Üçüncü dünya ölkələrinin iqtisadiyyatları inkişaf etmiş ölkələrin iqtisadiyyatları ilə müqayisədə daha çox korrupsiyaya məruz qalırlar və məhz buna görə də tam olaraq inkişaf edə bilmirlər.
Bacarığa üstünlük verməyib yalnız şəxsi əlaqələr, qohumbazlıq, yerlibazlıq üzərində qurulan idarəetmə sistemi, rüşvət, pul və iqtidarın verdiyi qüdrətdən sui-istifadə edib müəyyən hədəflərə qeyri-qanuni və ədalətsiz çatmaq üçüncü dünya ölkələrində baş verən korrupsiya hallarının əsasını təşkil edir.
İqtisadi korrupsiyalar, iqtisadiyyatın təbii axınının qarşısında maneə yaradıb, onun düzgün və sərbəst işləməsinin qarşısını almaqla bütün cəmiyyəti iqtisadi ziyanlara məruz qoyur.
İqtisadi tədqiqatlara əsasən inkişaf etməkdə olan ölkələrdə korrupsiya digər ölkələrdən daha yüksək səviyyədədir. Dünya Bankının statistikasına əsasən, yüksək korrupsiyalı iqtisadiyyatlarda orta gəlir digər iqtisadiyyatların üçdə birini təşkil edir, buna görə də inkişaf etməkdə olan ölkələrdə yoxsulluq səviyyəsi daha yüksəkdir. Həmçinin bu ölkələrdə təhsil və səhiyyə sistemi daha kefiyyətsizdir.
Beynəlxalq Şəffaflıq Mərkəzi tərəfindən 2017-ci ildə yayılan korrupsiya anlayışı indeksinə baxdığımız halda, inkişaf etmiş ölkələrdə o cümlədən Yeni Zelandiya, Avstraliya, Kanada, Yaponiya, Amerika Birləşmiş Ştatları, və qərbi Avropa ölkələrində korrupsiyanın daha aşağı səviyyədə olduğunu aydın görürük. Əksinə, inkişaf etməkdə olan iqtisadiyyatların hamısı ən yüksək korrupsiyaya malikdirlər. Xüsusilə, bu siyahıda 180 ölkə arasında Somali 180-ci, Cənubi Sudan 179-cu, İran isə 130-cu yerdədir.
Bu yazıda korrupsiyanın necə və hansı yollarla iqtisadiyyata mənfi iz qoyduğunu qısa şəkildə incələyəcəyik:
- Korrupsiya, iqtisadiyatdakı rəqabəti gücsüz edib inhisarı gücləndirməklə aşağı keyfiyyətli məhsulların saxta yüksək qiymətlərinə səbəb olub, cəmiyyətin rifah vəziyyətini pisləşdirir. Monopolistlər və oliqopoliyalar, pul və əlaqələrindən istifadə edib rüşvət verməklə hökumət siyasətlərini və bazar sistemini öz xeyirlərinə dəyişərək öz məhsullarının yeganə təminatçısı olurlar. Bildiyiniz kimi, monopolistlər rəqabət məcburiyyətində deyillər və bazarda rəqabət olmadığından məhsul və xidmətlərinə ən yüksək qiymətlər tətbiq edə bilirlər, eyni halda bazarda yeganə təminatçı olduqlarına görə məhsullarının kefiyyətini yüksəltmək məcburiyyətində olmurlar. Deməli rəqabət olmadıqda, xalq kefiyyətsiz malları yüksək qiymətə alır və beləliklə cəmiyyətin rifahı pisləşir.
- Korrupsiyalı iqtisadiyyatlarda monopolistlər hökumət məmurlarına rüşvət ödəyirlər və bu rüşvətlər onların məhsul və ya xidmətlərinin xərcini artırır. Ancaq onlar ədalətsiz rəqabətdən törənən xüsusi imtiyazlarını istifadə edərək qiymətləri yüksəldə bilirlər. Deməli bu rüşvətlər əslində xalqın cibindən ödənilir. Beləliklə, korrupsiyadan törənən qeyri-qanuni iqtisadi yükləri xalq daşımaqdadır.
