İmperializm nədir? Tərif və Tarixi Perspektiv

Google+ Pinterest LinkedIn Tumblr +

Bu məqalə Robert Lonqli tərəfindən 2022-ci ilin mart ayının 2-da “ThoughtCo” saytında dərc edilib və “Ətəkyazı” tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.

Bəzən imperiya quruculuğu olaraq da adlandırılan imperializm, bir millətin öz hökmranlığını və ya hakimiyyətini digər xalqlar üzərində zorla tətbiq etməsidir. Tipik olaraq səbəbsiz hərbi güc tətbiqini nəzərdə tutan imperializm, tarixən mənəvi cəhətdən qəbuledilməz hesab edilmişdir. Nəticədə, imperializm ittihamları – həqiqət olsun və ya olmasın – ümumilyətlə bir millətin xarici siyasətini qınayan təbliğatlarda istifadə olunur.

İmperializm dövrləri

Yüz illərdir ki, bütün dünyada imperialist ələ keçirmələr baş verir, bunun ən bariz nümunələrindən biri Amerikanın müstəmləkəçiliyidir. 15-19-cu əsrlər arasında Amerika qitəsinin müstəmləkələşməsi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində ABŞ, Yaponiya və Avropa güclərinin genişlənməsindən təbiətinə görə fərqlənsə də, hər iki dövr imperializm nümunələridir.

İmperializm tarixdən əvvəlki klanlar arasında qıt qida və resurslar uğrunda mübarizədən bəri inkişaf edib, lakin qanlı köklərini saxlayıb. Tarix boyu bir çox mədəniyyətlər öz imperialist fatehlərinin hökmranlığı altında əziyyət çəkmiş, bir çox yerli cəmiyyətlər bilmədən və ya bilərəkdən məhv edilmişdir.

Qədim Çinin, Qərbi Asiyanın və Aralıq dənizinin tarixi, imperiyaların sonsuz ardıcıllığı ilə müəyyən edilirdi. Eramızdan əvvəl 6-4-cü əsrlərdə tiran avtoritar Assuriya İmperiyası sosial cəhətdən daha liberal və daha uzun ömürlü Fars İmperiyası ilə əvəz olundu. Fars İmperiyası yerini nəhayət eramızdan əvvəl 356-323-cü illərdə Makedoniyalı İskəndərin dövründə, öz zirvəsinə çatan qədim Yunanıstan imperializminə verdi. İskəndər Şərqi Aralıq dənizini Qərbi Asiya ilə birləşdirməyi bacarsa da, onun dünyanı bütün vətəndaşların ahəngdar şəkildə birlikdə yaşadığı bir “kosmopolis” kimi görməsi, romalıların Britaniyadan Misirə qədər öz imperiyalarını qurduğu vaxtda qismən gerçəkləşənə qədər, bir xəyal olaraq qaldı.

Eramızdan əvvəl 476-cı ildə Romanın süqutundan sonra imperializmin birləşdirici qüvvə olduğu ideyası sürətlə yox oldu. İmperializm bölücü bir qüvvəyə çevrildikcə Roma İmperiyasının külündən yaranan Avropa və Asiya xalqları öz fərdi imperialist siyasətlərini həyata keçirdilər.

Müasir dövr üç nəhəng imperializm və təcavüzkar müstəmləkəçilik dövrü görəcəkdi. 15-ci əsrdən 18-ci əsrin ortalarına qədər İngiltərə, Fransa, Hollandiya, Portuqaliya və İspaniya, Amerika, Hindistan və Şərqi Hindistanda imperiyalar qurdular. İmperializmə güclü mənfi reaksiya, imperiya quruculuğunda demək olar ki bir əsrlik nisbi sakitliyə səbəb oldu. 19-cu əsrin ortalarından başlayaraq I Dünya Müharibəsi (1914-1918-ci illər) dövrü yenidən imperializmin sürətlə yayılması ilə xarakterizə olunurdu.

