İran hakimiyyəti Urmu gölü böhranına necə yanaşıb?

Google+ Pinterest LinkedIn Tumblr +

İran hakimiyyəti tərəfindən keçmişdə hayata keçirilmiş yanlış siyasətlər nəticəsində Urmu gölünün qurumasına qarşı Güney Azərbaycan xalqının keçirdiyi ilk mədəni etirazlardan səkkiz il keçir. Son səkkiz il ərzində İran hökuməti Urmu gölünün bir daha canlandırılması üçün hərtərəfli və əhatəli bir proqram təqdim etməkdənsə, etirazların davam etməsinin qarşısını almaq üçün aldadıcı sözlər o cümlədən Urmu gölünün bərpası üçün dövlət büdcəsindən ayırmalar edəcəyini və ya gölə digər su hövzələrindən kanallar çəkəcəyini  təbliğ etmişdir.

Bir az dərin düşündükdə, aydın görərik ki, islam inqilabından sonrakı İran hökümətləri tərəfindən Urmu gölünün yenidən canlandırılması məsələsi heç bir zaman önəmli sayılmamışdır. Bu hökumətlər  həmişə mərkəzə birbaşa mənfi təsir göstərməyən, miqyasından asılı olmayaraq kiçik və böyük problemlərə büdcədən ayırmalar etməyiblər. Belə olduğu halda, bu hökumətlərin niyə indiyə qədər bu böhranı həll etmək üçün heç bir əhəmiyyətli addım atmamaqlarının səbəbini tapmaq üçün bu məsələyə üç yöndən yanaşmaq lazımdır:

  • Urmu gölü mərkəzdən uzaqdır, beləliklə gölün qurumasının mənfi nəticələri İranın mərkəzinə birbaşa təhlükə törətmir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, İran hökümətləri daima mərkəz yönümlü siyasət aparıblar.
  • Gölün quruması mərkəzçi sistemin idealları ilə uyğundur və bu böhranın mənfi nəticələri bu sistemi məqsədlərinə yaxınlaşdırır.
  • Bu hökumətlər həqiqi mənada, xoş niyyətli və qayğıkeş olmuşlar ancaq, məsullar bu böhranın qarşısını almaq üçün elmi səlahiyyətlərə malik olmamışlar, beləliklə elmi çatışmazlıq və səlahiyyətsiz məsullara görə bu gölü bir daha canlandırmaq layihəsi boş təbliğat olmuşdur.

İlk baxış, mərkəzi sistemin sadəlövh yanaşmasını göstərməkdədir. Urmu gölünün quruması yaxın gələcəkdə sadəcə Azərbaycan ərazilərinə və nəticədə bölgədə olan əkinçilərə təhlükə törətsə də, lakin uzunmüddətli perspektivdə gölün ətrafında yaşayan on milyonlarla insanın sağlamlığını da təhdid edir, bu isə öz növbəsində sağlamlıq sistemindəə böyük xərclərə səbəb olacaq. Belə sadəlövh baxışa malik olan hakimiyyət hesab taxtasını götürüb, uzun müddətli gizli xərcləri hesablamadan, yalnız aydın və qısamüddətli xərcləri nəzərə alır və Urmu gölünün bir daha canlandırılmasının xərcləri ilə müqayisədə qısamüddətli xərclər əhəmiyyətsiz olduğundan böhranı həll etmək üçün hər hansı bir tədbir görmür.

İkinci baxışa malik olan hakimiyyət, əhalini iki hissəyə bölür: özümüz və özgələr! Beləlikə hakimiyyətdəkilərin fikrincə, mərkəzi bölgələri gücləndirmək və  sərhədlərə yaxın bölgələrə diqqət yetirməmək, kənarlarda yaşayan özgələri mərkəzi bölgələrə köçməyə məcbur edəcəkdir. Və nəticədə bir dilli, vahid bir cəmiyyət düşüncəsinin reallaşması daha da tezləşəcək. Aydındır ki, Urmu gölünün bir daha canlandırılmasını belə bir düşüncəli hakimlərdən gözləmək boş bir gözləntidir.

