“İnklüziv Toplum Fondu” İranda Azərbaycan Türklərinə qarşı insan haqları pozuntuları barədə geniş hesabat yayıb
ABŞ-da yerləşən “İnklüziv Toplum Fondu” (FIS) 2024-cü ilin oktyabr-dekabr aylarında İranda Azərbaycan Türklərinə qarşı baş verən insan haqları pozuntularını sənədləşdirən hesabat yayımlayıb.
Hesabatı buradan oxuya bilərsiniz: İranda Azərbaycan. Türkləri ilə bağlı insan haqları hesabatı (oktyabr-dekabr 2024)
Hesabatda bildirilir ki, bu dövrdə 12 nəfər həbs olunub, 17 nəfər müxtəlif müddətlərə həbs cəzası və ya cərimə alıb, bir sürgün fəal qanunlara əməl etmədiyinə görə cərimələnib. Oktyabr və noyabr aylarında 45 Azərbaycanlı, o cümlədən beş qadın edam edilib. Hesabat edamların çoxunun ədalətsiz məhkəmə proseslərindən sonra həyata keçirildiyini və İran hökumətinin ölüm cəzasını siyasi repressiya vasitəsi kimi istifadə etdiyini vurğulayır.
Hesabat həmçinin Azərbaycanlı siyasi məhbusların tibbi yardımdan məhrum edildiyini və Azərbaycanlı uşaqlara şəxsiyyət vəsiqəsi verilməsində maneələrin yaradıldığını bildirir. Bu hallar İran hökumətinin etnik azlıqlara qarşı sistematik ayrı-seçkilik siyasətinin davam etdiyini göstərir.
Bundan əlavə, sənəddə Azərbaycanlı fəalların və ailələrinin iqtisadi və sosial basqılara məruz qalması, iş imkanlarının məhdudlaşdırılması və məcburi köçlərə məruz qalmaları da qeyd olunub. İranın milli azlıqlara qarşı siyasətinin onların mədəni, dil və sosial haqlarını davamlı şəkildə pozduğu vurğulanır.
Hesabat beynəlxalq ictimaiyyəti İran hökumətinə qarşı təzyiqləri artırmağa, edamları dayandırmağa, siyasi məhbusları azad etməyə və ədalətli məhkəmə sistemini təmin etməyə çağırır.
İnklüziv Toplum Fondu azlıqların hüquqlarını müdafiə edən ABŞ mərkəzli qeyri-hökümət təşkilatıdır. Fond insan haqları, ictimai-siyasi və ekoloji problemlər sahəsində tədqiqatlar aparır və hesabatlar dərc edir. Daha ətraflı məlumat üçün rəsmi veb saytlarına (www.inclusivevision.org) daxil olmaq mümkündür. Hesabat ingilis dilində yayımlanıb.