Dolaylı yollar, xüsusən də maliyyə nəzarəti, birbaşa hərbi müdaxilədən üstün tutulan bir imperializm formaya çevrildiyindən sonra Rusiya, İtaliya, Almaniya, Yaponiya və ABŞ yeni imperialist dövlətlərə çevrildi. Birinci Dünya Müharibəsindən sonra Millətlər ittifaqı dinc dünya vədi imperializmdə daha bir qısa sakitlik gətirdi. Yaponiya 1931-ci ildə Çini işğal edərkən imperiya quruculuğunu yenilədi. Yaponiya və Benito Mussolininin Faşist Partiyası idarəçiliyi altında İtaliyanın, Adolf Hitler dövründə nasist Almaniyası və İosif Stalin dövründə Sovet İttifaqının rəhbərlik etdiyi yeni imperializm dövrü 1930-1940-cı illərdə hökm sürdü.

İmperialist ekspansiyanı legitimləşdirmək üçün istifadə edilən beş nəzəriyyə

İmperializmin daha geniş tərifi, bir millətin hakimiyyəti və ya hazırda onun nəzarəti altında olmayan ərazilər üzərində(adətən hərbi gücdən istifadə etməklə) hökmranlığının genişləndirməsi və ya yaymasıdır. Bu, birbaşa torpaq əldə etmək və/və ya iqtisadi və siyasi hökmranlıq yolu ilə həyata keçirilir.

İmperiyalar imperialist yayılmanın xərclərini və təhlükələrini rəhbərlərinin (yayılma yolunda bu təhlükələrə) kifayət qədər bəraat qazandırması olmadan öz üzərinə götürmürlər. Qeydə alınmış tarix boyu imperializm aşağıdakı beş nəzəriyyədən biri və ya bir neçəsi altında rasionallaşdırılıb.

Mühafizəkar İqtisadiyyat Nəzəriyyəsi

Daha çox inkişaf etmiş xalq, imperializmi öz uğurlu iqtisadiyyatını və sabit sosial nizamını qoruyub saxlamaq vasitəsi kimi görür. Dominant ölkə İxrac etdiyi mallar üçün yeni əsir bazarları təmin etməklə, məşğuliyyət nisbətini qoruyar və şəhər əhalisinin hər hansı sosial mübahisələrini müstəmləkə ərazilərinə yönləndirə bilir. Tarixən bu əsaslandırma dominant millətin ideoloji və irqi üstünlük fərziyyəsini özündə  təcəssüm etdirir.

Liberal İqtisadiyyat Nəzəriyyəsi

Dominant ölkənin artan sərvət və kapitalizmi, onun əhalisinin istehlak edə biləcəyindən daha çox mal istehsalı ilə nəticələnir. Onun liderləri imperialist yayılmanı öz xərclərini azaltmaq, eyni zamanda istehsal və istehlakı tarazlaşdırmaqla mənfəətini artırmaq yolu kimi görürlər. İmperializmə alternativ olaraq, varlı millət bəzən öz az istehlak problemini əmək haqqına nəzarət kimi liberal qanunvericilik vasitələri ilə öz içində həll etməyi seçir.

Marksist-Leninist İqtisadiyyat Nəzəriyyəsi

Karl Marks və Vladimir Lenin kimi sosialist liderlər az istehlakla məşğul olan liberal qanunvericilik strategiyalarını rədd etdilər, çünki qaçılmaz olaraq bu dominant dövlətin orta sinfindən pul götürəcək və dünyanın varlı və yoxsul ölkələrə bölünməsi ilə nəticələnəcəkdilər. Lenin I Dünya Müharibəsinin səbəbi kimi kapitalist-imperialist istəklərini göstərdi və əvəzinə imperializmin marksist formasının qəbul edilməsinə dəvət etdi.

Siyasi nəzəriyyə

İmperializm varlı dövlətlərin dünya gücləri balansında öz mövqelərini qorumaq cəhdinin qaçılmaz nəticəsidir. Bu nəzəriyyə imperializmin əsl məqsədinin bir millətin hərbi və siyasi zəifliyini minimuma endirmək olduğunu müdafiə edir.

Döyüşçü sinfi nəzəriyyəsi

İmperializm əslində heç bir real iqtisadi və siyasi məqsədə xidmət etmir. Əksinə bu, siyasi prosesləri “döyüşçü” təbəqə hökmranlığı altında olan millətlərin əsirlər boyu davam edən davranışlarının mənasız təzahürüdür. Əvvəlcə milli müdafiə ehtiyacı üçün yaradılmış döyüşçü sinfi, sonda öz varlığını davam etdirmək üçün yalnız imperializm vasitəsilə həll edilə bilən böhranlar istehsal edir.