Üçüncü baxış, əvvəlki iki baxışların əksinə çevik bir görünüşə sahibdir. Bu baxışa əsasən ölkəni yönəldənlər həqiqi mənada xoş niyyətli olmuşlar və təbii faciə kimi göstərilən böhranın mənfi nəticələrinin qarşısını gerçək mənada almaq istəmişlər, lakin kifayət qədər məlumatın, elmi yetkinliyin olmaması və icra sisteminin səlahiyyətsiz olması bu xoş niyyətə qarşı güclü bir maneə olmuşdur.

Aydındır ki, birinci və ikinci fikirlərə sahib olan sistem, böhranla mübarizə iradəsinə malik deyildir. Lakin üçüncü baxışa malik olanlar, ümumiyyətlə makroiqtisadi, sosial və siyasi məsələlərdə və xüsusi olaraq ekoloji böhranlarda, bu çıxmazdan çıxmaq üçün iki əsas addım ata bilərlər. Xoş niyyətli hakimiyyət üçün ilk addım zəiflik və elmi çatışmazlığı etiraf etməkdir, çünki zəiflik və nöqsanları etiraf etmək hər hansı bir çatışmazlığı aradan qaldırmaq üçün əsasdır. Bu istiqamətdə ikinci addım, qısa müddətli və uzun müddətli layihələr hazırlamaqdır. Beləliklə, ölkədə hər hansı elmi bir əsasın olmamasına görə, İran hakimiyyəti, ölkəni təcrid olunmuş bir ada kimi idarə etməkdən uzaqlaşıb qısa müddətdə ekoloji sahədə uğurlu təcrübəyə sahib olan batı və doğu ölkələrində çalışan şirkətləri köməyə çağırıb onların təcrübəsindən faydalanmaq məcburiyyətində olacaqdır. Şübhəsiz ki, daxili sistemdə səmərəsizliyin olması vəziyyətində, sınaqdan keçirilmiş sistem və layihələrin eynisindən istifadə edib onun böhrana uyğunlaşdırılması qısa müddətdə atılmış düzgün bir addım olar. Bu yanaşmanın düzgünlüyünü təsdiq etmək üçün ərəb ölkələrinin uğurlu təcrübələrini nümunə göstərmək olar.

Təbii olaraq, bu düşüncəyə qarşı hakimiyyət müstəqillik və özünü təmin etmək düşüncəsini ortaya qoyacaqdır, cavab olaraq, deməliyik ki, inkişafdan geri qalmış İran kimi ölkənin hər hansı bir elmi infrastruktura malik olmadığı halda müstəqillik və özünü təmin etmək ən azı qısa müddətdə mümkünsüzdür. Çünki indiki dövrdə müstəqillik, investisiyalar və yetərli biliyə əsaslanan infrastrukturların yaradılmasını tələb edir və yalnız bundan sonra müstəqillik  uzun müddətli ola bilər.

Ekoloji böhranlarını həll etmək üçün uğurlu bir nümunə, inkişaf etmiş ölkələr tərəfindən sınaqdan keçirilmiş uğurlu layihələrdən biri olan beynəlxalq səviyyədə karbon dioksid üçün bazarın yaradılmasıdır. Bu layihəyə əsasən, 1997-ci ildə Yaponiyanın Kyoto iclasından sonra, hər bir inkişaf etmiş ölkə üçün karbon dioksid istehsalına dair bir limit müəyyənləşmişdi və bu limitə əsasən hökumətlər karbon dioksid emissiyaları üçün bazarda satıla biləcək lisenziyalar yaratmışlar. Buna görə istehsal etmək istəyən sənayelər illik karbon dioksid emissiyaları qədər lisenziya almaq məcburiyyətindədirlər. Beləliklə, inkişaf etmiş ölkələr, yer atmosferində olan karbon dioksidin səviyyəsini  sənaye inqilabından əvvəlki səviyyəyə geri qaytarmaq istəyirlər.

