Yer adları bəzən o yerlərdə yaşayanların nağılı və onların təbiətin şəkillənməsi ilə bağlı rəvayətləridir. Yəni yer adları bir tərəfdən dilin və kültürün daşıyıcısıdır, bir tərəfdən də o adların arxasındakı şifahi tarixi (Oral history) yaşadır. Bir yerin və o yerə mənsub olan hər şeyin adları dəyişdikdə, tarixi rəvayətlər və nağıllar da artıq itib batır.
Günümüzdə dünyanın bəzi ölkələrində misal üçün Kanadada “yenidən adlandırın, geri alın (Rename it reclaim it)“ adını verdikləri bir hərəkat başlayıb. Bu hərəkat yerlilərin tarixi yurdlarını qaytarma hərəkatıdır. Hələlik bu hərəkat bəzən sadəcə “ərazinin tanınması (land knowlagement)” bəyanatı səviyyəsindədir. Bu bəyanat ilə Kanada dövləti və gəlmə bütün millətlər, üstündə yaşadıqları torpaqların əslində Kanada yerlilərinə aid olduğunu rəsmi şəkildə dilə gətirir. İlk əməli addım olaraq da, yerlərin və məkanların əsl adlarını özünə qaytarırlar. Hətta bəzən saxtalaşdırma nəticəsində itirdikləri bölgələrin yerlilərə geri qaytarmasını da təmin edirlər. Bu onu göstərir ki vaxtilə tarix bu işin tərsinə şahid olub.
Adların dəyişdirilməsi tanınmış müstəmləkəçi (colonial) bir siyasətdir. Bu siyasət xüsusilə ABŞ və Kanada kimi ölkələrdə “ilk gəlmələr” və ya “yerləşməçilər (first sattelers)” tərəfindən həyata keçirilib. Onlar qəsb etdikləri yerləri yenidən adlandırıb yurda sahib çıxırdılar. Bir çox halda bu saxta adları, kimliyi bəlli olmayan ərazi ölçənlər (land surveyers) yazıya alırdılar. Bölgənin və ya regionun adını dəyişib sənədləşdirərək, o yerləri yeni sahiblərinə təslim edirdilər.
İranda Rza şah dövründən başlayaraq ad dəyişimi tamamilə fərqli siyasətlərlə həyata keçirilib və yuxarıdan gələn bəlli bir siyasət, bəlli insanlar tərəfindən bəlli üsullarla həyata keçirilib. Bu sistemli iş, İranda yaşayan fərqli millətlərə vahid kimlik düzəltmək layihəsi əsasında olub. maraqlıdır ki birinci dəfə iranda topoqrafiya xəritələrini ABŞın militar məhəndisləri tərtib edərkən, kənd adlarını əsl olduğu kimi qeyd ediblər. Amma sonrakı xəritələrdə (1968-1978) artıq kənd və bölgə adları təmamilə farslaşdırılmışdır.
Bu işin əmri dövlətdən gəlsə də icraçıları dövlət aparatında işə götürülmüş irançı tarixçilər olmuşdur. Yer adlarının farslaşdırılması ilə birlikdə, o adların mənaları da saxtalaşdırılıb, bəzi hallarda mənasızlaşdırıldı.
Yəni dünyadan fərqli olaraq İranda bu saxtalaşdırmanın həm valisi həm çalışanları və həm icraçıları anonim və ya adsız deyillər. Onun həm yazanları həm də dəyişdirilmiş adların siyahısı və dəyişmənin zamanı, tarixi və başqa izahlar hələ də tarix və arxeologiya jurnallarında mövcuddur. Demək bu işi o qədər aşkar bir şəkildə, özlərini haqlı sanaraq və elmi edirdilər ki, illər sonra kimsə bu işin yanlış olduğuna şübhə edib onu sorğulamamışdır. Çünki kültürəl müstəmləkəçilik böyük rəvayətlərin ümumiləşdirilməsi ilə baş verir. Xalq görülən işlərə və böyük rəvayətlərə o qədər inanar ki hakimlər işlərini və niyyətlərini gizlətməyə ehtiyac duymazlar. Misal üçün İranda kimlik müstəmləkəçiliyinin dayandığı arqumentlər həmişə “milli birlik”, “təhlükəsizlik” və “düşmən qarşısında güclü bir ölkə qurmaq” kimi doğru görünən sözlərə əsaslanmış və aktual olmuşdur. Amma əslində müstəmləkəçi siyasətlər gələcəkdə yurdların taleyinə sahib çıxmaq üçün müxtəlif bölgələrin keçmiş tarixini kontrol altına alıb yiyələniblər.
Corc Oruell “1984” adlı kitabında tarixi rəvayətlərin hakimlər tərəfindən dəyişdirilməsinə dair belə yazır: “keçmiş imicini və bilgisini kim kontrol edərsə, gələcək nəsillərin nəyi necə düşünəcəyini də o müəyyən edər. İndiki zamanın bilgisini və imicini kontrol edən, eyni insanların keçmişi necə görəcəyini də müəyyən edəcək. Keçmişi kontrol edən gələcəyi də yönləndirər. Demək gələcəyə hökm edən keçmişi fəth edər.”
Müstəmləkəçi siyasətlər ölkə xalqlarını birləşdirib, ölkəni qorumaq naminə onların dillərini basqı altına alıb, tarixlərlərini dəyişib sonunda kültür və kimliklərini əllərindən alarlar. Nəticədə bir məmləkət bir millət adına hakim bir təbəqənin vasitəsilə zəbt olunub kontrola keçər. İranda yüz il içində “yazılı tarix” dayanmadan irançı millətçi “aydınlar” tərəfindən fərqli üsullarla saxtalaşdırılıb dəyişdirilmişdir. Savadlanmış təbəqə, yazıb oxumaq və maarif sistemi vasitəsilə yeni istehsal edilmiş rəvayətlərin daşıyıcısı olmuşdur. Yer adları isə yazılı tarixə yox, şifahi xalq bilgisinə dayanır. O adları dəyişmək şifahi tarixi dəyişdirmək deməkdir. İnsanların yaddaşındakı bilgini saxtalaşdırmaq və ya unutdurmaqdır. Adların dəyişdirilməsi nəsildən nəsilə keçən sinələrdəki tarixi rəvayətlərin aradan getməsi ilə nəticələnər.
Demək milli ədalətsizliyin təbii göstərilib yeni bir normaya çevrildiyi yerdə adların dəyişilməsi böyük rol oynayır. Çünki bu millətlərin gələcəyini kontrol etmək üçün başladılmış bir hərəkatdır. Çünki bu keçmiş şifahi tarix rəvayətlərin saxtalaşdırılması düşünülmüş, planlanmış sistemli siyasi bir hərəkatdır.