İmperializm və müstəmləkəçilik

İmperializm və müstəmləkəçilik bir millətin digərləri üzərində siyasi və iqtisadi hökmranlığı ilə nəticələnsə də, iki sistem arasında incə, lakin mühüm fərqlər var.

Əslində, müstəmləkəçilik qlobal genişlənmənin fiziki praktikasıdır, imperializm isə bu praktikanı idarə edən ideyadır. Əsas səbəb-nəticə əlaqəsində imperializmi səbəb, müstəmləkəçiliyi isə nəticə kimi düşünmək olar.

Ən tanış formada müstəmləkəçilik insanların daimi məskunlaşanlar kimi yeni əraziyə köçürülməsini nəzərdə tutur. Yarandıqdan sonra məskunlaşanlar ana ölkələrinə sədaqətlərini və bağlılıqlarını qoruyurlar, eyni zamanda yeni ərazinin resurslarını ana ölkənin iqtisadi rifahı üçün istifadə etməyə çalışırlar. Bunun əksinə olaraq, imperializm, sadəcə hərbi güc və zorakılıq yolu ilə fəth edilmiş bir millət və ya millətlər üzərində siyasi və iqtisadi nəzarətin tətbiq edilməsidir.

Məsələn, 16-cı və 17-ci əsrlərdə İngiltərənin Amerikanı müstəmləkələşdirməsi, Kral III Corc kolonistlərə tətbiq edilən iqtisadi və siyasi qaydaları getdikcə daha məhdudlaşdırmaq üçün koloniyalarda İngilis qoşunlarını yerləşdirdiyi zaman imperializmə çevrildi. İngiltərənin artan imperialist hərəkətlərinə etirazlar nəticədə Amerika İnqilabı ilə nəticələndi.

İmperializm dövrü

İmperializm dövrü 1500-cü ildən 1914-cü ilə qədər davam etdi. 15-ci əsrin əvvəlindən 17-ci əsrin sonlarına qədər İngiltərə, İspaniya, Fransa, Portuqaliya və Hollandiya kimi Avropa gücləri böyük müstəmləkə imperiyaları əldə etdilər. Bu “Köhnə İmperializm” dövründə Avropa xalqları uzaq şərqə ticarət yolları axtararaq yeni Dünyanı tədqiq etdilər və tez-tez zorakılıqla Şimali və Cənubi Amerikada, eləcə də Cənub-Şərqi Asiyada yaşayış məntəqələri yaratdılar. Məhz bu dövrdə imperializmin ən dəhşətli insan vəhşilikləri baş verdi.

16-cı əsrdə İspan fatihlər Mərkəzi və Cənubi Amerika fəthi zamanı imperializmin ilk genişmiqyaslı soyqırım aktı dövründə təxminən səkkiz milyon yerli insan öldü.

“Şöhrət, Tanrı və Qızıl” şəklində mühafizəkar iqtisadi nəzəriyyəsinə olan inamına əsaslanaraq, bu dövrün ticarət motivli imperialistləri müstəmləkəçiliyi sırf zənginlik mənbəyi və dini missionerlik səyləri üçün vasitə kimi görürdülər. Erkən Britaniya İmperiyası Şimali Amerikada ən gəlirli koloniyalarından birini qurdu. İngiltərə 1776-cı ildə Amerika müstəmləkələrini itirməkdə uğursuzluğa düçar olmasına baxmayaraq, Hindistan, Avstraliya və Latın Amerikasında ərazi əldə etməklə özünü daha güclü şəkildə bərpa etdi.

Böyük Britaniya 1840-cı illərdə Köhnə İmperializm dövrünün sonunda Hindistan, Cənubi Afrika və Avstraliyada ərazi sahibləri olan dominant müstəmləkəçi gücə çevrilmişdi. Eyni zamanda Fransa Şimali Amerikadakı Luiziana ərazisinə, eləcə də Fransız yeni Qvineyasına nəzarət edirdi. Hollandiya Şərqi Hindistanı, İspaniya isə Mərkəzi və Cənubi Amerikanı müstəmləkələşdirmişdi. İngiltərə böyük hərbi dəniz donanmasının dənizlərdə hökmranlığına görə, sonradan “Pax Britannica” və ya “Britaniya Sülhü” kimi təsvir edilən dünya sülhünün qoruyucusu rolunu asanlıqla qəbul etdi.

