Niyə İran hakimiyyəti öz valyutasını qoruya bilməz?

Google+ Pinterest LinkedIn Tumblr +

İslam inqilabından sonra İranın valyutası ardıcıl şəkildə dəyərini itirmişdir. Keçən 40 ilin statistikasını nəzərə aldığımızda İran valyutasının  1000  dəfə dəyərini itirdiyini açıq aydın görə bilərik. Bütünlüklə İran iqtisadiyyatını incələmək  bu qısa yazımıza sığmayacaq deyə bu yazıda sadəcə valyuta bazarında iz buraxan amilləri incələyib o amilləri idarə etməkdə İran hakimiyyətinin niyə gücsüz olduğunu qısa olaraq açığlayacağıq. Əlavə edim  ki bir ölkənin valyutasının dəyərdən düşməsi heç də həmişə pis və zərərli deyildir və ölkənin iqtisadi infrastrukturu ilə bağlıdır və  hətta iqtisadi fürsət də sayıla bilər ancaq zəif iqtisadi infrastruktura malik olan ölkələr üçün bu məsələ qaçılmaz bir təhdid kimi görünə bilər. Misal olaraq, Çin hakimiyyəti qəsdən öz valyutasının dəyərini aşağı saxlamaqla iqtisadi qazanclar və xarici investorları cəlb etmək üçün fürsət yaratmaqdadır. Belədirsə, İran hakimiyyəti niyə  valyutasının dəyərsiz olmasını iqtisadi fürsətə çevirə bilmir?  Bu sualın cavabını aydınlaşdırmaq üçün valyuta bazarına təsir edən amilləri öyrənib incələmək lazımdır.

Valyuta məzənnələrini çoxlu faktorlar müəyyənləşdirir və onların hamısı iki ölkənin arasında olan ticarət əlaqələrinə bağlıdırlar. Xatırlatmalıyıq  ki, valyuta məzənnələri nisbidir və iki ölkənin valyutalarının müqayisəsi kimi ifadə olunur. Aşağıda işarə etdiyimiz faktorlar iki ölkənin valyuta məzənnəsinin əsas göstəricilərindəndilər. Qeyd edək ki, bu amillərin valyuta məzənnələrinə nə dərəcədə təsir etməsi müəyyən  bir qaydada deyil və iqtisadiyyatın bir çox başqa yönləri kimi, bu amillərin də nisbi əhəmiyyəti bir çox müzakirələrə səbəb olur.

  1. İnflyasiyanın dəyişilməsi

Ümumi qayda olaraq, ardıcıl şəkildə daha aşağı inflyasiya dərəcəsi olan bir ölkənin pulunun dəyəri yüksəlməlidir çünki  digər valyutalarla müqayisədə o ölkədə alıcılıq gücü artmaqdadır. Yüksək inflyasiyası olan ölkələrin pulu adətən ticarət tərəfdaşlarının valyutaları ilə müqayisədə dəyərini itirib  yüksək faiz dərəcələri ilə nəticələnəcəkdir. Normal və təbii inflyasiya sağlam bir iqtisadiyyatda 3%-dən az olmalı olduğu halda İran statistikalarına əsasən keçən 40 il müddətində inflyasiya 10 faizlə 50 faiz arasında dəyişkən olmuşdur və bu uzun müddətdə İran dövlətləri inflyasiyadan əldə etdikləri faydalara görə inflyasiyanı aşağı endirmək üçün heç vaxt ciddi şəkildə çalışmamışlar niyəki İran dövlətləri xərclərini ödəmək üçün hər zaman daxili qaynaqlardan böyük miqyasda borc almışlar. Beləliklə, yüksək inflyasiya borcların gerçək dəyərini azaltmaqla İran dövlətlərinə faydalı olmuşdur.

