İnflyasiyanın Xərcləri

Google+ Pinterest LinkedIn Tumblr +

Bu məqalə Jodi Beggs tərəfindən 2019-ci ilin mart ayının 3-də “ThoughtCo” saytında dərc edilib və “Ətəkyazı” tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.

Ümumiyyətlə insanlar inflyasiyanın iqtisadiyyatda yaxşı bir şey olmadığını bilirlər. Bu, müəyyən dərəcədə məntiqlidir – inflyasiya qiymətlərin artması anlamına gəlir və artan qiymətlər adətən pis bir şey kimi qəbul edilir. Bununla belə texniki baxımdan, əgər müxtəlif mal və xidmətlərin qiymətləri eyni dərəcədə yüksəlirsə, əmək haqqı qiymət artımı ilə paralel olaraq yüksəlirsə və nominal faiz dərəcələri inflyasiyadakı dəyişikliklərə uyğunlaşdırılarsa, məcmu qiymət səviyyəsində artımlar xüsusilə problemli olmasına ehtiyac yoxdur. Başqa sözlə, inflyasiyanın istehlakçıların real alıcılıq qabiliyyətini azaltmasına ehtiyac yoxdur.

Bununla belə inflyasiyanın iqtisadi nöqteyi-nəzərdən aktual olan və asanlıqla qarşısını almaq mümkün olmayan xərcləri var.

Menyu xərcləri

Qiymətlər uzun müddət ərzində sabit olduqda, firmalar öz məhsullarının qiymətlərini dəyişdirməkdə yaşamalı olacaqları narahatlığı yaşamırlar. Əksinə qiymətlər zamanla dəyişdikdə, firmalar qiymətlərin dəyişimi ilə ayaqlaşmaq üçün öz qiymətlərini dəyişmək istəyərlər, çünki bu mənfəəti artırmaq strategiyasıdır. Təəssüf ki, qiymətlərin dəyişdirilməsi ümumiyyətlə xərcsiz deyil, çünki qiymətlərin dəyişdirilməsi yeni menyuların çapını, elementlərin yenidən etiketlənməsini və s. tələb edir. Firmalar mənfəəti maksimumlaşdırmayan bir qiymətlə işləməkmi yoxsa qiymətlərin dəyişdirilməsi ilə bağlı menyu xərclərini ödəyərək davam etməkləri barədə qərar verməlidirlər. Hər iki vəziyyətdə firmalar inflyasiyanın real xərclərinə dözməli olurlar.

Ayaqqabı dərisi xərcləri

Menyu xərclərini ödəyən sadəcə firmalar olduğu halda, ayaqqabı dərisi xərcləri hamıya, bütün valyuta sahiblərinə birbaşa təsir göstərir. İnflyasiya mövcud olduqda, nağd pulun saxlanması (və ya qeyri-faizli depozit hesablarında aktivlərin saxlanması) üçün real xərc var, çünki nağd pul bugünkü qədər sabah dəyəri yoxdur. Buna görə də, vətəndaşların əlində mümkün qədər az nağd pul saxlamaq həvəsi var, bu isə o deməkdir ki, onlar bankomata getməli və ya tez-tez pul köçürməlidirlər. Ayaqqabı dərisi xərcləri termini banka səfərlərin sayının artması səbəbindən ayaqqabıların daha tez-tez dəyişdirilməsinin məcazi dəyərinə istinad edir, lakin ayaqqabı dərisi xərcləri çox real bir fenomendir.

Ayaqqabı dərisi xərcləri nisbətən aşağı inflyasiya olan iqtisadiyyatlarda ciddi problem deyil, lakin hiperinflyasiya yaşayan iqtisadiyyatlarda çox aktuallaşır. Bu vəziyyətlərdə vətəndaşlar ümumiyyətlə öz maddi varlıqlarını yerli valyutada deyil, xarici valyutada saxlamağa üstünlük verirlər ki, bu da lazımsız vaxt və səy sərf edilməsinə səbəb olur.

Resursların yanlış bölüşdürülməsi

İnflyasiya baş verdikdə və müxtəlif mal və xidmətlərin qiymətləri müxtəlif dərəcələrdə artdıqda, bəzi mal və xidmətlər nisbi mənada ucuzlaşır və ya bahalaşır. Bu nisbi qiymət təhrifləri, öz növbəsində, resursların müxtəlif mal və xidmətlər üzrə bölüşdürülməsinə təsir göstərir. Bu təsir nisbi qiymətlərin sabit qaldığı təqdirdə baş verməz.

Sərvətin yenidən bölüşdürülməsi

Gözlənilməz inflyasiya iqtisadiyyatda sərvətin yenidən bölüşdürülməsinə xidmət edə bilər, çünki bütün investisiyalar və borclar inflyasiya ilə indeksləşdirilmir. Gözləniləndən yüksək inflyasiya borcun dəyərini real olaraq aşağı salır, eyni zamanda sərvətin real gəlirlərini də aşağı salır. Odur ki, gözlənilməz inflyasiya investorlara zərər verərkən borcu olanlara fayda verməyə xidmət edir. Bu çox güman ki, siyasətçilərin iqtisadiyyatda yaratmaq istədikləri stimul deyil, ona görə də başqa bir inflyasiya xərci kimi baxmaq olar.

Vergi təhrifləri

ABŞ-da inflyasiyaya avtomatik uyğunlaşmayan bir çox vergilər var. Məsələn, kapital mənfəət vergiləri inflyasiyaya uyğunlaşdırılmış dəyər artımına görə deyil, varlığın dəyərindəki mütləq artıma əsasən hesablanır. Buna görə də, inflyasiya mövcud olduqda kapital mənfəət üzrə effektiv vergi dərəcəsi qeyd olunan nominal dərəcədən xeyli yüksək ola bilər. Eyni şəkildə inflyasiya faiz gəlirləri üzərindən ödənilən effektiv vergi dərəcəsini də artırır.

Ümumi narahatlıq

Qiymətlər və əmək haqqı inflyasiyaya uyğunlaşmaq üçün kifayət qədər asanlıqla dəyişə bilsə də, inflyasiya hələ də pul kəmiyyətlərin illər ərzində müqayisəsini mümkün olduğundan daha çox çətinləşdirir. İnsanlar və şirkətlərin öz maaşlarının, varlıqlarının və borclarının zamanla necə dəyişdiyini tam başa düşmək istədiklərini nəzərə alsaq, inflyasiyanın bunu daha da çətinləşdirməsi inflyasiyanın başqa bir xərci kimi hesab edilə bilər.

 

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.