Yeni imperializm dövrü

Avropa imperiyaları imperializmin birinci dalğasından sonra Afrika və Çin sahillərində dayaqlar qursalar da, onların yerli liderlər üzərində təsirləri məhdud idi. 1870-ci illərdə “Yeni İmperializm Əsri” başlayana qədər avropa dövlətləri öz nəhəng imperiyalarını – əsasən Afrikada, amma Asiya və Yaxın Şərqdə də hələ qurmamışdılar.

Sənaye İnqilabının həddindən artıq istehsal və az istehlakından qaynaqlanan iqtisadi nəticələrinin öhdəsindən gəlmək məcburiyyəti istiqamətində hərəkət edən avropa dövlətləri, imperiya quruculuğunun təcavüzkar planını həyata keçirdilər. Yeni imperialistlər 16-17-ci əsrlərdə olduğu kimi sadəcə xaricdə ticarət məntəqələri yaratmaq əvəzinə, öz mənfəətləri üçün yerli müstəmləkə hökumətlərinə nəzarət edirdilər.

1870-1914-cü illər arasında “İkinci Sənaye İnqilabı” zamanı sənaye istehsalı, texnologiya və nəqliyyatda sürətli irəliləyişlər Avropa güclərinin iqtisadiyyatlarını və beləliklə, onların xaricə genişlənmə ehtiyacını daha da artırdı. İmperializmin siyasi nəzəriyyəsində də qeyd edildiyi kimi, yeni imperialistlər özlərinin “geri” xalqlar üzərində hiss etdikləri üstünlüyünü vurğulayan siyasətlərdən istifadə edirdilər. İqtisadi təsir qurma və siyasi ilhaqı böyük hərbi güclə birləşdirərək, Avropa ölkələri – başda Britaniya İmperiyasının rəhbərlik etdiyi – Afrika və Asiyanın əksər yerlərində hökmranlıq etməyi bacardı.

1914-cü ilə qədər “Afrikanın kolonial bölünməsi” adlanan müharibədəki uğurları ilə yanaşı, Britaniya İmperiyası dünyada ən çox müstəmləkəyə nəzarət edirdi və bu, məşhur “Günəş Britaniya İmperiyasında heç vaxt batmır” ifadəsinə səbəb oldu.

ABŞ-ın Havay adalarını ilhaq etməsi

Amerika imperializminin ən yaxşı tanınan nümunələrindən biri, 1898-ci ildə Havay Krallığını bir ərazi olaraq ilhaq etməsi ilə ortaya gəldi. 1800-cü illərin əksəriyyətində ABŞ hökuməti, Orta Sakit Okeanın əsas balina ovu və ticarət limanı olan Havay adalarının Avropa ölkələrinin nəzarətinə düşəcəyindən narahat idi. Bu adalar Amerika protestant missiyaları üçün münbit zəmin idi və ən əsası şəkər qamışı istehsalından zəngin yeni şəkər mənbəyi idi. Həqiqətən də, 1930-cu illərdə həm Britaniya, həm də Fransa Havay adalarını onlarla müstəsna ticarət müqavilələrini qəbul etməyə məcbur etdilər.

1842-ci ildə ABŞ xarici işlər naziri Daniel Webster Vaşinqtondakı Havay agentləri ilə Havay adalarının hər hansı digər dövlət tərəfindən ilhaqına qarşı çıxmaq üçün razılığa gəldi. 1849-cu ildə dostluq müqaviləsi ABŞ və Havay arasında rəsmi uzunmüddətli münasibətlərin əsasını təşkil etdi. Şəkər 1850-ci ilə qədər Havay adalarının sərvətinin 75%-nin mənbəyi idi. Havay iqtisadiyyatı getdikcə ABŞ-dan asılı vəziyyətə düşdükcə, 1875-ci ildə imzalanmış qarşılıqlı ticarət müqaviləsi iki ölkəni daha da birləşdirdi. 1887-ci ildə amerikalı əkinçilər və iş adamları Kral Kalakauanı hakimiyyətdən məhrum edən və bir çox yerli Havaylıların hüquqlarını dayandıran yeni konstitusiya imzalamağa məcbur etdilər.

