İnsan beyninin neçə faizi istifadə olunur?

Google+ Pinterest LinkedIn Tumblr +

Doktor Alane Limin yazdığı bu məqalə 2019-cu ilin avqost ayının 4-də, ThoughtCo saytında dərc edilib və Ətəkyazı tərcümə qrupu onu Azərbaycan türkcəsinə tərcümə edib.

10% mifinin ləğvi

İnsanların beyin gücünün yalnız 10 faizinin istifadə etdiyini eşitmiş ola bilərsiniz. Bu iddiaya əsasən beyin gücünüzün qalan hissəsinin qatlarını açsanız daha çox şey edə bilərsiniz. Siz super dahi ola bilərsiniz və ya ağıl oxuma və telekinez kimi psixi güclər əldə edə bilərsiniz. Bununla belə, 10 faiz mifini təkzib edən güclü dəlillər də var. Alimlər sübut ediblər ki, insanlar hər gün beyinlərinin tamamından istifadə edirlər.

Dəlillərə baxmayaraq, 10 faiz mifi mədəni təxəyyüldə bir çox istinadlara ilham verdi. “Limitless” və “Lucy” kimi filmlər beynin əvvəllər əlçatmaz olan 90 faizini sərbəst buraxan dərmanlar sayəsində ilahi gücləri inkişaf etdirən qəhrəmanları təsvir edir. 2013-cü ildə aparılan bir araşdırma, amerikalıların təxminən 65 faizinin bu sözə inandığını göstərib. Bundan başqa 1998-ci ildə aparılan bir araşdırma da göstərdi ki, beyin fəaliyyəti ilə bağlı işləyən psixiatrların tam üçdə biri də bu fikirləri dəstəkləyirlər.

Neyropsixologiya

Neyropsixologiya beynin anatomiyasının insanın davranışına, duyğularına və idrakına necə təsir etdiyini tədqiq edir. İllər ərzində beyin alimləri beynin müxtəlif hissələrinin rəngləri tanımaq və ya problem həll etmək kimi xüsusi funksiyalara cavabdeh olduqlarını göstəriblər. 10 faiz mifin əksinə, elm adamları pozitron emissiya tomoqrafiyası və funksional maqnit rezonans görüntüləmə kimi beyin görüntüləmə üsulları sayəsində, beynin hər bir hissəsinin gündəlik fəaliyyətimizdə ayrılmaz parça olduğunu sübut etdilər.

Tədqiqatlar tamamilə qeyri-aktiv olan beyin hissəsini hələ tapmayıb. Fəaliyyəti tək neyronlar səviyyəsində ölçən tədqiqatlar belə beynin heç bir qeyri-aktiv sahəsini aşkar etməyib. Bir insanın müəyyən bir işi yerinə yetirərkən beyin fəaliyyətini ölçən bir çox beyin görüntüləmə tədqiqatları beynin müxtəlif hissələrinin necə birlikdə işlədiyini göstərir. Məsələn, siz bu mətni telefonuzda oxuyarkən beyninizin görmə, oxuyub anlama və telefonunuzu tutmaqdan məsul olan bölgələr də daxil olmaqla, bəzi hissələri daha aktiv olacaq.

Bununla belə, bəzi beyin şəkilləri istəmədən də olsa 10 faiz mifi dəstəkləyir, çünki ümumiyyətlə boz (rəngdə olan) beyində kiçik parlaq ləkələr göstərirlər. Bu, yalnız parlaq ləkələrin fəaliyyətdə olduğunu göstərə bilər, lakin bu belə deyil. Əksinə rəngli ləkələr, şəxsin bir vəzifəni yerinə yetirdiyi zaman (iş görmədiyi zamanla müqayisədə) daha çox aktiv olduğunu göstərir. Boz ləkələr hələ də aktivdir, lakin daha az dərəcədə.

10 faiz mifinə birbaşa ziddiyyət, vuruş, beyin travması və ya karbonmonoksit zəhərlənməsi nəticəsində beyin zədsi almış şəxslərin bu zədə nəticəsində artıq edə bilməyəcəkləri və ya hələ də əvvəlcə olduğu kimi yaxşı şəkildə edə bildiyi fəaliyyətlərdə yatır. Yaxşı, əgər 10 faiz mifi doğru olsaydı, beynin bəlkə də 90 faizinin zədələnməsi gündəlik fəaliyyətə təsir etməzdi.