 

  1. Faiz dərəcəsinin ardıcıl dəyişməsi

Faiz dərəcələri, inflyasiya və valyuta məzənnələri yüksək səviyyədə bir birlərinə təsir edirlər və buna görə də  mərkəzi banklar faiz dərəcələrini dəyişməklə, həm inflyasiya, həm də valyuta məzənnələrində iz buraxa bilirlər. Beləliklə, dəyişən faiz dərəcələri inflyasiya və valyuta dəyərlərinə təsir göstərir. Ölkədəki yüksək faiz dərəcələri iqtisadiyyatdakı borc verənlərə digər ölkələrlə müqayisədə daha yüksək gəlir gətirir. Buna görə də, yüksək faiz dərəcələri xarici kapitalın cəlb edilməsi və valyuta məzənnəsinin yüksəlməsinə səbəb olur. Ancaq İrandaki yüksək faiz dərəcələri, yüksək inflyasiya, siyasi sabitsizlik və batı ölkələri tərəfindən müəyyənləşmiş iqtisadi sanksyalara görə xarici sərmayələri cəlb etmək üçün uğursuz olmuşdur. Bundan əlavə aşırı yüksək faiz dərəcələri sərmayələri istehsal sektorundan qaçırtmaqla ölkənin xarici ticarət balansını mənfiləşdirib valyuta dəyərini daha azaltmışdır. İran statistikaları göstərir ki keçmiş 40 ildə faiz dərəcəsi ən az halda 8% və ən yüksək halda 30% olmuşdur bir haldaki istehsal sektorundakı sərmayə qazancı heç bir zaman 7% dən yüksək olmamışdır.

  1. Cari hesab-faktura çatışmazlığı

Cari hesab-fakturası iki ölkə arasında olan  ticarət balansının göstəricisidir, və iki ölkə arasındakı alış- verişin, xidmətlərin, faizlərin və dividentlərin ödənilməsini əks etdirir. Cari hesabdakı çatışmazlıq göstərir ki ölkə xarici ticarətdə qazandığından daha çox xərcləyir və beləliklə çatışmazlığı həll etmək üçün xarici ölkələrin qaynaqlarından  daha çox sərmayə borc alır. Başqa sözlə, ölkə idxal etmək üçün, ixracdan əldə etdiyi xarici valyutadan daha çox xarici valyuta tələb edir. Beləliklə, ölkə içi xarici valyutaya olan tələbatın çox olması ölkənin valyuta məzənnəsini azaldır və nəticədə  yerli mallar və xidmətlər  xarici mallara nisbət ucuz olduğundan xarici ticarətçiləri iç mallara cəlb edir və nəhayətdə xarici valyuta ölkədə çoxalır və ölkənin valyutasının dəyəri birdaha yüksəlir. Şübhəsiz, İran və neftə əsaslanan bütün ölkələr xüsusi ilə Orta şərq ölkələri, xarici valyutalarının ən böyük hissəsini neft ixrac etməklə əldə edirlər. Misal olaraq, İslam inqilabından sonra İran hakimiyyətinin ixracdan olan gəlirlərinin ən əz halda 70% və ən çox halda isə 98% neftdən olmuşdur. Eyni halda,  keçən 40 il müddətində İranın cari hesab fakturası faizi ardıcıl mənfi olmuşdur. Başqa sözlə İranın idxalı hər zaman ixracından daha çox olmuşdur və ixrac gəlirləri idxal xərclərini örtməmişdir  və nəticətən cari hesab fakturasını balanslaşdırmaq üçün hər zaman xarici ölkələrdən borc almaq məcburiyyətində olmuşdur. Xatırlamalıyıq ki, iqtisadiyyatları neftə əsaslanan hakimiyyətlər iqtisadi infrastrukturlara heç bir zaman ehtiyac duymamışlar və buna görə də qeyri-neft ixracları xarici gəlirlərinin ən kiçik hissəsini təşkil etmişdir.