1893-cü ildə Kral Kalakauanın varisi Kraliça Lili’uokalani onun gücünü və Havay hüquqlarını bərpa edən yeni konstitusiya təqdim etdi. Başda Samuel Dole olmaqla amerikalı qamış yetişdiriciləri, Lili’uokalani’nin Amerika istehsalı olan şəkərə ağır gümrük tarifləri tətbiq edəcəyindən qorxaraq, onu vəzifədən salmaq və adaların Birləşmiş Ştatlar tərəfindən ilhaqını istəmək üçün plan qurdular. 17 yanvar 1893-cü ildə ABŞ prezidenti Benjamin Harrison tərəfindən göndərilən USS Boston dənizçiləri Honoluludakı “ʻIolani” Sarayını mühasirəyə aldılar və Kraliça Lili’uokalani vəzifədən uzaqlaşdırdılar. ABŞ naziri Con Stivens adaların faktiki qubernatoru, Samuel Dole isə Havay Müvəqqəti Hökumətinin prezidenti oldu.

1894-cü ildə Dole rəsmi olaraq ilhaq edilmək üçün Vaşinqtona bir nümayəndə heyəti göndərdi. Lakin prezident Qrover Klivlend bu ideyaya qarşı çıxdı və Kraliça Lili’uokalani monarx kimi bərpa etməklə onları hədələdi. Buna cavab olaraq Dole Havay adalarını müstəqil respublika elan etdi. İspan-Amerika Müharibəsinin qızışdırdığı millətçilik təlaşında ABŞ, Prezident Uilyam MakKinlinin təkidi ilə 1898-ci ildə Havay adalarını ilhaq etdi. Eyni zamanda, doğma Havay dili məktəblərdə və hökumət proseslərində tamamilə qadağan edildi. 1900-cü ildə Havay ABŞ ərazisi oldu və Dole onun ilk qubernatoru oldu.

Yerli Havaylılar və ağdərili olmayan Havay sakinləri ABŞın o vaxtki 48 ştatda vətəndaşları ilə eyni hüquqları və təmsilçiliyi tələb edərək dövlətçilik uğrunda mübarizəyə başladılar. Təxminən 60 il sonra, 21 avqust 1959-cu ildə Havay, ABŞ-ın 50-ci ştatı oldu. 1987-ci ildə ABŞ Konqresi Havay dilini dövlətin rəsmi dili kimi bərpa etdi və 1993-cü ildə Prezident Bill Klinton ABŞ-ın 1183-cü ildə Kraliça Lili’uokalaninin endirilməsindəki roluna görə üzr istəyən qanun layihəsini imzaladı.

Klassik imperializmin tənəzzülü

Ümumilikdə qazanc gətirsə də, imperializm millətçiliklə birləşərək Avropa imperiyaları, onların müstəmləkələri və dünya üçün mənfi nəticələr verməyə başladı. 1914-cü ilə qədər rəqabət aparan dövlətlər arasında artan konfliktlər Birinci Dünya Müharibəsi ilə nəticələnəcəkdi. 1940-cı illərdə keçmiş Birinci Dünya Müharibəsi iştirakçıları Almaniya və Yaponiya öz imperialist güclərini bərpa edərək, Avropa və Asiyada imperiyalar yaratmağa çalışdılar. Öz xalqlarının dünyada təsir dairələrini genişləndirmək istəkləri ilə idarə olunan Almaniya Hitleri və Yaponiya İmperatoru Hirohito İkinci Dünya Müharibəsinə başlamaq üçün birləşəcəklər.

İkinci Dünya Müharibəsinin nəhəng insani və iqtisadi xərcləri, köhnə imperiya quran dövlətləri xeyli zəiflətdi və klassik, ticarət yönümlü imperializm dövrünü effektiv şəkildə başa vurdu. Sonrakı həssas sülh və Soyuq Müharibə boyu müstəmləkəsizləşdirmə genişləndi. Hindistan Afrikadakı bir neçə keçmiş müstəmləkə əraziləri ilə birlikdə İngiltərədən müstəqillik qazandı.