- İnkişaf etmiş iqtisadiyyatlarda resurslar tender vasitəsi ilə effektiv şəkildə bölünüb istifadə olunur. Tender təklifi bu resursların səmərəli bölüşdürülməsini təmin edir. Ancaq korrupsiyalı iqtisadiyyatlarda, tenderləri təcrübəli və güclü şirkətlər deyil, qeyri-qanuni şəkildə əlaqələr və rüşvət vasitəsi ilə təcrübəsiz və zəif şirkətlər qazanırlar. Nəticədə çoxlu layihələr uğursuz olur və onların ağır xərclərini cəmiyyət ödəyir. Buna əsasən resurslar qeyri-effektiv və ədalətsiz şəkildə cəmiyyət arasında bölünür.
- Korrupsiyalı iqtisadiyyatı olan ölkələrdə cəmiyyətin ən böyük hissəsini yoxsullar ən kiçik hissəsini isə orta və ya yüksək sinifə mənsub ailələr təşkil edirlər. Ölkənin sərmayəsinin böyük hissəsi bu kiçik qurupun arasında əldən ələ keçir və cəmiyyətin böyük hissəsi bu sərmayələrdən istifadə edə bilmir. Habelə kiçik bizneslər və şirkətlər ədalətsiz rəqabətə görə fəaliyyət göstərə bilmirlər və buna görə də sərmayələr böyük monopolistlər və şəxslərin arasında bölünür. Sonda, ölkənin sərvəti cəmiyyət arasında ədalətsiz şəkildə bölünür.
- Korrupsiya kölgə iqtisadiyyatı yaradır və bu kölgə iqtisadiyyatında kiçik bizneslər və şirkətlər vergidən qaçmaq üçün qeyd olunmuş rəsmi fəaliyyətlərini dayandıraraq başqa bizneslərdə fəaliyyət göstərirlər. Nəticədə bu şirkətlərin əldə etdikləri gəlir rəsmi iqtisadiyyatın xaricindədir və ölkənin rəsmi ÜDM-dan ( Ümumi Daxili Məhsul) sayılmır. Həmçinin, kölgə iqtisadiyyatında işçilərə hökumət tərəfindən təyin edilmiş minimal əmək haqqından daha az miqdar ödənilir və hətta onlara yaxşı tibbi sığorta da verilmir.
- Korrupsiya ədalətsiz rəqabət şəraiti yaradır və buna görə xarici investorların sərmayələri yetərli qədər səmərəli olmadığından korrupsiyalı iqtisadiyyatlar xarici investorlar üçün cazibəli olmur. Xarici investorlar təbii olaraq hökumət məmurları ilə əlaqədə olmurlar və daxili monopolistlərlə ədalətsiz şəkildə rəqabət aparmaq məcburiyyətində qalırlar.
- İnkişaf etməkdə olan iqtisadiyyatlarda məktəblərdə müəllimləri işə götürmək üçün rüşvət ən əsas rolu oynayır və nəticədə işə götürülmüş savadsız müəllimlər təhsilin kefiyyətini pisləşdirirlər. Eyni halda, bu korrupsiyalı təhsil sistemindəki rüşvətə əsasən təhsilin xərci daha da yüksəlir və buna görə də yoxsul ailələrin uşaqları təhsildən kənar qalırlar. İqtisadiyyatın inkişaf etməsi üçün kefiyyətli təhsilin vacib olduğunu bir çox tədqiqatlar təsdiq ediblər.
Beləliklə, İnkişaf etməkdə olan iqtisadiyyata malik olan bir çox ölkələr yüksək səviyyəli korrupsiyadan əziyyət çəkirlər və bu yüksək səviyyəli korrupsiya ölkələrin inkişafının qarşısında ən böyük maneə olaraq onların inkişafını yüksək səviyyədə yavaşladaraq cəmiyyətin böyük hissəsinin rifahını pisləşdirir. Deməli inkişaf üçün korrupsiya ilə mübarizə qaçılmazdır!