  1. Dövlət borcu

Dövlətlər, ictimai layihələr və dövlət maliyyələşməsi üçün  ödənişləri təmin etmək üçün digər sektorlardan böyük miqdarda borc almağa məcbur qalırlar. Baxmayaraq ki belə işlər yerli iqtisadiyyatı aktivləşdirir, ancaq böyük miqdarda borcu olan dövlətlərin ölkələri xarici investorlara daha az cəlbedici olurlar.

Bundan əlavə, dövlət daxili vasitələrlə (daxili istiqrazları satmaq, pul kütləsini artırmaq) borcunu ödəyə bilmədiyi halda xarici investorlara daha çox qiymətli kağız tadarük görməlidir və nəticədə qiymətli kağızların dəyəri azalacaqdır. Beləliklə, dövlət borcunun böyük miqdarda olması, xarici investorları ölkədən qaçırdacaqdır.

Behzad Ciddinin bu yazısını da oxu: İran hakimiyyəti Urmu gölü böhranına necə yanaşıb?

Rəsmi xəbər orqanlarına əsasən İran dövlətinin borcu ölkənin ÜDM-nun (Ümumi Daxili Məhsul) 40 faizi ilə bərabərdir və buna görə də xarici sərmayə cəlb etmək İran üçün daha da çətin olmuşdur.

  1. Siyasi sabitlik və iqtisadi durum

Xarici investorlar təbii olaraq sərmayələrini sabit səmərəli və güclü iqtisada malik olan ölkələrdə sərf etmək istəyirlər. Beləliklə, xarici sərmayələr, durumu dağınıq, qeyri-sabit, siyasi və iqtisadi risklə birgə olan ölkələrdən iqtisadı vəziyyəti sabit olan ölkələrə axacaqdır. Məsələn, siyasi qarışıqlıq ölkənin valyutasına olan güvənci azaldaraq xarici sərmayələri başqa sabit və səmərəli iqtisadlara axıtmaqla ölkənin valyutasını daha da gücsüz edir. Aydındır ki İslam inqilabından sonra İran və ABŞ arasında olan münaqişə o cümlədən keçən 10 illərdə qərb ölkələri tərəfindən təyin edilmiş iqtisadi sanksiyalar İranın siayasi durumunu sabitlikdən uzaqlaşdırmışdır və buna görə də xarici investorlar İrana gəlməkdən çəkinmişlər. Unutmayaq ki İran hakimiyyətində olan korrupsiya da ölkənin iqtisadi və siyasi durumunu daha da gərginləşdirmişdir.

Beləliklə, İran iqtisadiyyatında olan axsarlıqlar o cümlədən korrupsiya, zəif iqtisadi infrastruktur, böyük miqyaslı xarici və daxili borc, İqtisadi sanksiyalara əsasən neft ixrac edə bilməmək, və siyasi sabitsizlik iqtisadi böhranın qarşısını almağı habelə xarici investorları cəlb etməyi ən azı qısa müddətdə imkansız etməklə valyutanın dəyərsiz olmasının qarşısını almağda İran dövlətini bacarıqsız etmişdir və beləliklə İran valyutasının daha da dəyərsiz olması yaxın gələcəkdə gözlənilir.

 

Paylaş.

Müəllif haqqında

Behzad Jeddi

Behzad Jeddi (1984) Təbriz Universitetində Tətbiqi Riyaziyyat bölümünü bitirdikdən sonra Roma Tor Vergata Universitetində İqtisad üzrə magistr dərəcəsini əldə etmişdir. 2016-cı ildə ABŞ-a köçüb, East Carolina Universitetindən Kəmiyyət iqtisadiyyatı və ekonometrika bölümündə ikinci magistr dərəcisini alıb. Iowa Dövlət Universitetində İqtisadiyyat fakültəsində PhD təhsilinə başlamışdır. Çevrə və davranış iqtisadiyyatı, siyasi iqtisad, qlobal istiləşmə və ekonometrika sahələri araşdırma maraqlarından sayılır.

Şərhlər bağlıdır.