Britaniya imperializminin kiçildilmiş versiyası 1953-cü ildə İranda və 1956-cı il Süveyş böhranı zamanı Misirdə dövlət çevrilişində iştirakı ilə davam etsə də, İkinci Dünya Müharibəsindən çıxan ABŞ və keçmiş Sovet İttifaqı dünyada dominant super güc dövlətləri oldular.

Ancaq 1947-ci ildən 1991-ci ilə qədər davam edən Soyuq Müharibə Sovet İttifaqına böyük zərbə vuracaqdı. İqtisadiyyatı tükənmiş, hərbi gücü keçmişdə qalmış və kommunist siyasi quruluşu parçalanmış Sovet İttifaqı 26 dekabr 1991-ci ildə rəsmən dağıldı və Rusiya Federasiyası kimi meydana çıxdı. Dağılma sözləşməsinin bir parçası olaraq Sovet imperiyasının müstəmləkə və ya “peyk” dövlətlərinə müstəqillik verildi. Sovet İttifaqının dağılması ilə ABŞ dominant qlobal gücə və müasir imperializmin mənbəyinə çevrildi.

Müasir imperializm nümunələri

Artıq sadəcə yeni ticarət imkanlarının təmin edilməsinə diqqət yetirməyən müasir imperializm, bəzən alçaldıcı şəkildə “millət quruculuğu” və ya xüsusilə ABŞ-da, “amerikanlaşma” adlandırılan prosesdə korporativ mövcudluğun genişləndirilməsini və hakim millətin siyasi ideologiyasının yayılmasını nəzərdə tutur.

Soyuq Müharibənin domino nəzəriyyəsi ilə sübut olunduğu kimi, Birləşmiş Ştatlar kimi güclü dövlətlər tez-tez digər xalqların özlərinə zidd olan siyasi ideologiyaları mənimsəməsinə mane olmağa çalışırlar. Nəticədə, ABŞ-ın 1961-ci ildə Kubada Fidel Kastro kommunist rejimini devirmək cəhdi uğursuzluğa düçar oldu, prezident Ronald Reqanın kommunizmin yayılmasını dayandırmağı hədəf tutan Reyqan doktrinası və ABŞ-ın Vyetnam müharibəsində iştirakı tez-tez müasir imperializm nümunələri kimi göstərilir.

Birləşmiş Ştatlardan başqa, digər inkişaf etmiş dövlətlər öz təsirlərini genişləndirmək ümidi ilə müasir və bəzən də ənənəvi imperializmdən istifadə etdilər. Səudiyyə Ərəbistanı və Çin kimi ölkələr hiper-aqressiv xarici siyasət və məhdud hərbi müdaxilənin birləşməsindən istifadə edərək, qlobal təsirlərini yaymağa çalışdılar. Bundan əlavə, İran və Şimali Koreya kimi kiçik dövlətlər iqtisadi və strateji üstünlük əldə etmək ümidi ilə öz hərbi imkanlarını, o cümlədən nüvə silahlarını aqressiv şəkildə genişlədirlər.

Amerika Birləşmiş Ştatların gerçək müstəmləkəçiliyi ənənəvi imperializm dövründən bəri azalsa da, ölkə hələ də dünyanın bir çox yerində güclüdür və artan iqtisadi və siyasi təsirə malikdir. ABŞ hazırda daimi məskunlaşan beş ənənəvi ərazini və ya birliyi saxlayır: Puerto Riko, Quam, Virgin adaları, Şimali Mariana adaları və Amerika Samoası.

Beş ərazinin hamısı ABŞ nümayəndələr parlamentinə səs hüququ olmayan üzv seçir. Amerika Samoasının sakinləri ABŞ xalqı, digər dörd ərazinin sakinləri isə ABŞ vətəndaşları sayılırlar. Bu ABŞ vətəndaşlarına prezident üçün ilkin seçkilərdə səs verməyə icazə verilir, lakin ümumi prezident seçkilərində səs verə bilməzlər.

Tarixən, Havay və Alyaska kimi ABŞ-ın əksər keçmiş əraziləri nəhayət dövlət statusuna sahib oldular. İkinci Dünya Müharibəsi zamanı əsasən strateji məqsədlər üçün saxlanılan Filippin, Mikroneziya, Marşal adaları və Palau da daxil olmaqla digər ərazilər nəhayət müstəqil ölkələr oldular.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.