Bununla belə, tədqiqatlar göstərir ki, beynin çox kiçik bir hissəsinin belə zədələnməsi dağıdıcı nəticələrə səbəb ola bilər. Məsələn, Broka bölgəsinin zədələnməsi sözlərin düzgün formalaşmasına və səlis nitqə mane olur. Baxmayaraq ki ümumi dil anlayışı sağlam qalır. Çox açıqlanmış bir hadisədə, floridalı bir qadın “insan olmağın əsl mahiyyəti olan düşüncələr, qavrayışlar, xatirələr və duyğular qabiliyyətini” həmişəlik itirdi. Bu oksigen çatışmazlığı nəticəsində uc beyninin (uc beyn, beynin təxminən 85 faizini təşkil edir) yarısının məhv olması ilə gerçəkləşdi.

Təkamül Arqumentləri

10 faiz mifinə qarşı başqa bir sübut təkamüldən gəlir. Yetkinlərin beyni bədən kütləsinin yalnız 2 faizini təşkil edir, lakin bədən enerjisinin 20 faizindən çoxunu istehlak edir. Müqayisə üçün, bir çox onurğalı növlərinin, o cümlədən bəzi balıqların, sürünənlərin, quşların və məməlilərin yetkin beyinləri bədənlərinin enerjisinin 2-8 faizini istehlak edir. Beyin, sağ qalma ehtimalını artırmaq üçün əlverişli xüsusiyyətləri (gələcəyə) ötürən milyonlarla illik təbii seçmə nəticəsində formalaşıb. Əgər beynin yalnız 10 faizi istifadə edilsə, bədənin bütün beynin işləməsini təmin etmək üçün bu qədər enerji sərf edəcəyi ehtimalı azdır.

Mifin mənşəyi

10 faiz mifinin əsas cazibəsi bu fikirdədir: beyninizin qalan hissəsini aça bilsəniz, daha çox şey edə biləcəksiniz. Bu mifin əksini sübut edən kifayət qədər dəlillərə baxmayaraq, niyə bir çox insan hələ də insanların beyinlərinin yalnız 10 faizini istifadə etdiyinə inanır? Mifin ilk dəfə necə yayıldığı bəlli deyil, lakin bu fikir onu dəstəkləyən bəzi kitablarla populyarlaşdı. Hətta bəzən köhnə, qüsurlu nevrologiya tədqiqatlarına da əsaslandı.

Bu mif, sizə daha yaxşı işləməyin və “potensialınıza” uyğun yaşamağın yollarını göstərən fərdi inkişaf kitablarının dəstəklədiyi mesajlarla uyğun ola bilər. Məsələn, məşhur “How to Win Friends and Influence People (Dostları necə qazanaq və insanlara necə təsir etmək olar)” kitabının önsözündə deyilir ki ortalama bir insanın “özünün gizli zehni qabiliyyətinin yalnız 10 faizini inkişaf etdirir”. Psixoloq Vilyam Ceymsə aid edilən bu ifadə, bir insanın nə qədər beyin maddəsindən istifadə etməsindən daha çox, onun daha çox şeyə nail olmaq potensialına işarə edir. Digərləri hətta Eynşteyn öz dahiliyini 10 faiz mifindən istifadə edərək izah etdiyini söylədi, baxmayaraq ki bu iddialar əsassız olaraq qalır.

Mifin başqa bir mümkün mənbəyi, köhnə nevrologiya tədqiqatlarından əldə edilən “səssiz” beyin bölgələrindədir. Məsələn 1930-cu illərdə neyrocərrah Vilder Penfild, epilepsiya xəstəsi olan xəstələrin beyninə elektrodlar bağlayaraq əməliyyat keçirdi. O, beynin müəyyən hissələrinin müxtəlif hisslər yaşamağa səbəb olduğunu, lakin digərlərinin heç bir reaksiya vermədiyini gördü. Bununla belə, texnologiya inkişaf etdikcə, tədqiqatçılar prefrontal lobları da əhatə edən bu “səssiz” beyin sahələrinin əhəmiyyətli funksiyaları olduğunu aşkar etdilər.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.