İrq və irqçilik

Google+ Pinterest LinkedIn Tumblr +

Tarixdə müəyyən dövrə qədər irq bioloji bir fenomen hesab olunurdu. Bu mövzu, W.E.B. Du Bois və Kwame Anthony Appiah kimi alimlərin yazdığı “The Conservation of Races” (1897), “The Uncompleted Argument: Du Bois and the Illusion of Race” (1985), “In My Father’s House: Africa in the Philosophy of Culture” (1992), və digər əsərlər irq və irqlə bağlı məsələləri anlamaq üçün yeni istiqamət verməyə başladı. Bu ideya həm sosial münasibətləri, həm də sosial-iqtisadi bərabərsizliyi və ədalətsizliyi başa düşmək üçün tamamilə yeni bir yol açdı.

Biologiya, sosiologiya, antropologiya, DNT və genetika sahələrindən gələn və günbəgün artan dəlilləri saymayaraq, irqin sosial bir quruluş olduğu bədbəxtcəsinə hələ də bir mübahisə mövzusudur. Bu yazıda, mən qısaca izah etməyə çalışacağam ki, irq sosial bir quruluş olsa da, çox real və zərərli təsirlərə malikdir.

Sosial quruluş nədir və ya bir şeyin sosial şəkildə qurulması nə deməkdir? Dünyamızda bütün canlıların varlığının əsasını yaradan müəyyən qanunlar var. Bunlara zaman, fəza, oksigen və hidrogen kimi elementlər, yer çəkimi, heyvanlar, sevgi, ağrı, və ailə daxildir. İnsanlar olmasalar belə, bu anlayışlar dünyada mövcud olacaqdı.

Ancaq bəzi şeylər var ki, insanlar və ictimai quruculuq olmasaydı, mövcud olmazdı. Bunlara hökumətlər, məktəblər və xəstəxanalar kimi qurumlar, din, evlilik, və cinsiyyət kimi anlayışlar daxildir. Hətta yaxşı və pis anlayışlarını da insanlar yaradıblar. Meymunlar ya da atlar yaxşı və ya pisin nə olduğunu başa düşmür, amma sevginin və ağrının nə olduğunu başa düşürlər. Arılar vaxtı dərk edə bilirlər, amma onların qolunda saatları yoxdur. Məməlilərdən başlayaraq, bir çox heyvanların sevilən birinin itkisinə yas tutduqları müşahidə olunur, lakin tanrı mərkəzli rituallar keçirmirlər.

İnsan şüurunun yaratdığı ideologiyalar arasında irq də var. İnsanların dəri rəngi, üz xüsusiyyətləri və hətta kəllə forması kimi fiziki xüsusiyyətlərinə görə irqi kateqoriyalara bölünməsinin heç bir elmi əsası yoxdur. Genetika üzrə tədqiqatların artması ilə aydın oldu ki, bir insanın “irqini” digərindən fərqləndirən dəqiq sərhədlər yoxdur.

Dünyanın müxtəlif yerlərinin tam genomlarının tədqiqi göstərir ki, hətta Afrika və Avropa arasında məsələn, heç bir mütləq genetik fərq yoxdur. DNT və genetika elmi də aşkar etdi ki, ümumi olan heç bir gen və ya genlər çoxluğu yoxdur ki zənci genləri, çinli genləri və ya türk genləri deyə bölə bilək. Bu, insanın icad etdiyi bir sinifləndirmə sistemidir.

Təbii elmi məlumatları nəzərə almadan belə, irqin kövrəkliyini və davamsızlığını görmək olar. Bunu müşahidə etmək üçün sadəcə tarix boyu dünyadakı fərqli irq və irqçilik təcrübələri haqqında oxumaq kafidir. Gəlin irq və irqçilik anlayışının siyasi maraqlara xidmət etmək üçün necə dəyişdiyini və manipulyasiya edildiyini birlikdə görək.

Təəssüf ki, kriminologiyanın təməl daşlarını atan və bu elmin atası kimi tanınan Cesare Lombroso, 19-cu əsrdə məhbusların kəllə və skeletlərini tədqiq edirdi. O cinayətkarların ya da pis insanların bir “irqi” olduğunu iddia edirdi və onun işi insanları kranial formalara görə təsnif etməyə yönəlirdi. O, həmçinin inanırdı ki, qadınların kəllə sümükləri daha kiçik və fərqli olduğundan, onlar daha az inkişaf ediblər. Bu, italyan siyasətində hətta irsi əsasda insanları hədəf alan xüsusi bir polis sistemi yaratmaq üçün istifadə edilmişdir. Nəticədə, Lombroso irqi kəllədə axtarırdı, dəri rəngində və ya gözdə yox.

19-cu əsrin ortalarında irlandiyalılar və daha sonra cənub-şərqi avropalılar, Şimali Amerika’ya köç etməyə başlayanda, onların dəri rənglərinin “ağ” olmasına baxmayaraq, onlar da ingilislərdən fərqli və aşağı irq hesab olunurdular. Bu dəfə siyasət diktə edirdi ki, bu insanların eyni dəri rənginə, üz cizgilərinə sahib olub-olmamasının və dünyanın eyni bölgəsindən gəlib-gəlməməsinin irqə heç bir təsiri yoxdur.