Oxşar bir siyasətdən də, Avstraliya hökuməti istifadə etmişdir. Beləki Avstraliya hökuməti sənaye və kənd təsərrüfatında istifadə olunan suyu bazarda satıla biləcək lisenziyalar ilə idarə etməyə müvəffəq olmuşdur. Ənənəvi qiymət sisteminin təbii ehtiyatları idarə etməkdə qeyri-effektiv olduğuna görə, suyun istifadəsi üçün bazarda satıla biləcək istifadə lisenziyaları, kənd təsərrüfatı və sənaye sahələrində su istehlakının idarə edilməsində böyük uğur qazanmışdır.

Qeyd etməliyik ki, hər bir ölkədə su qaynaqlarının əksəriyyəti sənaye və kənd təsərrüfatında istifadə olunur, lakin digər məlumatlara əsasən, ev təsərrüfatının istehlakı da optimal səviyyədən uzaqdır. İranda, köhnəlmiş və səmərəsiz su infrastrukturu, quruluq böhranını daha da ağırlaşdırmaqdadır.

Su orqanlarının yaydığı məlumatlara görə, şəhər su borularına verilən suyun  30-50 faizi ev təsərrüfatlarının əlinə keçməzdən əvvəl yoxa çıxır. Halbuki  inkişaf etmiş ölkələrdə bu miqdar 10 faizdən azdır. Buna görə də, xoş niyyətli hökumət Urmu gölü hövzəsində yaşayan şəhər, ev təsərrüfatlarının istehlak davranışını dəyişdirmək üçün və bu siyasəti diqqətlə öyrənib tətbiq etməklə yanaşı şəhərin su sistemini yeniləmək üçün də dərhal hərəkətə keçməlidir.

Təcrübə göstərir ki, ev təsərrüfatının istehlakı üçün bazar yaratmaq mümkün deyildir və bu səbəbdən ekoloqlar və iqtisadçılar ev təsərrüfatının istehlak davranışlarını diqqətlə incələyib ona uyğun effektiv qeyri-bazar siyasətlərini inkişaf etdirirlər. Bu siyasət, davamlı inkişafı düşünən Avropa Birliyində bu günə qədər uğurla həyata keçirilmişdir.

Buna görə də, bu günə qədər Urmu gölünün canlandırılması üçün atılan addımlar o cümlədən büdcə ayırmaq və ya digər su sahələrindən su çəkmək vədləri azərbaycanlıları aldatmaqdan başqa bir şey deyildir. Beləliklə, xoş niyyətli hökumət qısa müddətdə vaxtı itirmədən dərhal təcrübəli ekoloqlar ilə müqavilə bağlamalı və Urmu gölünün qurumasının dərəcəsini azaltmalıdır. Gələcək planlar üçün isə  kənd təsərrüfatı və sənaye sektorunu müasirləşdirib, bu iki sektorun su istifadəsini effektiv şəkildə idarə etmək üçün bazarda satıla biləcək su istifadə lisenziyaları yaratmalıdır. Əlbəttə ki, dəqiq araşdırıb düzgün qeyri-qiymət (none-price) su istehlak davranışı siyasəti ilə ev təsərrüfatlarının istehlak davranışını uyğunlaşdırmaq, habelə, su təchizatı sisteminin yeniləmək, ev təsərrüfatlarının su istehlakını idarə etmək üçün vacib şərtlərdəndir. Əlbəttəki bu kimi siyasətləri həyata keçirmək hər şeydən öncə İran dövlətinin xoşniyyətli olmasını tələb edir.

Paylaş.

Müəllif haqqında

Behzad Jeddi

Behzad Jeddi (1984) Təbriz Universitetində Tətbiqi Riyaziyyat bölümünü bitirdikdən sonra Roma Tor Vergata Universitetində İqtisad üzrə magistr dərəcəsini əldə etmişdir. 2016-cı ildə ABŞ-a köçüb, East Carolina Universitetindən Kəmiyyət iqtisadiyyatı və ekonometrika bölümündə ikinci magistr dərəcisini alıb. Iowa Dövlət Universitetində İqtisadiyyat fakültəsində PhD təhsilinə başlamışdır. Çevrə və davranış iqtisadiyyatı, siyasi iqtisad, qlobal istiləşmə və ekonometrika sahələri araşdırma maraqlarından sayılır.

Şərhlər bağlıdır.