqında

Türkan Bozkurt

Şərhlər bağlıdır.