Ruandada tutsi və hutu münaqişəsi irqi zəmində idi. Ancaq, Avropa kolonistlərinin siyasəti və müdaxiləsi başlayana qədər orada irqlər arasında heç bir tarixi fərq qoyulmamışdı. Maraqlıdır ki, bir insanı tutsi və ya hutu edən onların arasındakı bu fərq irqə görə deyil, daha çox iqtisadi əsasa bağlı idi. Ruandada “hutular” əkinçiliklə məşğul olan insanlar, “tutsilər” isə heyvandarlıqla məşğul olan insanlar idi. Ağlıma gələn sual budur ki, Ruanda heç vaxt işğal edilməsəydi və acgöz qərb qarışmasaydı, bu “irqə” əsaslanan soyqırım hələ də baş verərdimi?

İrq ideyası uydurma olsa da, onun nəticələri çox realdır. Sosial elm insanları irqçiliyin yaranması və prosesini daha yaxşı başa düşmək üçün irqləşmə (racialization) ya da irqin formalaşma nəzəriyyəsi (Racial Formation Theory) terminini işləyib hazırlayıblar. Bu nəzəriyyə mübahisə edir ki irqləşmə prosesi boyunca, bəzi qruplar mənfi davranışlar və xüsusiyyətlərlə əlaqələndirilir. Bu xüsusiyyətlər fiziki və ya mədəni ola bilər.

Bu dövr müəyyən qrupların özgələşməsinə səbəb olur və bu qruplar artıq normanın bir hissəsi kimi qəbul edilmir. Onlar dominant qrupdan təcrid və yadlaşma ilə üzləşirlər. Bu proses “irqiləşmə” adlansa da, bu, təkcə dəri rənginə və ya digər fiziki fərqlərə görə ayrıseçkiliyə aid edilmir. İrqləşmə sinif, cins, cinsiyyət, din və sosial, siyasi və iqtisadi bərabərsizlik yaratmaq məqsədilə insanları etiketləmək üçün istifadə edilən hər bir kateqoriyaya əsaslana bilər.

Tanınmış irqləşmə nümunələri arasında 11 sentyabr hadisələri də var. Bu hadisənin nəticələrini təhlil edərkən, müsəlmanların irqiləşdirildiyini, milli təhlükəsizlik məsələsi və terror təhlükəsi ilə əlaqələndirildiyini görürük. Müsəlmanlar və ərəblər etnik mənsubiyyətindən və inanclarından asılı olmayaraq beynəlxalq ictimaiyyətin əksəriyyətində hədəfə və təhlükəyə çevrildilər. Bu proses “müsəlman” və “ərəb” sözlərin birliyinə dair xalq arasında yanlış bir inancın yaranmasına səbəb oldu. Bu İslam və müsəlmanların dini baxışlardan daha çox irqi terminlərlə qəbul edilməsi ilə nəticələndi (“yəhudi” sözünün bu dinə etiqad edən bütün qruplara aid edilməsinə və etnik mənsubiyyət kimi istifadəsinə bənzər).

Getdikcə “müsəlman” və “ərəb” bir-birinin əvəzinə istifadə olunmağa başladı və xüsusi olaraq ərəb və ya müsəlman görünən və səslənən şəxsləri hədəf alan ayrıseçkilik və alçaldılma dalğası yaradıldı. Müxtəlif ölkələrə, dinlərə və etnik qruplara mənsub insanlar bir irq hesab edilib, hər ərəb, müsəlman və hər müsəlman, ərəb güman edilməyə başladı. Bundan əlavə, ərəb termininin özü belə yer kürəsində yaşayan böyük, müxtəlif qrupa verilən addır. Dünyada müsəlman olmayan ərəblərimiz var, ərəb olmayan müsəlmanlarımız var. Afrikada yaşayan ərəblər sosial, mədəni və linqvistik baxımdan Levantdakı (Məşriq) ərəblərdən çox fərqlidirlər. Levantdakı ərəblər, Əl-Əhvazdakı ərəblərdən fərqlidirlər.

Bu icmalara qarşı ayrıseçkiliyin bu forması etnik ayrıseçkilik, islamofobiya və ksenofobiya kimi praktikaları da əhatə etsə də, hələ də irqləşmə hesab olunur. Bu çərçivədə irq və irqçilik indiki İranda yaşayan Güney Azərbaycan türklərinə qarşı da ayrıseçkilik tətbiq edilir. İranda çoxlu müxtəlif etnik türklər yaşayır. Güney Azərbaycan türklərinin dili və mədəniyyəti qaşqay türklərindən fərqlidir.

Lakin, bütün azlıqlarla paylaşdığımız şey fərqli olmağımızdır. Biz, hakim dövlətdən fərqli bir dildə danışırıq və yalnız bu səbəbdən təhlükə olaraq görülürük. Çox adam farsla türkü sırf dəri rəngi ya üz fərqliliyinə görə ayıra bilməz. Ama dil, şivə, və kültürünə görə fərqləndirə bilər. Onda belə çıxır ki, dilimiz və mədəniyyətimiz əlimizdən alınarsa, onda daha türklə fars arasındakı fərqi ayıra bilməyəcəyik. Əgər muğamçılarımız, aşıq sənətkarlarımız daha musiqi istehsal edib konsert verə bilmirlərsə, onda biz mədəniyyətimizi itirmiş olarıq. Küçələrimizin adı dəyişdirilsə, addımlarımız və təcrübələrimiz silinsə, daha öyrənəcəyimiz tariximiz olmayacaq. Əgər ana dilimizdə məktəblərimiz yoxdursa, biz artıq “başqa” dildə danışa bilmərik. Hamının farsca danışdığı İranda, sizi fərqli edəni itirəcəksiniz və sizdə farslaşacaqsınız. Çünki fərqli olmaq təhlükədir və hökumət onların qan əmməsinə mane olacaq heç bir şeyə icazə vermək istəmir.

Paylaş.

Müəllif haqqında

Türkan Bozkurt

Şərhlər bağlıdır.